Icma.az
close
up
RU
525ci qəzet Yıxılanı vurmaq şakəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Yıxılanı vurmaq şakəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Aydın Quliyev, jurnalist:

- Əsədin dünya miqyaslı narkotik ticarəti aşkarlandı...

Əsədin böyük bir narkotika istehsal bazası ifşa olunub. Şamın yaxınlığında Duma qəsəbəsində adi elektrik generatorları istehsal edən zavodda dəhşətli mənzərə aşkarlanıb. Dəmir qutularda  yığılmış generatorların sarğılarının içi yüz minlərlə narkotik həblərlə doldurulurmuş.... Saxta generatorlar İordaniyaya, Livana, Səudiyyə Ərəbistanına ixrac olunurmuş....

Yəqin ki, o ölkələrdə sökülərək lazımı ünvanlara ixrac edilirmiş....

lll

Suriya erməniləri niyə Yerevana qaçmaq istəyirlər?..

Suriya erməniləri Hələbdən, Şamdan, ümumən Suriyanın hər yerindən böyük sürətlə qaçırlar. Hətta dekabrın 14-də Dəməşq- Yerevan reysinə böyük sayda bilet alan ermənilər olsa da, reysin olub- olmayacağı bəlli olmasa da, ermənilər çemodan əhvalı- ruhiyyəsindədirlər. Hələ Suriyadan Beyruta keçən və Beyrutdan Yerevana uçmaq istəyən ermənilərin Beyrut aeroportundakı yığıncağından danışmıram.

Bilirsiniz Suriya erməniləri  Dəməşqdən niyə qaçır?

Çünki Əsədin dövründə Ermənistan-Suriya çirkin  əməkdaşlığından, Suriyadan Qarabağa göndərilmiş qanunsuz cəza dəstələrindən, Dəməşqdəki erməni terrorçularından xəbərləri var. Bilirlər ki, Suriya ermənilərinin cinayətləri bağışlanmaya bilər...

Fərid Pərdəşünas, texnobloger:

- Qafar Dəmirçi ilə şəxsən münasibətim var. Bu münasibət isə onun təşəbbüsü ilə yaranıb. Biznesim və şəxsim onun biznesi və şəxsində 1 qəpik belə yatırım, yardım, dəstək və iş almayıb. Bunu ona görə qeyd edirəm ki, aramızda heç bir maddi münasibət olmayıb.  Həmişə görüşəndə, danışanda kömək, dəstək iş təklif edib. Yadımdadır ki, mən öz biznesimi quranda 21 yaşında idim. Qafarın statusu da, yaşı da, maddi imkanı da məndən qat-qat böyük idi. Hər dəfə ödənişsiz ofis, yer təklif edib ki, gəlin işləyin, sıxıntı çəkməyin. Heç vaxt qəbul etməmişəm. İllərdir aramızda olan münasibət də onun özündən statusda qat-qat aşağı olan bir adama illər əvvəl göstərdiyi o cömərt təklif və hörmətə görə yaranıb.

Bu gün Qafarın ailəsinin, yoldaşının, hətta uşağının fotolarının mediada yayımlanması, məsələnin şəxslər səviyyəsində dəyərləndirilməsi çox üzücü və utancverici mənzərədir. Media qurumları bunu etməkdən çəkinməlidir.

Biznesdə səhvlər və yanlış qərarlar olur. Qafar da bu yanlış qərarlardan sığortalanmayıb. İstənilən halda yekun qərarı məhkəmə verəcək. Bu prosesdə, prosesə aidiyyəti olmayan detalların yayımlanması, yıxılana balta vurulması, şəxsi həyatın gündəm edilməsi yolverilməzdir.

Bizim cəmiyyət yıxılanı vurmağı sevir. Çalışın bu cəmiyyətdə yıxılmayın. Unutmayın, güclü adamlar ayaqda duranı, gücsüz adamlar yıxılanı vurur. Bu tək Qafar üçün yox, biznesmenlər, keçmiş məmurlar üçün də keçərlidir. Çalışın güclü olun.

lll

Dünya siyasəti çox iyrənc bir vəziyyətə gəlib. Sanki böyük güclər razılaşıb ki, gəlin III Dünya müharibəsini evdən onlayn qoşulub, aparaq. Baxırsan münaqişə bölgələrinə hərənin dəstəklədiyi bir qruplaşma, təşkilat, tərəf var.

Kimə hansı sərf etmir, deyir ki, bəs o terror qruplaşmasıdır, digəri azad iradə. Konkret olaraq elə bil yer təyin edirlər ki, gəlin bu il müharibəni bu ölkəyə salaq. Dünya müharibəsi kimi böyük bir məfhumu Olimpiya Oyunları kimi hər dəfə kiminsə ev sahibliyi ilə keçirirlər.

Bütün bunların fonunda tərəflərdən asılı olmayaraq günahsız insanlar ölür. Milyonlarla məhv olmuş həyat. Sarsılmış gələcək. Məhv olmuş hekayələr. Təxmini müşahidə oluna bilər 93 milyard işıq ili genişliyi olan bir kainatda eqoist cəmiyyətlərə, liderlərə görə yaşam savaşı veririk.

Gec-tez dünyada ədalət bərpa olmalıdır. Amma bu ədalətin insan tərəfindən bərpa olunmayacağı dəqiqdir. Çünki insan tərəfli və eqoist varlıqdır. Ədalət ya dinlərdə deyildiyi kimi supergüc, ya yadplanetlilər, ya da elə insanın yaratdığı super zəkalar ilə bərpa olunacaq.

lll

Lionel Messi 504 milyon izləyiciyə sahib instaqram hesabında Azərbaycana səfəri ilə bağlı video hesabat paylaşıb.

Elxan Şahinoğlu, politoloq:

- İranın mühafizəkar dairələri Türkiyə və Azərbaycana dil uzatmaqda davam edirlər. İranın ali dini liderinin müşaviri Vilayəti Azərbaycanla İran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib. Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışıqlar dondurulmayıb. Azərbaycan İranla sərhədin daha yaxşı qorunmasıyla bağlı ona görə təlimlər keçirib ki, 1) sərhəd daha yaxşı qorunsun, İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın; 2) Tehran "niyə Azərbaycanla yalnız Türkiyə ilə hərbi təlimlər keçirir" yanaşmasından əl çəksin. Ancaq faydası yoxdur, yenə Azərbaycanı hədəf almaqda davam edirlər.

Bu dəfə Türkiyəni hədəf seçiblər. İranın mühafizəkar dairələri Əsəd rejiminin yıxılmasından yaman dilxor olublar. Bu, təbiidir. Əsəd Suriyada İranın maraqlarını təmin edir, İrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı "Hizbullah" qruplaşmasına çatmasına yardımçı olurdu. Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, türmələrdə çürütməsi İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. Əksinə, İranın ali dini lideri Əli Xamneyi deyib ki, Əsədin süqutunda ABŞ, İsrail və "qonşu dövlətlərdən birinin" rolu olub. Xameneyi "qonşu dövlətlərdən biri" dedikdə Türkiyəni nəzərdə tutub. Yəni Xameneyinin məntiqinə görə, Əsəd rejimini ayaqda saxlamaq olardı, sadəcə böyük qüvvələr buna mane oldu. Əsəd rejiminin ayaqda qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi. Hər ikisi Əsəddən üz çevirdi, əks halda silahlı müxalifət döyüşsüz 12 günün içində şəhərləri və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə Əsədin xiffətini çəkirlər.

Fazil Mustafa, millət vəkili:

- Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır. Messi, fikrimcə, dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur. Bununla belə, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır. Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Əlbəttə, qonağa qazan yeməklərini, kababımızı ikram etmək də vacibdir. Bu cür əlahiddə qonaqları qazanımızın içində gəzdirməklə bərabər, qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilər. Ən rahat yol isə başqadır. Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 "Qarabağ" kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar vaxtaşırı Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir. O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əyirəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsaq, Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!

Asif Nərimanlı, jurnalist:

- Blinkenin Ankara səfərində "səbirsizliyi" ilk diqqətçəkən məqam oldu: dövlət katibinin səfəri 13 dekabrda planlaşdırılsa da (əvvəlcə Hakan Fidanla görüşəcək, daha sonra Ərdoğan tərəfindən qəbul ediləcəkdi), bir gün öncə - 12 dekabr axşam saatlarında gəldi və maraqlıdır ki, Ərdoğan tərəfindən birbaşa hava limanında qəbul edildi.

Bu "səbirsizliyin" səfər proqramından qaynaqlandığı ehtimalı zəifdir, xüsusilə Suriyada baş verənlər və Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlər fonunda. Suriyada mövcudluğunu davam etdirəcək ABŞ yeni dövrdə əvvəlki cəbhələri saxlamağa çalışır: İŞİD-ə qarşı mübarizə vitrini altında Türkiyə ilə eyni tərəfdən çıxış etmək və Ankaranı Moskva-Tehran xəttinə yaxın buraxmamaq.

Səfərdən öncə və sonra ABŞ tərəfinin verdiyi açıqlamaların da "İŞİD mövzusu" üzərində qurulması, PYD/YPG amilinin üzərindən səssiz keçilməsi diqqət çəkir. Hərçənd, PYD/YPG-yə münasibət Ankara-Vaşinqton xəttində ziddiyyətli məqam olaraq qalır, Blinkenin "tələsik" səfəri də bundan - daha dəqiq desək, Türkiyənin Suriyada atacağı addımlardan qaynaqlanır.

Əsədin devrilməsindən dərhal sonra Tel-Rıfat və Menbiç YPG-dən təmizləndi. Növbəti hədəfin Rakka ola biləcəyi gözləntiləri var. PYD/YPG məsələsində Türkiyə üçün problemli ola biləcək amil ABŞ/İsrail cəbhəsinin mövqeyi ilə yanaşı, HTŞ-dir. Colani komandası "kürd kartı"na qarşı Ankara ilə anlaşmasa, bu, təkcə PYD/YPG-nin əlinin güclənməsi ilə yox, həm də Suriyanın yenidən qurulması və qaçqınların qayıdışının təmin edilməsində proqnozlaşdırılmamış məqamlara yol açır. ABŞ üçün Suriyada addımlarını müəyyənləşdirəcək amillərdən biri də bu - HTŞ-nin mövqeyi - idi. MİT rəhbəri İbrahim Kalının ilk xarici nümayəndə olaraq Dəməşqə səfəri, orada qarşılanması Suriyanın yeni mərhələsində Türkiyənin güclü mövqeyinin mənzərəsini ortaya çıxardı.

Kalının Dəməşq səfəri və yeni rəhbərliklə müzakirəsində əsas mövzulardan birinin PYD/YPG-yə qarşı əməliyyatların olduğu istisna deyil. Ankaranın Suriyanın yeni rəhbərliyindən istəkləri var: PYD/YPG-yə qarşı eyni mövqedən çıxış etmək, ən azı neytral qalmaq və ərazi bütövlüyünün, unitar quruluşun qorunub saxlanılmasında israrlı olmaq.

Bu, Türkiyə üçün iki kontekstdə önəmlidir:

1. Suriyada mümkün "kürd kantonunun" yaradılması planının qarşısını almaq: Ərdoğan Blinkenlə görüşdə də "Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunması" vurğusu ilə bu mesajı verdi;

2. PYD/YPG-yə qarşı əməliyyatları həm də Dəməşqin - Suriyanın yeni rəhbərliyinin razılığı ilə davam etdirmək: bu, post-Əsəd dövründə hərbi müstəvidəki addımların beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq üçün lazımlıdır.

Vaşinqtonda narahatlıq var. Türkiyə Suriyada praktiki olaraq yeganə həlledici gücə çevrildi və bu ona "kürd kartını" böyük ölçüdə neytrallaşdırmaq imkanı verir, xüsusilə hakimiyyətin təhvil-təslim edilməsinin ABŞ-nin xarici siyasətində yaratdığı boşluqlar fonunda. Bu vəziyyətdə Bayden Administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün proseslərə təsir etməyə çalışır. Lakin Ərdoğan Blinkenin "İŞİD-ə qarşı mübarizə" təklifinə PKK/PYD/YPG-ni əlavə etməsi Türkiyənin geri addım atmayacağından xəbər verir.

seeBaxış sayı:60
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri