ABŞ da yeni nüvə sınaqları başladı: Qlobal nüvə gərginliyi artır ANALİZ
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın limitsiz uça bilən, atom elektrik stansiyası ilə təchiz olunmuş və nüvə bağlığı daşıya bilən “Burevestnik” qitələrarası raketinin və nüvə başlıqları daşıya bilən “Paseydon” pilotsuz sualtı aparatının sınaqlarından sonra, ABŞ da bu sahədə sınaqlar keçirib.
Noyabrın 5-də ABŞ-ın nüvə başlığı daşıya bilən Minuteman III qitələrarası ballistik raketinin (ICBM) sınaq buraxılışı keçirdiyi açıqlandı. "Bu sınaq bizə ICBM sisteminin mövcud etibarlılığını, döyüş hazırlığını və dəqiqliyini qiymətləndirməyə imkan verdi. ABŞ Hərbi Dəniz Qüvvələrinin E-6B Mercury təyyarəsindən göyərtədəki buraxılış idarəetmə sistemindən istifadə edən pilotlar komandası buraxılışa başladı və ICBM qüvvələri üçün ehtiyat komanda və idarəetmə sistemi olan ALCS-in effektivliyini və davamlı mövcudluğunu yoxladı", - deyə ABŞ-ın rəsmi bəyanatında bildirilir.
Elə həmin gün Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirdi. Görüş Kremldə baş tutdu və dövlət başçısı təcili milli təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının əsas üzvlərini topladı. Dövlət Dumasının sədri Vladimir Volodin ABŞ-ın nüvə silahı sınaqlarına qayıtmasını müzakirə etməyi təklif etdi.
Müdafiə naziri Andrey Belousov strateji silahların yerləşdirilməsi ilə bağlı ABŞ-ın tədbirlərinin spektrini təhlil etdi. Buradan aydın oldu ki, nüvə silahları sahəsində qlobal vəziyyət daha da gərginləşir. Bunun əsas günahkarı ABŞ hesab olunur. Nazir ABŞ-ın həyata keçirdiyi işləri qeyd edərək, bunun qlobal gərginliyi artırdığını deyib.
Qeyd olunub ki, Ağ Ev uzun müddətdir mövcud olan silahların azaldılması və məhdudlaşdırılması müqavilələrindən ardıcıl olaraq geri çəkilib: 2002-ci ildəki RƏM (Raket Əleyhinə Müdafiə) Müqaviləsindən, 2019-cu ildəki Orta və Kiçik Mənzilli Nüvə Raketləri Müqaviləsindən və 2020-ci ildəki Açıq Səma Müqaviləsindən. Buna görə də, ABŞ-ın nüvə sınaqlarına qoyulan moratoriumdan imtina etməsi Vaşinqtonun qlobal strateji sabitliyi pozmaq üçün atdığı addım hesab olunur.
Bundan başqa, ABŞ strateji hücum silahlarını sürətlə modernləşdirir. Yeni nüvə başlığı və 13.000 kilometr mənzilli yeni qitələrarası ballistik raket olan Sentinel-in hazırlanması üzərində işlər aparılır. “Ohayo” gəmisinin əvəzedicisi olan qabaqcıl strateji nüvə sualtı qayığı “Columbia” üzərində işlər aparılır. Yeni B-21 Ryder ağır bombardmançı təyyarəsihazırlanır. Nüvə başlığı olan kruiz raketi də hazırlanır. Proqrama həmçinin 14 “Ohayo” sinifli sualtı qayıqdakı 56 buraxılış qurğusunun istismardan çıxarılması və onların “Trident II” ballistik raketləri ilə tam yüklənməsi daxildir. 30 B-52H strateji bombardmançı təyyarəsini yenidən nüvə daşıyıcılarına çevirmək üçün hazırlıq işləri aparılır.
Bununla yanaşı, amerikalılar həm raketlərin vurulmasını, həmçinin Rusiya və Çin raketlərinin buraxılışdan əvvəl ələ keçirilməsini təmin etməyi hədəfləyən "Qızıl Günbəz" proqramını həyata keçirməyə başlayıblar.
Onu da qeyd edək ki, ABŞ ordusu bu ilin sonuna qədər 5500 kilometr mənzilli hipersəs raketlərlə silahlanmış yeni "Dark Eagle" orta mənzilli raket sistemini qəbul etməyi planlaşdırır. Bu sistemin Avropa və Asiya-Sakit Okean bölgəsində yerləşdiriləcəyi gözlənilir. Bu raket sisteminin yerləşdiriləcəyi planlaşdırılan Almaniyadan Rusiyanın mərkəzi hissəsindəki hədəflərə uçuş müddəti təxminən 6-7 dəqiqə olacaq.
Nəhayət, Vaşinqton müntəzəm olaraq strateji hücum qüvvələri təlimləri keçirir. Rusiya ərazisinə qabaqlayıcı nüvə raket zərbələrinə yönəlmiş ən son belə təlim olan "Global Thunder 2025" bu ilin oktyabr ayında baş tutub.
Ümumilikdə, Rusiya müdafiə nazirinin fikrincə, bütün bunlar ABŞ-ın Rusiya üçün hərbi təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıran nüvə sınaqları keçirmək planları da daxil olmaqla vahid tədbirlər toplusunu təmsil edir. Nəticə etibarilə, Rusiya Müdafiə Nazirliyi tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağı məqsədəuyğun hesab etdiyini bildirib.
Bütün bunlar onu göstərir ki, ABŞ tərəfi nüvə silahlarının azaldılması ilə bağlı çağırışlara və razılaşmalara məhəl qoymur, ordusunu və silahlarını hücum etmək, təcavüz etmək üzərində formalaşdırır. Bu isə qarşı tərəfləri də (Rusiya və Çin)öz hərbi qüdrətini və nüvə silahı texnologiyalarını genişlənməyə və gücləndirməyə vadar edir. Nəticədə, qlobal nüvə gərginliyi getdikcə daha da güclənir.
Məsələn, Rusiya müdafiə nazirinin bu hesabatından və təklifindən sonra Vladimir Putin bu təklifi dəstəkləyib və Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və kəşfiyyat xidmətlərinə nüvə sınaqlarına hazırlıqlara başlamağın mümkünlüyü barədə təklif hazırlamağı tapşırıb. Rusiya lideri bildirib ki, ABŞ öz arsenalını sınaqdan keçirməyə başlasa, Moskva da nüvə sınaqlarını bərpa edə bilər.
"2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya müvafiq müqavilənin (Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi) iştirakçısı olan digər dövlətlər bu cür sınaqlar keçirərsə, Rusiya da müvafiq cavab tədbirləri görməlidir",- deyə Putin bildirib. O, həmçinin Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi üzrə öhdəliklərinə həmişə ciddi şəkildə əməl etdiyini və bu öhdəliklərdən yayınmaq niyyətində olmadığını vurğulayıb.
Moskva Prezident Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı açıqlamasından sonra ABŞ-dan rəsmi izahat gözləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, nə Rusiya, nə də Çin bu cür sınaqlar keçirməyib. O, Moskva və Pekinin mövqeyinin dəyişməz qaldığını vurğulayıb: bütün dövlətlər Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə (CTBT) əməl etməlidirlər. Daha əvvəl ABŞ prezidenti Tramp Rusiya və Çinin bu cür hərəkətləri barədə məlumatı olduğunu bildirərək sınaqların keçirilməsinə göstəriş vermişdi, lakin dəlil təqdim etməmişdi.
Qəribədir ki, Tramp ABŞ Müharibə Nazirliyinə Rusiya və Çinlə "bərabər şərtlərlə" dərhal nüvə silahlarının sınaqlarına başlamağı əmr edib. Halbuki, ABŞ-da bu cür sınaqlara hərbi nazirlik deyil, Energetika Nazirliyi cavabdehdir.
Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyanın ABŞ-dakından (5177) daha çox, yəni 5459 aktiv döyüş başlığı var. Middlebury Kollecinin qlobal təhlükəsizlik üzrə mütəxəssisi Ceffri Lüis artıq "The Wall Street Journal"da ABŞ prezidentinin nüvə sınaqları keçirmək qərarının ciddi nəticələrə, o cümlədən dünyanın Soyuq Müharibə dövründə şahidi olduğu yeni silahlanma yarışına bənzər bir potensiala səbəb olacağı barədə xəbərdarlıq edib. O deyib: "Silahlanma yarışında yeganə qələbə onu dayandırmaqdır" və "Əgər Tramp sınaqlar keçirərsə, Nobel mükafatına əlvida deyə bilər".
Ümumilikdə, əksər ekspertlərin fikrincə, bütün bunlar Vaşinqton və onun hazırkı ehtiyatsız addımlarının son onilliklərdə qurulmuş nüvə təhlükəsizlik sistemini sürətlə məhv etdiyi qənaətinə gəlməyə imkan verir. Nəticədə qlobal təhlükəsizlik azalır və nüvə müharibəsi riskləri artır.
Hər bir halda onsuz da hərbi-siyasi vəziyyətin gərgin olduğu hazırki dünyada silahlanmanı azaltmaq, xüsusən nüvə silahlarını əhəmiyyətli dərəcədə azaltmaq son dərəcə vacibdir. Yenidən silahlanmaya və nüvə arsenalını genuşklıəndirməyə ehtiyac yoxdur. Çünki həm ABŞ-dakı, həm Rusiyadakı nüvə arsenalı dünyanı dəfələrlə məhv etməyə qadirdir. Üstəlik nəzərə alsaq ki, kütləvi qırğın silahları yalnız atom bombalarından ibarət deyil və hər iki ölkə (o cümlədən Çin) çox növdə kütləvi qırğın silahlarına malikdirlər, o halda dünyanı məhv edəcək hərbi texnologiyaları inkişaf etdirməyə və çoxaltmağa çalışmaq bəşəriyyət üçün ən təhlükəli bir haldır.
1 milyard acın, 3 milyard yoxsulun olduğu bir dünyada trilyonlarla vəsaiti və sərvətləri qorxunc və faciəvi hərbi texnologiyalara, kütləvi qırğın silahlarına yönəltmək ən böyük cinayətdir. Təsəvvür edin ki, təkcə ABŞ-ın hərbi xərcləri 1 trilyon dollara yaxındır. Dünyadakı aclığın kökünü kəsmək üçün isə cəmi 200 milyard dollar vəsait lazımdır.
Heç bir dövlətin ABŞ-a hücum etməyəcəyi, buna risk edə bilməyəcəyini hamı bildiyi halda 1 trilyonluq ordu saxlamaq, dünya ölkələrinə 1000-dən artıq hərbi baza yerləşdirmək bütün dünya üçün ən böyük təhlükənin ABŞ olması deməkdir.
Eləcə də Çin və Rusiya hərbi xərclərə ABŞ-dan dəfələrlə az pul ayırsalar da, kütləvi qırğın silahlarına maya qoymamalı, onların gücləndirmək və çoxaltmağı məqsəd qoymamalıdır. Bu nüvə 9-luğuna daxil olan qalan ölkələrə də aiddir. Nüvə klubunun arsenalının azaldılması üzrə yeni beynəlxalq müqaviləyə ehtiyac var və buna da ciddi beynəlxalq nəzarətin olması vacibdir.
Elçin Bayramlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















