Icma.az
close
up
RU
525ci qəzet OĞLUNUN GÖZLƏRİYLƏ ƏN BÖYÜK SEVGİSİNƏ BAXAN Rafael Hüseynov yazır

525ci qəzet OĞLUNUN GÖZLƏRİYLƏ ƏN BÖYÜK SEVGİSİNƏ BAXAN Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Yüz il əvvəlin, iyirminci əsrin başlanğıcının Bakısının şəkillərinə baxıb onları indinin Bakısı ilə tutuşduranda görürsən ki, şəhər çox dəyişib. Həm də bu dəyişməklik yalnız paytaxtın geninə böyüməsi, boyunun hündürləşməsi, əhalisinin çoxalması deyil. Ötüb-keçmiş yüz ildən artıq zaman boyunca şəhərin ruhu da, xasiyyəti də, təbiəti də oçağlardakına nisbətən xeyli başqalaşıb. 

Köhnə Bakının dəyişən dəyərlərindən biri də Bakı həyətləridir. İrad tutan olar ki, həyət həyətdir də, nə vaxtdan həyət dönüb dəyər oldu? Deməyin! Əlbəttə, indi tikilən binaların da bir çoxunun həyətləri var və bəlkə də bir çoxu ərazicə keçmişdəki Bakı həyətlərindən daha iridir, əyləncələri, rahatlığı çoxdur. Amma indi əski foto və kinolentlərdə, açıqcalarda, bir də xatirələrdəki Bakı həyətləri sadəcə həyət deyildi, hərəsi bir dünya idi.

Köhnə Bakı həyətləri indilərin “facebook”unu da, “youtube”unu da, hər çeşid telefonunu da, televiziyasını da da əvəz edirdi, hətta onlardan da artıq idi. Çünki köhnə Bakı həyətlərinin indiki internetli çağlardan fərqli olan isti, simsar mühiti də vardı. Zahirən o köhnə Bakı həyətlərinin neçə qat yaxşısını indi olduğu kimi qurmağa, hətta əvvəlkindən daha üstününü yaratmağa nə var ki! Bəs o həyətləri doldurmuş istiliyi, doğmalığı hardan tapasan?

Köhnə Bakı həyətlərindəki xudmanilik, o həyətlərə xas mehribanlıq indi yoxdur. O adamlar ki köhnə Bakı həyətlərinin həmin qılıqlı mühitindən çıxıblar, onların təzə həyətlərin ahənginə uyğunlaşması mümkünsüzdür. Onlar indinin həyətlərində ömürlərini sürməkdə davam etsələr də, ürəkdə hələ oyanlardadırlar. Dəyişən sürətli vaxt onların əksərini alıb aparıb özü ilə. Qalanlarınsa köhnə həyətlərin röyasından oyanmağa nə həvəsi var, nə də niyyəti.

Köhnə Bakı həyətlərinə adətən “həyət” deməzdilər, “məhəllə” söyləyərdilər, yaxud daha çox “məhlə”, bir az da dəqiqləşdirib Bakı ağzı ilə desək, “məələ”. “Məhəllə” sözünün və anlayışının özündə bir məhrəmlik, könüləyaxınlıq vardı. Çünki Bakı həyətləri ailələri, insanları bir-birinə doğru çəkirdi, o həyətlərdəki insanlar bir evli kimi idilər. O qədər ki, məhəllə, həyət “əvvəl evin içi” deyənlərçün belə elə evin davamı deməkdi.

O cür köhnə Bakı həyətlərindən biri ilə mən artıq 40 ilə yaxındır ki, sıx bağlıyam. O həyətdə yaşamıram, ancaq elə yaşayan kimiyəm. Çünki hər gün o həyətə gəlirəm, gün boyu orda oluram, ömrüm də, taleyim də ora ilə minbir tellə bağlıdır.

Ondoqquzuncu yüzilin ortalarından – həmin bina tikiləndən bura həmişə adamlı-qaralı həyət olub, indi də elədir. Amma XX yüzilliyin əvvəllərinin 18 ayı boyunca bura ailələr yaşayan və hamının bir-biri ilə bağlı, bütün sakinlərin simsar, can bir qəlbdə olduğu həmin sevimli köhnə Bakı həyətlərindən biri idi.

Və 1918-ci ilin sentyabrından 1920-ci ilin aprelinədək bura Bakının ən xoşbəxt həyəti, Azərbaycanın ən bəxtiyar məhəlləsi idi. 

Bu həyəti bütün həyətlərdən ayıraraq ona Bakının da, Azərbaycanın da ən məsud həyəti adlandırmağım səbəbsiz deyil. 

1918-ci ilin payızında, qışında, 1919-cu ilin yazında, yayında, xəzanında bura həqiqətən Bakının müstəsna bir yeri idi. 1918-ci ilin yazında – mayın 28-də Azərbaycan, tarixinin ən bəxtəvər gününə yetişərək istiqlalını elan etmişdi, müsəlman Şərqində ilk Cümhuriyyət qurulmuş, Azərbaycan müstəqil dövlətə çevrilmişdi. Ancaq Bakı hələ yad qüvvələrin nəzarəti altında olduğundan Azərbaycanın ilk müstəqil hökuməti hələ Bakıya gələ bilmirdi və qurucu babalar Gəncədə yerləşmişdilər. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan əsgəri Bakını qəsbkar ünsürlərdən təmizləyərək azad edəndən sonra hökumətimiz də Gəncədən Bakıya köçdü. Hökumət üzvlərimizin – ilk Azərbaycan nazirlərinin bir çoxu ayrı-ayrı bölgələrdən idilər və əksərinin Bakıda yaşayacağı yerləri yoxdu. Hərəni bir mehmanxanada yerləşdirməkdənsə daha kəsə və məsləhətli çıxış yolu tapdılar. O vaxtlar Bakının məşhur mehmanxanalarından sayılan “Metropol” hoteli bütövlüklə hökumətin ixtiyarına verilir. Qala divarlarından dışarıda asta-asta çöhrəsini qazanmağa başlayan Bayır şəhərin ilk qonaq-qaralı tikililərindən olmuş bu bina əvvəlcə birmərtəbəli karvansara idi. Burada 1915-ci ildə yenidənqurma işləri aparılmış, ikinci qat əlavə edilmiş və bina çevrilib olmuşdu Hachac ağanın – Bakı zəngini Hacı Hacağa Dadaşovun mehmanxanası. Karvansara olduğu zamanlarda da, “Metropol” hotelinə çevrilib qonaqlarını qəbul etdiyi illərdə də buradakı həyət yerində idi. Ancaq 1918-ci il sentyabrın ikinci yarısından 1920-ci il aprelin sonlarınadək bina Azərbaycan Cümhuriyyəti hökumətinin ixtiyarında idi – burda həm yaşayır, həm işləyirdilər. Hamısı ailəli idi, hər ailənin də uşaqları vardı. Hökumət yuxarı qatlarda işini görürdü, gənc Azərbaycan Cümhuriyyəti səhərdən gecə keçənədək fəaliyyətdə idi. Amma həyat da davam edirdi. Uşaqlar, evlərin xanımları hər gün həyətə enirdilər. Balacalar bir tərəfdə oynayır, deyib-gülür, xanımlardan hansısa paltar sərir, hansılarısa bir kənarda əyləşib söhbətləşirdilər.

Həmin həyətdə atılıb-düşən uşaqlar o aylar içində bu səbəbdən Azərbaycanın ən xoşbəxti idilər ki, Azərbaycana müstəqillik gətirmiş, xalqa istiqlalın şirinliyini dadızdırmış, yenicə ayaq tutan Azərbaycanı yeni dünyanın dövlətlərindən birinə çevirərək addım-addım irəlilədən şanlı ataların övladları idilər. 

Hər gün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Bağır bəy Şıxzamanlı, Xudadat bəy Məlikaslanov və digər nazirlərimiz, azacıq aralıda, elə eyni küçədəcə yerləşən Məclis-i məbusanda – ilk parlamentimizdəki millət vəkillərimiz bu binada müxtəlif toplantılarda, görüşlərdə idilər. 

Həyətdə uşaqlar oynayırdılar. Bu birgəlik təkcə uşaqları deyil, onların ailələrini də bir-birlərinə daha da yovuqlaşdırdı. O uşaqlar bəxtiyar valideynlərin xoşbəxt balaları idilər. Həmin uşaqlardan biri, o vaxtlar 6-7 yaşı olmuş qızcığaz – müstəqil Azərbaycanın ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin qızı, sonraların məşhur şairi Nigar xanım fərəhlə daşan günlərdən yarım əsr keçərkən də ata-anası, qardaşı ilə o binada yaşadığı günləri, həyətdəki oyunları, hər gün qalxıb-endiyi pillələri unutmamışdı, bu xatirələrini oğlu Anara nağıl kimi söyləyirdi.

Ancaq 1920-ci ilin apreli gəldi və bağçalar viran qaldı. Qəfil qopan bolşevik qasırğaları hər şeyi alt-üst etdi. Siyasi təlatümlər Azərbaycan Cümhuriyyətinin qurucularını da pərən-pərən saldı. Onlardan hansılarısa həbslərə və sürgünlərə məruz qaldı, kilmlərsə güllələndi, bir qismi mühacirətə üz tutdu. 

Qaçaraq canını qurtaran, xaricə sığınanların bəziləri ailəsini apardı, bir parası tək özü getməyə macal tapdı, arvad-uşağı burda qaldı. O uşaqlar ki həyatlarının iki ilə yaxın müddəti bu həyətdə keçmişdi, onların bəziləri hələ körpə idi, heç dil açmamışdı, qucaqdaydı və bəziləri nisbətən böyük idi, məktəbə gedirdi, hər şeyi anlayırdı, ömürlərinin sonunadək həmin həyəti unuda bilmədilər.

Yalnız öz gördüklərindən, öz hafizələrinə hopanlardan deyil, onlara böyüklərin, valideynlərin, qohum-əqrəbalarının söylədiklərindən də hər şey hafizələrinə biryolluq həkk olundu.

Millətə dövlət və istiqlal kimi misilsiz nemətlər bağışlamış bahadırlar 1920-ci ilin aprelindən sonra bolşevik siyasətinin əyri yazan qələmi ilə “xalq düşməni” elan edilmişdilər. O uşaqlar ki dünənəcən, millət fədailərinin, xalq sevimlilərinin xoşbəxt balaları idilər, indi artıq yeni dövlət və təzə məfkurənin düşmənlərinin bədbəxt övladları idilər. Təlatümlü illər bir-birini qovacaq. Tərcümeyi-halı dəyişmək ki olmur. O uşaqlar o şanlı babaların övladları olaraq qalacaqlar. 1920-ci ilin aprelinədək daşıdıqları soyadlar, atalarının adları bu uşaqlar üçün iftixar qaynağı, müəyyən mənada yolaçan, arxa idisə, indi burulğanında olduqları vahiməli, qaydaları son dərəcə sərt gerçəklikdə şərəfli soyadları da, ləyaqətli atalarının adları da onları hər an növbəti bəlalara doğru sovuran kabusa çevrilmişdi. 

Bu mənhus tarix kəsiyində nəfəsi kəsilməyən, vaxt bataqlığından salamat qurtaran o uşaqlar, o yeniyetmələr, o gənclər böyüyəcək, onların həmin hadisələrə şahid olmamış, o dövrü yaşamamış övladları dünyaya gələcək. Ancaq sovetlər qaldıqca “xalq düşməni” damğalı nəsillərin başının üstündəki qılınc elə yerində olacaq, daşıdıqları soyadlar onları da təqib edəcək. Valideynlərinin, əcdadlarının ucbatından adları “qara siyahı”larda yer alacaq, onları onillər boyu küncə sıxışdıracaqlar, həmişə kəc nəzərlərlə baxacaq, ögey sayacaqlar. 

Nə qədər üstün olsalar belə, irəli çıxmaqlarına müdam əngəllər törədiləcək – ta tarixin təkəri iblisin hökmündən çıxanadək!

Gün yetişəcək ki, vaxtın güzgüsü əyrini əyri, düzü düz göstərəcək, həqiqətlər yazılmağa başlayacaq. Ancaq haqqın, ədalətin təntənəsi əyyamlarınacan nə qədər talelər şikəst olacaq, nə qədər insan dünyanı nisgilli, nakam tərk edəcək, nurlu valideynlərin nə qədər istedadlı balaları açılmadan sönəcək.

Əslində övladlara ata-analarından da müdhiş cəza kəsmişdilər – onların qanadlarını qırdılar, onların haqq etdikləri ucalmaq, parlamaq imkanlarını əllərindən aldılar, onları əngin fəzalara dikəlmək imkanından məhrum etdilər. 

Tarix boyu və dünyanın ən müxtəlif yerlərində insanlar mükafatlar, təltiflər, fəxri adlar, nişanlar, orden-medallar düşünüblər. Mahiyyətcə bu, xoş hadisədir. Çünki insanları sevindirmək, ruhlandırmaq, ilhamlandırmaq məqsədi daşıyır. Ancaq dünyanın hər yerində və tarixin bütün dövrlərində bunun tam əksi də olub. Şeytançı ehtiras və iştahla əzabvermənin, işgəncənin ən müxtəlif çeşidlərini da durmadan axtarıb tapıblar. Dar ağacından asmaq, şaqqalamaq, güllələmək və bu qəbil löyün-löyün cəzalar insan qiyafəli iblislərin ürəyini soyutmayıb, güzəştsiz qəddarlıqla daha müdhiş cövr üsulları arayıblar və axtarışlarında inadlı olduqlarından tapıblar da. İnsanı diri-diri öldürməyin cəzası, gözü görə-görə dəqiqəbədəqiqə həlak etməyin ən amansız cəzalarından biri onu Vətənə həsrət qoymaqdır. 

Bu millətə istiqlal bağışlayanların önündə getmiş Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, onların silahdaşlarının, məsləkdaşlarının, fikirdaşlarının qohum-əqrəbasının taleyindən qırmızı şeytanın – sovetin cəza cəbbəxanasındakı cəzaların hər növü keçdi: həbs də etdilər, sürgünlərə də yolladılar, gülləyə də tutdular, cəzaların ən amansızı kimi vətən tamarzısına da döndərdilər.

Məhəmməd Əmin Rəsulzadə ölüm yatağında ikən, dünyadan köçəndə qanı qaçan qurumuş dodaqlarından qopan son sözlər həsrətlisi olduğu doğma yurdun üç dəfə dilə gətirdiyi adı idi. “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyib Cənnətə uçdu.

Ömrü boyu “Azərbaycan” onun dilində, düşüncəsində, ürəyində, qələmində olmuşdu, ruhu bədənindən ayrılarkən, son nəfəsində də “Azərbaycan! Azərbaycan! Azərbaycan!” pıçıldayırdı ki, barı heç olmazsa vətəninə, xalqına belə qovuşsun.

Hər kəs kimi, Məhəmməd Əmin Rəsulzadənin də ailəsi, qohumları, yaxınları, dostları vardı. Damarında Rəsulzadə qanı axmasının, onunla eyni şəcərəyə mənsubluğun məşəqqətlərini onun uruğundan olanların hamısı bütün sovet onilləri boyu çəkdi. Şiddətlə davam edən sovet siyasi repressiyalarının səngidiyi məqamlar da olmuşdu, bəraətlər də elan edilmişdi, sovet həbs düşərgələrindən onminlərlə insan azadlığa çıxaraq yenidən həyatını qurmağa başlamışdı, aralarında irəli çəkilənlər, yüksək vəzifələrə dikələnlərə də rast gəlinmişdi. Fəqət 1991-ci ilə qədər – sovet dövləti çökənədək rəsmi ideologiya və onun əzazil icra maşını KQB Rəsulzadə qəbilindən olanları əfv etmədi, onları və sülalələrini ən qatı düşmənləri cərgəsində saxladı. Kreml Məhəmməd Əmin Rəsulzadə kimi nəhənglərin ölüsündən də caynaqlarını çəkmədi, onların xatirəsindən də intiqam aldı. Hərdən o münasibətin nə şəkildəsə təzahürlərini hiss edəndə xoflanıram ki, bəlkə sovet heç sonacan gəbərməyib?!

Şura hökuməti Məhəmməd Əminin özünü əbədi vətən ayrısına, yurd həsrətlisinə çevirdi, əzizlərinə də vətəndə yaşamaq fürsəti vermədi. Bir oğlunu – Rəsulunu elə 18 yaşında burdaca məhv elədilər. Unudulmaz rəssamımız Oqtay Sadıqzadə mənə ailə faciəsinin ürək dağlayan hekayətlərini danışırdı. Oqtay ustadın anası, böyük yazıçımız Seyid Hüseynin zövcəsi Umgülsümxanım Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümmülbanunun doğmaca bacısı idi. Seyid Hüseyn heç Məhəmməd Əminlə bacanaq olmasaydı da, onsuz da sovet hökumətinin nəzərində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Hacıkərim Sanılı və digər belə ulduzlarımız kimi aradan götürülməli düşmənlər cərgəsində idi. Yəni Məhəmməd Əmin Rəsulzadəyə qohum olmasaydı da, özü biçimində olan digərləri kimi, yəqin ki, gec-tez onu da ya həbsə atacaq, yasürgünə göndərəcək, ya da güllələyəcəkdilər. Ancaq Məhəmməd Əmin Rəsulzadə ilə qohumluğu Seyid Hüseynin də, ailəsinin də başına müsibətləri iki-üç qat artığı ilə əndərdi.

Yazıçı olaraq cəzalanmaqdan söz gedirsə, gərək hesabla, miqyasına və açıq türkçü baxışlarına görə Seyid Hüseyndən daha ağır cəzaya Hüseyn Cavidi mübtəla edəydilər. Ancaq Cavid güllələnmədi, sadəcə sürgünə göndərildi, orda öz əcəli ilə vəfat etdi, nə həyat yoldaşı Mişkinaz xanıma, nə oğlu Ərtoğrola, nə qızı Turana toxundular. Seyid Hüseynin özünü güllələdilər, ailə üzvlərini də Məhəmməd Əmin Rəsulzadənin əqrəbası olduqlarına görə həbsə atdılar, sürgünə yolladılar.

Məhəmməd Əmin Rəsulzadənin həyatdakı ən ülvi amalı, mübarizələrinin baş hədəfi ilk gənclik illərindən bu yurd və bu xalq idi. Ömrü boyu o, Azərbaycanın ali maraqları uğrunda çalışmaları və mübarizələri həyatının mənası saydı.

Ömrünün ən ümdə qazancı, çarpışmalarının məsud yekunu olan istiqlalımızı itirəndən sonrakı aylar, 1920-ci ilin yazı, yayı, payızı onunçün ömrün dəhşət fəsli idi. Ancaq dünya təzadlar dünyasıdır. O bədbəxt günlərin içərisində də hər halda bir işıq vardı: oğlu dünyaya gəlmişdi, ilk və son dəfə gördüyü körpəsini o, həyatının ən əziz sözüylə adlandırmış, oğluna Azər adı qoymuşdu. 

Cümhuriyyət dönəminin qarşıdurmalarla ləbələb günlərini bir zərrəbin sayaq vaxtın uzaqlarından yaxına çəkən stenoqramlar, iclas protokolları bizə indi o çağların həyəcanlı səslərini eşitdirir. Həmin yığnaqların bir çoxunda müsavatçı Məhəmməd Əmin Rəsulzadə və kommunist Əliheydər Qarayev üzbəüzdürlər: daim düşüncələri və baxışları çəpləşir, höcətləşirlər. 

Əliheydər Qarayevin kimliyini 1923-cü ildə artıq mühacirətdə olarkən yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında Məhəmməd Əmin Rəsulzadə ikrahla qələmə gətirir, vaxtilə “Füqəra füyuzatı”nda dərc olunmuş və opponentinin astarını üzə çıxaran ifşaçı şeirdən misraları iqtibas edirdi:

Bax, şu Qarazadə Əliheydərə,
Töhfeyi-Şirvanə mələkmənzərə.
Bəhri-Xəzər, xittəyi-Azərbaycan 
Görməmiş ömründə belə hökmran.

Əslində “mələkmənzər” yox, iblismənzər olan Əliheydəri bu deyişlə nişan verməklə onun maviliyinə üstüörtülü işarə edilirdisə, Azərbaycanın indiyədək belə bir hökmran görmədiyini deyərkən açıqca dəqiqləşdirirdi ki, bəli, Azərbaycan bunca amansız, qəddar, öz millətinin qanına susamış birini görməyib.

Və 1920-ci ilin avqustudur. Məhəmməd Əmin Rəsulzadə onu təqib edən bolşeviklərdən gizlənir, bir müddət Lahıca sığınandan sonra Bakıya qayıdıb ki, girəvə tapıb ailəsi ilə görüşsün. Çünki ona xəbər çatdırıbmışlar ki, 1920-ci ilin 15 iyununda oğlu doğulub. Nəvəsi Rais Rəsulzadənin ailə hekayətlərinə arxalanaraq söyləməsincə, Məhəmməd Əminə zövcəsi ilə görüşmək uşağın iki aylığında müyəssər olur. Ümmülbanunun qucağındakı körpəsini qolları üstünə alır, nəvazişkar ehtiyatla sifətindəki örtüyü çəkərək uşağa şəfqətlə baxır, soruşur ki, ona hansı adı qoymusuz? Xanımı qayıdır ki, Əliheydər.

Məhəmməd Əmin köküylə-əsliylə ruhani ailədən olan bir insandı, böyük oğlunu da Peyğəmbərin şərəfinə “Rəsul” çağırmışdı. Əslində “Əliheydər” də müqəddəslər zümrəsindən olan addır, o dövrdə Azərbaycanda da geniş yayılıbmış və Ümmülbanu zənn edirmiş ki, bu adı əri də bəyənər.

Məhəmməd Əmin Rəsulzadə birinci və axırıncı dəfə gördüyü körpəsinə bir də baxır, sözünü uşağın qulağına deyir, amma Ümmülbanuya eşitdirir: “Sənin adını Azər qoydum”.

Rəsulzadələr ailəsində nəsil-nəsil ötürülmüş bu adqoyma hekayətini mənə Məhəmməd Əmin bəyin nəvəsi, həmin Azərin oğlu Rais Rəsulzadə söyləyib.

Məhz bu atanın övladı olması, məhz bu soyadı daşıması dünyaya gəldiyi ilk gündən Azərin taleyinə çevriləcək. Az sonra bu körpə hələ qundaqda ikən didərgin olmağın ağrılarını yaşamağa başlayacaq. Təbii ki, həmin ağrıları o vaxt duymadan. Ancaq bu sızıltıları illər sonra həmin əhvalatlar ona söyləndikcə gerçəkdən yaşayacaq. 

Əvvəlcə bu körpə anasının qucağında digər ailə üzvləri ilə birgə Gəncə həbsxanasına göndəriləcək. Bir ay o dustaqxananın divarları arasında qalandan sonra başqa didərginlik başlayacaq. Qara bəxti elə gətirəcək ki, Azər ömrü boyu atası kimi Azərbaycanına həsrət qalacaq. Ara-sıra buralara xəlvəti gələ, qıraq gözlərdən yayınaraq oğurluq baş çəkəsi olacaq. 

Yaşadığı müddətcə daşıdığı soyadın işığı da, o soyadın gətirdiyi dərdlər də həmişə Azərlə qalacaq. 

Azər Rəsulzadə ömrünü qürbətdə, Qazaxıstanda çürütdü. Əvvəlcə Taldıkorqanda (o vaxtlar bu yerin adını rəsmən Taldı-Kurqan kimi göstərirmişlər) yaşadı, sonra Karaqandaya köçdü. Orda övladları dünyaya gəldi. 

Üzdən baxanda yaşadığı sanki hər insanın həyatı kimi adi bir həyat idi – evi, işi, yaxınları, dostları, qonşuları vardı. Ancaq ömrü boyu bunu da hiss edirdi ki, onu həmişə kənardan seyr edən, nəzarətdə saxlayan gözlər var. Həm də bunu gizlətmədən edirdilər. Bu, xam olduqlarından deyildi. O təhər edirdilər ki, Azər özü də həmişə güdüldüyünü, diqqətdə saxlanıldığını anlasın və artıq-əskik hərəkətlərə mail olmasın.

Ancaq güdükçülərinin belə həyasız davranışları olmasa belə Azər hər şeyi gözəl dərk edirdi. O, kimin oğlu olduğunu da, atasına bu dövlətin hansı idbar münasibəti bəslədiyini də bir an belə yadından çıxarmırdı. O, sürgündə idi, hərəkət azadlığından məhrum idi. Hərdən ürəyi darıxmaqdan partlamaq həddinə çatanda oğrunca gözdən itərək Azərbaycana gəlsə də, burda çox qərar tuta bilmirdi, bir gün, iki gün, uzaqbaşı üç gün sonra yenə qayıdıb getmək məcburiyyətində idi. Çünki dustaqlıqda, həbs düşərgəsində olan tərzdə – icazə verilmiş cızıqdan kənara çıxmaması üçün mütəmadi qeydiyyat aparırdılar. Hərdən düşünürsən ki, onu niyə şərti də olsa azadlıqda saxlayıblar?! Hərçənd elə sürgündə olmaq həbsin bir başqa şəkli idi. Amma hər halda Azər sıradan olan insanlar kimi hər gün işə gedirdi, işdən gəlirdi, ailəsi ilə birlikdə idi. Bunun arxasında da xəfiyyə təfəkkürlü sovetin ayrı bir məkri dayanırdı. Məhəmməd Əmin Rəsulzadə mühacirətdə idi və xüsusi xidmət orqanları da onun dinc dayanan insan olmadığından agahdılar. Məhəmməd Əminin qələmi işləyirdi, yazırdı-pozurdu, hərəkatını davam etdirirdi, ətrafında həmfikirləri də az deyildi.

Vaxtilə mən Dövlət Təhlükəsizlik Komitəsinin arxivində iki çoxcildlik işdən fraqmentlərlə tanış olmuşam. Tanış olmam da ona görə ayrı-ayrı parçalara əsasən idi ki, bu qovluqların bütövləri ələ verilmirdi. Əslində həmin işlərin əsli - özək Moskvada idi. Hərəsi 30 cild olan o işlərin mühüm hissəsini əməliyyat məlumatları təşkil edirdi. İşlərdən biri “Türkiyədəki Azərbaycan siyasi mühacirəti”, digəri “Avropadakı Azərbaycan siyasi mühacirəti” adlanırdı. O tikə-parçalar ki tanış olmuşdum, onlar hər halda vəziyyət haqqında müəyyən qənaətlər yaradırdı. 

Aldığım təsəvvürlər nədən ibarət idi? İstər Türkiyədə, istərsə də Avropadakı görkəmli siyasi mühacirlərimizin hamısı fasiləsiz diqqət altında imiş. Yüz faizli nəzarət edə bilməsələr də, əlləri, imkanları çatdığı qədər pusurmuşlar. Mühacirlərin gördüyü işlər, dərc etdikləri yazılar, keçirdikləri iclaslar, oturub-durduqları insanlar, qurduqları planlar barədə az-çox məlumat almağa çalışır, müxtəlif agentlər, elə mühacirlərin öz içərisindən tapdıqları çuğullar vasitəsilə həmin bilgiləri toplayaraq Bakıya, Moskvaya ötürürmüşlər.

Həmin cildlərin hamısına əlimiz yetərsə, o xəzinə Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşlarının da, Əlimərdan bəy Topçubaşov və silahdaşlarının da oçağkı fəaliyyəti haqqında mühüm və doğruçu soraqlar əldə etməkçün müstəsna qaynaq olar. 

Həmin qaynaqlardan əldə olunan tikə-para bilgilər və sonra illər boyu ayrı-ayrı siyasi mühacirlərin övladlarıyla, ailə üzvləri ilə apardığım saysız söhbətlərdən çıxardığım bir nəticə də var – sovet təhlükəsizlik orqanları Azər Rəsulzadə, Üzeyir Hacıbəyli, Nigar Rəfibəyli və bu qəbil tutulmalı “xalq düşməni” övladlarını heç də humanistlikdən türməyə atmırlarmış. Onların hər biri əslində girov saxlanırmış, bu girovlardan da ordakılara qarşı təzyiq vasitəsi kimi yeri gəldikcə istifadə edilirmiş. Belə hadisələrdən bir neçəsi elə Azər Rəsulzadənin də başına gəlmişdi.

İkinci Dünya müharibəsi illərində Taldıkorqanda yaşayan Azər Rəsulzadəni də hərbi xidmətə çağıraraq əsgər aparırlar. O, “xalq düşməni”nin oğlu idi. Yazılmamış (kim bilir, bəlkə də yazılmış məxfi) qaydaya uyğun olaraq belələrini adətən cərimə batalyonlarında ölümün ağzına atırdılar. Ancaq nədirsə, Azəri Tehrana göndərirlər. Sən demə, pərdəli mətləb varmış. Həmin məqsədi də Azərə açıq deyirlər. O da illərcə gizli saxladığı, hətta ailə üzvlərinə də açmadığı bu sirri, nəhayət ki, günlərin birində, ömrünün bitər-bitməzində oğlu Raisə söyləmişdi. 

Bir tərəfdən baxırmış ki, artıq Rais dünyanı dərk edir, hansı siyasi mühitdə yaşadığını yaxşı anlayır, nəslin aqibətindən də bütün yaxşı-yamanı ilə xəbərdardır, ağzından söz qaçmaz, qoy ailənin bu gizlinindən də xəbəri olsun. Digər tərəfdən də, yəqin düşünürmüş ki, bu, sadəcə ailənin sirri deyil, həm də tarixdir, elə Məhəmməd Əminin haçansa tamlığı ilə yazılacaq bioqrafiyasının bir ştrixidir, itib-batmasın. Ona görə də Tehranda başına gələni yerli-yataqlı oğlu Raisə nağıl eləmişdi, o da elə atası kimi düz fikirləşərək mənimlə bölüşdü ki, bu əhvalatın yazıya alınacağı, unudulmayacağı lap qətiləşsin.

Adətən siyasi dustaqları və o qəbildən olanları 1941-1945 müharibəsində Şura hökuməti qurbanlıq ət parçası kimi istifadə etmiş, cərimə batalyonlarına, mina sahələrinə, sağ qurtarmaq ağlasığmaz olan döyüş meydanlarına yönəltmişdi. Azər Rəsulzadə də istisna olmayıb.

“Atamı Çin sərhədindəki Tekele şəhərində olan cərimə batalyonuna göndəriblərmiş. O vaxt artıq anamla evlənibmiş. Lakin 1943-cü ildə onu hərbi komissarlıq təkrar çağırır, ezamiyyə vərəqi verirlər ki, hazırlaş, İrana gedirsən. Tehran konfransı ərəfəsində orda sovet qoşunları meşədə yerləşdirilmişdi, gözləmə mövqeyində idi. Atam danışırdı ki, əmr gözləyirdik ki, hücum edəcəyik, ya yox. Hələ sakitlik idi, arada bizə şəhərə çıxmağa icazə verirdilər. Deyirdi ki, bir gün çıxdım şəhərə, gəzirdim, təsadüfən elə vaxtilə Bakıda bizimlə eyni küçədə yaşamış iranlı məhəllə uşaqlarından biri ilə rastlaşdım, qucaqlaşdıq, görüşdük, növbəti dəfə şəhərə çıxanda onlara qonaq gəlməyimi xahiş etdi. 

Atam da bir neçə gün sonra hərbi hissədən çıxmağa növbəti dəfə izin veriləndə keçmiş qonşumuz olan, onu qonaq dəvət etmiş həmin İran azərbaycanlısıgilə yollanır, yeyib-içirlər, atam özü ilə apardığı tarını çalaraq onları feyziyab edir. Danışırdı ki, arada siqaret çəkmək üçün evdən çölə çıxmışdım, bir nəfər yaxınlaşdı, “Sən Məhəmməd Əminin oğlusan, eləmi?” – soruşdu. Təsdiq etdim. Həmin adam dübarə qayıtdı ki, istəyirsən səni atanla görüşdürək? Mən də tutuldum, fikirləşdim, dedim yox, istəmirəm. Ehtiyat etdim ki, sonra çatdırarlar”.

Rais Rəsulzadə İrandan 1946-cı ilin əvvəllərində qayıdır. Qazaxıstana yola düşməzdən əvvəl Bakıya gəlir, birbaşa Seyid Hüseynin evinə, cavanlıqda tez-tez yığışdıqları mənzilə tələsir. Xalası uşaqları ilə görüşür, elə içəri təzəcə giribmiş ki, qapı döyülür, “kimsiniz?” soruşurlar, cavab gəlir ki, pasport yoxlayırıq. 

Bunu da Rais müəllim danışır: “O vaxt Seyid Hüseyngilin evi indiki kimi deyildi. Onda arxa qapı da vardı, indi Xan sarayı, divar həmin yeri tutub. Atam icazəsiz gəldiyinə görə təşvişə düşür, ələ keçməməkçün arxa qapıdan çıxaraq qaçır. Sonra 1959-cu ildə arada bir dəfə də gəlir. Onda da yoxlayırlar”.

Milis idarəsindən pasportları yoxlamağa gələnlər, yəqin ki, elə təsadüfən gəlib çıxmırlarmış. Gözləri mütəmadi olaraq Azərin üstündəymiş, hardan gəlib, hara getdiyini bilirlərmiş.

1955-ci ildə bir hadisə də olubmuş: həmin il martın 6-da Ankarada Məhəmməd Əmin Rəsulzadə gözlərini əbədilik yumur. Təbii ki, bundan Azərin xəbəri ola bilməzdi. Taldıkorqanda onu çağırırlar, xəbər verirlər ki, atanız vəfat edib, istəsəniz sizi dəfnə göndərə bilərik. 

“Atam deyir ki, nəhayət, siz bizi rahat buraxarsınız. Tərəddüdsüz imtina edir ki, xeyr, mən getmək istəmirəm. Ancaq atamın ehtimalı düz çıxmır. Babamın ölümündən sonra da onu sakit buraxmadılar”.

...Hər iki yandan – həm ata, həm ana tərəfdən Pərvərdigar bu nəslə yaradıcı istedad nəsib etmişdi.

Azər Rəsulzadənin atası da, babası da, ulu babası da dərin zəka sahibi, yaradıcılıq damarı olan insanlardılar. Anası Ümmülbanunun da qələmi vardı, xalası Umgülsüm də incə ruhlu şairə idi. Xalası uşaqları Oqtay, Toğrul rəssam oldular, Qumralın da yazı-pozusu vardı. Azər Məhəmməd Əmin Rəsulzadənin oğlu idi. Bəlkə onun da cövhərində şairlik, nasirlik istedadı varmış. Ancaq qəzavü qədər onu elə qəliz zəmanədə yaşatdı ki, belə qatmaqarışıq dövrdə yazı-pozu ilə məşğul olmaq artıq xəta idi. Nədən yazır-yazsın, soyadına görə xəbis sovet rejimi eşələyib-eşələyib hər sözünün içərisindən bir başqa tərs söz, dövlət əleyhinə bir ayrı məna çıxara bilərdi. Ancaq bəxti bu sarıdan gətirmişdi ki, onda rəssamlıq istedadı da vardı. Rəssamlıq Azər üçün yalnız bir parça çörək qazanmaq, ailəsini dolandırmaq vasitəsinə çevrilmədi, həm də ürəyini boşaltmaq üçün ona bir dayaq oldu. 

Bakıda rəssamlıq məktəbində oxumuşdu. Onunla eyni vaxtda təhsil alanlar, sənət yolunu onunla eyni illərdə başlayanlar sonralar Azərbaycanın məşhur rəssamlarına çevrildilər. Yəqin ki, tale bu cür yox, başqa cür cərəyan etsəydi, elə Azərin də adı Azərbaycanın tanınan rəssamlarının cərgəsində yer alardı, bu gün sərgi salonlarımızda, muzeylərimizdə onun da tabloları sıralanardı. Ancaq qismət deyilmiş. Dövran elə gətirdi ki, onun yaratdığı ayrı-ayrı lövhələr yalnız müəyyən dostların, yaxınların evlərinin divarlarından asıla bildi. Hər dəfə fırçanı, rəngləri götürəndə, molbert qabağına gələndə o, dünyanı unudurdu, ayrı bir aləmə düşürdü. Həmin əsrarəngiz dünyada, o duyğular və rənglər aləmində söz sahibi Azərin özü idi. Orda onu güdən, izləyən, nəzarət edən heç kəs yox idi. Fırça və rənglərlə baş-başa qaldığı dəqiqələr ondan ötrü yükdən azad olmaq, ürəyini boşaltmaq imkanı idi.

Və Azər Rəsulzadədən yadigar qalan, onun emalatxanasında ən görünən yerdən asılan bir şəkildə olub: bir tərəfdə alışıb yanan ocaq, şahə qalxan alov dilimləri, o biri tərəfdə bir ovuc kül.

Bu sadə rəsmdəki rəmzlərdə həssas mənalar gizlədilibmiş. Bu odla kül, rəssamın fəlsəfəsinə görə, Məhəmməd Əmin Rəsulzadə ilə oğlunun timsalı imiş.

Hansı quruluşda, hansı cəmiyyətdə yaşadığına ayrıntıları ilə bələd olduğundan Azər sovetin sözdən söz çıxarmağa necə pərgar olduğundan da xəbərsiz deyildi.

Azər Rəsulzadə çalışırmış elə rəsmlər yaratsın ki, heç vaxt onları tərsə yozmağa əlyeri qalmasın. Ancaq bu tablo başdan-axıracan rəmz idi, onu da özlərindən başqa heç kəs görmürdü. 

Azər şəklin rəmzi mənasını özü kimi rəssam olan oğlu Raisə də açmışdı, söyləmişdi ki, bu ocaq, bu alov dilimləri atam Məhəmməd Əmindir. Bu bir ovuc külsə mənəm – Azər Rəsulzadə, onun oğlu. 

Rəsmin mənasını, rəmzlərin mahiyyətini Azər Rəsulzadə özü buracan açırdı. Ardını mən yozuram. Qətiyyən güman etmirəm ki, Azər bu rəsmi ilə oddan kül törəməsi həqiqətini çatdırmaq istəyirdi. Yox, o, Məhəmməd Əmin ocağından qalan kül deyildi, atasının pak ruhunu da, istiqlal eşqini də, Azərbaycan sevgisini də öz varlığında həyatının sonuna qədər daşıyan odlu vətənpərvər idi.

Ömrü boyu nə qədər barılar, çəpərlər, maneələr yaradılsa da, heç vaxt sınmadı, əyilmədi, heç vaxt Məhəmməd Əmin Rəsulzadənin oğlu olmaq məsuliyyətini unutmadı. Bu müşahidəsi gerçək idi – həqiqətən, Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşlarının hərəsi bir od topası idi, bir gur ocaq idi. Onlar bu millətin içərisində azadlıq alovunu, hürriyyət ocağını elə çatdılar ki, o şəfəq heç vaxt sönməyəcək. 

Azər bütöv bir ömrü Məhəmməd Əmin Rəsulzadənin oğlu kimi yaşadı, sovet quruluşunun özünə düşmən hesab etdiyi, həm də sadəcə düşmən yox, bir nömrəli düşmən saydığı Məhəmməd Əmin Rəsulzadənin alovu Azəri həmişə qarsdı, kül edənəcən yandırdı.

Yanmaq istedadı ona Məhəmməd Əmin Rəsulzadədən – atasından qanla, iliklə nəsib olmuşdu. Ancaq zalım dövrün bəd siyasətləri yol vermədi ki, Azər bir rəssam olaraq layiq olduğu parlaqlığıyla ortaya çıxa bilsin. Onu Məhəmməd Əmin alovu yandırıb külə döndərdi. 

...İlk gəncliyindən daim Azər Rəsulzadə ilə olan bir başqa sadiq yol yoldaşı da vardı. Bu vəfalı sirdaşı onun üçün bir parça vətən idi. Harda o yol yoldaşı onun yanındaydısa, demək, Azərbaycanla birgə idi, elə Azərbaycanın içindəydi. Həmin yol yoldaşı Azərin özündən üç yaş böyük idi. 

Bu bir tardı ki, 1917-ci ildə bağlanmışdı. Həmin tarix elə çanağında da ovulub. Bu ehtimal da var ki, o tarı Azərdən daha əvvəl Məhəmməd Əmin Rəsulzadə sinəsinə götürübmüş. NKVD bayquşları Rəsulzadələr ocağında axtarışlar aparıb hər şeyi sümürəndən sonra tək salamat qalan həmin tar olmuşdu. O tar Azərlə şəhər-şəhər gəzdi. Qazaxıstanın Taldıkorqanı şaxtalı-sazaqlı bir məkan idi. Ancaq Azər hər dəfə tarını köksünə sıxanda zəlo-zəlo soyuq da yaddan çıxırdı, soyuğu adamı qılınc kimi kəsən Taldıkorqan dönüb olurdu  günəş şaxıyan, qumu qaynar, dənizi ilıq Abşeron...

Dünyanın çox qart sifətlərini, həyatın çox sərt üzlərini görmüş Azərin ürəyi sözlərlə dolu idi. Ancaq ürəyindəkiləri, düşüncələrini ən xəsis sözlərlə belə ifadə eləmək xatalı idi. Zaman belə zaman idi. Ona görə ürəyini yalnız rənglərlə, bir də tarıyla boşalda bilirdi. Ancaq qocaman tarı Azər üçün vətəndən uzaqlarda yalnız bir hayan olaraq da qalmırdı, tar Azərçün həm də vətəndən min kilometrlərlə aralıda Azərbaycanı göstərmək, Azərbaycanı tanıtmaq, Azərbaycanı sevdirmək üçün bir körpü idi. 

Bunlar Məhəmməd Əmin yadigarı unudulmaz Azər Rəsulzadənin sözləridir: “1927-ci ildə, yeddi yaşım olanda Türkiyədən, atamdan bağlama aldım.

Özüm açmışdım, bu, yaxşı yadımdadır. Bağlamada iki cüt çəkmə vardı, bir cütü qardaşım, bir cütü mənimçün. O vaxt Seyid Hüseyn tövsiyə elədi ki, ordan yenə bağlama gəlsə, götürməyin. Çünki bunun uşaqlara ziyanı dəyər. Elə bu, axırıncı oldu. Sonra daha bağlama gəlmədi. Ya bəlkə də atam yollayırmış, bizimkilər qorxudan qəbul etmirlərmiş?”

...Azər Rəsulzadə ilə həyatının son parçasında Bakıya gəlişlərində görüşmüşdüm, ona “Vaxtdan uca” kitabımı da hədiyyə etmişdim. Az danışırdı, ancaq hər cümləsi mənə bir istiqlal ayəsi kimi gəlirdi. Deyirdi ki, mən qismətə inanıram. Ona inanıram ki, qaranlıq günlərin açıq günləri də olmalıdır. Mən onu arzu edirəm ki, Azərbaycanın layiqli oğlanlarına, qızlarına atamın ideyasını yerinə yetirmək üçün Allah sağlam can, güc versin.

Azərin atası Məhəmməd Əmin Rəsulzadə həyatının bütün məhrumiyyətlərinə, bütün sarsıntılarına baxmayaraq, bəxtiyar insan idi. “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini adı kimi əminliklə söyləmişdi. Çünki inanırdı ki, ürəklərdə istiqlal ocağı yanırsa, o ocaq heç vaxt sönməyəcək. O ocaq sönmədikcə də bayrağımız ən ucalarda dalğalanacaq. Məhəmməd Əmin Rəsulzadənin yadigarı Azər də həyatının bütün çətinliklərinə, əzab-əziyyətlərinə rəğmən, xoşbəxtlərin xoşbəxti idi. Çünki o, şərəfli bir atanın övladı idi. Çünki o, şanlı bir soyadı daşıyırdı. Çünki o, bütün ömrü boyu vətəndən uzaqlarda yaşasa da, nəhayətdə öz ana torpağına qovuşa bildi. Ancaq bunların hamısından daha vacib ona həyatının ən böyük səadətini nəsib eləyən başqa bir nemət oldu. Atası yüksəlmiş bayrağın endiriləbilməzliyini demişdi və 1980-ci illərin sonlarında hələ Şura hökuməti bütün qüvvəti və zoru ilə yerindəykən Azərə bir milyonluq insan dənizinin başı üzərində Bakıda, Azərbaycanda üçrəngli bayrağın dalğalandığını görmək qismət oldu. 1991-ci ilin oktyabrında o, Azərbaycanın müstəqilliyinin bərpasına, hürriyyətimizin qayıdışına da şahid oldu. 

Bu yurdun və bu millətin başı üzərində bir zamanlar onun atasının və atasının fədakar amal qardaşlarının qaldırdığı bayraq yenə dikəlirdi. Üçrəngli bayraq yenə ucalardaydı. Tarix onun atasının – Məhəmməd Əmin Rəsulzadənin onillər əvvəl elə bu gələcəklərə baxaraq inamla söylədiyi sözləri gerçəyə çevirmişdi. Millətin başı üzərində hürriyyətimizin, istiqlalımızın simgəsi, rəmzi olan üçrəngli bayraq dalğalanırdı.

1990-cı illər başlanırdı. Azər Rəsulzadə vətənindəydi, Azərbaycandaydı, bütün bunları görürdü. Ancaq o dalğalanan bayrağı seyr edərək kövrələn yalnız Azər Rəsulzadə deyildi. Onun gözləri ilə millətin, Azərbaycanın başı üzərində dalğalanan müqəddəs üçrəngli bayrağa atası Məhəmməd Əmin Rəsulzadə də baxırdı...

27 dekabr 2024

seeBaxış sayı:22
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri