Icma.az
close
up
RU
525ci qəzet Şimalqərb bölgəsinin folkloru: sənətkarlıq təzahürləri

525ci qəzet Şimalqərb bölgəsinin folkloru: sənətkarlıq təzahürləri

Tural ADIŞİRİN

Şimal-qərb bölgəsində yaşayan əhalinin müxtəlif sənət sahələri ilə məşğul olması ilə bağlı xeyli sayda folklor örnəklərinə rast gəlirik. Bölgənin sənətkarlıq mərkəzi olan Şəkidən toplanan epik örnəklərdə yaşadılan sənət sahələri daha maraq doğurur. Folklorşünas alim Ləman Vaqifqızı "Şəki folklor mühiti" monoqrafiyasında yazır: "Şəki sənətkarlığının yüksək səviyyədə inkişafı, təbii ki, folklorda da öz izlərini buraxmaya bilməzdi. Şəki ərazisində sənətkarlıqla bağlı folklor nümunələri saysız-hesabsızdır. Şəki sənətkarlığı, demək olar ki, bütün folklor janrlarında iz qoyub".

Ləman Vaqifqızının qeyd etdiyi kimi, Şəkidə yaşadılan sənət sahələrinin izlərini biz bölgədən əldə olunan bütün folklor örnəklərində görürük. Qeyd edək ki, təkcə bölgənin folklorunda deyil, həmçinin yazılı ədəbiyyatında, bölgədə yaşayan yazıçı və şairlərin yaradıcılığında da müxtəlif el sənətlərinə aid sahələr yaşadılır.

Dəmirçilik, misgərlik, zərgərlik, papaqçılıq, dabbaqlıq, xalçaçılıq, ipəkçilik, dulusçuluq vəsair sənət sahələri Şəkinin sənət məbədinin başlıca sahələrini təşkil edir. Şəkinin qədim sənət kökləri həm də bu torpaqda yaşayan əməksevər insanlarının hünərinə bağlıdır. Şəki ustalarının düzəltdiyi zərif sənət məhsulları ölkə hüdudlarından kənarda da geniş şöhrət qazanmışdır.

Dəmirçilik bölgənin ən çox geniş yayılan və yaşadılan sənət sahələrindən biri olub. Dəmirçiliklə bağlı məhz bölgədən çoxlu sayda həm lirik, həm də epik folklor örnəkləri əldə edilib. Həmin örnəklərdə dəmirçilik sənətinin sirlərindən danışılır, dəmirçilik peşəsinə olan rəğbət təbliğ olunur.

Bölgədən toplanmış "Dəmirçinin aqibəti" rəvayətində ən qədim el sənətlərindən olan dəmirçilik sənətinə vurğunluq nəzərə çatdırılır. Rəvayətdə belə nəql olunur: "13-14 yaşlı Əlibala dəmirçixanada sərbəst işləyir, ustasının tapşırıqlarını yerinə yetirirdi. Əlibala artıq dəmirçiliyin bütün sirlərinə yiyələnmişdi. Onu şəhərdə hamı tanıyırdı. Əlibala qazandığı pulu hər axşam aparıb ustasının qabağına qoyurdu". Rəvayətdən gördüyümüz kimi, Əlibala ustasının öyrətdiyi sənətin sirlərinə dərindən yiyələnir, artıq şəhərin tanınmış dəmirçisinə çevrilir. Rəvayətdə Əlibala tanınmış dəmirçi olmaqla yanaşı, əxlaqi keyfiyyətləri ilə də seçilir. Ustası ona vəsiyyət edərək dəmirçixananı ona bağışlayır. O da dəmirçilikdən əldə etdiyi gəlirlə həm öz ailəsinə, həm də ustasına dəstək olur. Rəvayətin mövzu və ideyası bizlərə bu qədim el sənətinə olan məhəbbəti, həmçinin Əlibalanın timsalında bu sənətin sevərək yaşadıldığını bizlərə aşılayır.

Bölgədən əldə edilmiş daha bir folklor örnəyində dəmirçilik sənətinin adı çəkilir. "Allaha təvəkkül" adlı rəvayətdə dəmirçi bir oğlan Xan tərəfindən sınanılır. Dəmirçi oğlan öz peşəsinə olan sevgisi sayəsində xanın tapşırığını yerinə yetirir. Rəvayətin məzmunundan göründüyü kimi, oğlan xan tərəfindən tapşırılan 4 min mismarı düzəltmək mümkünsüz olsa da, o, gecə-gündüz işləyərək öz öhdəliyini yerinə yetirir. Bu işi həm də o, sənətinə olan vurğunluğu ilə bacarır.

"Qalayçı ilə çoban" rəvayətində isə dəmirçilik sənətinin bir qolu olan qalayçılıq sənəti haqqında bəhs edilir. Qalayçılıq da şimal-qərb bölgəsi üçün ənənəvi olan ən qədim sənət sahələrindən biridir. Xüsusən bölgənin sənətkarlıq mərkəzi olan Şəkidə qalayçılıq sənəti daha geniş inkişaf etmişdir. Təəssüf ki, bu qədim el sənəti çağdaş dövrdə artıq o qədər də geniş işlənmir, yalnız xalqın yaratmış olduğu folklor nümunələrində özünü yaşatmaqdadır. Bölgədən toplanmış həmin rəvayətdə nəql olunur: "Kəndə bir qaleyçı gəlir. Ho, mis qabları qaleyliyıp  gümüşə çörürdü. Bunu görən kəndin çobanı didi: sən ki, həblə gözəl ustasan qab-qacağı gümüşə çörürsən, məəm də təknəmi gümüşə çöör". Rəvayətin məzmunu bizə böyük dramaturq Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahimxəlil kimyagər" komediyasını xatırladır, bir növ rəvayətin məzmunu böyük dramaturqun bu məşhur komediyası ilə səsləşir. Komediyanın məzmundan bilirik ki, misi gümüşə döndərən bir "kimyagər" peyda olur. Cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" aldanaraq soyulurlar. Rəvayətdə də çoban mis qabları qalaylayıb gümüşə çevirir. Acgöz bir çoban da qalayçıdan təknəsinin gümüşə çevrilməsini xahiş edir. Əlac qalıb qaleyçi təhnəni körüyün ocağının üstünə qoyur. Körüyü basannan sonra təhnənin ortası yanıb deşilir. Çoban tamahkarlığının qurbanı olur.

Bölgədə yaşadılan el sənətləri içərisində dulusçuluq sənətinin də adını xüsusi qeyd etmək lazımdır. Bölgə əhalisinin məişətində və həyat tərzində dulus qablardan istifadə geniş yayılıb. Xüsusilə bölgənin sənətkarlıq mərkəzi olan Şəkidə dulusçuluq sənəti çox məşhur olub. Şəkinin elə kəndi olmasın ki, orada dulus məhəlləsinə rast gəlməyəsən. Şəhərin özündə də çoxlu dulus məhəlləri indi də vardır.

Şəkidə dulusçuluq sənətini yaşadan sənətkarlardan söz düşəndə məşhur dulusçu Şöyüb Məmmədovun oğlanları usta Hümmət və Əhədin adlarını çəkməyə bilmərik. Onlar Şəkidə "Şöyüb oğulları" kimi də tanınırlar. Bölgə əhalisi bu qədim el sənətini öz folklor örnəklərində də yaşadıb. Bölgədən toplanan xeyli folklor nümunələrində dulusçuluq sənətinə aid örnəklərə rast gəlirik.

Bölgədən əldə edilmiş "Dulusçunun şəyirdi" rəvayətinə nəzər salaq. Rəvayətdə dulusçuluq sənətindən bu sənətin sirlərindən danışılır. Rəvayətdə bəhs olunur ki, qədim zamanlarda Hümmət adlı dulusçu bir usta bu sənəti yaşatmaq üçün yanında şəyird saxlayıb sənətini onlara öyrədirdi. Şəyird ustanın yanında 3 il dayanmalı idi. 3 il tamam olduqdan sonra usta şəyirdini sınayırdı, şəyird bu sınaqdan çıxarsa, halallığını verib onu yola salardı. Ancaq tam kamil usta olmaq üçün şəyird təzədən 3 il də ustanın yanında işləməli idi. Rəvayətin ideyası və məzmunu bizlərə göstərir ki, bu qədim el sənəti şimal-qərb bölgəsində olduqca məşhur olub, tanınmış ustaların adları xalq tərəfindən folklor örnəklərində də yaşadılır, onlarla bağlı rəvayətlər düzüb qoşulur.

Şimal-qərb bölgəsindən toplanmış daha bir folklor örnəyinə diqqət edək. "Ananın öyüdü" adlı bu folklor nümunəsində də dulusçuluq sənətindən bəhs edilir. Nağılda ana üç övladı olan Əkbər, Əhməd, Sübhana öyüd edərək onlara peşə dalıycan getməyi tövsiyə edir. Böyük oğlu Əkbər ticarətçi, ortancıl oğlu Əhməd dulusçu, Sübhan isə nəqqaş peşəsinə yiyələnir. Ana övladına nəsihət edir ki, onlar hər zaman bir olsunlar, birgə işləsinlər. Qardaşlar ilk əvvəl hərəsi ayrılıqda öz peşələriylə məşğul olurlar, ancaq heç bir uğur qazana bilmirlər. Onların mallarını heç kim almır, hər gün evə əliboş dönürlər. Ana övladlarını başına yığaraq tövsiyə edir ki, siz təsbeh dənələri kimi bir olsanız, niyyətiniz saf olsa, Allah-Təala işinizə bərəkət verib ruzinizi artırar. Qardaşlar ananın öyüdündən ibrət aldılar. Əhməd dulus qablar düzəldər, Sübhan onlara nəqqaş vurar, Əkbər də onları bazara çıxarıb satardı. Qardaşlar ananın öyüdündən sonra böyük uğur əldə etdilər. Əhməd tanınmış dulusçu, Sübhan isə kamil nəqqaş oldu. Nağılın ideyasındakı birlik, bərabərlik, ananın qardaşlara bir olmaq öyüdü  bizə böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərini xatırladır. "Ananın öyüdü" nağılında da qardaşlar ilk əvvəl ananın tövsiyəsinə baxmayaraq, birlikdən uzaq düşürlər. Sonradan ananın sözündən ibrət alaraq səhvlərini düzəldirlər. "Anamın kitabı" əsərində isə təəssüf ki, biz bunu görmürük.

Şimal-qərb bölgəsində yaşadılan el sənətlərindən biri də zərgərlikdir. Zərgərlik bölgənin sənətkarlıq mərkəzi olan Şəkidə daha geniş yayılıb. Mənbələrə görə, Şəkidə zinət istehsalının iki sahəsi - zərgərlik və gümüşbəndlik yüksək inkişaf etmişdir. Tədqiqatçı alim Arif Mustafayev yazır ki, şəkili zərgər Eyyub Mehdioğlunun düzəltdiyi zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisində yüksək mükafata layiq görülüb. Bu qədim el sənətinin izləri bu gün də bölgədə yaşadılmaqdadır. Bölgədən toplanan xeyli sayda folklor nümunələri içərisində zərgərlik sənətinin də adı çəkilir, bu sənət sahəsi folklor vasitəsi ilə də gələcək nəsillərə ötürülür. Bölgədən əldə olunmuş "Yaxşı oğul niynir ata malını, pis oğul niynir ata malını" nağılında qeyd olunur ki, cavan bir oğlan varlı atası vəfatdan etdikdən sonra təmiz müflisləşir, artıq o həddə çatır ki, o, başqa bir ölkəyə gedir, orada dilənçilik edir. Həmin ölkədə qoca bir dilənçiylə tanış olur, onlar bir müddət birgə dilənirlər. Bir gün onlar təsadüfən gecə vaxtı bir torba qızıl tapırlar. Hər ikisinin bəxtləri üzlərinə gülür. Onlar bazardan bir zərgər dükanı alırlar. Qoca dilənçi zamanında məşhur bir zərgər olmuşdu, yaxşı əl qabiliyyəti vardı. Oğlana zərgərlik sənətinin sirlərini öyrətməyə başlayır. Oğlan öyrəndiyi sənətlə artıq öz zəhmətiylə pul qazanır. Nağılın ibrətamiz məzmunu bizə halal yaşamağı, hər hansı bir sənətə sahib olmağı başa salır. Oğlan öz sənətini yaşatdığı kimi, sənəti də onu dolandırır, ehtiyac içində buraxmır. Qoca dilənçi cavan oğlana zərgərlik sənətini öyrətməklə onu yaşadır, sənətini təbliğ etmiş olur.

Bölgədən qeydə alınmış başqa bir folkor örnəyində də zərgərlik sənətindən danışılır. "Yarımçıq qolbaq" adlı nağılda nəql olunur ki, şah qızı kasıb bir zərgər oğlanı istəyir. Qızın özü də nəqqaş olur. Atası bunu bilib qızı qala tikdirib oraya göndərir. Qız atasından xahiş edir ki, hər gün zərgər oğlandan bir bəzək-düzək şeyləri alıb göndərsin. Atası razılaşır. Zərgərdən hər gün bir üzük, bir qolbaq gəlir. Qız olara naxış vurub oğlana göndərir. Bir gün zərgər oğlan ölür. Bunu qıza bildirmək istəmirlər. Başqa bir zərgərin düzəltdiyi yarımçıq qolbağı qıza göndərirlər. Sən demə, qız ölən zərgərlə naxış vurmaqla məktublaşırmış. Qolbağı alan kimi qız başa düşür ki, bunu o düzəltməyib. Qolbağa naxış vurmur, onu geri qaytarır və özünü qaladan atır. Nağılın məzmunundan gördüyümüz kimi, qız və oğlan öz sənətlərində mahirdirlər, sənətlərinin sirlərini yaxşı bilirlər. Nağılda həm zərgərlik, həm də nəqqaşlıq sənəti təbliğ olunur.

Azərbaycanın şimal-qərb bölgəsindən əldə olunmuş epik folklor örnəklərində sənətkarlıq nümunələrinin əksinin təhlili göstərir ki, bölgənin zəngin mədəniyyəti, sənətkarlığı xalq tərəfindən də yaşadılmış, gələcək nəsillərə ötürülüb. Toplanmış folklor örnəklərindəki sənənətkarlıq nümunələrinin əksi tədqiqatı ilkin səciyyə daşıdığı üçün elmi cəhətdən maraq doğurur. Bölgənin sənətkarlığına daxil olan dəmirçilik, dulusçuluq, zərgərlik, xalçaçılıq və sair el sənətlərinə aid xeyli sayda bölgədən yeni folklor örnəkləri toplanıb. Bu da bölgənin zəngin sənətkarlıq kodeksinin onun məişətində, folklorunda, yazılı ədəbiyyatında dolğun şəkildə əhatə olunmasının bariz nümunəsidir.

seeBaxış sayı:32
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri