525ci qəzet ƏFSANƏLƏRİN ƏN GERÇƏYİ Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
O, böyük sənətə gələndə Azərbaycanın Bülbülü vardı. Bu nəhənglikdə Ulduzun nur saçdığı məkanda işıq olub parlamaq, həm də o Zirvəni təkrarlamadan tam fərqli bir yol seçərək könüllər fatehi olmaq üçün istedadlı, hətta çox istedadlı olmaq az idi. Gərək səs sehrbazı olaydın, gərək ilahi avaz sahibi olaydın, gərək minləri, onminləri, yüzminləri bir an içində oxumağınla tilsimləyərək cazibəndə saxlamaq qüdrətin olaydı.
Allah bu qabiliyyətlərin hamısını sevimli bəndəsi Rəşidə əta edibmiş! Onu və bizləri xoşbəxt etməkçün Tanrı bu lütfü göstəribmiş!
Rəşid Behbudovun bir çox oxuları var ki, dünlədikcə mat qalırsan, fikirləşirsən ki, bu səs incilərini doğrudanmı insan övladı belə yaradıb, ya bu yazılar Göydən gələn töhfədir, elə bu cür xəlq olunaraq bizə hansısa savab əməllərimizə görə ərməğan göndərilib!
O, şuşalı idi və çox şuşalılar kimi, bu şəhər ona elə dünyaya gəldiyi vaxtdan məlahətli səs bağışlamışdı. Amma düşünmürdü ki, gün gələr, o da xanəndəlik edər, camaat qarşısına çıxar, toy-düyündə oxuyar. Qarabağın elə onun kimi yaxşı səsi olan çox cavanları da oxumağı gündəlik həyatlarının yemək-içmək, at çapmaq, torpaqla əlləşmək kimi adi hadisəsi sayırdılar, "adam oxuyar da" deyirdilər.
Amma Göydəki Qələm ayrı yazı yazırmış!..
Varlı bir tacirin yanında işləyən, ağasının İrandan, Rusiyadan gətirdiyi parçaları boğçasına yığaraq məhəllə-məhəllə dolaşan, arşınmalçılıq edən Məcid Behbudalı oğlunun o çağlar üçün ən böyük arzusu Şuşada bir bəzzaz dükanına sahib olmaq idi. XIX əsr bitib, XX yüzillik başlanırdı.
Ancaq həmin Göydəki Yazının Hökmüylə tale onu Qarabağın ən məşhur tarçısı Məşədi Zeynal Haqverdiyevlə rast saldı, bəxt onu sorağı Gəncədən Qafqaza, Orta Asiyaya, Anadoluyadək yayılmış Məşədi Cəmil Əmirovla görüşdürdü.
Bu bilgin, muğamat sərrafı sənətkarlarla yaxınlaşandan sonra Məcid əvvəllər gəldiyi bir qənaətə qəlbən inandı ki, hər səsi olan, hər oxuya bilən xanəndə ola bilməzmiş. Bu yolun yolçusu olmaqçün gərək lap çox biləsən, muğam dəryasının qəvvası olmaqçün daim öyrənəsən. Özü də hər səndən bir az artıq biləndən yox, kamil ustadlardan dərs alasan.
...1912-ci ildə səsi onu gətirib çıxarmışdı Riqaya.
XX əsrin əvvəllərində Avropanın bir sıra şəhərlərində qızğın fəaliyyətə başlayan səsyazma şirkətlərindən biri də burada idi.
"Pate qardaşlarının şirkəti", "Qrammofon", "Ekstrafon", "Sport rekord", "Monarx rekord" və digər səsyazma şirkətləri artıq Qafqazın məşhur xanəndə və sazəndələrinin xeyli vallarını buraxmışdı.
Bu ticarət yaxşı pul gətirirdi və həmin şirkətlər də maraqlı idilər ki, yeni səslər, təzə çalğılar tapsınlar, kataloqlarında yer alan ifaçıların sayını artırsınlar.
Məcid Behbudov onlarçün lap göydəndüşmə bir xanəndə idi.
Tiflisdə yaşadığından, vaxtaşırı yalnız Azərbaycan deyil, Gürcüstan toylarına da dəvət edildiyindən səlis danışdığı gürcü dilində də nəğmələri çox şirin ifa edirdi. Eləcə də erməni mahnılarını. Səsyazma şirkəti üçün tək Məcidi dəvət etmək elə yazılışa üç xanəndə çağırmaq kimi bir şey idi.
Xanəndə Məcid Behbudov heç yuxu, nağıl kimi də təsəvvür etməzdi ki, indi Riqada yazdırdığı vallarından biri üstündən onillər ötəndən sonra artıq məşhur oxuyan kimi şöhrəti Azərbaycandan çox uzaqlara yayılmış oğlu Rəşidlə İranda görüşəcək.
Bu əhvalatı mənə unudulmaz Rəşid Behbudov özü danışmışdı. 1978-ci ilin apreli idi. O vaxtlar indiki Kukla Teatrında yerləşən Mahnı Teatrında Rəşid müəllimin söhbətini lentə alırdım. Həmin söhbəti yazanacan elə bu yazılışla əlaqədar beş-altı görüşümüz olmuşdu. İlk iki görüşümüzdə atası ilə bağlı xeyli danışmışdı mənə.
Sonra həmin söhbətlərdən bir mətn düzəldib gətirmişdim ki, oxusun, lentə alaq.
Demişdi ki, belə olmaz, hər yazılan söz tarixdir, gərək mətni mənimsəyəm, əməlli-başlı hazırlaşam.
Neynək, hazırlaşın demişdim. Sonrakı görüşümüzdə qayıtmışdı ki, hazırlamışam, amma hələ tam bişməyib, qoy bir az da işləyim.
Bəzi sözləri dəyişməyimi xahiş etmişdi (o vaxt hələ kompüter yox idi, makinada yazırdıq və özümün çap etdiyim mətnin üzərində Rəşid müəllimin əlgəzdirmələri əks olunun vərəqləri də yadigar saxlayıram), yadına düşən başqa əhvalatları da danışmışdı.
Nəhayət ki, böyük Rəşid Behbudovun təxminən bir mahnını lentə almaq üçün sərf etdiyi müddəti və çəkdiyi zəhmətlərə bərabər zaman və əməklər sayəsində atası Məcid Behbudovla bağlı xatirələrini öz səsində lentə alaraq tarixləşdirməyə müvəffəq olmuşdum.
Danışırdı ki, İrana qastrol səfəri əsnasında Analı xanın evinə dəvət edilibmiş. Arada evin sahibəsi bir neçə dəqiqəliyə otaqdan çıxır, az sonra əlində bir fotoşəkil, bir də köhnə val qayıdıb gəlir: "Mən hələ kiçik qız idim. Anamla Naxçıvanda toyda idik. Cavan, yaraşıqlı bir xanəndə oxuyurdu. Anama dedim ki, böyüyəndə, haçansa toyum olanda bu xanəndəni çağırarsınız. Anam da o vaxt zarafat kimi qəbul edilən bu istəyimi unutmamışdı. Vaxt-vədə yetişib toyum olanda həmin xanəndəni tapıb gətirdilər. Sonra bir neçə gün evimizdə qonaq da qaldı. Bu şəklini və səsi yazılmış bu daşı (Rəşid müəllim bunu xüsusi vurğulayırdı ki, həmin xanım vala "daş" deyirdi) bizə hədiyyə etdi".
Rəşid heyrət içində ayağa qalxıbmış. Təəccübləniblərmiş ki, xanımın bu xatirəsi onu belə həyəcanlandırdı.
"Bu fotodakı mənim atam Məcid kişidir. Bu "daş"da da onun oxuduğu "Zabulsegah"...
...Artıq böyük müğənnimiz Rəşid Behbudovla əbədi ayrılığımızdan illər keçir. Lakin onsuz illərin bir anında da xalqımız Rəşidsiz qalmayıb.
Onun ecazkar səsi dünən olduğu kimi, onlu günlərdəki sayaq yenə yol yoldaşımızdır. Rəşid əfsanəsi davam edir və həmişə də bizimlə olacaq.
O bu millətə Tanrının müstəsna töhfələrindən idi. Belə nadirlər haqqında hərdən deyirlər ki, "bu cür şəxsiyyətlər 100 ildə, 1000 ildə bir doğulur".
Doğru deyil!
Belə misilsizlər bircə dəfə gəlir dünyaya, onların tayı, bənzəri daha heç vaxt olmur! Təsəvvür edə bilirsinizmi ikinci Rəşidi?!
Ona qismən bənzəyənlər, özünü ona bənzətməyə can atanlar ola bilər. Olsun!
Təki elə bənzəmək istəyənlər, təqlid etmək həvəsinə düşənlər Rəşid kimi zirvələrə oxşamağa çalışsınlar. Belə olarsa, gec-tez öz müstəqil cığırlarını da tapacaqlar və hər halda bəyənilənlərdən olacaqlar. Çünki təməldən zövqləri, səviyyələri varmış ki, məhz ən üstünə oxşamaq yolunu tutmuşlar. Amma Rəşid ki heç kəsə bənzəmir!
O, Azərbaycan musiqisinə gələndə bu tərzdə heç kim oxumurdu. Bu üslubu, bu yolu Azərbaycana o bağışladı. İlahi gözəllikdə olan səsinə qovuşan cazibəli dəst-xəttilə lap ilk addımlarından hər kəsi valeh etdi.
Təzə xətt, təzə yol adətən əvvəldə etiraz da doğura bilir, bir qədər çətinliklə qəbul edilir. Rəşid bu baxımdan da istisnaya çevrildi. Gəldi və elə ilk qədəmlərindən birbaşa Azərbaycan insanının ürəyinin dərinliklərinə irəlilədi, oranı özünə əbədi yuva seçdi. Məhz əbədi! Bundan sonra yüzillər keçsə belə, bu xalqın ruhunu Rəşiddən ayrı düşünmək olmayacaq!
Söz yox, gün gələcək ki, Rəşid Behbudovun doğurduğu müstəsna irsə və öz möhtəşəmliyinə yaraşan abidəsi də yaranacaq.
Və o abidə burada - Bakıda da, Qarabağda - Şuşada da ucalacaq.
Bir çoxları deyir ki, qurucusu olduğu Mahnı Teatrının qarşısındakı heykəli də, Fəxri xiyabandakı qəbirüstü abidəsi də əsl, tanıdığımız Rəşid deyil, onun obrazını dəqiqliyi ilə göstərə bilmir. Mübahisə etmirəm. Baxışlar, yanaşmalar fərqlidir. Amma bir həqiqət də unudulmasın ki, Rəşid kimi nəhənglərin abidəsini yaratmaq son dərəcə çətindir. Bu səs, bu ad özü artıq abidədir.
Və Rəşid bu millətin ruhuna o qədər qarışıb ki, Rəşidi canlı görənlər bir yana, hətta onu yalnız oxularından tanıyanların da hər birinin içərisində öz Rəşidi var. Hərənin bir cür gördüyü və təsəvvür etdiyi şəxsiyyəti hamının qəbul edəcəyi bir şəkildə canlandıraraq millətə təqdim edəcək heykəltəraş da elə Rəşid qədər böyük olmalıdır.
Rəşid Behbudov dünənin, indinin və gələcəyin elə fövqəladə gözəllik yaradıcılarındandır ki, artıq rəmzə çevrilib. Milli rəmz olmaq ucalığına qalxanlarasa minnətdar yurddaşlar tərəfindən layiq olduqları abidələr gec-tez hökmən yapılır. Lakin artıq ucalmaqda olan və gələcəkdə dikəldiləcək Rəşid abidələrinin milyonlarcasını Azərbaycan insanı ürəyində lap çoxdan bərqərar edib.
Bizə yadigar qoyub getdiyi hər səs incisi özlüyündə ayrıca abidə olan Rəşid Behbudovun möhtəşəm heykəli Tarixin Bağrında XX yüzilin ortalarından var və həmin abidə Rəşid sağ olduqca da var olacaq. Bunca sevimli bir səs dünyası doğurmuş Rəşidin sağlığı, diriliyi isə millətimizin, dilimizin ömrü qədər olacaq!
Amma niyə məndə bunca xiffətli duyğular, həyəcan oyada bilir?
Böyük sənətkarı düşündükcə istər-istəməz 1977-1978-ci illəri, unudulmaz müğənni ilə elə həmin məşhur Kukla Teatrındakı görüşlərimizi xatırlayıram. O zamanlar Rəşid Behbudov Mahnı Teatrını yaratmışdısa da, ətrafına topladığı istedadlı kollektivlə tez-tez Azərbaycan boyu konsertlər verirdisə də, dünyanın müxtəlif ölkələrinə vaxtaşırı qastrol səfərlərinə yola düşürdüsə də, hələ arzusunda olduğu münasib sabit məkanları yox idi. Kukla Teatrının binası müvəqqəti sığınacaq idi.
Təmirə ciddi ehtiyacı olan, damı qəzalı, hər yağış səpəndə neçə yerdən daman bu nimdaş binada isə Rəşid Behbudov o illərdə evindəki saatlardan da çox vaxt keçirirdi. Xatirimdədir, elə həmin binada, yuxarı qatda balaca kabinetindəki iri masanın arxasındakı növbəti görüşlərimizdən birində Rəşid müəllimi çox pərişan gördüm. Ötən gecə selləmə yağış tökmüşdü, damın bu hissəsini az əvvəl xala-xətrin qalmasın təmir etmişdilərsə də, güclü yağmura davam gətirməmişdi, necə dammışdısa, döşəmə də su içində idi, masanın üstündəki bəzi sənədlər, yazılar və bir neçə kaset də korlanmışdı.
Elə mən içəri girincə əllərini yana açıb: "Rəşidin gününü görürsən də", - demişdi!
Əzəmətli Rəşidin bu aciz sözləri o vaxt da məni çox ağrıtmışdı, bu gün də xəyalən hənin günə qayıdırkən yenə çox qüssələnirəm.
Həm də yalnız Rəşidə görə yox, Allahın dünyanın hər ölkəsində nadir yaratdığı belə parlaqların niyə həyatda bəzən (hərdənsə bəzən deyil, lap tez-tez) bunca sarsıntılara, layiq olmadıqları məhrumiyyətlərə qatlaşaraq fikir çəkməli olmalarına acımışdım, acıyıram.
Dahiyanə sənəti ilə güc timsalı olan bir yaradıcının namünasib şərait qarşısında öz gücsüzlüyünü belə fağırcasına ifadə etməsi ürək incidirdi.
Rəşid Behbudovu sevənlərin arasında unudulmaz Heydər Əliyevin xüsusi yeri vardı.
Rəşid Behbudovun sağlığında da, artıq həyatda olmadığı çağlarda da bu nadir siyasət və dövlətçilik nəhəngi diqqət və qayğılarını ondan heç vaxt əsirgəmədi.
Elə Mahnı Teatrına indi Rəşid Behbudovun adını daşıyan küçədəki binanın ayrılmasını və orada əsaslı təmirə başlanması qərarını da vaxtilə Heydər Əliyev vermişdi.
Heyiflər ki, ömür vəfa etmədi, tale həmin binada ürəyi istəyən kimi fəaliyyət göstərmək imkanını ondan əsirgədi.
Rəşid müəllimlə illər boyu yaxınlaşdıqca, ünsiyyətlərimiz artdıqca bu nadir sənətkarın özünə qarşı da, yetirmələrinə, həmkarlarına münasibətdə də nə qədər tələbkar, hətta amansızca tələbkar olduğuna şahid kəsildim.
İlahinin nəsib etdiyi istedad öz yerində, ancaq Rəşid kimi fədakarlıq göstərməyəndə həmişə yaşayacaq inciləri yaratmaq da mümkün olmur. Bu, eləbir köhnəlməz yaradıcılıq düsturudur ki, həmişə təkrar-təkrar isbatına ehtiyac var.
Rəşid Behbudovdan qalan səs abidələrini dinlədikcə həmişə hərdəfəki kimi sonsuz zövq ala-ala, heyran qala-qala onu da düşünürəm ki, bu incilərin bu gözəlliyə, bu kamilliyə çatması üçün gör vaxtında Rəşid Behbudov nə qədər saatlar itirib, nə qədər əməklər sərf edib.
Rəşid Behbudovun az adamın eşitdiyi, rusca lent yazısı qalmış bir nəğməsi var. "İki sahil" adlı bu mahnı Cənubi Azərbaycandakı Azadlıq hərəkatına, 1 illik məsud ömründən sonra 1946-cı ilin dekabrında devrilmiş Milli Hökumətimizin və Seyid Cəfər Pişəvəri başda olmaqla cənublu qardaşlarımızın düyünlü taleyinə həsr edilmişdi. Mahnının musiqisini Fikrət Əmirov bəstələmiş, sözlərini Nikolay Dorizo yazmışdı. Rəşid Behbudov mahnını Maks Fişmanın fortepianoda müşayiəti ilə oxuyub. 1970-ci illərin sonlarında bir gün Rəşid müəllim "İki sahil" adlı bu mahnının rusca mətnini mənə verərək xahiş etmişdi ki, öz dilimizə bədii tərcümə edim. Əlavə də etmişdi ki, hələlik ekvoritmik tərcüməyə ehtiyac yoxdur, sadəcə şeir kimi çevir, görək necə səslənir.
Səslənməyinə belə səslənirdi -içərisində unudulmamalı tarixi yaşadır, ona görə itib-batmasın deyə bura əlavə edirəm:
Araz, Araz, Araz, sən ey daşqın çay.
Yurda sərhəd olmaq sənin qismətin.
İranın kəndləri, yanmış düzənlər,
Sənə yükləyibdir qara həsrətin.
Doğma balaların Azərbaycanın
Ayırıb Arazın dərdli çəpəri.
Kəsib soydaşların bəxt yollarını,
Axıb gedən çayın əyri xəncəri.
Araz, Araz! Çəkdin hər müsibəti,
Göz yaşı çayısan söylədi ellər.
...Yenə Azərbaycan yaz təravəti
Yazın saflığıyla dolub sərasər.
Bura başdan-başa gül içindədir,
Amma donub qalıb çay üstdə bahar.
Sərhədi aşması mümkün deyildir.
İngilis əsgərlər orda durublar.
Orda çörək yoxdur, nəğmə oxunmur,
Tozlu cığırlardan fəqirlər keçir.
Qardaş, əziz qardaş, biz ki bir canıq,
Silah qaldırmazsan sən mənə əsla!
Dünya qopsa belə, düşmən olmarıq,
Unutmasın bunu yanki ağa da!
Gün gələcək, sənə bahar güləcək,
Kəsə bilməz heç kəs yaz gələn yolu.
Araz boyu açar yenə gül-çiçək
Qovuşar sahillər könül dolusu.
Araz, sözüm sadə, inanıran mən,
Səadət çayına dönəcəksən sən.
Bizdə 1960-1970-ci illərdə Cənubi Azərbaycan məsələsi senzuranın xüsusi həssaslıqla yanaşdığı mövzulardan idi, hər yazılanın üzə çıxmasına neçə əmma qoyulurdu, hansısa cümlələr, ifadələr, adlar qayçılanırdı. Bu haqda mahnının, illah da beləsinin oxunması, lentə alınması, təsdiq edilməsi isə daha müşkül, hətta günün siyasi şərtləri nəzərə alınarsa, mümkünsüz idi. Rəşid müəllimi ümidləndirən, onda bu mahnının artıq üzə çıxarılmasına müəyyən imkanlar yaranması ehtimalını oyadansa İranda 1979-cu il inqilabından sonra baş verən dəyişikliklər idi.
1980-ci illərin əvvəllərindən etibarən Güneydən xoş xəbərlər almağa başladıq, ana dilində çıxan yeni qəzet-jurnalların soraqları bizləri qəlbən sevindirirdi. Artıq o tərcüməni etdiyimdən bir neçə il keçirdi. 1984-cü ilin yayı idi. Maestro Niyazinin cümə axşamlarından birində Rəşid müəllim qayıtdı ki, yadındamı, "İki sahil" mahnısının mətnini tərcümə etmişdin, vaxtın olsa, bu günlərdə teatra gəl, o barədə söhbət edək.
Tezliklə görüşdük və Rəşid müəllim mətni bir qədər başqa cür görmək istədiyini söylədi.
O, siyasi baxımdan yetərincə püxtə adamdı, harada necə addım atmağı, hansı sözü necə deməyi elə intuitiv olaraq daim dürüst müəyyənləşdirirdi. Bu ehtiyatlılığı, siyasətcilliyi də ona həyat özü öyrətmişdi. Cavanlığından başlayaraq nə qədər xarici ölkələrə səfər etmişdi. O çağlardasa Sovet İttifaqından kənara çıxan sənətçilər dəstəsi heç vaxt nəzarətsiz olmurdu. Dövlət Təhlükəsizlik Komitəsinin bir əməkdaşı da hökmən dəstəyə qoşulurdu və bunu səfər edənlərin hamısı da yaxşı bilirdi. Getməmişdən qabaq dərsvermələri öz yerində, orada da hər addımı izləyir, müvafiq hesabatlar da hazırlayırdılar ki, hər nəfərin növbəti xarici səfərə buraxılıb-buraxılmaması məsələsi o məxfi rəydən birbaşa asılı olurdu.
Rəşid müəllim bu qədər səfərlərə çıxmışdısa, sonralar artıq özü həm də qastrola gedən böyük dəstələrin rəhbəri olmuşdusa və haqqında heç bir irad-filan yoxdusa, demək, bu baxımdan işini yaxşı bilən idi.
Şeirin mətnini mənə iki dəfə oxudandan sonra dedi ki, burada şah rejimi ifşa olunur, ona görə də zahirən sanki indi elə bu şəkildə də gedə bilər. Ancaq heç kim bilmir vəziyyət necə dəyişəcək. Ona görə də elə edək ki, mahnı yaşaya bilsin, diksindirməsin, hansısa ehtiyatsız ifadələr sabah onun yolunu bağlamasın. Çünki bir dəfə yazılacaq, qalacaq, daha imkan olmayacaq ki, nəsə dəyişilsin. Mülahizələrini bir-bir söylədi, qeyd etdim və bunu da əlavə etdi ki, artıq həm də oxumaq üçün tərcümə etdiyini nəzərə al, elə et ki, sözlər həmin musiqiyə otursun. Onu da etdim, az sonra Rəşid müəllimə çatdırdım, oxumağı da qət etmişdi, ancaq nəsə bu da gerçəkləşmədi, onun həyata keçməyən niyyətlərindən, arzularından biri olaraq qaldı.
Ancaq zəif də olsa bir gümanım sönmür ki, bəlkə evdə mahnının birgə razılaşdığımız mətnini maqnitofona oxuyub, zümzümələri qalmaqdadır?
Güman edirəmsə, bu fərzetməm də boşuna deyil, söykəndiyi məntiq var. Rəşid müəllimin öz söylədiyinə arxalanıram. Danışırdı ki, xaricdəki konsertlərinin peşəkarcasına kinolentə çəkilənləri, səsi yazılanları da olub, ancaq əksəri məxsusi olaraq yazılmayıb, uçub gedib. Özünün səfərlərindən birində aldığı balaca maqnitofonu vardı. Söyləyirdi ki, xaricdəki hər konsertimdə bunu qoyuram səhnənin bir küncündə, hər şeyi yazıram, sonralar dəfələrlə dinləyirəm də. Həm xatirədir, həm də hər çıxışı təhlil edirəm, elə oxu gedişində bədahətən gələn hansısa xalları, keçidləri, bəzəkləri sonra üzərində bir qədər də işləyərək təkmilləşdirirəm.
Bunca səliqəli, tədbirli olan Rəşid müəllimin bolluca kasetləri arasında ev arxivində məşqlərinin, müəyyən musiqi parçaları üzərində hazırlıqlarının, bu gün bizimçün hər dəqiqəsi qızıla bərabər səs qaralamalarının qala biləcəyinə bu səbəbdən çox ümidliyəm.
Rəşid müəllimin bir zarafatı yadıma düşür. Söyləyirdi ki, bizlərdən çox yazın, elə o yazılarla siz də yaşayacaqsınız.
Düz demirdimi məgər?!
Əbədi ömürlülərin ömründən onları sevənlərə də hökmən bir nur dilimi, bir sovqat yetir.
Rəşidin Azərbaycan insanı ilə həmişəlik yol yoldaşı olan bahar ruhlu yaşarı sənəti haqqında bu hekayət yada onun İrana digər bir səfərini gətirir. Böyük Rəşid Behbudov dördüncü dəfə imiş ki, İrana gedibmiş. 1966-cı ildəki bu səfərində qüdrətli sənətkar özü ilə elə sənətinin ucalığına yaraşan müşayiətçi dəstəsini götürübmüş: tarzəni Əlağa Quliyev, kamançaçısı Tələt Bakıxanov, mahir dəfçalan Əzizağa Nəcəfzadə və usta pianoçu Akif Abdullayev. Rəşid hansı ölkədə konsertlər versəydi, ürəkləri fəth edirdi, onu ilk dəfə görənləri də məftun qoyur, öz daimi vurğununa döndərməyi bacarırdı. Lakin İranda ona münasibət büsbütün fərqli idi. Burada ona aşiqdilər. Bu qonşu ölkəyə ilk gəlişlərindən necə məhəbbət qazanmışdısa, yeni konsertlərində nəinki salondakı oturacaqların hamısı tutulmuş olurdu, hətta cərgələr arasındakı boş yerlər də bütün konserti ayaq üstə dinləyən heyran tamaşaçılarla dolurdu. İran Gənclər Cəmiyyətinin dəvəti ilə gerçəkləşmiş bu səfərlə bağlı o çağın Azərbaycan və İran mətbuatında yer almış iki rəqəm heyrətləndirməyə, Rəşid Behbudov və dəstəsinin bir neçə gün ərzində necə gərgin işlədiyinə insanı mat qoymaya bilmir. Xeyli cəhətdən yaxın və doğma ölkəyə hər səfərində olduğu kimi, bu dəfə də Rəşid Behbudov repertuarında məşhur Azərbaycan mahnıları ilə yanaşı, İran xalq təranələri və ölkənin ən sevilən bəstəkarlarının əsərlərinə də geniş yer ayırıbmış. Bir neçə gün ərzində 14 konsert vermiş, 400-dən çox mahnı oxumuşdu. Az qala hər ifanın elə o ifa uzunluqda alqış selinə büründüyü həmin konsertlərdən birində növbəti mahnıdan sonra Rəşid Behbudov səhnəyə əlindəki bir teleqramla çıxır, elan edir ki, bu, bir teleqramdır, indicə bizə Sovet İttifaqının Tehrandakı səfirliyindən gətirib çatdırıblar. Teleqram bizə Bakıdan göndərilib və xəbər verilir ki, indi qarşınızda, mənimlə eyni səhnədə olan, neçə günlər ərzində sizin də çalğılarını alqışlarla mükafatlandırdığınız kamançaçı Tələt Bakıxanovun bu gün oğlu dünyaya gəlib. Gəlin hamılıqla gözəl sənətkarımıza gözaydınlığı verək, onu birlikdə təbrik edək.
Kükrəyən alqışlar bir neçə dəqiqə susmaq bilmir. Amma Rəşid Behbudovun tamaşaçılara növbəti müraciəti elə bir riqqət, elə bir alqış tufanı oyadır ki, yüzlərlə insan uzun müddət, ayaq üstə, yoruluncaya qədər əl çalmadan sakitləşmək bilmir.
"Əziz dostlar! Tələt Bakıxanovun övladının dünyaya gəlməsinin şad sorağı bizə İran torpağında yetişib. Hərarətli alqışlarınız sübut edir ki, ölkələrimizin, xalqlarımızın həyatında baş verən istənilən xoş hadisə, yaxşı müjdə bizi bir-birimizə necə də yaxınlaşdırır. Amma bizi ayıran bir Araz çayı da var. Mən təklif edirəm ki, dostumuz Tələtin dünyaya yeni göz açmış balasına Araz adı verək. Arzu edək ki, indi bu sevincli xəbər bizi belə ürək səmimiyyəti ilə qovuşdurduğu kimi, gün o gün olsun, Araz çayı da ayrılığın, həsrətin deyil, vüsalın, birliyin rəmzinə çevrilsin!"
1966-cı il idi, Rəşid Behbudov bu sözləri pıçıldamırdı, mikrofona deyirdi, qarşısında yüzlərlə insan vardı, konsert yazılırdı və orada belə ucadan eşidilən bütöv millətin duası sayılacaq bu sözlər böyük bir sənətkarın vətəndaş mövqeyi idi.
O anlarda bu konserti izləyənlər, həmin sözləri eşidənlər boğazdakı qəhəri necə toxdadaydılar, gözlərdən ixtiyarsız axan yaşı necə saxlayaydılar?!
...Azərbaycanda çox arşınmalçılar olmuşdu. Küçə-küçə, həyət-həyət gəzərək xurcunlarını açmışdılar, qız-gəlin, el-elat onların başına toplaşmışdı. Amma Azərbaycanın bir arşınmalçısı da oldu ki, məhəllə-məhəllə, ev-ev gəzməklə durmadı. Ölkə-ölkə, şəhər-şəhər dolaşdı. Hara getdisə, tamaşasına minlər, onminlər toplaşdı. Bu fateh arşınmalçı dilində "Azərbaycan" sözü qitələr gəzən, yurdunu tanıdan, millətinin misilsiz incilərini dünyaya nümayiş etdirən Rəşid Behbudov idi.
...Rəşid Behbudovun ömründən və yaradıcılığından çox bəstəkarlar keçdi. Bu sırada Tofiq Quliyevə tay olan yoxdur.
Rəşid Behbudov başqa bəstəkarların da nəğmələrini oxuyub, Tofiq Quliyevin yazdıqlarını da digər müğənnilər ifa ediblər. Lakin Tofiq nəğmələri Rəşidin səsində ən ideal səslənişini tapırdı və Rəşid də bir müğənni kimi məhz Tofiqin mahnılarında bütün parlaqlığı ilə daha çox açılırdı.
Ünsiyyətləri sıxlaşdıqca, dostluqları, yaradıcılıq təmasları artdıqca Tofiq Quliyev 1950-1960-cı illərdə çox nəğmələrini elə bilavasitə Rəşidin səsi üçün yazır, onun ifa tərzini, özünəməxsus oxu ədalarını göz önündə tutaraq bəstələyirdi.
Bu, mənə vaxtilə Tofiq Quliyevin etdiyi etirafdır.
Yəqin, həm də bunlara görə Rəşid Behbudovun ifa etdiyi Tofiq Quliyev nəğmələri daha heç bir başqa müğənninin ifasında o qədər cazibəli, o qədər canayatan alınmırdı.
Rəşid Behbudov başqa bəstəkarların da xeyli mahnısını oxuyub. Amma Tofiq Quliyev bəstələrində ucaldığı əlçatmazlıq, elə bil ki, digərlərində bir qədər fərqlidir. Şövkət xanım Ələkbərova danışırdı ki, Rəşidlə Tofiqi tanış eləyən o olub. Bu tanışlığa ilkin can atan Rəşid Behbudov özü olub. O vaxtlar Tofiq Quliyevlə yaxın münasibətləri olan Şövkət xanımdan xahiş eləyir ki, onu bəstəkara təqdim eləsin. Düşünürəm ki, elə bu xeyirxah addımı da Şövkət xanımın musiqimizə daha bir hədiyyəsidir. Doğrudur, Rəşid Behbudov da, Tofiq Quliyev də 1940-1950-ci illərdə elə gözqamaşdırıcı ulduzlar idilər ki, cazibələri ilə gec-tez bir-birinə doğru can atmalı, yaxınlaşmalı, qovuşmalı idilər. Amma Şövkət xanıma rəhmətlər olsun ki, xeyirxahlığıyla bu işi bir qədər də tezləşdirib. Qazanansa musiqimiz, mədəniyyətimiz, yurdumuz, millətimiz olub. Qazanan dünənin, bugünün, bütün sabahların azərbaycanlılarıdır!
Tofiq Quliyev Rəşid Behbudov üçün yazmağa o qədər uyğunlaşmışdı ki, 1980-ci illərin ortalarında mən ona dahi Hüseyn Cavidin nakam oğlu, həyatdan 24 yaşında getmiş Ərtoğrol Cavidin səslənməmiş romanslarından birinin - türkmən şairi Kəminənin sözlərinə bəstələnmiş "Leylanın vəsfi"nin əlyazmasını verib üzərində yüngülvari işləməsini rica edəndə və bu əsəri Rəşid Behbudovun oxuyacağı haqda müğənni ilə artıq danışmış olduğumu bildirəndə tərəddüdsüz dərhal işə başladı. Tofiq müəllim işlədiyi varianta elə melizmlər, elə xırdalıqlar əlavə eləmişdi ki, bunlar orijinalda yox idi. Amma onlar əsəri bir az da tamamlayırdı, rövnəqləndirirdi və məhz Rəşid Behbudovun oxu tərzinə yatırırdı.
Mən Tofiq müəllimin əlyazması, çalğısı və oxusu yazılmış kaseti Rəşid müəllimə təqdim edəndə əvvəlcə elə yanımdaca dinləmiş, "gözəl əsərdir" demişdi və bir az da dalğınlaşmışdı: "Bu mahnı məni Tofiqlə az qala hər gün birgə olduğumuz 1950-ci illərə - məşhur mahnılarımızın yarandığı vaxtlara apardı".
Tofiq müəllim Rəşid Behbudovdan sözə başlayanda ən əvvəl həmişə onun universallığından, çoxcəhətliyindən bəhs edər, deyərdi ki, Rəşid həm opera müğənnisidir, həm xalq musiqisi ifaçısı, həm estrada oxuyanı, həm rejissor, həm ssenariçi, həm mədəniyyət təşkilatçısı, həm ölkəmizdə ilk mahnı və rəqs teatrının bədii rəhbəri, görkəmli ictimai xadim. Təsdiqləyərdi ki, bu istiqamətlərin hər birində Rəşidin xidmətləri o qədər çoxdur ki, saatlarla danışsan, bitməz, amma Rəşidin misilsizliyi ondadır ki, bütün bu cəhətlərin hamısı bir varlıqda qovuşub.
"Rəşidlə dostluğumuz təkcə ondan ibarət deyildi ki, mən mahnı yazırdım, o, ifa edirdi. Biz uzun müddət qastrol səfərlərində də olmuşuq. Mən o vaxtlar Rəşidə pianoda akkompanement edirdim. Qastrolların coğrafiyası çox geniş idi. Şimali Qafqaz, Rostov, Taqanroq, Kiyev, Odessa, Xarkov, Lvov, Qərbi Ukrayna, Baltika şəhərləri, Moskva, Leninqrad... Qastrol konsertlərinin repertuarı eyni idi. Lakin eyni mahnılar hər gün, hər konsertdə başqa rənglər, boyalar ilə səslənirdi. Bir qədər sonra yaradıcılıq dostluğumuz kino musiqisinə keçdi. Bir sıra filmlərə yazdığım musiqidə hökmən Rəşid üçün mahnılar nəzərdə tuturdum. Bir sözlə, 40 illik dostluq ərzində biz Rəşid ilə xeyli mahnı bəstələmişik. Mən qəsdən "mən" yerinə "biz" sözü işlətdim. Çünki elə bu günə qədər də Rəşid Behbudovu öz mahnılarımın ikinci müəllifi sayıram. "Azərbaycan", "Züleyxa xanım", "Zibeydə", "Qızıl üzük", "Sənə də qalmaz", "Bakı haqqında mahnı", "Süfrə" mahnısı və bir sıra başqa mahnılarımın ikinci müəllifi Rəşid Behbudov olmuşdur. Elə buna görə də, baxmayaraq ki, bu mahnılar 30-40 il bundan qabaq yazılıb, onlar bu gün də tez-tez səslənir. Əlbəttə ki, həyatında Rəşid Behbudov kimi böyük sənətkarlarla rastlaşıb işləmək hər bir bəstəkar üçün böyük xoşbəxtlikdir. Mən isə fəxr edirəm ki, belə bir xoşbəxtlik mənə də qismət olub".
"Dahi" ali sözdür, onu hər istedadlı insana aid etmək rəva deyil. Ancaq nə Tofiq Quliyev, nə Rəşid Behbudov sadəcə istedadlı, lap çox istedadlı sənətkarlar deyillər axı. Onların adının qarşısına yalnız bu təyini artırsaq, haqlı olacağıq, amma həm də ədalətli olmayacağıq.
Hər yaratdıqları möcüzə səviyyəsində olan, indiki müddəti göz önündə tutaraq yazıram - 70-80 il səslənsə də, zərrəcə köhnəlməyən, indinin və sabahın nəbzindən yapışmaqda davam edən incilər müəlliflərinə ən yaraşan elə "düha" kəlməsidir.
Onların heç biri nə sıradan olan insan, nə yalnız gözəl sənətkar idi. Hər ikisi qeyri-adi idi. Hər ikisi mənəviyyat mühitimizdə və milli tariximizdə hadisə idi. Elə heyrətamiz hadisələr ki, təsirləri heç vaxt soyumur, soyumayacaq da.
Tofiq Quliyevlə Rəşid Behbudovun ikisinin də birgə yaradıcılıqlarında zirvə saydıqları "Qızıl üzük" idi. Bu mahnının taleyi o baxımdan da çox uğurlu alınmışdı ki, yenicə bəstələndiyi çağlarda Tofiqlə Rəşidə həmin nəğməni məhz dəfələrlə birgə ifa etmələri qismət olmuşdu. Birgə olduqları vaxtsa onlar bir-birlərinə elə ilham verir, elə enerji ötürür, elə müştərək şövq yaradırdılar ki, sanki mahnı ilk dəfə səslənirdi. Bunu mənə Tofiq müəllim bir dəfə əyani şəkildə göstərdi də. 1983-cü ildə Azərbaycan radiosundakı "Axşam görüşləri" verilişimin bir buraxılışını Rəsul Rzaya həsr edəcəkdim. Tofiq müəllim Rəsul Rza ilə də sadiq dostlar idilər və "Qızıl üzük" kimi ortaq nəğmələri az deyildi. Tofiq Quliyevin ovaxtkı Hüsü Hacıyev, indiki Azərbaycan küçəsində olan, Bəstəkarlar Evi deyilən binadakı mənzilində əyləşmişdik, Rəsul Rza haqqında xatirələrini söyləyirdi, yazırdım və qalxdı ki, bir kaseti səsləndirsin. Dedi ki, bu kasetdə "Qızıl üzük" mahnısının müxtəlif illərdəki 5 yazısı var, diqqətlə qulaq as, eyni melodiya, eyni sözlər, pianoda çalan mən, oxuyan Rəşid, amma beşi də bir-birindən fərqlidir.
"Qızıl üzük"lər bir-bir fırlanırdı, arada Tofiq müəllim maqnitofonunun düyməsini basıb səslənişi dayandırırdı, keçirdi fortepianonun arxasına, əvvəlki mahnı ilə bu mahnı arasındakı indicə eşitdiyimiz fərqi təkrar göstərirdi, "Belə oxumaq olar, gör Rəşid nələr eləyir", - deyirdi.
Dinləyirdim, həvəsiniz olanda elə maraq üçün, gözəlliyin hüdudsuzluğuna bir daha əmin olmaqçün elə siz də qulaq asın, eyni hissləri yaşayacaqsınız. Elə bil ki, dəniz sahilindəsən, Günəş qalxır, şüaları suları sığallayır. Xəzər həmin Xəzər, Günəş həmin Günəş, onlara baxan gözlər həmin gözlər. Yüz dəfə, min dəfə seyr edin, hər dəfə mütləq rənglərin indiyədək görmədiyiniz hansısa çalarlarını sezəcəksiniz, əvvəlkindən seçkin başqa füsunkarlıq görəcəksiniz.
Yaxşı, Xəzəri, Günəşi anlayıram, bu, Allahın əsərləridir, bunlar elə Pərvərdigarın Özü kimi tükənməz, sonsuz, təkrarlanmaz olmalıdır. Tofiq Quliyevlə Rəşid Behbudovsa insan idilər axı! Amma necə deyim ki, elə bizim kimi, hər birimiz kimi insan idilər. Belə yarada bilənə sadəcə insan kimi necə baxasan?!
...Həyat boyu hamımız yol gedirik və millətin də tarix içərisində getdiyi əbədi yolu var. Yola çıxan hər insan adətən özünə etibarlı yol yoldaşı arayır. Millətimizin əbədi yolunda özünə əbədilik seçdiyi, ya qədərin ona həmişəlik həmsəfər olmaq üçün bağışladığı yol yoldaşları da var. Nizami kimi, Füzuli kimi, Üzeyir bəy kimi və neçə-neçə bu qəbildən olan misilsizlər kimi.
Rəşid Behbudov bu millətin əbədi səfərindəki daimi yol yoldaşıdır. Bu yol yoldaşlığının başlanğıcı var, sonu isə yoxdur və heç vaxt da olmayacaq!
26 noyabr 2024