Azərbaycan ABŞ münasibətlərində yeni səhifə
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Ağ Evin yeni administrasiyası ilə rəsmi Bakı ikitərəfli münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdə maraqlıdırlar. Bunun təsdiqi olaraq iki ölkə rəsmiləri arasında müntəzəm görüşlər keçirilir və aktual müzakirələr aparılır. Bu günlərdə Prezident İlham Əliyev ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallinin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smitin, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Ceksonun, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panettanın daxil olduğu nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə diqqət çəkilib və siyasi dialoqun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
ABŞ sülh prosesinə real töhfə vermək istəyir
Keçmiş Bayden administrasiyası dönəmində məhz qarşı tərəfin ədalətsiz və qərəzli yanaşmaları səbəbindən ABŞ - Azərbaycan münasibətlərində ciddi çatlar yaranmışdı. Ağ Evdə Bayden administrasiyası əvəzləndikdən sonra isə vəziyyət dəyişib. Deyə bilərik ki, qarşılıqlı münasibətlərdə yeni səhifə açılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın bir-birinə rəğbətinin önəmini ayrıca qeyd etmək yerinə düşər. Xatırladaq ki, ABŞ-da seçki marafonu dönəmində Prezident İlham Əliyev prezidentliyə namizəd olan Donald Tramp barəsində müsbət fikirlər ifadə etmişdi. Öz növbəsində Donald Tramp ABŞ-ın Prezidenti seçildikdən sonra Azərbaycanın dövlət başçısına bir neçə dəfə xoşməramlı jestlər edib. Xatırlayaq ki, D.Tramp Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı cıxışından bir parçanı özünün sosial şəbəkə hesabında paylaşıb. Bu, adi bir hadisə deyil. D.Tramp supergüc dövlətin rəhbəridir, dünyanın gözü ondadır. O isə sosial şəbəkə hesabında kiçik Azərbaycanın dövlət başçısının çıxışından bir hissəni paylaşır. Bundan başqa Donald Tramp beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidentini “Böyük lider” adlandırıb. Bütün bunlar o anlama gəlir ki, okeanın o tayında Azərbaycan həqiqətlərinə diqqət var və bu həqiqətlər qəbul olunaraq təqdir və təşviq edilir.
Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasından bəhs edərkən ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində keçirilən görüşü xatırlamaq yerinə düşər. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçən bu görüşdə mühüm razılaşmalar əldə olundu. O cümlədən Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi xarici şlər nazirləri tərəfindən paraflandı, Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanlandı, həmçinin TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) yaradılması razılaşdırıldı. Bütün bunlar onu deməyə əsas verir ki, Ağ Evin yeni administrasiyası Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır və prosesə real töhfə vermək istəyir. Yeri gəlmişkən, qəbulda Vaşinqtonda əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirib.
Strateji tərəfdaşlığa doğru
Azərbaycan- ABŞ münasibətlərində yeni səhifənin açılmasını təsdiqləyən ən önəmli faktlardan biri isə ötən il avqustun 8-də Vaşinqtonda iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədin böyük əhəmiyyəti var. Sözügedən sənəddə gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:
- Qarşılıqlı sərmayə qoyuluşu,
- Nəqliyyat bağlantılar, təhlükəsizlik, süni intellekt sahəsində əməkdaşlıq,
- Müdafiə sənayesi və müdafiə sahələri üzrə qarşılıqlı fəaliyyətlər və s.
Vaşinqtonda imzalanan sənəd qarşıda geniş perspektivlər açır. Artıq Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfini təmsil edən tərkib müəyyən olunub. Respublikamız bir sıra təkliflər irəli sürmək niyyətindədir və müzakirələrə start verilib. 19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
İclas zamanı 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib. Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Ədalətsiz 907-ci düzəliş ikitərəfli əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun deyil
Görüşdə diqqət çəkilən məsələlərdən biri də bədnam 907-ci düzəlişlə bağlı olub. Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Xatırlaadaq ki, Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar. Bu ənənənin 2023-cü ildən etibarən Bayden administrasiyası tərəfindən pozulması ölkəmiz üçün gözlənilməz oldu. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, keçmiş administrasiyanın Azərbaycana mənfi münasibətinin və nankorluğunun zirvəsi idi.
İndi Azərbaycan güclü dövlətdir. İqtisadiyyatını inkişaf etdirib, ölkəmizin beynəlxalq maliyyə qurumlarının dəstəyinə heç bir ehtiyacı yoxdur, öz problemlərimizi özümüz həll edirik. Belə bir vəziyyətdə 907-ci düzəlişin dondurulmasına və “Azadlığa dəstək aktı” çərçivəsində respublikamıza ABŞ-dan yardım ünvanlanmasına bir o qədər də böyük ehtiyac yoxdur. Ancaq Vaşinqtonda bəhs olunan görüş çərçivəsində Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin müvəqqəti dayandırılması rəmzi məna daşıyır. Qəbulda Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib
Yanvarın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü cənab Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.
Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Cənab M.Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanlar və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Mübariz FEYİZLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















