Ad günü hədiyyəsi şəhidim
Icma.az, 525.az saytına istinadən bildirir.
Müharibə ölüm adlı əbədiyyət, həyat adlı cəhənnəm, insanlığın şərəfinə içilən qandır.
Ədalətsiz müharibəbütün insanlığı, həyat adlı varlığı sual altında qoymaqdır.
Yalnız haqq savaşının qələbəsi bütün suallara cavabdır...
(“Müharibə” essesindən)
Onun dünyaya gəlişi Tanrının bir möcüzəsi idi. İbrahim, anasının həyatına gözlənilmədən doğan bir nur, ruhuna dolan mələk oldu. Kifayət bu müqəddəs payı Tanrıdan alanda sevinc göz yaşlarıyla şükür etdi. İbrahimin varlığı ilə kasıb ailənin qapısına bərəkət, ocaqlarına hüzur gəldi. O, hələ ana bətnindəykən həyat yolları işıqlanmağa başladı, dünyaya gəlişi ilə sevinc evlərinə köç etdi.
İbrahim qardaşı Vahiddən fərqli idi – onun qaynayan qanı sakit durmazdı, amma həmişə bir sükunət, bir dərinlik daşıyardı. Deyən-gülən, sevgi ilə dolu bir ürəyi vardı. Anasına yalnız oğul yox, həm də sirdaş idi. “Səni çox sevirəm, ana. Sən mənim sevgimsən...” – deyirdi hər dəfə. İbrahimin içində bir eşq vardı ki, o, bütün sevgilərdən uca idi – Vətən eşqi.
İbrahim uşaqlıqdan hərbçi olacağınıürəyinə qoymuşdu.Hətta sosial şəbəkə səhifəsində belə bir paylaşım da oxumuşdular: “Mən zabit olacağam. Qarabağı alıb, şəhid olacağam”! Deyir, niyyətin hara, mənzilin də ora.
Sözün düzü, valdeynləri, xüsusilə, anası İbrahimi diş həkimi görmək istəyirdi. Atasıda neçə dəfə hərbçi peşəsinin çətin olduğunu demişdi. İndi Naxçıvan hava limanında dispetçer işləsə də, vaxtilə o yolu keçmişdi.Kimə deyirsən? İbrahim ürəyini çoxdan o sənətə əmanət etmişdi:
- Ay ata, hansı sənət asandı ki?
Oğlunun israrlı olduğunu görən ata-ana daha üstünə getmədi. Birinci imtahan vaxtı üç balı çatmadı.Evə gəlib o qədər ağladı ki, sanki ətini kəsmişdilər. Anası isə sevinirdi:
Yaxşı oldu elə, qəbul olmadın, kəsildin, gedərsən, qardaşın kim Akademiyada oxuyarsan.
- Ana, sənin acığına qəbul olacağam, sənin açığına həm də şəhid olacağam, görərsən.
Oğlunun dilindən bu sözü eşidən ananın ürəyinə sanki bıçaq sancıldı:
- İbrahim, bala, niyə elə deyirsən? Şəhid demə, de ki, general olacağam, başına dönüm.
İbrahimin iseyə qəbul olma xəbəri çıxanda yayın göydən od tökülən vaxtı idi. Səhər tezdən yol çantasını götürüb, ayaqyalın üz tutdu Əshabi-Kəhfə. Arzusuna çatsın deyə, nəzir demişdimüqəddəs oçağa. Axşamüstü mis kimi yanmış halda evə gəldi. Onun gözündəki xoşbəxtlik qığılcımlarını görməmək mümkün deyildi.
***
Kifayət yığılıb qalmış paltarlara ütü çəkir,İbrahim isə sevdiyi “ Ölməz qəhrəmanlar” filmini izləyirdi. Filmin şirin yerində ağlına nə doldusa, başını qaldırıb, anasına yaxınlaşdı:
- Ana, Allah qoysa mən hərbiyə girim, oxuyum buranı, sonra Bakıda Ali Hərbi Məktəbi də bitirim. O dedikcə, anası tez- tez:- “ İnşallah”, “ Allah qoysa” deyirdi.
- Sonra da...sonra da bilirsən, neyniyəcəyəm?
- Neyniyəssən, ana qurban? Nə olacaq sonra?
- Sonra da şəhid olacağam.
- İbrahim, niyə elə deyirsən? Demə o sözü!Bir dəfə deyib, ürəyimi qırmısan onsuz da.
- Hə ana, ürəyimə damıb, yaxın illərdə biz Qarabağı alacağıq. Mən də şəhid olacağam.
İbrahim bu sözü elə ürəkdən deyirdi ki, sanki, toya- düyünə gedəcəkdi. Bu söhbət Kifayət ananın ürəyində qara xal kimi qaldı.
İbrahim məktəbi sevə- sevə oxudu. Sevib-seçdiyi peşəni iliklərinə qədər hiss edən hərbçi oldu.
- Sənin əynində həkim xalatı görmək istəyirdim- deyən anasına- ana, bilirsən nə var, onu yadında saxla ki, geyindiyim bu hərbi forma bütün geyimlərdən şərəflidir- deyərək qürurlandı.
***
İllər tez keçdi. İbrahim Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlıların Kəşfiyyat Bölüyündə xidmətə başladı.Arada məzuniyyətə gələndə anasının seçib bəyəndiyi qızla tanışlığı ürəyincə oldu.Billur utancaq biri idi. Üz- üzə söhbət etməyə fürsətləri olmadığı üçün anacaq telefon vasitəsilə bir-birini tanımağa çalışırdılar. Nişanlı olanda bircə dəfə Billuru da götürüb ailəlikcəLerikə gəzməyə getmişdilər. Naxçıvandan başqa yerə çıxmayan anası Lerikin gözəlliyinə, havasına vurulmuşdu. Anasının bu vürğunluğunu görən İbrahim:
-Hələ sən Qarabağı görəsən, ana. Allah qoysa, o torpaqları alaq, səni aparacağam ora, gözəllik oradadı.
İbrahim Qarabağın eşqi ilə yaşayırdı. Torpaqların azad olması onun ruhunun, mənliyinin azadlığı idi.
Malklə Kifayət evin ağbirçəyi, asaqqaqalı ilə məsləhətləşib, toyun vaxtını payıza- noyabr ayına təyin etdilər. İbrahim məzuniyyətə qısa müddətə gəldiyi üçün qız-oğlan toyunu bir günə saldılar. Hamı sevinirdi. Toy olacaqdı.
Kifayət ana əllərinə xına yaxıb, qırmızı donunu geyindi.İki min on səkkizinci ilin noyabrın iyirmi ikisində gözəl Billur qonşu Kərimbəyli kəndindən Yarımca kəndinə gəlin köçdü.İbrahimin vətənə, peşəsinə olan sevgisi toy günündə də unudulmadı. Gəlin maşını, toy salonu üçrəngli bayrağımızla bəzəndi. İbrahim Billurun üç gün içində onun üçün tikdirdiyi ağ hərbçi paltarını geyindi, ikisi də ağ mələk kimi salona himnimizin sədaları altında daxıl oldular. Toy hədiyyələri belə, bayrağa bükülmüş müqəddəs “Quran” kitabı oldu. Anası da, Billur da- bəlkə, nişan tortunun üzərinə də bayraq şəkli salaq, desələr də, İbrahim qətiyyətlə etiraz etdi:-Siz nə danışırsınız? Bayraq kəsilməz, bayraq bölünməz. O, müqəddəsdir. O, zirvələrdə dalğalanmalıdır”.
Bu gün Kifayət ana bütün şəhid anaları kimi balasının şəklini bayrağın üstünə vurub sinəsindən asmayıb. Oğlunun dediyi sözlər onun üçün qanundur:- Bayrağın rəmzlərini pozmaq olmaz, ana!
Toydan üç gün sonra İbrahim Billuru da, anasını da götürüb iş yerinə - Tərtərə qayıtdı. O zaman Tərtərin yarısı ermənilərin işğalı altında idi. Axşam olanda hamı evinə çəkilir, bir- biri ilə ehtiyatla danışırdı. Oranın əhalisi də, rahat ev-eşıklərini qoyub gəlib orada xidmət edənlər də, onların ailəsi də hər an təhlükə altında idi. Düşmənin diqqətini çəkməmək üçün hərbiçilər də mülki paltarda gəzirdilər. Bir dəfə süfrə başında oturandaİbrahim:
- Bircə əmr verilsəydi, bircə hucuma keçib torpaqlarımızı azad etsəydik- deyəndə ana ürəyi dözmədi:
- Demə, İbrahim, niyə elə deyirsən? Müharibə olmasın.
İbrahim qaşlarını çatıb anasına baxdı:
- Ana, bir anlıq düşün ki, otuz ildi ermənilər səni tutub, əsirlikdəsən, otuz ildi mənim yolumu gözləyirsən. Mən səni dalınca gəlməsəm necə olar? Özünü necə hiss eliyərsən?
Kifayət deməyə söz tapmadı, gözləri doldu:
- Allah amanında, bala. Özünüzü qoruyun, nə deyim?
İbrahim o sözləri elə belə demirdi. Onlara tarixi olduğu kimi dərs keçmişdılər, onları elə öyrətmişdilər ki, ailələrini də hər bir təhlükəyə, olacaqlara inandırmalıydılar.Kifayət onların ev- eşiyini rahatlayıb,iyirmi gündən sonra geri qayıtdı.
***
Tale sanki onların bütün yaddaqalan günlərini noyabr ayına yığmışdı- toy günləri, Fəridin anadan olması, Billurun ad günü.
Zabit yoldaşı ilə söz vermişdilər ki, oğul övladları olsa Milli Qəhrəmanlarımız Fərid və Çingizin adını qoyacaqlar. Hər ikisinin arzusu yerinə yetdi. İbrahim oğlunun adını Fərid qoydu. Billir hamilə olanda onu Naxçıvana, kəndə göndərmişdi. Fərid anadan olandan sonra məzuniyyətə gələn İbrahim on gün oğlu ilə vaxt keçirib, onun körpə qoxusunu ciyərlərinə çəkdi. Amma ondan doymadı. Bir gözü arxada sevdiklərinin yanında qaldı. Sonra pandemiya-koronavirus dünyanı ağzına alanda bütün əlaqələr kəsildi. Gediş-gəliş olmadı.Və amansız,ürəklərə od qoyan, neçə- neçə igid balanın arzularının üstündən qara xətt çəkən müharibə başladı.
***
İbrahim sentyabrın iyirmi altısıatasına və Billura mesaj yazdı ki, “Haqqınızı halal edin. Özünüzdən, Fəriddən muğayat olun. Allaha əmanət olun”. Anasına vida sözü yazmağa ürəyi gəlmədi. Mesajı oxuyanda atası onun nə demək istədiyini tam başa düşmədi. Billurun isə sanki ürəyi qırılıb ayağı altına düşdü. “Niyə belə yazıbsan, İbrahim?- sualı beynini yandırdı. Elə ki, səhər açıldı,artıq hər yerdə müharibənin başlandığını danışmağa başladılar, ondaaydın oldu ki, İbrahimin getdiyi yolda bir daha geri dönməmək də var.
***
Müharibə başlayanda İbrahimgin bölüyü ön xəttdə idi. İlk gündən Murovdağ istiqamətindəüç min üç yüz qırx metr hündürlüyündə postu ələ keçirdilər.İbrahim öz əliylə düşmən bayrağını qoparıb, nifrətlə dərəyə tulladı,döş cibindən bayrağımızı çıxarıb sevinclə zirvədə uçaltdı.
İbrahimgil sıldırım qayalardan düzəldilmiş səngərdə özlərinə sığınacaq tapıb, azad etdilkəri zirvəni, postu əldə saxlamalıydılar. Lakin məğlubiyyətin acısını dadmış azğın düşmən başlarını qaldırmağa imkan vermirdi. Dörd gün ac- susuz qalan İbrahimgil kömək gələnə kimi həyatda qalmaq üçün mücadilə edirdilər. Aclığa dözmək asan olsa da, susuzluq onları haldan salırdı. Çox çətin idi. Gecə qırov düşməsi onları sevindirirdi. Avtomatın maqazinini daşın üstə qoyurdular, qırov bağlayan kimi acgözlüklə yalayırdılar. Sanitar çantasındakı müalicəvi sistem şirəsini şprisə çəkib damcı- damcı ağızlarına tökürdülər. Soyuq və ac-susuz qalmaq onları yarımcan eləmişdi.
Dörd gündü oğlu ilə əlaqə saxlaya bilməyən Malik özünə yer tapmırdı. Gözü telefonda qalmışdı. Hər zəngə diksinirdi. Bir dəfə də zəngi açanda tanımadığı səslə qarşılaşdı:
- Salam, dayı, mən Naftalan qospitalının həkimiyəm. Narahat olmayın, oğlunuz burdadı. Yarası ağır deyil. Amma danışa bilmır. Amma onu deyim ki, buradakı yaralı hərbçiləri görsəniz, oğlunuzun vəziyyətinə şükür edərsiniz.
Malik İbrahimlə danışdıqdan sonra bildi ki, dörd gün soyuqda ac-susuz qaldığı üçün yaralanması və mədə qanaxması səbəbindən qospitala düşüb.
Ancaq İbrahim həkimlərlə razılaşıb oktyabrın üçü Goranboya qayıtdı. Onu isə orada heç kim saxlaya bilmədi. Onun- “ Gizirim şəhid olub, uşaqlarım başsız qalıb. Mən getməliyəm”!– israrlı tələbi qarşısında hamı aciz qaldı. İbrahimin döyüşdüyü dəstə azad olunmuş yerləri arxadan gələnlərə təhvil verib, Suqovuşana doğru irəliləyirdi. Səhərisi günnövbəti döyüş tapşırığına hazırlaşarkən onu xəstəxanaya göndərən bölük komandiri Fərid İbrahimi qarşısında görəndə əsəbləşdi:
- Sən burda neynirsən? Xəstəxanada iki gün də qalmalı idin axı. Qaçmısan xəstəxanadan?
- Komandir, qardaşlarım döyüşərkən mən yata bilməzdim.
Bölük komandiri onu diqqətlə süzüb bir söz demədi. O gündən Fəridlə İbrahim birlikdə bir- neçə döyüş əməliyyatına qatıldı. Hamısından üzüağ çıxdılar. Onlar bir yerdə çox çətin günlər keçirmişdilər.İki il idi ki, qarda, yağışda, küləkdə, boranda çoxlu təlimlərdə olmuşdular. İbrahimlə Murov, Kəpəz dağ silsilələrini qarış-qarış keçmışdilər. Amma, təlim nə qədər çətin olsa da, savaş meydanı deyildi. Burda hər addımda ölüm, qan vardı. İbrahim yoldaşını heç zaman arxada, darda qoymazdı. O bütöv heyətin, həm də tabeliyində olduğu rəis, komandir arasında özünə böyük nüfuz qazanmışdı.
Bir dəfə Fəridlə təlimdən çıxanda İbrahim səbirsiz halda soruşdu:
- Komandir, müharibə nə zaman başlayacaq? Nə vaxt torpaqlarımızı azad edib, ordunun zabiti kimi başıdik, alnıaçıq gəzəcəyik?İstəyirəm biz həll edək bu məsələni, övladlarımıza qalmasın.
- Narahat olma, İbrahim, inşallah, biz ordudan ayrılmadan başlayacaq. Allah qoysa, müharibədən sonra qələbəni qeyd edərik.
- Komandir, mən şəhid olacağam, bilirəm.
- Dəli-dəli danışma, inşallah, adaşımın-oğlunun toyunda birlikdə iştirak edəcəyik.
Çox qəribə, qeyri-adi düygu idi bu. İbrahim ta uşaqlıqdan ürəyinə dammış şəhadətini addım- addım dilinə gətirirdi.
Oktyabrın beşi axşam saatlarında İbrahimgil Suqovuşan qəsəbəsini keçib Ağdərə rayonundaLüləsaz istiqamətində hərəkət etdilər. Səhərisi gün saat beşdə təyin olunmuş zirvəyə yaxınlaşdılar. Fərid qrup komandirlərini toplayıb tapşırıqlarını verdi:
- İki qrup ehtiyatda olacaq.Özüm də İbrahimin qrupu ilə birlkdəyüksəkliyə daxil olacağıq. Əgər hər hansı çətin vəziyyətlə qarşılaşsaq, ehtiyatda olan qruplar düşməni mühasirəyə alacaq. Hər kəs diqqətli olsun. Allah amanında.
Qısa müddətə onlar artıq zirvədə idilər. Fərid İbrahimə qrupun iki yerə bölünməsini təklif etdi. Yarısı onun, yarısı da İbrahimin əmri ilə hərəkət edəcəkdi. Düşmən onlara pusqu qurmağa çalışarkən özləri düşdülər. Qeyri-müəyyən döyüş başladı. Hiss olunurdu ki düşmən sayca üstündür. Güllə yağış kimi yağmağa başladı. İbrahim də başda olmaqla əsgərlər canavar kimi döyüşürdülər. Təxminən üç- beş dəqiqə çəkən qanlı döyüşdə düşmənin kəşfiyyat bölməsi tamamilə məhv edildi. İbrahimgilin altı yaralısı vardı. İbrahim heyətdən bir nəfər ayIrdı ki, öldürülən düşmən əsgərlərini saysın və öldüklərindən əmin olsun.
Bir azdan İbrahim komandirə yaxınlaşıb, fərəhlə məlumat verdi:
- Komandir, düşmən böyük itki verib. On üç nəfərlə girdiyimiz döyüşdə altmış yeddi düşmən əsgəri məhv edilib. Bu həqiqətən də böyük qələbədir.
- Hələ bu nədir ki, tezlikə onların axırına çıxacayıq- deyə Fərid cavab verdi.
Ehtiyatdakı qruplar onlara gəlib çatanda artıq döyüş bitmişdi. Yaralılara tibbi yardım göstəriləndən sonra Fərid o biri qrupları yoxlamağa getdi. Geri qayıdanda İbrahim yerində yox idi. Soruşdu, yaralılara baş çəkməyə gedib, dedilər. O da yaralılar olan yerə getməyə hazırlaşırdı ki, birdən güclü atışma, silah səsləri eşidildi. Düşmən əks- hücuma keçmışdi. Zirvənin düşmən olan tərəfindən tanklar vurmağa başladı. Aramsız minomyot atəşləri açılırdı. Düşmən sağ tərəfdən snayperlə və piyada qrupları ilə hücuma keçmişdi. İbrahımgil var gücləri ilə müdafiə olunmağa çalışırdılar. Bir az əvvəl qələbənin sevincini yaşayanlar indi ölüm- dirim savaşında idilər. Dolu kimi yağan atəşdən yaralıları da götürmək olmurdu. İbrahimin bir gözü əsgərlərində idi. Vuruşa- vuruşa onlara da göz qoyurdu. Birdən ən yaxın dostu, əsgəri Turanın vurulduğunu gördü. Atəş bir az səngiyəndə onu götürmək, yarasını bağlamaq üçün sürünərək irəli getdi. Yanına çatar- çatmaz yarasının üstünə əlilə basdı ki, qan çox axmasın.
- Turan, qardaşım, dayan bir az..- deyə onu qucaqladı.Ancaq... düşmən snayperi onu çoxdan nişan almışdı.Əvvəl qarın nahiyəsindən, ikinci atəşdə başından vurulan İbrahimin son sözləri: -Heyf.. Kaş ki, oğlumu, Fəridi bir dəfə də görsəydim, bağrıma bassaydım.... rahat gedərdim- oldu. O körpə balasını son dəfə görə bilməsə də, dediyi kimi, ağır bir yükü onun və yaşıdlarının çiynində qalmağa da qoymadı.
İbrahimi qan aparanda gözü önünə Billurla keçirdiyi bir il on aylıq xoşbəxt həyatın qırıq – qırıq lentləri gəlirdi. Içindəki bala həsrəti o qədər güclü idi ki, canının ağrısı, aldığı yaralar belə onu unutdura bilmirdi. Billura söz vermişdi axı:- “Gələcəyəm, balamızı çox gözəl böyüdəcəyik, bütün arzularına çatdıracağam səni, Billurum”. Deyəsən, əcəl aman verməyəcəkdi.
***
Oktyabrın doqquzu, ya onu olardı. Hərbi hissədən Malikə zəng vurdular. Yaxşı bir xəbər eşitmək ümidiylə telefonu açan atanı eşitdiyi xəbər sarsıtdı:- “İbrahim itkin düşüb”. Xəbər nə qədər ağır olsa da, hardasa ümid işığı da vardı: itkin düşüb, şəhid olmayıb. İbrahimin hansı dostuna, döyüş yoldaşına zəng vurdular, hamısı, İbrahim itkin düşüb, dedilər. Onun altı yoldaşı ilə birlikdə şəhid olaraq düşmən əlində olan torpaqlarda qaldığını heç kəs deyə bilmirdi. Altı şəhidi götürmək üçün hücuma cəhd edən daha dörd igidimiz dost yolunda şəhid olmuşdu. Müharibənin öz qanunları var. Özü də amansız qanunları.
Düz qırx iki gündən sonra İbrahimin dostu Malikə zəng elədi ki,İbrahimin nəşini götürüblər. Beli qırılan ata, evdəkilərə bu ağır xəbəri demədi - qoy hələ bilməsinlər, evə gətirincə özlərini öldürəcəklər. Onsuz da ay yarımdı Kifayət də, Billur da su üzündə gəmi kimidi.- deyə düşündü.
Billur hər gün ondan yaxşı bir xəbər gələcəyini gözləyirdi. Axı noyabr ayı onların özəl, sevdiyi ay idi. İbrahimin bu ayda sürprizləri bitməzdi. Ayın otuzu Billurun ad günü idi. Axşamdan ürəyində sevdiyi ilə danışırdı - “İbrahim, sən bu günümü gözəlləşdirən olubsan həmişə. Hardasan? Nə olar, gəl,sağ- salamat gəlişinlə məni sevindir. Gözümü yolda qoyma”.
Billur İbrahimin xəyalı ilə bütün gecəni yatmamışdı. Sübh çağı gözlərinə şirin bir yuxu gəlmişdi. Demə bu, həyatının son şirin yuxusu idi. Ayılanda qaynanasının fəryadını eşitdi:
- İbrahimmm, bala, niyə belə elədin?
Qaçaraq çölə çıxan Billur:
- Ana, nə olub, İbrahim gəlib? Niyə ağlayırsan?
- Evimiz yıxılıb, gəlin balam, İbrahimi gətirirlər. – Kifayət dili- dodağı əsə- əsə gəlininin boynunu qucaqladı. Billurun əl- ayağı bir anda boşaldı:
- Yoox, ana, ola bilməz! Yalandı! Ibrahim mənə söz vermişdi ki, ad gününə özümü çatdıracağam.
İbrahim sevdiyinin gözünü doğrudan da yolda qoymadı. Düz əlli dörd gün sonra, Billurun ad günündə bayrağa bükülmüş qara tabutda sevdiklərinə unudulmayacaq hədiyyə oldu. Taleyin qəribə işləri var. Billur bilmirdi İbrahimin onun üçün hazırladıı ağır, qiymətli, şərəfli hədiyyəni necə qəbul etsin? Amma biz bir Azərbaycan qadınından danşırıqsa, onun necə edəcəyini də yaxşı bilirik.
Həmin gün, dünyasının alt-üst olduğu gün Billur Fəridi geyindirib babası ilə birlikdə İbrahimi qarşılamağa göndərdi. Özü İbrahimin hərbi formasını geyinib, sevdiyini son mənzilə çiynində daşıdı. Məzarına yana- yana torpaq ataraq, bütün qönçə arzularını İbrahimlə birlikdə basdırdı. Qucaq dolu güllərlə məzarı bəzədi. İbrahim üçün gətirilən güllər sanki, bir də qeyd olunmayacaq ad gününün son hədiyyəsi oldu.
***
İbrahimi gözləri önündə əbədi yolçuluğa yola salan Kifayət ana hələ də balasının yoxluğuna inanmaq istəmirdi. İbrahim gətirilən gün özünü hövllə yerə necə çırpmışdısa, dizi qırılmışdı. Indi çarpayıda, xəstə halda, ayağı gipsdə üzanıb xısın- xısın ağlayırdı. Əli yerdən- göydən üzülmüş anaüzünü göyə tutub yalvarmağa başladı:
- Allahım, sənə qurban olum, üsyan eləmirəm. Balam torpaq, vətən uğrunda gedib. Axı deyirsən, şəhidlər ölmür. Allahım, bir sənsən, bir mən, heç kimə demərəm.Nə olar, möcüzə göstər, heç olmasa, İbrahim balamı bircə dəfə görüm.Axı ürəyim yanır, dözə bilmirəm..
Kifayətin göz yaşları sel kimi axırdı. Bu zaman çöl qapı yavaşca cırıldadı. Ananın ürəyi çırpındı, şiddətlə vurmağa başladı, gözləri dörd oldu: İlahi, duamı eşitdin? Hövlanək İbrahimi görmək arzusuylatez dikəlib oturdu,əyilib qapını sanki gözləri ilə açacaqmış kimi baxdı. Qapı açıldı. Və... balaca Fərid içəri girib, qapının ağzında durdu.
Kifayətin az qala dili tutlacaqdı. Yenə üzünü Allaha tutdu:
- Allahım, sənə min şükür. Sən deyirsən ki, mən İbrahimi sənə yenidən vermişəm. Çox şükür İlahi...
Bu gün hər addımında atasını xatırladan Fərid sanki İbrahimin uşaqlığıdı.
***
Ana, atamın evinə gedək də, nə olar, darıxıram axı...Görəsən, atam niyə gəlmir...? Ana, demişdin gələcək axı..Küsüb bizdən...? Nənə, sən atamı təzədən böyüdürsən də, hə?
Ana, tez ol, gedək atanın evinə, o bizi gözləyir. Mənim ona sürprizim var. Şeir deyəcəyəm atama. Atam sevinəcək hə, ana?
Beş yaşlı Fəridin durmadan verdiyi bu suallara cavab vermək çox çətindir.
Ana, mənim atam yoxdu axı, babama ata desəm, olar?
Yox, oğlum, baba elə babadı. Sənin atan göylərdədi. O bizi görür, səni çox sevir. Dərslərini yaxşı oxu, nənənin sözünə qulaq as ki, ata də görüb sevinsin.
Böyüdükcə, yaşa dolduqca hər şeyi anlayacaq Fərid. Verdiyi sualların cavabını özü tapaçaq, özü yaşayacaq.Başa düşəcək ki, onun atası bir vaxtlar izlədiyi“Ölməz qəhrəmanlar” filmindəki kimi əbədiyyət yolunun ölməz yolçusudur,Azərbaycan xalqının qəhrəmanıdır.
Müqəddəs qaraca torpağı qırmızı qanıyla ağ günə çıxardan igidim! Getdiyi yoldan dönməyənim! Bir çiynində odlu silah, bir çiynində yaralı dostla şəhadətə, zəfərə doğru addılayanım, ruhun şad olsun! Səndən yazmaq, səndən yaza- yaza çıxdığım bu yolun şəhidi olmaq istəyirəm, mənim şəhid qardaşım!
Təranə Arifqızı,
Yazıçı-publisist
ÖLMƏZ QƏHRƏMAN
Salam, İbrahim, salam, bu gün qonağım sənsən.
Vətən- şəhid- qələbə-danışaram, nə desən.
Billurun da burdadı, səndən deməyə gəlib.
Şəhidimin adıylayaşayır oğlun Fərid.
Anan sənlə yaşayıb, sənlə ölür günbəgün.
Sevincini, dərdini sənlə bölür o, hər gün.
Atanın bala dağı sağalmır neçə ildi,
Dindirdim fəxrlə mən, o göz yaşıyla dindi.
Deyirlər, toy günündə himnimiz ucalıbdı.
Üçrəngli bayrağımız gözəl dalğalanıbdı.
Vətən öncədir-deyib, savaşa yollanmısan.
Qisası almaq üçün yanıb, alovlanmısan.
Qanına bələnmisən torpaq, vətən yolunda.
Yoldaşın şəhid olub can verib öz qolunda.
Demisən, mən qoymaram nəşin düşmənə qala.
Şəhidimlə vurulub şəhid olmusan, bala.
Günlərlə itkin kimi xəbərini veriblər.
Qırx iki gündən sonra şəhid oldu, deyiblər.
Sevdiyinin ad günü nəşin gəlib hədiyyə.
Vətən sağ olsun, deyib, naləsi qalxıb göyə.
Sənin zabit formanı geyinibdi əyninə.
Sənlə dolu tabutu Billur alıb çiyninə.
Son dəfə görüşünə gəlib al güllər ilə.
Yansa da torpaq atıb məzarına əliylə.
Bütün arzularını dəfn eləyib torpağa.
Çünki sənlə toy günü and içmişdi bayrağa.
Sənə son bir sözüm var, mənim şəhid qardaşım.
Adınla nəfəs alır sənin həyat yoldaşın.
Səninlə addım atır körpə Fəridin hər an.
Oğlunda yaşayırsan, sən ey ölməz qəhrəman!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 01 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















