ABŞ da seçkiöncəsi vəziyyət kəskinləşir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Siyasi rəqabətin görünməyən tərəfləri və eyni soyad araşdırması
ABŞ-da aralıq seçkilərə sayılı günlər qalmış siyasi mübarizə artıq seçki kampaniyalarının ənənəvi çərçivələrini aşaraq hüquqi müstəviyə keçib. Prezident Donald Tramp administrasiyasının Alyaskada keçiriləcək seçkilərlə bağlı yenilənmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi bunun nümunəsidir. Məsələnin diqqətçəkən tərəfi iddianın respublikaçıların hazırkı senatoru Den Sallivanın mümkün məğlubiyyəti ilə bağlı olmasıdır.
Administrasiya onun az fərqlə uduzacağı təqdirdə, seçkilərin nəticələrinin təsdiqlənməsinin qarşısını almağa çalışır. Adının açıqlanmasını istəməyən mənbənin “Reuters”ə verdiyi məlumata görə, araşdırma çərçivəsində 40-dan çox çağırış vərəqəsi göndərilib, müxtəlif sənədlərin təqdim edilməsi tələb olunub. ABŞ Ədliyyə Nazirliyinin yenilənmiş iddia ərizəsində “The New York Times” qəzetinin Demokrat Partiyasının nümayəndələrinin Sallivan soyadlı başqa bir namizədi seçkiyə qatılmağa cəlb etməsi ilə bağlı araşdırmasına istinad edilir. İddianın mahiyyəti ondan ibarətdir ki, eyni soyadı daşıyan ikinci namizəd hazırkı senatora verilə biləcək səslərin bir hissəsini özünə yönəldə bilər. Ədliyyə Nazirliyi hesab edir ki, təşəbbüsün arxasında seçiciləri çaşdırmaq və demokratların namizədi Meri Peltolanın seçilməsinə şərait yaratmaq niyyəti dayanıb.
Əslində, Alyaskada baş verənlərə, sadəcə, 2 namizədin eyni soyadı daşıması və bunun seçicilərdə yarada biləcəyi çaşqınlıq prizmasından baxmaq düzgün olmaz. Çünki qarşıdakı səsvermənin nəticəsi ABŞ Senatında siyasi qüvvələr nisbətinə təsir göstərə bilər. Hazırda respublikaçılar Senatda 53-47 səs çoxluğuna malikdirlər. Demokratların nəzarəti ələ keçirməsi üçün xalis nəticədə 4 mandat qazanması lazımdır. Belə bir mənzərədə ayrı-ayrı ştatlarda cəmi bir neçə min səsin belə böyük siyasi əhəmiyyət daşıması təəccüb doğurmamalıdır. Ona görə də Alyaskadakı mübahisənin federal səviyyəyə daşınması sözügedən siyasi reallıq fonunda diqqət çəkir.
Ədliyyə Nazirliyinin vəkilləri yenilənmiş iddia ərizəsində təqaüdçü müəllim Denlə eyni soyadı daşıyan Daniel C.Sallivana istinad edərək onun seçki kampaniyasını saxta adlandırıblar. Partiya mənsubiyyəti göstərilmədən seçki bülleteninə daxil edilmiş namizədlə bağlı iddia ərizəsində belə yazılıb: “Onlar Alyaska seçicilərini çaşdırmaq və Peltolanın seçilməsinə nail olmaq məqsədilə onun saxta seçki kampaniyasını təşkil ediblər”. Alyaska qubernatoru Mayk Danlivinin də məsələ ilə bağlı ştat səviyyəsində araşdırma aparılmasına çağırması mübahisənin miqyasını daha da genişləndirib. O, “NewsNation” telekanalına müsahibəsində qanunsuzluq faktının müəyyən edilməsinin kiminsə ABŞ Senatında yer tutub-tutmayacağına təsir göstərə biləcəyini bildirib.
Peltolanın seçki qərargahı yenilənmiş iddia ərizəsinə dərhal münasibət bildirməyib. Lakin qərargah daha əvvəl Sallivan soyadlı hər iki namizədin seçki kampaniyası ilə heç bir əlaqəsinin olmadığını açıqlamışdı. Bu mövqe qarşı tərəfin irəli sürdüyü iddialarla ziddiyyət təşkil edir və hadisənin hələ də araşdırılmalı məqamlarının olduğunu göstərir.
“The New York Times” qəzetinin dərc etdiyi araşdırmaya görə, Peltolanın köməkçiləri hazırkı Respublikaçı senator Den Sallivana verilə biləcək səslərin bir hissəsini özünə yönəldə biləcək iki namizədin seçkiyə qatılması üçün seçki kampaniyası üzrə vəkillər və Demokratların Senat Seçki Komitəsinin (DSCC) əməkdaşları ilə əməkdaşlıq ediblər. Həmin namizədlərdən biri Daniel C.Sallivan olub. Peltolanın avqust ayında vəzifəsindən azad edilmiş keçmiş seçki kampaniyası rəhbəri Elisa Rios qəzetə açıqlamasında onun bu təşəbbüsdən xəbərdar olduğunu bildirib. Demokratların Senat Seçki Komitəsi isə məsələdə iştirakını qəti şəkildə təkzib edib. Komitə, əksinə, Respublikaçıları başqa seçki dairələrində öz namizədlərinə dəstək verməkdə ittiham edib. Bununla belə, “Reuters” agentliyi “The New York Times” qəzetinin yaydığı məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayıb. Deməli, ortada ciddi iddialar olsa da, onların hüquqi baxımdan təsdiqlənməsi hələ qarşıda duran məsələdir.
Daniel C.Sallivan ABŞ mediasına verdiyi əvvəlki müsahibələrdə məqsədinin seçicilərdə çaşqınlıq yaratmaq və ya Den S.Sallivandan səsləri yayındırmaq olmadığını bildirib. Lakin hadisənin daha geniş siyasi konteksti var. ABŞ-da seçkilərin ədalətliliyi məsələsi Donald Trampın siyasi fəaliyyətində uzun müddətdir mühüm yer tutur. O, illərdir ölkənin seçki sisteminin etibarlılığına şübhə ilə yanaşan bəyanatlar verir. Maraqlıdır ki, Tramp “The New York Times” qəzetinin araşdırması dərc olunmazdan əvvəl də Ədliyyə Nazirliyini Alyaska ilə bağlı məhkəmə iddiası qaldırmağa təşviq edib. Administrasiyanın məqsədi sabiq konqresmen Meri Peltola seçkilərdə qalib gələrsə, ştatın onun qələbəsini rəsmən təsdiqləməsinin qarşısını əvvəlcədən almaq olub. Trampın jurnalistlərə verdiyi açıqlama isə onun məsələyə münasibətini kifayət qədər aydın göstərir: “Onun hətta namizədliyinin irəli sürməsinə icazə verilməsi belə inandırıcı görünmür. Açığı, belə bir şəxsin namizədliyini necə irəli sürə biləcəyini anlamıram. Bu, son dərəcə ədalətsizdir”.
Xarici hüquqşünasların yanaşması siyasi ittihamlardan fərqlənir. Los-Ancelesdəki Loyola Hüquq Məktəbinin seçki hüququ üzrə professoru Cessika Levinson hesab edir ki, hazırkı senatora rəqib olan Daniel C.Sallivan kiçik maliyyə dəstəyini gizlətmədiyi müddətdə onun seçki kampaniyasının qanun pozuntusu təşkil etməsi ehtimalı azdır. Professorun sözlərinə görə, siyasi partiyaların ictimaiyyəti yanıltması qanunvericilik baxımından qadağan olunmuş fəaliyyət sayılmır. Levinsonun fikrincə, belə hallara dövlət müdaxiləsi daha ciddi suallar doğura bilər. Çünki bu, hökumətin namizədlərin niyə seçkidə iştirak etmək qərarına gəldiyini, seçicilərin isə kimə və hansı səbəbdən səs verdiyini araşdırması üçün presedent yaradır. O, iki Sallivanın eyni seçkidə iştirak etməsindən narahat olanlara hökumətin seçki prosesinə geniş müdaxiləsinin də eyni dərəcədə narahatlıq doğurmalı olduğunu xatırladıb. Başqa sözlə, seçicini çaşdırmaq ehtimalı ilə seçki azadlığına dövlət müdaxiləsi arasındakı sərhəd bu mübahisənin əsas suallarından biridir.
Göründüyü kimi, ABŞ-da seçki gününün yaxınlaşması ilə siyasi rəqabət daha da qızışır. Kampaniyanın son mərhələsində hər iki partiya mövcud imkanlarını səfərbər etməyə çalışır. Ağ Evin Trampın bu gün Kanzas ştatına planlaşdırılan səfərini təxirə salması da mövcud mənzərənin bir hissəsidir.
Yeri gəlmişkən, seçki kampaniyasının son günlərində Tramp administrasiyasının ictimai dəstək səviyyəsi də diqqətçəkən məsələlərdəndir. “Reuters/Ipsos”un bazar ertəsi başa çatan sorğusuna əsasən, Trampın fəaliyyətini dəstəkləyən amerikalıların payı 32 faiz təşkil edib. Bu, onun prezidentliyi dövründə qeydə alınan ən aşağı göstəricilərdən birinə yaxındır.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 31 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















