525ci qəzet Xasiyyəti bərk qadın heç bir kişidən zəif deyil
Müsahibimiz Sevinc Əliyeva aktrisa kimi ilk dəfə 2006-cı ildə "Məhkumlar" filmində rol alıb. 2007-ci ildən etibarən həm də prodüserlik fəaliyyətinə başlayıb. 2020-ci ildən "SFN Film Production"un təsisçisidir. "Simurq", "İFŞA, Çətin hədəf", "Vətəndaş A" kimi layihələrin rəhbəri olan Sevinc Əliyeva "Məhkumlar", "Seçilən", "Aramızda qalsın", "Həyat çiçəyi", "Evləri göydələn yar", "Atılmışlar", "Dalan" kimi film və seriallarda aktrisa kimi iştirak edib.
Aktrisa və prodüser Sevinc Əliyeva ilə söhbəti oxuculara təqdim edirik.
- Sevinc xanım, aktrisa olduğunuz halda, nə üçün prodüser kimi fəaliyyət göstərirsiniz? Hansı ki Azərbaycanda qadınların əksəriyyəti ekran qarşısında olmağı seçirlər, bu sahəyə çox az üz tuturlar.
- Mən 2007-ci ildən kadr arxasında işləyirəm. O vaxtlar klip, reklam sənayesi vardı. Təsadüfən köməklik adı ilə bu işə keçdim. Əvvəl kast meneceri oldum. O vaxtlar indiki kimi kastinq agentliyi yox idi. Aktyorları çox yaxşı tanıyırdım və çəkilişə aktyor lazım olanda qəribə bir duyumum var idi, ki, bu obraza bu aktyor uyğundur. 7-8 il kadr arxasında icraçı kimi fəaliyyət göstərdim. Bu, mənə böyük təcrübə verdi, ağlıma gəlməzdi ki, bu işin arxasınca gedəm. Prodüser kimi kadr arxasında olmaq mənim üçün problem deyil. Kadr arxasında xoşbəxtəm və nələrsə yaratmağa çalışıram. Öz işlərimi ekranda görəndə zövq alıram, bütün yorğunluğum keçir. Mənə deyirlər, niyə öz layihələrində çox çəkilməmisən? Düşünürəm ki, iki işi yarımçıq görməkdənsə, bir işi bütöv görüm. Onsuz da aktrisa kimi məni tanıyırlar, özümü sübut etməyə ehtiyac yoxdur. Ona görə qoy prodüser kimi istədiklərimi həyata keçirim.
- Kişilərin üstünlük təşkil etdiyi bu sahədə hansı maneələrlə rastlaşmısınız?
- Bu sahədə kişi olmaq çox rahatdır. Setdə əksəriyyət kişidir və onların ünsiyyəti daha rahatdır. Qadın faktoru cəmiyyətə görə bir az çətinliklər yaradır. Düzdür, mən işlədiyim setdə komanda üzvləri o hörməti saxlayırlar. Prodüser işi elədir ki, sən bir işə başladınsa, onu sona kimi bitirməlisən. Bu yolda müxtəlif mərhələlərdən keçirsən və müxtəlif xasiyyətli insanlarla qarşılaşırsan. O fərqli insanları razı salmaq, inandırmaq və digər məsələlər çətinlik yaradır. Bəzən qadın yumşaqlığım mənə kömək edir, amma bəzən çətinlik yaradır, birmənalı olaraq sərt olmaq lazımdır.
- Prodüser kimi ilk işiniz olan "Simurq"dan danışaq bir az...
- Bir gün aktrisa kimi bir çəkilişdən çıxmışdım. Ağır şəraitdə işləyirdik deyə çox yorğun olurdum. Komandaya işin ağırlığından şikayət elədim. Mən gürcülərlə, ukraynalılarla da işləmişdim, orada şərait başqa idi, setdə aktrisa olduğunu hiss edirdin. Amma burada mən bunu hiss edə bilmirdim, deyirdim mən film çəksəm, belə edərdim, elə edərdim, bunu etməzdim. Bunları deyəndən sonra mənə serial çəkməyi təklif etdilər. "Simurq" serialının hekayəsini danışdılar. Hekayə baş obraz Elşən Əsgərin üzərində yazılmışdı. Beləcə, prodüser kimi ilk işim - "Simurq" serialı yarandı.
- Serialların gedişatına qatqılarınız olurmu? Hansısa məqamlarda müdaxilə etməyi ehtiyac duyursunuzmu?
- Ümumiyyətlə, kino çəkilişi, yaradıcılıq prosesi komanda işidir, komandadan biri pisdirsə, digəri yaxşı olduğu halda, pisin işinə görə yaxşının da işi gedir. Son nəticə hər zaman prodüserin seçimi olur. Kimsə nəyisə məsləhət görə bilər, amma bir fikri prodüser pis hesab edirsə, sözsüz ki, o, olmayacaq. Heç kəsin işinə qarışmamaq şərti ilə mən də həmişə öz fikrimi bildirirəm. Çünki operatorun işini ondan daha yaxşı bilə bilmərəm. Bir fikir irəli sürürəm və onlar da ya hə deyir, ya da yox. "Vətəndaş A" serialında Almaz obrazının paltarları mənim işimdir, rənglərinə xüsusi yanaşmışam, beynimdə bir eskiz çəkmişdim ki, müəllimə belə olmalıdır. İlk səhnədə də görürsünüz ki, baş obraz Almaz rayona şalvarla gəlir, amma kənddə müəllimə kimi geyinir. Çünki kənddə şalvar geyinən qadına yaxşı münasibət bəslənmir. Bayaq dediyim kimi, son nəticəni prodüser müəyyən edir, amma bu, əsas müəlliflərlə razılaşma yolu ilə baş tutur. Yəni komanda istəyirsə ki, iş yaxşı olsun, bir-birləri ilə razılaşmaları mütləqdir.
- "Vətəndaş A" serialından danışmışkən, necə oldu ki, bu qədər səs-küyə səbəb olacaq serial ərsəyə gətirmək qərarına gəldiniz? Çəkiliş zamanı setdə problemlər yaşanırdımı?
- Biz "Simurq" seriallarını işləyərkən bir istək var idi ki, bir klassik əsərimiz əsasında bir serial olsun. Düşündük və ssenari müəllifi Cəfər Cabbarlının "Almaz" əsərini təklif elədi. Orada həm təhsil məsələsinə, həm cəmiyyətdəki problemlərə toxunulur. Hansı ki 90 il ərzində bu problemlərin 50 faizi hələ də həll olumayıb. İctimai TV bizi çox dəstəklədi və mən hər zaman deyirəm ki, mənə inandıqlarına görə onlara həmişə minnətdaram. Çünki digər televiziya kanalları sponsorla işləmir, bu qədər dəstək vermirlər. Setdəki problem məsələsinə gəldiksə isə deyə bilərəm ki, problemsiz set yoxdur, əsas odur ki, bunlar yaradıcı, yaradıcılıq üzərində qurulan problemlər olsun. Bu, yaxşı bir şeydir. Hər kəs yaxşı iş ərsəyə gətirmək üçün çalışanda mübahisələr yaranır. Amma bizim setdə elə böyük bir problem olmadı. Düzdür, yorğunluq olurdu, əziyyət çəkirdik. Bilirsiniz, mənim üçün setdə hər kəs eynidir, baş prodüserdən tutmuş çay gətirən qadına kimi. Çünki o çayı gətirən olmasa, biz susuz qalarıq. Buna görə mən deyirəm ki, əgər biz uğurlu iş ərsəyə gətimişiksə, bu, hamımızın uğurudur. Problem kimsə özünü setdəkilərdən ayıranda yaranır.
- Maliyyə baxımından necə, problem olmadı ki?
- Yaxşı iş görmək istəyirsənsə, sözsüz ki, maliyyə problemin olacaq. Biz serialın çəkilişlərinə başlamazdan öncə məkan olaraq Daşkəsən rayonunun Bayan kəndini düşünməmişdik. Çünki Bakıdan çox uzaq idi və hər kəs Bakıda yaşayırdı. Bayan kəndi daha uyğun oldu deyə oranı seçdik və Gəncədə qalmaq qərarına gəldik. Hər gün ordan Daşkəsənə gedib-gəlirdik. Təsəvvür edin, bunun qalmağına və gediş-gəlişinə pul su kimi gedirdi. Prodüserlər məni daha yaxşı başa düşərlər. Hər hansı hadisə baş verəndə, yağış yağanda, işıqda problem olanda nə qədər pul gedirdi. Ona görə deyə bilərəm ki, maliyyə problemləri oldu. Amma prodüserin işi odur ki, maliyyə çatışmazlığına baxmayaraq, işləri tamamlasın, yarımçıq qoymasın. Mən də serialın uğurlu olması üçün əlimdən gələn hər şeyi etdim.
- Bəs tamaşaçılar necə reaksiya verirlər seriala? Tənqid edənlər çoxdurmu?
- Tənqid edənlər 2-3 faiz təşkil edir və bu da normaldır. Çünki elə bir iş yoxdur ki, onu hamı bəyənsin. Zövqlər, düşüncələr, yanaşmalar fərqlidir. Tənqid edən həmin insanlar öz həyatlarında dəyişiklik istəməyən insanlardır. Serial hələ hazırlanma mərhələsində olanda məndə bir əminlik duyğusu var idi ki, bu, yaxşı iş olacaq. Buna görə İctimai TV-yə həmişə minnətdaram olacağam, çünki onlar da buna inanırdılar. Mən istəyirdim ki, serial cəmiyyətdə qadınlara olan münasibəti də dəyişsin. Görsünlər ki, qadın nələrə qadirdir. Müsbət reaksiyalardan görürəm ki, deyəsən, bunu bacara bilmişəm.
- "Bura sənin üçün Xoşqədəmin, Zaurun verilişi deyil". Serialdakı bu hissə bir növ izləyicilərin ürəyindən tikan çıxartdı. Zaur Baxşəliyev də bunu cavabsız qoymadı...
- Əslində Zaur Baxşəliyevin həmin hissəyə qarşılıq verməsi mənə bir prodüser kimi çox xoş oldu. Deməli, lazımlı yerlərə mesajımız çatıb (gülümsəyir). Əslində, o hissə atmaca məqsədilə deyilməmişdi. Həmin verilişlərin formatına əsasən elə deyilmişdi. İki şagird dərs vaxtı ailə münasibətlərinə görə dalaşır və baş obraz Almaz da o ifadəni işlədir. Çünki həmin verilişlər ailə münasibətləri üzərində qurulub.
- Müəllifi olduğunuz layihələrin fərqli, daha diqqətçəkən olması üçün daha çox nələrə üstünlük verirsiniz?
- İlk növbədə ssenari, daha sonra keyfiyyət, rəng çalarları və aktyor heyəti.
- Bir az da aktrisalıq fəaliyyətinizdən danışaq. İmtina etdiyiniz ssenarilər olubmu?
- Hə, olub. Ad çəkmək istəmirəm, amma iki-üç ssenari vardı ki, hər biri sonradan tanınmış film oldu. Sırf bir epizoda görə mən razılaşmadım.
- Açıq-saçıq səhnələrə görə?
- Hə, mənə uyğun gəlmədi və razılaşmadım.
- Ümumiyyətlə, ssenarilərdə daha çox nəyə önəm verirsiniz, diqqətinizi daha çox nələr çəkir?
- Prodüser olaraq "Vətəndaş A" serialında insanın daha yaxşı yaşayış üçün mübarizəsi, "Simurq" serialında gözəl sevgi hekayəsi, soyuqqanlı bir qızın yenidən sevə bilməsi mənə çox maraqlı gəldi. Aktrisa kimi isə onu deyə bilərəm ki, bu günə kimi hələ ürəyimcə olan rolda oynaya bilməmişəm. Ola bilsin ki, nə vaxtsa istədiyim obrazı özüm yaradaram, bir ssenari yazaram (gülür).
- Heç yazmağı düşünmüsünüzmü?
- Yox, düşünməmişəm, ssenari yazmaq çətin işdir, ağlımda hər hansı fikir, ideya ola bilər, təklif kimi irəli sürə bilərəm, amma yaza bilmərəm.
- Aktyor seçiminə xüsusi diqqət edən rejissor Vaqif Mustafayev necə oldu ki, sizi öz filminə dəvət etdi?
- Vaqif müəllim məni çağırdı və dedi ki, səni filmə çəkmək istəyirəm. Amma qısa və konkret rus qadını obrazını canlandıracaqsan. Dedim necə edim bunu, dedi bilmirəm, get neynirsən elə, mən səni çəkmək istəyirəm. O an həqiqətən çox qürurlandım. Nəsə etməyə çalışdım, amma daha çox tatarlara oxşadım (gülür). Şərq qadınıyam, nə qədər saçımı dəyişsəm də, makiyaj etsəm də, gözləri dəyişmək olmur. Amma Vaqif müəllim dedi ki, sən mənə istədiyim obrazı verdin. Onunla işlədiyimə görə çox xoşbəxtəm. Aktrisa istəyir ki, işlədiyi film sənət olsun, yadda qalsın və illər öncə tanıdığı, əsl sənətkar sandığı insanlarla eyni çəkiliş meydanında olsun.
- Həm prodüser, həm də aktrisa kimi Azərbaycan kino sahəsində qadın olmağın hansı çətin tərəfləri var?
- Bu, əsrlərdən gələn bir şeydir, qadın olmaq həmişə daha çətin olub. O həm ailəsinə baxıb, həm də zaman keçdikcə işləməyə məcbur olub. Qadınlar daha çox məsuliyyət hissi ilə yaşayırlar. Hər bir peşənin də özünə görə çətinliyi var, sadəcə prodüser işi səndən daha çox enerji tələb edir deyə Azərbaycan qadınları üçün bu bir az daha çətindir. Düşünürəm ki, başqa cəmiyyətdə yaşayan qadınlar üçün bu daha rahatdır. Prodüser işi elədir ki, saatın da fərqi yoxdur, bəzən on beş saat, bəzən iyirmi saat işləyirsən, bu baxımdan da bir qadın kimi əziyyət çəkirsən. Amma Allah vergisidir, nədir, bilmirəm, bütün əziyyətlər keçib gedir. Adətən mənə deyirlər ki, üç uşağa necə baxırsan? Deyirəm, başqa variantım yoxdur axı, mühitə uyğunlaşmaq lazımdır. Aktrisa kimi də deyə bilərəm ki, cəmiyyətin qınağı olmasa, çətin heç nə olmaz. Dünyada aktyorlar, aktrisalar var ki, istədiyi kinolara, filmlərə çəkilirlər, mükafat alırlar, heç kəs də demir ki, bu nə roldur oynamısan. Amma bizdə bu vəziyyət əfsuslar ki, tez-tez yaşanır. Qadın sevə bilməz, sevilə bilməz, belə rolda oynaya bilməz, ancaq çərçivə içində olmalıdır. Nəticədə isə qadın olmaq gözəldir, qadın yaradır, qadın gözəllik qatır. Xasiyyəti bərk qadın heç bir kişidən zəif deyil.
Ləman İLKİN