Icma.az
close
up
RU
ABŞ ermənipərəstliyinə “soyuq duş”

ABŞ ermənipərəstliyinə “soyuq duş”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rubionun Smitə cavabı və Vaşinqtonun Cənubi Qafqaza baxış bucağı

ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi və Gürcüstanın daxili işlərinə qarışmaq mahiyyəti daşıyan “Megobari aktı” ilə bağlı fikir bildirən Tbilisi meri Kaxa Kaladze bir müddət əvvəl demişdi ki, Birləşmiş Ştatların “dərin dövləti” müqavimət göstərir. Tbilisi meri Ağ evin hazırkı administrasiyasının həmin “dərin dövləti” məğlubiyyətə uğratmasının vacibliyinə də toxunmuşdu. Kaladzenin dilə gətirdiyi məqam aktuallığını qorumaqdadır. Amma...

Hələlik onu bildirək ki, ABŞ-ın “dərin dövlət”indəki erməni sevdasına köklənmiş anti-Azərbaycan dairələr “fəallıq” göstərir, rəsmi Vaşinqtonun hazırkı kursuna zidd dəst-xətlərini davam etdirirlər. Sözügedən kəsim Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında keçirilimiş dinləmələrdə Dövlət Departamentinin rəhbəri Marko Rubionu hədəfə alıb.

ABŞ-da Ermənistanın maraqlarının müdafiəsi üzrə “ixtisaslaşmış” konqresmen Kristofer Smit təxribat xarakterli fikirləri kontekstində M.Rubionu sual atəşinə tutub. Smit ölkəmizi gözdən salmağa çalışıb və rəsmi Bakının ermənilərə qarşı, guya, soyqırımı törətdiyini iddia edib. Konqresmen, hətta, bir qədər “irəli gedərək” Rubionu “Azərbaycandakı siyasi məhbusları azad etmək” istiqamətində tədbir görməyə çağırıb.

Belə demək mümkünsə, stajlı ermənipərəstə çevrilmiş K.Smit indiyədək Qarabağ münaqişəsinə dair bütün çıxışlarında Ermənistanın müdafiəsinə əsaslanmış mövqeyini möhkəmləndirmək üçün, bir qayda olaraq, ölkəmizdə insan hüquqlarının pozulmasına dair cəfəngiyyatlar səsləndirib. Smitin Azərbaycanı etnik təmizləmə və müharibə cinayətləri törətməkdə günahlandıran sərsəmləmələrinə də şahidliyimiz var. Yəni o, Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarından aldığı rüşvəti doğrultmaq üçün dəridən-qabıqdan çıxır, ağlagəlməz metodlara əl atır.

Ümumiyyətlə, belə təsəvvür var ki, K.Smit ABŞ Konqresində yalnız erməni maraqlarını qorumaq üçün kök salıb. Onun haypərəstlikdən başqa heç bir əməli fəaliyyəti yoxdur. Məsələn, koqresmen 2015-ci ilin sonunda “Azərbaycanda Demokratiya Aktı” adlı təxribatçı qanun layihəsi irəli sürmüşdü. Əlbəttə, sənədi heç bir konqres üzvü dəstəkləməmişdi. Hərçənd, vurğulanmalı bir vacib məqam var.

Məsələ ondadır ki, Birləşmiş Ştatların Prezident Donald Trampdan əvvəlki administrasiyası həm Smit, həm də digər ermənipərəstlər üçün münbit zəmin yaratmışdı. Çünki həmin administrasiyanın özü də mahiyyətcə Smit kimilərindən geri qalmır, hər vəchlə Cənubi Qafqazda erməni avantürizmini diri saxlamağa cəhd göstərir, habelə özünü amiranə tərzdə aparıb ölkəmizin daxili işlərinə qarışmağa səy göstərirdi. Fikrimizin təsdiqi kimi, ABŞ Dövlət katibinin sabiq köməkçisi Ceyms O'Braynın sərsəmləmələrini yada sala bilərik. Bu şəxs bütün əndazələri aşaraq, Azərbaycanın İranla əməkdaşlıq xəttini, xüsusən Ermənistanın narazılığına görə Naxçıvana gedən yolun İran ərazisindən keçməsinə dair təşəbbüsümüzü tənqid etmişdi. C.O'Brayn Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini də pisləmiş və Vaşinqton – Bakı münasibətlərinin “əvvəlki kimi davam edə bilməyəcəyini” deyərək, ölkəmizə hədə-qorxu gəlmişdi.

Bəli, ABŞ-ın hay sevdalı konqresmenlərin dili ilə danışan hakimiyyəti olub. Ancaq Birləşmiş Ştatların indiki rəhbərliyinin yanaşma tərzi fərqlidir və qənaətimizin doğruluğunu Rubionun Smitə cavabı sübuta yetirir. Dövlət katibinin sözlərinə görə, Vaşinqtonun məqsədi Bakı – İrəvan sülhünün qərarlaşmasıdır. “Azərbaycan və Ermənistan arasında münaqişə riski realdır və biz bunu önləməyə çalışırıq”, – deyən Rubionun yanaşmasından gəlinən nəticə budur ki, Ağ ev ümumən regionda barış mühitinə sadiqdir və tərəflərdən heç birinin mövqeyini birtərəfli olaraq dəstəkləmir. Bu, son dərəcə vacib məqamdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp özünün bir müddət əvvəlki Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı etdiyi çıxışında ölkəsinin ənənəvi klişelərdən uzaq duracağını bəyan etmişdi. Məsələn, Birləşmiş Ştatların əvvəlki administrasiyası insan hüquqları mövzusunu ölkələrin daxili işlərinə qarışmaq alətinə çevirmişdi. Hazırkı dövlət başçısı isə Səudiyyədəki nitqində məhz bunun yolverilməzliyinə dair mesaj səsləndirmişdi.

Haşiyə çıxaq ki, insan hüquqları sahəsində problemlər dünyanın hər yerində var. Ancaq indiyədək Vaşinqton başda olmaqla kollektiv Qərbin yanaşması onu deməyə əsas verirdi ki, məqsəd heç də çətinlikləri aradan qaldırmaq yox, onlar ətrafında manipulyasiya etməkdir. Mahiyyətcə, ABŞ-ın mövqeyi ayrı-ayrı ölkələrin daxilindəki problemlərin həlli reallığını doğurmur, əksinə ziddiyyətləri daha da dərinləşdirir, müzakirələr və kompromislər üçün meydanı daraldırdı. Yəni Trampın Birləşmiş Ştatların uzaq duracağını bildirdiyi xətt budur. Ancaq görünür, yanaşmanın Smit kimi ermənipərəstlərə heç bir dəxli yoxdur. Ona görə də M.Rubio onları susdurmaqla məşğuldur: “Biz müəyyən idarəetmə sistemləri ilə razı olmaya bilərik. Amma məsələ ondadır ki, bir çox hallarda ideala yaxın olmayan modellərə sahib ölkələrlə işləməyə məcburuq. Çünki bu, milli maraqlarımız üçün zəruridir. Biz diplomatiya və milli maraqlarımız arasında tarazlığı təmin etməliyik. İnsan hüquqları kimi digər maraqları da unutmadan. Azərbaycan bizə sülh kontekstində bu imkanları yaradır”.

Göründüyü kimi, obrazlı desək, it hürür, karvan keçir. Yəni Rubio rəsmi Vaşinqtonun prinsipial mövqeyini bir daha diqqətə çatdırır. Deməli, Ağ Evin indiki sahibləri Bayden-Blinken administrasiyasının 2025-ci ilin yanvarın 14-də – Trampın Prezident səlahiyyətlərinin icrasına başlamasından 6 gün əvvəl Ermənistanla imzaladığı strateji tərəfdaşlıq xartiyasını lakmus kağızına çevirirlər. Fikrimizin təsdiqi kimi, baş nazir Nikol Paşinyanın fevralda ABŞ-a mənasız səfərinin detalları üzərində dayanmaq mümkündür. Məlumdur ki, Nikol Birləşmiş Ştatlara sözügedən xartiyanın teleyinə aydınlıq gətirmək üçün yollanmış və xeyli pəjmürdə halda geri dönmüşdü. Nəticədə rəsmi İrəvan Bakı ilə sülh müqaviləsinin razılaşdırılmamış iki bəndini də qəbul etmək məcburiyyətində qalmışdı. Yəni Paşinyan güşəştə okeanın o tayından zəruri dəstək ala bilmədiyindən getmişdi.

Əlbəttə, demək olmaz ki, sülh bəndləri ilə razılaşan Ermənistan rəhbərliyi hazırda konstruktiv yoldadır. Əsla belə deyil. Paşinyan və komandasının Azərbaycanın barış sazişinin imzalanması üçün irəli sürdüyü iki şərti yerinə yetirmək istəməməsi fikrimizin sübutudur. Görünür, Smit də məhz buna görə ortaya düşüb və çalışır ki, ölkəmiz əleyhinə mənfi ictimai rəy yaransın. Onun sülh müqaviləsinin erməni avantürizminin mövcudluq parametri ilə imzalanması üçün Azərbaycana beynəlxalq təzyiqin, o cümlədən ABŞ-ın təzyiqinin formalaşmasına çalışdığı aşkardır. Axı Ermənistanın rəsmi Bakının iki şərtini yerinə yetirməsi ölkənin Azərbaycana qarşı ərazi iddiasından əməli şəkildə geri çəkilməsi deməkdir.

Yeri gəlmişkən, Rubio bu ilin martında bildimişdi ki, Birləşmiş Ştatlar administrasiyası Azərbaycan və Ermənistan arasında danışıqların yekunlaşmasını dəstəkləyir və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa çağırır. “Artıq sülh naminə öhdəlik götürmək, müqaviləni imzalamaq, ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün rifahın yeni dövrünü başlatmaq vaxtıdır”, - deyən dövlət katibinin mövqeyinə bənzər mövqeyi ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş müşaviri Erik Ceykobs Bakıya səfəri zamanı da səsləndirmişdi: “ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir”.

Əlbəttə, belə mütərəqqi ruhlu fikirləri ABŞ-ın əvvəlki administrasiyasının təmsilçiləri də dilə gətirmişdilər. Amma, onların obyektiv və ədalətli sülh prosesinə pozitiv yanaşdıqlarını yalnız ilk baxışdan söyləmək olurdu. Çünki “sabiqlərin” sonrakı davranışları aşkar ermənipərəstlik niyyətinə köklənirdi və bunun müxtəlif təzahürləri diqqətdən yayınmırdı. Üstəlik, “ekslər” gethagetdə də öz işlərini gördülər. Haqqında söz açdığımız xartiyanı ərsəyə gətirərək, ermənipərəstliyə son “xidmətlərini” göstərdilər. Belə nəticə hasil oldu ki, Bayden – Blinken komandası üçün hay sevdası son dərəcə vacib imiş. Görünür, komandanın üzvləri, öz aləmlərində, Ermənistanın gələcəyini təminat altına alıb siyasi səhnəni tərk etdiklərini düşünürmüşlər. Əlbəttə, kənardan çox miskin mənzərənin olduğunu söyləmək mümkündür. O boyda ölkənin və super gücün bir ovuc hayın əsirinə çevrilməsi nəinki miskinlik, eyni zamanda, rəzillikdir.

Sonda bildirək ki, bu gün Smit kimi konqresmenlərin ortaya düşüb erməni təəssübü çəkmələri, Baydenin dövründəki anti-Azərbaycan xətti “diriltmək” cəhdləri də miskinlik və rəzillikdən başqa bir şey deyil. Tam qətiyyətlə demək olar ki, Birləşmiş Ştatların hazırkı rəhbərliyi Konqresin stajlı ermənipərəstlərinin, keçmişin iyrənc qalıqlarının dövlətin hazırkı kursuna müdaxilə cəhdləri qarşısında prinsipial duruş gətirməyi bacaracaq. Əslində, Rubionun Smitə cavabı da bunu söyləməyə əsas verir. Məsələyə mövcud kontekstdən yanaşsaq, Dövlət katibinin Azərbaycan və Ermənistan arasında münaqişə riskinin mövcudluğuna dair bəyanatının həmin riskin daha çox erməni seqmentinin aktuallığını vurğulamaq mahiyyəti daşıdığını söyləyə bilərik. Çünki Rubio Azərbaycanın sülh şərtlərinin əleyhinə heç nə demədi. Halbuki, Smitin çalışdığı bu idi. Deməli, K.Kaladzenin təbirincə desək, ABŞ-ın “dərin dövləti” Tramp və komandası tərəfindən neytrallaşdırılır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see266

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see261

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see226

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see219

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri