525ci qəzet Benzin qıtlığının səbəbi nədir? Sosial şəbəkədə yazılanlar
Çinarə Nurməmmədova, jurnalist:
- Bu il "Soyuq əllər, isti ürək" yarmarkasında ancaq qida satılır. Bu vaxta qədər aksessuar, suvenirlər və digər vasitələr də satılırdısa, indi ancaq qidalanmaq mümkündür. Dünyanın müxtəlif yerlərində ən gözəl yarmarkalarda belə qida ilə yanaşı, fərqli məhsullar da satışa çıxarılır. Burada məqsəd həm də şəhərin atmosferini dəyişməkdir axı. Tələb-təklif məsələsi aydındır, ancaq şəhərin düz mərkəzində, turistlərin gəldiyi Yeni il yarmarkasında həm də fərqlilik olması daha gözəl olmazdı?!
Nicat Həşimzadə, yazar:
- Azərbaycan mediası Azərbaycan müəllimini rəzil vəziyyətə salır.
Adamda elə fikir yaranır ki, Azərbaycanda normal müəllim yoxdur. Bir dəfə də yaxşı bir hadisəni işıqlandırın da.
Azərbaycanda repetitorlar var ki, təmənnasız dərslər keçirlər, Azərbaycanda müəllimlər var ki, şagirdlər və tələbələrə kitablar almaq üçün hər ay maaşından vəsait ayırır.
Azərbaycanda müəllimlər var ki, şagird, tələbə anasına, atasına deməkdən qorxduğu şeyləri onlarla bölüşürlər.
Yoxsa başlamısınız ki, müəllim şagirdin ağzını skoçladı, müəllim şagirdə stul atdı.
Neqativi yazanda pozitiv şeyləri də yazın da. Axı siz mediasınız. Obyektiv olmalısınız.
Elxan Şahinoğlu, politoloq:
- Əvvəlcə Milli İstihbarat Təşkilatı (MİT) Başkanı İbrahim Kalın Dəməşqə gedərək "Hayat Tahrir Şam" (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşdü, sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı, növbəti mərhələdə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Suriya paytaxtına gedəcək. Böyük ehtimalla, Hakan Fidan keçmiş MİT Başkanı olaraq HTŞ lideri ilə daha əvvəldən tanış idi. Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı olayların Türkiyənin maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir. Birinci növbədə Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında terrorçu PKK təşkilatının varlığına son qoymaq istəyir. Bu, Suriyanın keçici hökuməti üçün də vacibdir. Bununla həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən verimli əraziləri nəzarət altına alınacaq. İkincisi, keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. Müzakirə olunacaq başqa vacib detallar da var ki, bunların reallaşmasını iki ölkə addım-addım həyata keçirəcəklər.
Əkrəm Həsənov, hüquqşünas:
- Kanadanın ABŞ-nin 51-ci ştatı olmaq təklifi ilə çıxış etmiş Tramp indi də Panamanı Panama kanalını əlindən almaqla hədələyir. Onu kanaldan keçidin qiymətləri qane etmir. Budur beynəlxalq hüquq? Budur bazar iqtisadiyyatı? Odur ki, fərqi yoxdur, Rusiya, Qərb, yaxud başqası - hamını yalnız maddiyyat maraqlandırır və bunun naminə istənilən mənəviyyatsızlığa və qanunsuzluğa gedirlər...
Kərim Kərimli, jurnalist:
- Doğma Şuşaya 21 dekabrda qayıdanlar 49 ailədən və 191 nəfərdən ibarətdir.
Beləliklə, ailələrin sayı 318-ə, sakinlərin ümumi sayı isə 1180 nəfərə çatdı.
Dekabrın 23-də də daha bir köç - bu ilin sonuncu köçü gözlənilir.
Bununla da 10 may 2024-cü ildə başlayan Şuşaya qayıdış kampaniyası 23 dekabr 2024-cü ildə başa çatacaq.
Növbəti aylarda və illərdə də gözəl qayıdışlar olacaq və Qarabağ bütövlükdə laləzara, gülüstana çevriləcək...
Nihat Pir, yazar:
- Müəllimlə şagird arasında uçurum yarandı. Biz yaratdıq. Sən. Mən. O. Hamımız. Bir qədər də irəli gedək: media. Dınq olan kimi yüyürüb oturduq məktəbin qarşısında. Canlıya çıxdıq. Qırmızı başlıqlar bəzədi saytları. Direktorun qapısını döydük. Mühafizəçi ilə əlbəyaxa olduq. Nazirliyə, onun alt qurumlarına sorğu sorğu dalınca. Niyə x adlı məktəbdə müəllim şagirdin burnunu dartıb? Niyə x adlı məktəbdə direktor şagirdə eşşək deyib? Niyə Elmira müəllimə Gülərgizin dırnağındakı lakı sinifdə sildirib? Hara gedir bu ölkə? Camaat uşağını yoldan tapıb? Xeyr. Heç kəs uşağını yoldan tapmayıb. Amma tərbiyə baş sığallamaqla formalaşmır. Təpənə yumruğu qoyub "peçə əl vurma" deməsəydilər, girib oturacaqdın peçin içində. İmkan ver, məktəb məktəbliyində qalsın. İmkan ver, müəllim-şagird münasibətləri təməldə nə idisə, elə də qalsın. Uşaq müəllimdən qorxmalıdır. Vəssalam. Hörmət öz yerində. Bu, başqa söhbət. Amma qorxu mütləqdir. Allaha inanan Allahdan qorxur. Qorxmalıdır. Əlbəttə, müəyyən çərçivələr var. Onu aşmaq olmaz. O zaman haqlısan. Get yapış müəllimin yaxasından. Amma balamın qulağını dartanın şalvarını çıxararam prinsipi yanlışdır.
Natiq Cəfərli, iqtisadçı:
- Almaniyada baş verən vəhşi terror aktında 11 nəfər ölüb, 80 nəfər yaralanıb - terror aktını törədən Səudiyyə Ərəbistanından, ixtisasca həkim olan miqrantdır. Böyük faciədir, Almaniya xalqına səbir diləyirəm.
Fevralda Almaniyada seçkilərdir, bu terror aktından sonra "Almaniya üçün Alternativ" (AFD) partiyasının böyük səs toplayacağını indidən proqnozlaşdırmaq mümkündür (Elon Muskın son "tvitini" də unutmayın). Hələ illər öncə (axtarış versəniz görərsiniz) yazırdıq ki, Avropanın ağılsız miqrant siyasəti, "multikulturalizm" adı altında müasir "ghetto"ların yaranmasına göz yummaları, hətta buna şərait yaradıb uğur kimi təqdim etmələri, "sağ" və "millətçi" siyasi partiyaların güclənməsi ilə nəticələnəcək. ABŞ-da Trampın qalib gəlməsi prosesi daha da sürətləndirdi, Almaniyada AFD-nin, Fransada Marine Le Pen "Milli Birlik" partiyasının güclənməsi obyektiv reallıqdır, son 30 ildə "sol nyu-liberalizmin" ağılsız siyasətinin nəticəsidir. Bu trend, ən azı, 2-3 seçki dövründə (10-15 il) güclənərək davam edəcək.
Bütün ölkələr bu trendi nəzərə almalıdır, SSRİ dağılandan sonra ilk dəfədir ki, dünyada yeni ideoloji cəbhələşmə yaranır - "sol psevdo-liberalizm" və "sağ konservatizm", yaxın illərdə dünyada ideoloji mübarizə məhz bu geniş cəbhələr arasında gedəcək, bu "cəbhələşmə" ölkələrin coğrafi mövqeyindən asılı olmayaraq qurulur, "sağ konservatizmin" hegamonluğu sonradan başqa problemlər doğuracaq, bir müddət sonra "siyasi kəfkir" yavaş-yavaş "sola" və ya "liberalizmə" doğru hərəkətə keçəcək.
Sadəcə, elə etmək lazımdır ki, bu hərəkət əsl liberalizmə doğru olsun, psevdo-liberalizm (liboşluq) tarixə gömülsün...
Aytac Sahəd, jurnalist:
- "Azərbaycanda teatra gedən yoxdur" söhbəti yalandır. Vallah yalandır. Elə tamaşalar olur ki, bilet tapılmır. İfrat maraq olduğunu deyə bilməsək də, vəziyyət pis deyil. Repertuarda yaxşı tamaşa varsa, zalda tamaşaçı da var. Yetər ki, görülən iş keyfiyyətli olsun. Bu günlərdə mövzu ilə bağlı bir yazı hazırlayırdım. Neçə teatrımızın qapısını döydüm, tamaşaçı sayından gileylənən eşitmədim. Məncə, bəzən özümüzə qarşı haqsızlıq edirik.
Əliməmməd Nuriyev, hüquqşünas:
- Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü tarixi hadisədir. Bu qərar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, yeni iqtisadi imkanlar, investisiya axınları və strateji əməkdaşlıqların genişləndirilməsi üçün platforma yaradır. Azərbaycanın mövqeyi regionda daha da möhkəmlənəcək və qeyri-İslam ölkələri ilə münasibətlərə müsbət təsir edəcək.
Pərvin Abışova, jurnalist:
- Ölkədə olan benzin qıtlığının səbəbi nədir? Göyçay, İsmayıllı, Ağsuda neçə nəfər mənə yazıb ki, 3 gündür 92 tapmırıq. Bu gün Bakıda da neçə məntəqədə benzin olmayıb.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Görünən odur ki, Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb.
Yəqin hamımız polisin gündəlik açıqlamalarında, xüsusən də DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin statuslarında rast gəlirik ki, hər gün filan sayda itkin düşənlər, axtarışda olanlar, borcu olanlar və s. tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Bəzilərinə elə gələ bilər ki, bu rəqəmlər reallığı əks etdirmir, hər gün bu qədər insanın tapılması real deyil, sadəcə statistika üçün paylaşılır.
Əslində isə düşünürəm ki, bu tip 2-3 cümləlik məlumatın arxasında bizim görmədiyimiz xeyli məqamlar var.
Diqqət cəlb edən budur ki, polis bütün bunları yalnız təbii intellektin gücü ilə edə bilməzdi.
Görünür ki, son zamanlar süni intellektdən istifadə, texnologiyaların tətbiqi, "Təhlükəsiz Şəhər Sistemi" çərçivəsində aparılan işlər, xüsusilə də COP29-dan öncə şəhərdə video-müşahidə sisteminin gücləndirilməsi işləri uğurlu olub.
Müşahidələr göstər ki, polisin rəqəmsal transformasiyası xeyli güclənib. Biometriyaya əsaslanan yeni rəqəmsal həllər istifadəyə veriblər.
Artıq şəhərdə əvvəlki ənənəvi kameralarla yanaşı, adam boyu hündürlükdə olan, çox güman ki biometrik identifikasiya məqsədilə quraşdırılan kameralara da tez-tez rast gəlmək olur.
Eyni zamanda ötən ildən kiber polis də fəaliyyətə başlayıb. Kiber polis banklarla birləşərək kibercinayətkarlığa və kiber talamalara qarşı bir mərkəz də formalaşdırıblar. Düşünmək ola ki, mobil operatorlarla da birgə fəaliyyət göstərirlər.
Yeri gəlmişkən artıq son zamanlar bu sahəsdə kibercinayətlərin bir qədər səngidiyi də müşahidə olunur.
Hər gün açıqlanan statistikalara əsasən düşünmək olar ki, DİN video-müşahidədən, toplanan böyük datalardan və süni intellektdən, həmçinin kiber texnologiyalardan effektiv istiafdə edir.
Məhz süni intellekt müxtəlif mənbələrdən gələn böyük həcmli məlumatları real vaxtda analiz edərək axtarışda olanların hərəkət trayektoriyalarını müəyyən etməyə, ictimai təhlükəsizlik kameralarının görüntülərini real vaxtda təhlil edərək və üz tanıma texnologiyası vasitəsilə axtarışda olan şəxslərin tapılmasına kömək edir.
Beləliklə, hər gün açıqlanan statistikalardan görsənir ki, ölkədə artıq itmək mümkün deyil. DİN təhlükəsizliyin təmin olunmasında, itkin düşənlərin və axtarışda olanların tapılmasında süni intellektdən və texnologiyalardan yetərincə bəhrələnir.