Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətlərində yeni dövr

ABŞ Azərbaycan münasibətlərində yeni dövr

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarşılıqlı hörmət, bərabərhüquqlu yanaşmalar, beynəlxalq maraqlar

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da Amerika Birləşmiş Ştatlarına səfəri həm Azərbaycan-ABŞ münasibətlərinin transformasiyası, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması baxımından Cənubi Qafqazın siyasi tarixində xüsusi mərhələ kimi qiymətləndirilə bilər. Sözügedən səfər zamanı keçirilən görüşlər, əldə edilən razılaşmalara isə Azərbaycan-ABŞ münasibətlərinin daha məzmunlu və geniş əməkdaşlıq modelinə keçməsi kimi baxmaq lazımdır. Bu həm də Azəbaycanın və onun lideri İlham Əliyevin dünyada artan rolunun, nüfuzunun, regionda yaratdığı yeni reallıqların etirafı idi.

Bakı-Vaşinqton münasibətlərinin keyfiyyətcə yeni, fərqli mərhələyə qədəm qoymasını daha aydın dərk etmək üçün əvvəki dövrlərə, xüsusilə Co Baydenin ABŞ prezidentliyi dövründə formalaşmış siyasi yanaşmaya nəzər salmaq lazımdır. Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Co Bayden, onun dövlət katibi Entoni Blinken Azərbaycana qarşı qərəzli münasibət göstərib. Sözügedən administrasiyanın ermənipərəst mövqeyi səbəbindən Azərbaycan-ABŞ münasibətləri faktiki olaraq Azərbaycan-Ermənistan münaqişəsinin girovuna çevrilmişdi.

Cənubi Qafqaz regionuna bələd olmayan, tarixi və siyasi reallıqları gözardı edən, beynəlxalq hüququ heçə sayan, ABŞ-nin maraqlarından deyil, ermənipərəst mövqedən çıxış edən Bayden administrasiyası Azərbaycanın regiondakı çəkisini və nüfuzunu, iqtisadi və hərbi potensialını düzgün qiymətləndirə bilməmişdi. Əgər Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya, inkişafdan danışırıqsa, bölgənin aparıcı dövlətinin maraqları, mövqeyi mütləq nəzərə alınmalıdır.

Məsələ ondadır ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda sülhün təmin olunması ayrı-ayrı tərəflərdən birinin mövqeyinin üstün tutulması ilə deyil, real güc nisbətinin, regional maraqların və mövcud reallıqların obyektiv nəzərə alınması ilə mümkündür. Beləliklə, həmin dövrdə Azərbaycanla əlaqələrin zəiflədilməsi təkcə ikitərəfli münasibətlərdə itirilmiş imkanlarla yadda qalmadı, eyni zamanda, Vaşinqtonun Cənubi Qafqazda sülh və sabitlik proseslərinə təsir imkanlarını da məhdudlaşdırdı. Bu baxımdan, Donald Trampın prezidentliyi dövründə ABŞ siyasətində baş verən dəyişiklik və Azərbaycanın regional rolunun daha düzgün qiymətləndirilməsi Bakı-Vaşinqton münasibətlərinin transformasiyasının əsas siyasi səbəblərindən biri kimi meydana çıxdı.

Sələflərindən fərqli olaraq, Tramp administrasiyası ölkələrarası münasibətlərdə real nəticələrə və milli maraqlara əsaslanan siyasət yürütməyə başladı. Daha rasional və praqmatik siyasi xəttin yürüdülməsi, beynəlxalq münasibətlərdə mövcud reallıqların qəbul edilməsi, tərəfdaş ölkələrin siyasi və iqtisadi potensialının daha obyektiv qiymətləndirilməsi, qarşılıqlı maraqlar əsasında yeni əməkdaşlıq imkanlarının yaradılması zərurəti idi. Məhz bu yanaşma sayəsində Ağ Ev üçün Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, siyasi, iqtisadi və geostrateji aktor kimi dəyərləndirildi. Az keçməmiş Tramp administrasiyası ikitərəfli əlaqələrin inkişafını, regionda sülhün təmin edilməsini xarici siyasətinin gündəliyinə daxil etdi. Bu isə o demək idi ki, rəsmi Vaşinqton Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul edir və rəsmi Bakının regional rolunu nəzərə alır.

Belə bir siyasətə cavab olaraq isə rəsmi Bakı ikitərəfli münasibətlərə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaş, suverenlik və ərazi bütövlüyünü tanıma, milli maraqları nəzərə alan prinsiplər əsasında yanaşdığını sərgilədi. Bununla da Azərbaycan-ABŞ münasibətlərində fundamental dəyişikliklər başladı.

Bu dəyişikliklərin təməli əslində Donald Trampın prezident seçilməsindən əvvəl də İlham Əliyevlə münasibətləri, tərəflər arasında məktublaşmalara dayanır. Tramp ikinci dəfə prezident seçildikdən sonra bu münasibətlər daha intensiv və nəticəyönümlü xarakter aldı. Məhz bunun sayəsində də 2025-ci ilin 8-9 avqust tarixlərində Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı iki ölkə arasında münasibətlərin yeni məzmunu müəyyən edildi. Eyni zamanda, Bakı ilə İrəvan arasında sülh prosesinin irəli aparılması üçün Üçtərəfli Bəyannamə imzalandı, TRİPP layihəsi barədə razılaşma əldə edildi. Paralel olaraq isə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Bu isə o deməkdir ki, gələcək əməkdaşlıq qarşılıqlı investisiyalar, enerji, nəqliyyat, kommunikasiya, tranzit, təhlükəsizlik, süni intellek, müdafiə sənayesini əhatə edəcək. Bu da öz növbəsində Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından yeni imkanlar açır.

Azərbaycanla ABŞ arasında formalaşan yeni strateji tərəfdaşlıq həmçinin regionda sülhün, təhlükəsizliyin və iqtisadi bağlantıların möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Nəticə etibarilə, 2025-ci ilin avqustunda Vaşinqtonda başlanan proses Azərbaycan-ABŞ münasibətlərini yeni strateji məcraya yönəltməklə yanaşı, Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın təmin edilməsini də həmin tərəfdaşlığın mühüm dayaqlarından birinə çevirdi.

Bu münasibətlərin məntiqi davamı olaraq, "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş"in dondurulması Vaşinqtonun Bakıya münasibətində əvvəlki yanaşmadan ciddi şəkildə fərqlənən yeni siyasi iradənin göstəricisinə çevrildi.

TRİPP layihəsi isə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və regionda iqtisadi əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Asiya ilə Avropanı birləşdirəcək qlobal əhəmiyyətə malik yeni və təhlükəsiz nəqliyyat dəhlizinin formalaşmasına xidmət edir.

Paralel olaraq isə Prezident İlham Əliyevlə Donald Tramp arasında siyasi təmasların və məktublaşmaların davamlı xarakter alması iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə keçid etməsinə şərait yaradırdı. Azərbaycan liderinin regional nüfuzunun və beynəlxalq siyasi çəkisinin artması Ağ Ev tərəfindən də düzgün qiymətləndirilirdi. Məhz bu səbəbdən də Tramp İlham Əliyevi mühüm beynəlxalq təşəbbüslərə və tədbirlərə dəvət edirdi. Belə dəvətlər Azərbaycanın və onun Prezidentinin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş beynəlxalq proseslərdə də nəzərə alınan siyasi aktora çevrildiyini göstərir. Məsələn, Donald Tramp 2026-cı ilin yanvarında Prezident İlham Əliyevi Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə yeni yanaşmanın təşviqi ilə bağlı təşəbbüsə - Sülh Şurasına dəvət etdi.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin ABŞ-də paraflanması uzun illər davam edən mürəkkəb siyasi və diplomatik prosesin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin də göstəricisidir. Burada məsələ Azərbaycanın uzun illər apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində regionda yaranan reallıqların Ermənistan tərəfindən qəbul edilməsi və sülh gündəliyinə uyğunlaşmağa məcbur qalmasıdır.

Bu gün özünü sülh tərəfdarı kimi təqdim edən Ermənistanın Baş naziri Nikol Paşinyan çox yaxın keçmişdə fərqli siyasət yürüdürdü. Azərbaycan torpaqlarının işğal altında olması, müharibə dövründə dinc yaşayış məntəqələrinin raket atəşinə tutulması, post müharibə dövründə suveren torpaqlarımızda törədilən hərbi təxribatlar İrəvanın sülhə yox, qarışdurmanın davam etməsinə hesablanan siyasət yürütməsini faktlarla ortaya çıxarırdı.

Xüsusilə, 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakteri antiterror əməliyyatı ilə separatizmin kökünün kəsilməsindən sonra Ermənistan rəhbərliyi anladı ki, əvvəlki iddiaları davam etdirə bilməz və bu səbəbdən sülh gündəliyini qəbul etməyə məcbur oldu. Azərbaycan isə bu prosesdə sadəcə sülh danışıqlarının iştirakçısı deyil, sülhün əsas prinsiplərini müəyyən edən tərəf kimi çıxış etdi.

Məhz Azərbaycan tərəfindən irəli sürülən və sülh sazişinin əsasını təşkil edən beş prinsip ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına hörmət etməsi, ərazi iddialarından imtina etməsi və gələcək münasibətləri qarşılıqlılıq əsasında qurması baxımından yeni regional münasibətlər sisteminin hüquqi-siyasi çərçivəsini formalaşdırdı.

Beləliklə, Prezident İlham Əliyevin siyasi xətti Azərbaycanı əvvəlcə müharibənin qalibi, daha sonra isə sülh gündəliyinin müəllifi və təşəbbüskarı kimi təsdiqlədi. ABŞ-də sülh sazişinin paraflanması isə bu uzunmüddətli prosesin mühüm yekun mərhələlərindən biri olmaqla Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin simvoluna çevrildi.

Yuxarıda sadalanan faktlar göstərir ki, Bakı-Vaşinqton xəttində baş verən mühüm dəyişikliklər və münasibətlərdə dinamik inkişaf təsadüfi nəticə deyil. Bu, regional və qlobal reallıqların, Azərbaycanın artan siyasi və iqtisadi nüfuzunun, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasətinin məntiqi nəticəsidir. Bu gün Azərbaycanla ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması Cənubi Qafqazın da yeni siyasi və geoiqtisadi arxitekturasının formalaşması baxımından böyük önəm daşıyır.

Analitik qrup

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Avqust 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri