Icma.az
close
up
RU
ABŞ qiyamçılara qarşı mübarizəyə birbaşa qoşulmayacaq

ABŞ qiyamçılara qarşı mübarizəyə birbaşa qoşulmayacaq

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Sentyabrın əvvəlindən Yəməndə husi qiyamçıları (Ənsar Allah) genişmiqyaslı hücumlar həyata keçirərək heç vaxt olmadığı qədər fəallaşıblar. Onlar Yəməndə bir sıra yeni əraziləri ələ keçirməklə yanaşı, Səudiyyə Ərəbistanı ərazisinə də zərbələr endirirlər. Həmçinin Məkkə şəhərinə də pilotsuz uçuş aparatı ilə hücum cəhdi ediblər. Husilərin məhz indi fəallaşması bir sıra suallar yaradır.

Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə müsahibəsində mövzunu ətraflı şərh edib.

- Rasim müəllim, Yəməndə husilərin fəallaşmasının əsas səbəbləri hansılardır?

- Mən də təbii ki, prosesləri mətbuatdan izləyirəm. Əvvəla, onu demək istəyirəm ki, belə fikirlər səslənir ki, hücum əməliyyatlarını bilavasitə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) orada nümayəndəsi olan kifayət qədər yüksək rütbəli bir generalı təşkil edir. Bu, eyni zamanda, İranın ABŞ qarşısında mövqeyini möhkəmləndirmək cəhdidir. Onlar düşünürlər ki, bu cür təzyiqlərlə ABŞ-ı İranın tələblərinə yaxınlaşmağa məcbur edə bilərlər. Halbuki bu, yanlış yanaşmadır.

Xatırlayırsınızsa, husilər indi tutduqları əraziləri bir dəfə də ələ keçirmişdilər. Lakin sonradan həmin ərazilərdən bombalanaraq çıxarıldılar. Düşünürəm ki, indi də eyni mənzərənin şahidi olacağıq. Dağlarda gizlənən qüvvələri oradan çıxarmaq çətindir. Amma düzənliyə çıxdıqları anda onların üzərinə bombalar yağdırılır və silahlarını qoyaraq geri çəkilməli olurlar. Hesab edirəm ki, eyni vəziyyəti biz indi də müşahidə edəcəyik. İran görünür, qısa müddətlik müəyyən təzyiq rıçağı əldə edib. Amma düşünmürəm ki, bu, uzunmüddətli nəticə verəcək.

- İran hazırda müharibə şəraitindədir, ABŞ kimi güclü tərəflə, eləcə də İsraillə qarşıdurma içindədir. Amma belə çıxır ki, proksi qüvvələri maliyyələşdirmək və onları gücləndirmək imkanları, hələ də qalır...

- Bəli, müəyyən imkanları qalır, ancaq baxın nə baş verir. İranın qonşuları ilə, eləcə də ABŞ-la razılaşma hansı bir müddətdə əldə oluna bilər. Amma həmin razılaşmanın nəticəsi olaraq hər kəs, dini rəhbərlər, siyasətçilər, prezident, parlament sədri, deputatlar, biznes dairələri hamısı öz mövqelərini qoruyacaq. Bəs hakimiyyət kimin əlindən çıxacaq? Əslində, hakimiyyət əlində cəmləşən, demək olar ki, hər şeyə nəzarət edən qüvvə SEPAH-dır. SEPAH istəyir ki, onlarla danışıqlar aparılsın. Amma SEPAH-la heç kəs danışmaq istəmir.

ABŞ və İran arasında əldə edilmiş birinci razılaşmanı da pozan SEPAH olub. Onların keçmiş rəhbərlərindən biri hazırda Bəsic qüvvələrinə rəhbərlik edir. O vaxt tankerlərə atəş açılması ilə bağlı SEPAH-ın dəniz qüvvələrinə əmr vermişdi. Bundan sonra ABŞ onların mövqelərini bombaladı və nəticədə bütün danışıqlar pozuldu. İndi də onlar müxtəlif təxribatlar törədirlər ki, təki ABŞ onlarla hansısa formada danışıqlara başlasın, amma Vaşinqton buna getmir. İndi SEPAH-la ikinci, üçüncü tərəflər vasitəsilə məlumatlar çatdırılır, amma tərəflərin birbaşa, üz-üzə oturub danışıqlar aparmasından söhbət getmir. İranda bu gün rəsmi hakimiyyət prezident Pezeşkian, parlament və parlament sədrinə məxsusdur. Amma hazırda hər kəs faktiki olaraq kənarda qalıb, SEPAH isə istədiyi kimi hərəkət edir. Bunun nəticəsində isə sonda özləri də ciddi problemlərlə üzləşə bilərlər.

- Səudiyyə Ərəbistanı ABŞ-dan yardım istəyib, Vaşinqton isə imtina edib. Bu mövqeyi necə qiymətləndirirsiniz? ABŞ ümumiyyətlə hansısa bir şəkildə bu məsələyə qarışacaq? 

- Səudiyyə Ərəbistanının əlində kifayət qədər imkanlar var, orada ABŞ-ın hərbi hava qüvvələri mövcuddur. Eyni zamanda Pakistanın da quru qüvvələri var. ABŞ-ın yanaşması belədir ki, hələlik orada mövcud olan qüvvələrlə ölkə özü bacara bilər. Məncə, Vaşinqton bu məsələyə birbaşa qoşulmayacaq. Bu məsələlərdə əslində ən böyük zərər çəkən Səudiyyə Ərəbistanı ilə yanaşı, həm də Misirdir. Husilərin fəallaşması ilə Süveyş kanalından keçən ticarət axınının böyük bir hissəsi pozulur.

- Husi yaraqlıları dağlıq, qayalıq ərazilərdə yerləşiblər və belə fikirlər var ki, bu amil onlarla mübarizəni çətinləşdirir...

- Bu fakt var, amma hesab edirəm ki, orada döyüşmək də mümkündür. Azərbaycanı nümunə çəkmək istəyirəm. Biz 30 il ərzində dağlarda möhkəmlənmiş, ağır texnikaya və kifayət qədər hərbi gücə malik Ermənistan ordusunu 44 gün ərzində darmadağın etdik. Yəni bu, mümkün olmayan bir şey deyil. İndi qarşı tərəf dəniz sahillərinə də çıxıb. Sahildə isə onları məhv etmək mümkündür.

- Pakistanla Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə müdafiə sazişi imzalanıb. Bu saziş çərçivəsində tərəflərdən hər hansı biri, məsələn, Pakistan Səudiyyə Ərəbistanına hərbi yardım göstərə bilərmi?

- Əslində Pakistanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli hərbi müqavilə də var. Hazırda Səudiyyə Ərəbistanı Pakistana böyük həcmdə yardım göstərir, investisiya qoyur. Bunun müqabilində müəyyən hallarda Pakistandan nələrsə istəyə bilər. Amma Məkkə sazişi müdafiə xarakterli razılaşmadır. Yəni husilər Səudiyyə Ərəbistanına hücum etsələr və ölkə həmin hücumun qarşısını təkbaşına ala bilməsə, o zaman öz müdafiəsi üçün tərəfdaşından dəstək istəyə bilər. Ancaq hələlik Səudiyyə Ərəbistanına qarşı belə bir hücum yoxdur, raket zərbələri endirirlər, qarşı tərəfin də buna artıqlaması ilə cavab vermək imkanı var. Əgər tutaq ki, İran hücum edərsə və vəziyyətə müdaxilə etmək imkanı olmasa, özünü müdafiə edə bilməsə, bəli, Türkiyə də müdaxilə edə bilər, Pakistan da müdaxilə edə bilər. Amma hələlik Səudiyyə Ərəbistanının qarşılaşdığı vəziyyət o həddə deyil. Onun öz qüvvəsi artıqlaması ilə kifayətdir.

- Bəs Bab əl-Məndəb boğazı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu proseslər beynəlxalq ticarət və qlobal enerji təhlükəsizliyi baxımından nə dərəcədə risk yaradır?

- Orada istənilən vaxt husilərin atəş açmaq imkanları ola bilər. Amma hazırda söhbət gəmiçiliyin tam dayandırılmasından getmir. Dənizdə gəmilər hərəkət edir. Lakin müəyyən marşrutlar, yüklərin daşınması və onların təyinat yerinə çatdırılması ilə bağlı problemlər yarana bilər. Bütün bunlar pozula bilər. Hesab edirəm ki, müəyyən imkanlardan istifadə edərək bu prosesə husilər üçün maneələr yarada bilərlər. Deyirlər ki, husilər boğazlara nəzarət edirlər. Bunların hamısı bir qədər şişirdilmiş fikirlərdir. Necə ki, İran da faktiki olaraq Hörmüz boğazına nəzarət etmir. Sadəcə olaraq, maneə yarada bilər. Əgər sən həqiqətən boğaza nəzarət edirsənsə, onda özün niyə oradan sərbəst keçə bilmirsən? İran özü həmin boğazlardan keçə bilirmi? Xeyr. Hətta bir tanker belə göndərə bilmir. İndi harasa gizlin mina qoyurlar, hansısa tankeri atəşə tuturlar, sonra da bunu böyük uğur kimi təqdim edirlər, reallıqda nəzarət ABŞ-dadır.

Müəyyən təxribatlar törədə bilərlər, necə ki, İraq ərazisindən Səudiyyə Ərəbistanının neft kəmərlərinə zərbələr endirilmişdi. İndi İraq da bu kimi halların qarşısını almaq üçün orada müəyyən təmizləmə əməliyyatları aparır və belə fəaliyyətlərə yenidən yol verilməməsi üçün tədbirlər görür. Amma bu, müharibədir. Belə bir vəziyyətdə dövlətlər ilk növbədə öz təhlükəsizliklərini özləri təmin etməlidirlər. Zərər çəkən ölkələr ərəb ölkələrdir və onların da bunun üçün kifayət qədər qüvvələri və imkanları var ki, lazımi qayda-qanunu yaradaraq ona əməl olunmasını təmin etsinlər.

- Prosesin bundan sonrakı inkişafını necə görürsünüz? Məsələn, husilər yenə də fəallaşmaqda, zərbələr endirməkdə və Yəmənin özündə mövqelərini genişləndirməkdə davam edəcəklər, yoxsa müəyyən mərhələdə dayanacaqlar?

- Hesab edirəm ki, bu proses hələ uzun çəkəcək. Amma real olaraq həm Hörmüz boğazında, həm Bab əl-Məndəb boğazında, həm də digər strateji su yollarında ABŞ, o cümlədən ərəb ölkələri, Misir özü müdaxilə edərək sərbəst gəmiçiliyi təmin edəcəklər.

Təbii ki, zaman-zaman müəyyən təxribatların baş verməsini istisna etmək olmaz. Bununla belə, boğazların bağlı saxlanılması və ya gəmiçiliyə müxtəlif maneələrin yaradılması dünya iqtisadiyyatına böyük zərbədir. Bundan isə bu gün ən çox zərər çəkən ölkələr Çin və Hindistandır. Onlar həm İrana, həm də əlləri çatırsa, İran vasitəsilə digər qüvvələrə də təsirlərini artıracaqlar ki, bu məsələdəki maneələri aradan qaldırsınlar. Bu, əslində odla oynamaq deməkdir.

- Tutaq ki, ABŞ mövqeyini dəyişərək husilərlə mübarizədə müəyyən şəkildə iştirak etdi. Bunun nəticəsi nə ola bilər? Münaqişə daha da genişlənər, ABŞ-ın müdaxiləsi vəziyyətin sabitləşməsinə gətirib çıxara bilər?

- Məsələ ilə bağlı Britaniyaya da müraciət edilib, amma onların da  müsbət qərar qəbul edəcəyini düşünmürəm. Əlbəttə, söhbət hərbi təlimlərdən, zərurət yaranarsa, təlimçilərin və instruktorların göndərilməsindən, kəşfiyyat və s. məsələlərdən gedə bilər. Amma nə Britaniya, nə Fransa, nə də başqa bir ölkə gəlib orada döyüşəcək. Heç kəs özünü belə bir riskin qarşısına atmaq istəməz.

İstisna etmirəm ki, hazırda Çinlə yanaşı, bu vəziyyətdən ciddi zərər çəkən dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri müəyyən addımlar atsınlar. Avropa ölkələri Rusiyanın neftindən və qazından imtina ediblər. Çin isə Rusiyadan həm qaz, həm də neft alır. Ona görə də Qətər qazının olmadığı halda, Avropa İttifaqında qazın qiyməti min kub metr üçün 800 dollara qalxıb. Bu, kifayət qədər yüksək qiymətdir. Bunların hamısı tələb edir ki, boğazlar açıq qalsın ki, oradan enerji daşıyıcılarının sərbəst şəkildə daşınması təmin olunsun. Ona görə də istisna etmirəm ki, bununla bağlı müəyyən hazırlıqlar da gedir. Təkcə Britaniya deyil, Fransa, Almaniya, hətta İtaliya müəyyən ərazilərdə öz hərbi hava və dəniz qüvvələrini yerləşdirməklə bu maneələrin aradan qaldırılmasına kömək edə bilər.

Pərvanə SULTANOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri