525ci qəzet Qırmızı terrorun dəhşətləri: faktlar və sənədlər aynasında
Sevinc MÜRVƏTQIZI
Tanınmış alim Boran Əziz Azərbaycanın müasir tarixşünaslığında repressiya dövrünü məxsusi fədakarlıqla araşdıran fədakar tədqiqatçıdır. Dəyərli tarixçinin bu yaxınlarda işıq üzü görmüş "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" kitabında sovet repressiya maşınının udduğu qurbanların, ailələlərin, kəndlərin faciələri hər biri ayrıca araşdırılıb və sanki hər cümlədə bu tarix yenidən yaşanır... Bu sanballı araşdırmada repressiya qurbanları təkcə bir tarix faktı kimi deyil, məhv edilən insanların son nəfəsi, ailələrin dağılan ümidləri kimi canlandırılıb.
Boran Əzizin bu kitabında yalnız xalqımızın amansız repressiyaya məruz qaldığı illərin təsviri deyil, həmin dövrün milli ruhumuzda açdığı yaraların rəsmi var. O, yalnız tarixi təhlil etmir, həm də tarixi travmaların xalqın və fərdlərin gələcəyinə necə təsir etdiyini göstərir. Bu akademik araşdırma köhnə yaraları da yenidən qövr etdirib. Kitabda sovet rejiminin "xeyir-duası" ilə başımıza darğa kəsilən erməni şovinistlərinin, burada isə konkret olaraq Ağdam XDİK-nin rəisi Mixail Camqarovun qərəzli şəkildə xalqımıza qənim kəsilməsi tarixi faktlarla, DTX arxivlərindən götürülən istintaq materiallarının ətürpədən mətnləri ilə ifşa edilib.
Kitabda Ağdamın Mərzili kəndinin adı yalnız coğrafiya predmeti kimi yox, həm də bir xalqın öz taleyində daşıdığı ağır yükün rəmzi kimi təqdim edilir. Bu araşdırmada Mərzili və digər kəndlərin mövcud potensialına və gələcək inkişafına ağır zərbələr vurmuş bir dönəmin bütövlükdə Azərbaycanın taleyində nə qədər dərin izlər buraxdığını göstərir. Kitabda müəyyən mənada zamanın gərdişinə məğlub olmuş repressiya qurbanlarının taleləri, eyni zamanda onlara qarşı dindirmələrdə iştirak edənlərin Camqarov tərəfindən mənən sındırılma cəhdləri ilə tanış olduqca, istintaq materiallarındakı cümlələri oxuduqca hamımıza milli mənlik şüurunun vacibliyi bir daha xatırladılır.
Bu tədqiqatın tarixi əhəmiyyəti həm də budur: yalnız tarixi faktları öyrənmək yox, repressiya zülmünü yaşayan insanların ruhi vəziyyətini anlamaq, onların yaşadığı travmaları öz daxili dünyamızda hiss etmək və günahsız qurbanları ehtiramla xatırlamaq... Tarixçi Boran Əziz öz alim mövqeyi ilə tarixə yalnız soyuqqanlı elmi baxış atmağı deyil, həm də milli ruhla baxmağı öyrədir.
![](https://525.az/img/pics/large/2024-12/337175_t3io4o5183.jpg)
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sovet dövründə repressiyaya ancaq ziyalılar və tanınmış şəxslər məruz qalıblar. Adıçəkilən kitab bu daşlaşmış fikir stereotiplərini dağıdır. Belə ki, kitabı oxuduqca kənddə öz gündəlik həyatı, əkin-biçini ilə məşğul olan sıravi, sadə insanların da sovet repressiyasından yetərincə "nəsibini aldığının" şahidi oluruq. İronik səslənsə də, çoxu "burjua millətçiliyi" damğası ilə... İndiyədək tanış olduğumuz tarixi ədəbiyyatlarda daha çox İsmayıllı, Şamaxı rayonlarında kolxozçuların kütləvi həbsini oxumuşduq. Amma məhz Boran Əzizin bu kitabını oxuyandan sonra geniş ictimaiyyət Ağdamın təkcə Mərzili kəndindən iyirmi üç nəfərdən artıq insanın güllələnməsi, onlarla günahsız şəxsin sürgünə göndərilməsi haqqında məlumatlarla tanış olmaq imkanı qazanır. Onu da öyrənirik ki, repressiya faciəsindən təkcə Mərzilinin deyil, Ağdamın Çuxurməhlə, Əlimərdanlı, İsmayılbəyli, Novruzlu, Pərioğlular, Şelli-Qaradağlı, eləcə də Ağcabədinin Ləmbəran kəndlərinin də qismətinə "pay düşübmüş".
Kitabda öz əksini tapan çoxsaylı faciəvi talelərdən birinə nəzər yetirək: Mərzilinin 26 yaşlı gənc sakini Bəhram Bayramov Camqarovun imzaladığı orderlə 1937-ci ilin avqustunda "əksinqilabçı, millətçi təşkilatın üzvü" kimi cinayət məsuliyyətinə cəlb edlib, istintaqlarda cəza maşınından keçirilməsinin nəticəsi olaraq elə birinci sualdan "lazımi ifadələri" vermək məcburiyyətində qalıb. 1938-ci il martın 9-da əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib, hökm martın 27-də yerinə yetirilib... Sonralar bəraətvermə prosesində günahsız olaraq repressiyaya məruz qaldığı bilinəcəkdi. Bilinən həm də o idi ki, özündən sonraya həm də 3-4 yaşlı övladı yetim qalıb... Və bu cür talelərin sayı onlarladır - bir ayın, bir həftənin içərisindəcə güllələnməyə məhkum edilərək hökmlərin də tələm-tələsik yerinə yetirildiyini oxuyuruq hər səhifədə... Onların "günahlar"ı isə Vətənini, millətini, dinini sevmək, sovet rejimini qəbul edə bilməməkləri idi. İstintaq işlərinə vurulan "yarlıqlar"dan bəlli olur ki, daşnak xislətli camqarov kimilərin məqsədi əslində aydın düşünən Azərbaycan övladlarının axırına çıxmaq idi, vəssalam: "əksinqilabçı", "millətçi", "qiyamçı müsavatçı", "kulak" (mülkədar), "əhli Quran firqəsi tərəfdarı", "keçmişin qalığı"... damğaları altında!
![](https://525.az/img/pics/large/2024-12/337176_lsvahkd8of.jpg)
Kitabı oxuduqca sarsıdan digər bir məqam da bu insanların əksəriyyətinin səsinin əlindən alınmış olmaları idi. Səsdən məhrum edilmək, hər hansı seçimdə söz haqqının olmaması, insana mənəvi qul kimi davranaraq onu təkcə fiziki yox, həm də mənən sındırmaq, heysiyyətini heçə saymaq... Bəy-xan nəslindəndirsə, var-dövləti varsa əlindən almaq, özünü də kolxozda "əməkgünü sistemi" adı altında sovet rejiminə maaşsız "qul"luq etməyə məcbur etmək... Həm də XX əsrdə...
Kitabdan tanış olduğumuz digər bir dəhşətli fakt da var: Camqarovun apardığı istintaqlarda, heç bir fakta əsaslanmayan ittihamlarda çoxlu səhvlərin olması, işlərin başdansovdu formada yekunlaşması, hökmlərin tələm-tələsik icra edilməsi, zorakılıq, işgəncə ilə ifadə alınması, protokollara təqsirləndirilənlərin demədiklərinin yazılması adi hal imiş.
Dəhşətlisi budur ki, repressiya dönəmində bu hal təkcə Ağdamda deyil, Azərbaycanın hər yerində hakim idi. Camqarov tək deyildi, Mircəfər Bağırovun "əlinin altında" fəaliyyət göstərən daşnakruhlu X.Qriqoryan, R.Markaryan və daha neçə saysız-hesabsız belə cəllad "yan"lar qırmızı terror dövründə azərbaycanlıların qanına susamışdılar. 1937-ci ildə M.Bağırovun əlaltısı olan Xoren Qriqoryanın Bakıdan atasına fəxrlə göndərdiyi məktub bu dəhşətlərin miqyasını göstərir. Məktubda yazılırdı ki, o, 100 nəfər azərbaycanlını güllələdib, 500 nəfər isə növbə gözləyir...
Kitabda 1956-cı ildə bu daşnakların, eləcə də Bağırovun repressiya dövründə törətdikləri cinayətlərə görə ölüm cəzasına məhkum edildikləri də diqqətə çatdırılıb. Eləcə də Bağırovun həmin məhkəmədə dediyi tarixə düşən məşhur ifadəsi də: "Xalq qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək və asmaq azdır, məni şaqqalamaq və parça-parça etmək lazımdır". Bu böyük günahlar təkcə Ağdamın kəndlərinin əhalisinə deyil, bütün Azərbaycan xalqına qarşı törədilmişdi.
Qırmızı terror insanların həyatlarını, gələcəyə ümidlərini qırmaqla yanaşı, onların psixologiyasını, mənəvi dünyalarını da parçalayaraq kəsik-kəsik insanlıq portretləri ortaya qoyub."Humanist" sovet rejimi dünənəcən bir süfrədə çörək kəsən dostları, yoldaşları işgəncə vasitəsilə bir-birinə qarşı ifadələr verməyə məcbur edib, onların özlərindən sonra ailələrini də bir-birinə düşmən kəsilməyə hədəfləyib.
Bu kitab o dövrdəki itkiləri, qurbanları qeyd etməklə yanaşı, həmin insanların psixologiyasını, duyğularını və həmçinin qarşısında durduqları sistemin şəxsiyyətə yönələn zərbələrini, vurduğu travmaları anlatmağa yönəlib. Mərzili və ətraf kəndlərin insanları yalnız fiziki olaraq deyil, ideoloji və mənəvi planda da çox sıxışdırılıblar. Sovet rejimi, insanları siyasi olaraq parçalamaqla yanaşı, onların mənəvi varlıqlarını, kimliklərini və hətta ailə əlaqələrini də sarsıtmağa cəhd edib. Bu, təkcə Ağdamın, Mərzilinin deyil, bütövlükdə bir xalqın taleyinə vurulan sağalmaz yaradır.
B.Əzizin əsərindəki dərinlik, məhz bu məqamda ortaya çıxır. O, yalnız rejimin qurbanlarını xatırlatmır, eyni zamanda o qurbanların içində gizlənmiş olan insanlıq dramını da ortaya qoyur. Bir yanda Stalin repressiyasının gətirdiyi ölüm və iztirab, digər yanda isə insanların özlərinin içində yaşadıqları psixoloji travmalar...
Dəhşətə gətirən istintaq materiallarını bircə-bircə oxuduqca repressiya qurbanı olan sadə insanların təkcə fiziki mənada zülmünə deyil, həm də ruhi-psixoloji müstəvidə də mənəvi təcavüzünə şahid oluruq...
Bu əsərdə Ağdamın Mərzili kəndi bir coğrafi məkan kimi verilsə də, təkcə kəndi deyil, bütövlükdə bir xalqı simvollaşdırır. Mərzili, sadəcə bu kitabın üz qabığında yer alan bir kəndin adı deyil, bir xalqın tarixinin, acısının, kimliyinin və müqavimətinin timsalıdır.
Boran Əzizin "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" kitabı yaşanmış ağrıların dərindən anlaşılması üçün böyük zəhmətlə ərsəyə gətirilən olduqca qiymətli tarixi töhfədir. Tanınmış alimin keçmişin dəhşətlərini, insanların mənəvi əzablarını, psixoloji travmalarını, iç dünyalarındakı fırtınaları əks etdirən bu tədqiqatı həm də gələcək nəsillər üçün bir mənəvi abidə rolunu oynayır və hamımızın yaddaşının təzələnməsinə xidmət edir.
Redaksiyadan: Dəyərli tarixçimiz Boran Əzizin bu yaxınlarda - dekabrın 30-da 70 yaşı tamam olur. Bu münasibətlə yubilyarı ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, şəxsi həyatında və elmi yaradıcılığnda yeni uğurlar arzulayırıq.
![see](https://icma.az/template/assets/see.png)