ACI XURMA 44 günlük müharibədə yaşanmış real bir ailə dramı
Icma.az xəbər verir, Hurriyyet-ə əsaslanaraq ACI XURMA 44 günlük müharibədə yaşanmış real bir ailə dramı.
(Hekayə)
Fəridə məktəbdə təmizlik işlərini görüb başa çatdırmışdı. Bir az əyləşib yorğunluğunu çıxarandan sonra evə getməyə hazırlaşırdı. Xadimə işlədiyi məktəbin ikinci mərtəbəsinin pəncərəsinin qabağında oturub həyətə baxa-baxa xəyala daldı. Yenə həmişəki kimi, özü də istəmədən ürəyində ən çox sevdiyi el bayatısı təkrarlanmağa başladı:
Dərya səndən kim keçdi,
Kim qərq oldu, kim keçdi
Yadıma kimlər düşdü,
Xəyalımdan kim keçdi.
…Fəridənin yadına həmişə bir nəfər - yolunda həyatını qurban verməyə hazır olduğu, dünya qədər sevdiyi, amma çox erkən yaşlarda bir faciə nəticəsində itirdiyi - bu dünya dəryasında qərq olan həyat yoldaşı Fərid düşürdü. Əslində, o, heç vaxt Fəridənin yadından bir an da olsun çıxmamışdı. Sadəcə başı işə-gücə qarışanda bir anlığa onun haqqında düşünməyə vaxt tapmırdı.
O, həyat yoldaşı Fəridlə məktəb illərindən tanış olmuşdu. İlk gündən bir-birinə bağlanan bu cütlüyün sevgisi günbəgün, saatbasaat güclənərək, sonda iki taleyin birləşdirilməsi ilə başa çatmışdı. Fəridə Fəridi, Fərid də Fəridəni dünyalar qədər sevirdi. Hətta məktəbli dostları onların münasibətini zarafatla “2F=1A” düsturu ilə ifadə edirdilər. Bu da hər iki gəncin xoşuna gəlirdi. Fəridə Fəridin simasında həm də bir arxa dayaq, güvən yaradan, gələcəyə ümidlə baxmağa sövq edən həqiqi bir həyat yoldaşı tapmışdı. Fəridə öz varlığını Fəridsiz təsəvvür edə bilmirdi. O, Fəriddə, Fərid də onda yaşayırdı, bir-biri ilə nəfəs alırdılar.
Fərid hündürboy, yaraşıqlı, gülərüzlü, rəhmdil biri idi. İxtisasca həkim idi. Fəridə ali təhsil almaq istəsə də, imtahan qorxusu sindromundan xilas ola bilmədiyindən, heç vaxt imtahanlarda tələb olunan balı yığa bilməmişdi. Fəridənin ali təhsil almağa cəhd etməsi daha çox Fəridə olan sevgisi, ona layiq olmaq istəyilə bağlı idi. O, elə düşünürdü ki, ali təhsil almasa Fəridə layiq olmayacaq və uşaqlıq illərindən ürəyində bəslədiyi Fəridlə ailə həyatı qurmaq arzusuna çatmayacaq… Amma Fərid Fəridəni o qədər sevirdi ki, təhsil alıb-almaması onun üçün əhəmiyyət kəsb etmirdi. Məhz buna görə universitetdə təhsil ala-ala Fəridəyə evlənmək təklifi etmiş və müsbət cavab aldıqdan sonra xoşbəxt bir ailə qurmuşdular.
Fərid ailəni iqtisadi cəhətdən tam təmin edirdi. Heç bir problemləri yox idi. Can deyib, can eşidirdilər. Fəridə heç bir yerdə işləmirdi. Buna ehtiyac da duymurdular. Fərid zarafatla Fəridəni “daxili işlər naziri” adlandırırdı. Fərid işdə olanda bir gündə dəfələrlə evə zəng edib, Fəridənin kefini soruşur, bir an da olsun onu darıxmağa qoymurdu. Üstündən on dəqiqə keçməmiş Fəridə də Fəridə zəng edib, onunla hal-əhval tuturdu. İşlərin necə getməsi ilə maraqlanırdı. Kənar adamların bəziləri bu iki gəncin məhəbbətinə təccüb, bəziləri qibtə edirdi. Fərid çox ləyaqətli, ailəcanlı, ədəbli, vətənpərvər biri idi. O, öz peşəsinə bir peşə kimi yox, sosial vəzifə kimi baxırdı. Azərbaycan tarixi və mədəniyyətinin vurğunu idi, ürəyi xalqına sevgi, dövlətinə sədaqətlə dolu idi. Fəridə bəzən zarafatla Fəridin bu sevgisinə görə onu xalqına və dövlətinə qısqandığını deyirdi. Fərid də zarafatla, “zatən sən mənim xalqımın bir üzvü, dövlətimin bir vətəndaşı olduğuna görə, mənim vətənimə və millətimə eşqim belə böyükdür”,- deyirdi…
Evliliklərinin ikinci ilində bir oğul övladları dünyaya gəldi. Bununla da sevincləri bir idisə, min oldu. Ad qoymaq məsələsində ər-arvad arasında fikir ayrılığı yarandı. Fərid oğluna İgid, Fəridə Ümid adını qoymaq istəyirdi. Axırda Fəridə Fəridə güzəştə getdi və birlikdə İgidi böyütməyə başladılar. Amma sən saydığını say, gör fələk nə sayır...
Bir gün Fərid həmişə evə gəldiyi vaxtda evə qayıtmadı. Fəridə əvvəl “yəqin bir işi var” deyə düşündü. Amma adətən Fərid xəstəxanada gecikəndə, mütləq Fəridəyə zəng edir, təxmini nə vaxta işini başa vurub gələcəyini bildirirdi. Bu gün isə Fəriddən bir zəng gəlmədi. Əvvəl, Fəridə özü Fəridə zəng etmək istədi, amma nədənsə qorxdu, ürəyi sıxılmağa başladı, ona elə gəldi ki, zəng eləsə nəsə pis bir xəbər eşidəcək. Telefon əlində donub qalmısdı, vaxt sürətlə axıb gedirdi. Nəhayət, telefon zəng çaldı. Fəridənin ürəyi yerinə gəldi, telefonu açdı və Fəridin səsini eşitmək ümidi ilə “Alo, Fərid” deyə cavab verdi. Fəridin bu vaxt ona zəng edəcəyini düşündüyündən, zəng gələn nömrəyə baxmamışdı. Ona görə “salam, Fərid, necəsən, haradasan?” deyə soruşdu. Telefonda Fəridin əvəzinə yad bir adam cavab verdi: “Siz Fəridin nəyisiz?” Fəridəni sanki ildırım vurdu. Donub qaldı. Dili tutuldu. Telefon açan şəxs bir daha eyni sualı verdi. Fəridə böyük çətinliklə özünü ələ alıb, “həyat yoldaşıdır” deyə bildi.
Zəng edən adam bir anlığa susdu. Sonra, “Sizdən başqa evdə kimsə var?” deyə soruşdu. Artıq Fəridə düşünə bilmirdi, cavabları mexaniki olaraq verirdi. Səsi əsə-əsə, “yoxdur, niyə soruşursunuz ki?”, - deyə bildi. Telefonun o başındakı adam, deyəsən yanındakı adamlarla məsləhətləşirdi. Fəridə səsi eşidir, amma nə danışdıqlarını ayırd edə bilmirdi. Kiçik bir pauza yarandı. Sonra həmin adamın, “bəs yaxınlarınızdan kiminsə nömrəsini verə bilərsiz” sözünə Fəridə heç nə başa düşə bilmirdi. “Bu adan nə istəyir, niyə qohumlardan kiminsə nömrəsini öyrənmək istəyir, Fərid haradadir” sualları beynində ildırım sürəti ilə sel kimi axır, cavab isə tapılmırdı. Fəridəni göz yaşları boğmağa başladı. Nəsə pis bir hadisə olduğunu başa düşdü. Amma nə? Fəridin dırnağına belə daş dəyəcəyi təqdirdə Fəridə həyatdan belə imtina etməyə hazır idi. Fəridə ağlamağa başladı: “Nə olub? Fərid haradadır? Nəyə görə Fəridin qohumlarını axtarırsınız?”. Qarşı tərəf “heç nə olmayıb, siz bir nömrə verin”, - dedi. Fəridə ancaq Fəridin qardaşının nömrəsini deyə bildi və sonra ani bir qaranlığa və səssizliyə düşdü.
Fəridə gözünü açanda evdə qohum-qardaş vay-şivən edirdi. “Fəridə nə olub?” soruşsa da, kimsə cavab vermədi. Fəridənin anası qızını qucaqlayıb ağlaya-ağlaya, “can bala, Fəridi itirdik” dedi. Elə o anda Fəridə bir insan kimi öldü, yalnız bir ana kimi yaşamağa başladı.
Günlər sürətlə ötüb keçirdi. Getdikcə yasa gələnlər seyrəlirdi. Çox vaxt Fəridə oğlu İgidlə təklikdə qalırdı. Düzdür, valideynləri dəfələrlə onları evlərinə aparmağa, bir yerdə yaşamağa cəhd etsələr də, Fəridə Fəridin xatirəsinin yaşadığı bu evi tərk etməsini ona qarşı bir xəyanət kimi qəbul edirdi.
Tezliklə ailənin dolanışıq problemi yaranmağa başladı. Fəridə yaxın qohumların heç bir yardımını qəbul etmirdi. Buna görə də altdan-altdan özünə iş axtarmağa başladı. Hara müraciət etdisə, ya pesə, ya diplom istədilər. Fəridənin məktəb illərindən dostluq etdiyi bir sinif yoldaşı onların evlərinin yaxınlığındakı məktəbdə müəllimə işləyirdi. Vaxt tapan kimi Fəridəgilə gəlir, onu tək qoymurdu. Fəridə öz problemlərindən danışıb, kimisə əziyyətə salmaq istəmirdi. Amma yaşamaq da lazım idi. Oğlunun məktəb xərcləri, evin sosial xərcləri – geyim, yemək, içmək - bir sözlə, pula çox ehtiyac yaranmışdı. Fəridin sağlığında Fəridə bu problemlərdən bixəbər idi. Fərid elə edirdi ki, Fəridə ehtiyacın nə olduğunu xəyalına belə gətirmirdi. Amma indi hər şey Fəridənin üzərinə düşmüşdü. Rəfiqəsi ilə söhbət əsnasında məktəbdə xadimə yerinin boş olduğunu öyrəndi. Ondan xahiş etdi ki, bu işə düzəlmək üçün ona kömək etsin. Fəridənin xadimə işləmək fikri rəfiqəsini təəccübləndirdi. Vaxtilə hamının yaşayışına qibtə etdyi birinin xadimə işləmək istəməsi ağlasığan deyildi. Əvvəl rəfiqəsi bunun yaxşı fikir olmadığını dedi və Fəridəyə başqa iş tapmağa söz verdi. Ancaq Fəridə təkidlə həmin işi istəyirdi. İş yeri evə yaxın idi və oğlu da həmin məktəbdə oxuyurdu. İndi o, Fəridin qoxusunu İgiddən alırdı. İgid onu bu həyata bağlayan yeganə tel idi. Uzun çək-çevirdən sonra rəfiqəsi Fəridəni məktəbdə xadimə işinə düzəltməkdə vasitəçi oldu. O gündən Fəridə hər səhər uşaqlar məktəbə gəlməmiş İgidi də götürüb məktəbə gəlir, işlərini görüb qurtarandan sonra məktəbdə gözləyir, İgidin dərsi qurtaran kimi onu özü ilə evə aparırdı...
Fəridə məktəbdə təmizlik işlərini görüb başa çatdırmışdı. Bir az əyləşib yorğunluğunu çıxarandan sonra evə getməyə hazırlaşırdı. Xadimə işlədiyi məktəbin ikinci mərtəbəsinin pəncərəsinin qabağında oturub həyətə baxa-baxa xəyala daldı. Yenə həmişəki kimi, özü də istəmədən ürəyində ən çox sevdiyi el bayatısı təkrarlanmağa başladı…
…Fəridənin bütün xəyalları ancaq İgidlə bağlı idi. O, İgidi həm də Fəridin əvəzinə böyüdür, ona həm ana, həm ata olurdu. Fəridə İgidi Fəridin görmək istədiyi ruhda tərbiyə edirdi.
İgid son siniflərdə oxuyanda atası kimi yaraşıqlı, boy-buxunlu bir gənc olmuşdu. O da atasi kimi vətənpərvər, millətinə və dövlətinə düşkün idi. Əzbərlədiyi bütün şerlərin mövzusu vətən və millət haqqındaydı. Azərbaycan tarixi ilə bağlı bütün kitabları oxumuşdu. Mədəniyyətimizi həm sevir, həm də onun alovlu təbliğatçısı idi. Bir sözlə, İgid ikinci Fərid idi. Bu da Fəridəyə böyük bir təskinlik idi. O, itirdiyi Fəridini böyütdüyü İgidində tapmışdı.
İgidin yaxın dostları da İgid kimi vətənpərvər idilər. Gənclər bir yerə yığışanda ancaq Qarabağdan, Cənubi Azərbaycandan və digər milli problemlərdən danışırdılar. İgid vaxtından əvvəl kişiləşmişdi. Yaşının az olmasına baxmayaraq, özünü böyük bir adam kimi aparırdı. Məhəllədə və məktəbdə hamı ona hörmət edir, müəllimləri onun gələcəyinə böyük ümid bəsləyirdilər. İgid dərslərini əla oxuyur, başqa usaqlara numunə olurdu. İctimai işlərdə həmişə öndə idi. Tərbiyəsi ilə başqa uşaqlara nümunə olmuşdu, çox uşaq İgidin təsirindən özünü yığışdırırdı.
Fəridə bununla fəxr edir, belə bir övlad böyütməsi ilə təskinlik tapırdı. Onun ən böyük arzusu oğlunun atası kimi ali təhsil alması və xoşbəxt ailə qurması idi. Bundan sonra yaşamamaq da olardı. Az qala hər gün Fəridə İgidin toy gününü xəyalına gətirir, ürəyində gələcək gəlini ilə danışır, hətta nəvəsini oynatmağı belə, xəyal edirdi.
…Polad Həşimovun xaincəsinə şəhid edilməsi xəbəri bütün Azərbaycanı ayağa qaldırdı. Əvvəlki illərdən fərqli olaraq, bu cinayəti düşünüb, həyata keçirənlərin proqnozlarının əksinə, onun ölümü bütün Azərbaycan gənclərində intiqam hissi oyatmışdı. Hər bir gənc Poladın intiqamını almağa and içirdi. Əvvələr adamlar müharibə adı gələndə narahat olurdu, problemin müharibəsiz həllini istəyirdilər. İndi isə tam əksinə, hamı müharibə istəyirdi. Hətta minlərlə gənc Milli Məclisin qarşısına yığışıb, hökumətdən Qarabağın azad edilməsi ilə bağlı Müqəddəs Vətən Müharibəsi elan etmələrini tələb edirdilər.
Artıq hər yerdə müharibə hazırlığı gedirdi. Televiziya kanallarında hamı müharibədən danışırdı. Poladın, Mübarizin və digər qəhrəmanların şəkilləri çoxaldılıb yayılırdı. Bir an da olsun Qarabağın azad edilməsi fikirlərdən çıxmırdı. Gənclər qisas hissi ilə alışıb yanırdı.
Fəridə gördüklərindən qorxuya düşmüşdü. Fikirləşirdi ki, müharibə olsa, İgid birincilər sırasında müharibəyə gedəcək. Amma bəzən də özünə təskinlik verirdi. İgid Tibb Universitetinin birinci kursunda təhsil alır, alənin tək oğludur, hərbi mükəlləfiyyətdən müvəqqəti azaddır. Təcrübəli döyüş qabiliyyətli əsgərlərimiz coxdur... Amma yenə də ana ürəyi ona ciddi bir təhlükənin yanaşmaqda olduğundan xəbər verirdi.
Fəridə bu gün də erkəndən işə gəlmişdi. Həmişəki kimi İgidin yeməyini hazırlayıb, stolun ustünə qoymuşdu. Əlavə cib xərcliyi də verməyi yaddan çıxarmamışdı. Həmin gün məktəbdən bir nəfər dindar müəllimə ümrə ziyarətindən qayıtmışdı. Məkkədən xurma alıb gətirmiş və hamıya təbərrük kimi paylayırdı. Fəridəyə də xurma təklif etdi. Fəridə iki dənə xurma götürdü. Müəllimə nə qədər təkid etsə də, ücüncü xurmaya ehtiyac olmadığını dedi. Fəridə müəllimənin verdiyi xurmadan heç görməmişdi. Bu xurma iri və yumşaq idi. Xurmadan şirə elə axırdı ki, elə bil pətəkdən bal damır. Fəridə xurmanın birini bir kağıza büküb, çantasına qoydu, fikirləşdi ki, axşam İgidə verər. Digərini Məkkədən gələn bir təbərrük olduğundan ağzına qoydu. Hələ xurmanı çeynəməmiş ağzı şirinləşdi. Xurma həqiqətən bal dadı verirdi, həddən artıq şirin idi. Az qala adamın boğazını qovuşdururdu. Fəridə bir az su içib xurmanın şirinliyini azaltmaq istədi. Amma xurmanın şirinliyi ağzından getmədi.
İş vaxtının qurtarmağına az qalırdı. Fəridə beş dəqiqədən sonra evə gedəcəkdi. Birdən qonşu uşaq qaça-qaça gəlib Fəridəyə yaxınlaşdı: “Fəridə xala, İgid müharibəyə gedir, tez gedək, yoxsa görə bilməyəcəksən”.
Fəridəni soyuq tər basdı: “Nə müharibə? Necə oldu, onu müharibəyə aparırlar...”.
Fəridə uşağın arxasınca sürətlə müharibəyə gedənlərin toplaşdığı yerə çatdı. Artiq İgid digər çagırışçılarla birlikdə avtobusda oturmuşdu. Fəridə, “səni niyə aparırlar ki…, axı sənin “otsroçkan” var”. “Ana, mən könüllü gedirəm, Polad Pəşimovun intiqamını almadan yaşamaq mənə haramdı…”. Fəridə bir söz tapa bilmədi. Hər şey onsuz həll olunmuşdu. Çantasını açıb Məkkədən gələn xurmanı oğlunun ovcuna basdı: “Oğlum, bunu ye, təbərrükdü. Allah səni xəta-bəladan qoruyar, inşallah”.
İgid xurmanı alıb döş cibinə qoydu və gülə-gülə, “Baş üstə, ana, sonra yeyərəm. İndi mən bu xurmanı bu qədər adamın arasında necə bölüm? Təklikdə yemək də yaraşmaz axı”, - dedi. Fəridə bir söz demədi. Göz yaşları axıtmaqdan başqa əlacı qalmamışdı. Oğlu müharibəyə könüllü getdyindən kiməsə uz tutmaq da mənasız idi...
İgid müharibəyə gedən gundən Fəridənin onuz da gənc yaşlarından ağarmış saçları tam ağardı. Hər gün İgidlə telefonla danışmaqdan təsəlli tapırdı. İgid onu inandırırdı ki, arxa cəbhədə hospitalda tibb qardası isləyir, təhlükəsiz yerdədir və yaralılara yardım edir. Fəridə ona həm inanırdı, həm də yox.
Fəridəni yuxudan ürək sıxıntısı ayıltdı. Az qalırdı boğulsun, sanki otaqda hava çatmırdı... Ürək sıxıntısı öz yerini anlaşılmaz bir qorxu hissinə verdi. Bu hiss ona tanış idi… Canından artıq sevdiyi həyat yoldaşı Fəridin də ölüm xəbəri gəlməmişdən qabaq onda belə ürək sıxıntısı və qorxu hissi yaranmışdı. Fəridənin Allaha yalvarmaqdan başqa çıxış yolu yox idi. Axşam oğlu ilə danışsa da, müharibədə hər an hər şey ola bilər, - düşüncəsi onu tərk etmirdi. Özünü zorlayıb, nə qədər bu fikirləri uzaqlaşdırmaq istəsə də, bacarmadı. İgidə də zəng edib onu narahat etmək istəmədi – “səhərdi, yəqin uşaq dünən çox işləyib, yorulub yatıb, bir azdan zəng edərəm, narahat etməyim”.
İndi də Fəridəni qəhər boğmağa başladı. Öz-özünə, “Mənə nə olub belə?” sualını versə də, cavab tapa bilmədi...
Fəridənin işə necə çatmağından belə, xəbəri olmadı. Məktəbə çatanda indiyə qədər görmədiyi mənzərə ilə rastlaşdı. Məktəbin kollektivi bir nəfər kimi həyətə toplamışdı, öz aralarında nəsə yavaş-yavaş danışırdılar. Onu görən kimi dərin bir sükuta qərq oldular. Fəridə buna bir anlam verə bilmədi. Nəyə görə bütün müəllimlər səhər-səhər məktəbə yığışıb? O, müəllimlərə yaxınlaşıb astadan salam verib keçmək istədi… Təəccübünə rəğmən, salamını alan olmadı, başını qaldırıb müəllimlərin üzünə baxdı. Bəzilərinin sifətində kədər, bəzilərində təəssüf, bəzilərində acımaq hisslərini gördü. Qadın müəllimələrin hamısının gözləri ağlamaqdan şişib qızarmışdı. Məktəbin direktoru ağsaçlı başını iki əli ilə tutmuşdu, elə bil saçlarını yolmaq istəyirdi. Fəridənin ürəyi daha da sıxılmağa başladı. Özünü zorlayıb ortalığa soruşdu: “Nə olub?”.
Onun xətrini istəyən qadın müəllimələrdən ikisi hönkür-hönkür ağlamağa başladı. Direktor yerdən başını qaldırıb, “Qızım, sən bu gün işləmə, get evə” dedi. Fəridə buna bir anlam verə bilmədi. Axı nə üçün o işlərini görmədən evə qayıtmalıdır?! Fəridə bunun səbəbini soruşmaq istəyirdi ki, qadın müəllimələr ağlaya-ağlaya hər tərəfdən ona yaxınlaşıb qucaqladılar.
...Fəridə gözlərini açanda özünü məktəbin tibb məntəqəsində uzanmış halda gördü. Yavaş-yavaş huşu özünə gəlməyə başladı. Deyəsən, ona tibbi yardim göstərmişdilər, cünkü qolunda iynə yeri var idi. Bir az sakitləşmişdi. Gözlərini döndərib otağa göz gəzdirdi. Məktəbin bütün qadın müəllimələri onun başı üstündə durmuşdu. Artıq hər şeyi anladı. Demək ki, cəbhədən bəd xəbər var. Ürəyində Allahdan oğlunun şikəst olsa belə, evə sağ-salamat qayıtmasını istədi... Onun son ümidi bu idi… Amma içindəki ümid çox zəif idi və sürətlə öləziyərək yerini ümidsizliyə verməyə başlamışdı. Fəridənin vəziyyəti incə bir teldən yapışmış insanın boğulmaqdan xilas olmaq cəhdinə bənzəyirdi. Fəridə ümumi ortaya belə bir sual verdi: “İgiddən xəbər var?” Müəllimələrdən biri, “Özünü əla al, sən ləyaqətli qadınsan, İgid kimi övladla fəxr etməlisən. Onunla indi bütün Azərbaycan fəxr edir. Cəbhədə qəhrəmancasına döyüşüb. Neçə-neçə düşməni məhv edib. Zatən onu sən vətən üçün, dövlət üçün bir əsgər kimi böyütdünü deyirdin. Vətənə övladlıq borcunu vermək üçün o, özü könüllü bu yolu seçdi. Olacaga çarə yoxdur. Yüzlərlə igid oğlumuz şəhid olub. Nə etmək olar, İgid də müqəddəs şəhidlik zirvəsinə yüksəlib”. Fəridə bu xəbəri axıra qədər yaxşı eşidə bilmədi, çünki yenidən husunu itirmişdi.
İgidin nəşi necə gətirildi, necə dəfn edildi - Fəridənin yadında deyildi. Fəridə tibbi nəzarət altında saxlanırdı. Tez-tez sakitləşdirici iynələr vurulur, sistemlər qoşulurdu. Evdə, həyətdə, küçədə insan əlindən tərpənmək mümkün deyildi. Tanış, yad minlərlə insan İgidin yasında öz əzizlərinin yasındakı kimi, bəlkə ondan da artıq can yanğısı ilə iştirak edirdilər. Hər gün minlərlə insan qəbir üstünə gedirdi.
Fəridə oğlunun yeddisi çıxandan sonra baş verənləri yavaş-yavaş dərk etməyə başlayırdı. Demək, artıq həyatda onu bu dünyaya bağlayan kimsə və nəsə qalmayıb. Yaxın qohumlar və rəfiqələri onu tək buraxmırdı. Hər gün evə çoxlu tanımadığı insanlar gəlirdi. Rayon rəhbərliyi bütün dəfn adətlərini dövlət hesabına təşkil etmişdi.
Fəridə bütün olub-keçənləri bir tamaşaçı kimi izləyirdi. Nə özünü ələ ala, nə də ağlaya bilirdi. Hətta anası, “Qızım, ağla, ürəyini boşalt“, - desə də Fəridə heç bir məna ifadə etməyən nəzərlərlə ətrafı süzür, amma heç bir cavab vermirdi. O, özünü kimsəsiz adaya düşən insan kimi tək və tənha hiss edirdi.
…İgidin tabutuna bürünmüş Azərbaycan bayrağı və ağ parçaya bükülmuş bir boxça stolun ütündə idi. Zatən o bayraq haqqında İgidə çox şerlər əzəbərlətmişdi, ona vətən sevgisini özü aşılamışdı. Özü yıxılan ağlamaz deyiblər...
Fəridə stola yaxınlaşdı, bayrağı öpüb gözlərinə sürtdü, ondan İgidin ətri gəlirdi. Ürəyi xeyli sakitləşdi. Gözlərinə işiq gəldi. O, həmişə öz-özünə, “bir məişət hadisəsində ölməkdənsə, müharibədə qəhrəmancasına şəhid olmaq yaxşıdır“, - deyə düşünürdü. Ona görə, başqa şəhid xəbəri eşidəndə onların analarının əvəzinə öz-özünə təsəlli tapırdı. İndi isə tək oğlu - İgidi şəhid olmuşdu. Həm də igidliklə vuruşaraq şəhid olmuşdu. Deyilənlərdən məlum olurdu ki, elə Poladın intiqamını da ala bilmişdi. Çoxlu düşmən əsgər və zabitini məhv etmişdi, sonda düşmənin toprağa basdırdığı minaya ilişərək, qanı vətən toprağına tökülmüşdü.
“Bayraqları bayraq edən üstündəki al qandır,
Torpaq - uğrunda ölən varsa vətəndir”.
Bu misralar İgidin tez-tez təkrar etdiyi misralar idi. İndi İgid Azərbaycan bayrağına tökülmüş qanı ilə onu dünyanın ən uca bayrağı, torpağa tökülən qanı ilə onu özünə həqiqi və əbədi vətən etmişdi.
Fəridə əvvəl boxçaya məhəl qoymadı. Amma sonra hansısa bir hiss onu boxçaya meylləndirdi. Titrək əlləri ilə boxçanı açdı. Boxçada İgidə məxsus əşyalar, döyüş zamanı üstündə olan paltarlar var idi. Ən ustə İgidin qana, toz-torpağa bulaşmış hərbi köynəyini qoymuşdular. O, qeyri-ixtiyari köynəyi üzünə yaxınlaşdırdı. Sanki üzü İgidin üzünə dəydi. Ani olaraq kədər qarışıq sevinc hissi yaşadı. Tez də bu hiss öz yerini ağır, üzücü, sonsuz bir kədərə verdi. Fəridə əli ilə vaxtilə hər gün İgidin başını sığalladığı kimi koynəyi sığallamağa başladı. Əli koynəyin cibində qabarıq bərk bir şeyə dəydi. Fəridəni maraq götürdü -“bu nədi belə?”. Ehtiyatla köynəyin cibinin düymələrini açdı, orada kağıza bükülü bir şey vardı. Fəridə kağızı açdı və yerindəcə donub qaldı. Kağızın içindəki İgidi müharibəyə yola salarkən ona verdiyi Məkkədən gələn həmin xurma idi. Fəridə bu xurmaya çox ümid etmişdi... O, düşünürdü ki, İgid bu təbərrükü yesə, Allah onu amanında saxlayar. Amma İgid o xurmanı anasız yeməyə qıymamışdı, anasından ən əziz bir xatirə kimi ürəyinin başında saxlamış, döyüşün ən ağır vaxtlarında özünü xurmanın onu qoruyacağına inandımışdı. Bu xurma həm də anası ilə onun arasında sanki bir körpü yaratmışdı. Xurmadan anasının qayğısını, məhəbbətini, onu böyüdərkən çəkdiyi zəhmətin ağrılarını hiss edirdi. Düşünürdü ki, müharibədən sağ-salamat qayıtdıqdan sonra o xurmanı anası ilə birlikdə yeyər, bununla da xurma onları bir daha birləşdirər…
Fəridə qeyri-ixtiyari xurmadan kiçik bir parça qopardı. Allahdan dözüm diləyərək bu təbərrükü ağzına qoydu. Dərhal da ağzından çıxardı. Xurma zəhər kimi acı idi. O, ömründə belə bir acılıq dadmamışdı... Xurmanın dadi Fəridənin dil-dodağını yandırdı. Fəridə heç nə anlamadı. O, eyni xurmanın birinin bal kimi şirin, digərinin zəhər kimi acı olmasına bir məna verə bilmədi…
Əslində, bu xurma da bal kimi şirin idi. Fəridəni acılayan xurma yox, təbərrük kimi xurmaya bəslədiyi ümidin boşa çıxması və oğul itkisinin onda yaratdığı acılıq idi... Onu acılayan dad xaricdən yox, daxildən gəlirdi. O bilmirdi ki, hələ bu acılığı bütün ömrü boyu, bu dünyanı tərk edənə kimi, dəfələrlə, az qala gündə yüz dəfə, İgidsiz yediyi hər şeydə, onsuz keçirdiyi hər anda dadacaqdı və yalnız gözlərini bu dünyaya qapayıb Fəridinin, İgidinin getdiyi aləmə yola düşəndə ondan birdəfəlik xilas olacaqdı...
AZAD
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)