“Addım at, Serji rədd et”: inqilaba baxış, yoxsa...
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Armen Qriqoryanın kitabı niyə güclü əks-səda yaradıb?
“Bunu gizlətmək istəmirəm, amma son 8 il ərzində elə günlər olub ki, Ermənistanın Baş naziri olduğum günə lənət etmişəm”. Bu fikri Nikol Paşinyan Ermənistanın artıq sabiq Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yeni çapdan çıxmış “Addım at, Serji rədd et” kitabının sentyabrın 5-də İrəvanın Milli Qalereyasında keçirilmiş təntənəli təqdimat mərasimində səsləndirib.
Əvvəla, onu deyək ki, Qriqoryanın kitabı ölkədə geniş diskussiyalar doğurmaqdadır. Müzakirələrin üzdə olan görüntüsü onu deməyə əsas verir ki, nəşr erməni milli identikliyindən imtinanın tarixidir. Yəni imtinanın tarixi 2018-ci ilin “məxməri inqilabı” ilə başlayıb. Söhbətimiz bu barədədir.
N.Paşinyanın təqdimat mərasimində başqa nələrdən danışdığına diqqət yetirəcəyik. Maraqlısı budur ki, A.Qriqoryan “Addım at, Serji rədd et” kitabını Təhlükəsizlik Şurasının katibi postundan uzaqlaşmasından sonra çap etdirib. Halbuki, 2018 və 2019-cu ilin hadisələrini özündə əks etdirən nəşrin mətninə sonrakı müddətdə heç bir əlavə və dəyişiklik olmayıb. Görəsən, A.Qriqoryan niyə bu qədər gözləyib? Sual açıqdır. Amma...
“Əmma” barədə söz açacağıq. Bilavasitə kitabın özünə gəldikdə, bildirək ki, nəşrin əsas mövzusu 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab”la yanaşı, həmin inqilaba aparan proseslərin təsviri üzərindədir. Müəllif hadisələrin birbaşa iştirakçısı olduğundan, yazdıqları klassik siyasi araşdırmadan daha çox memuar və sənədli-siyasi xronika xarakteri daşıyır. Ermənistan hökumətinin kitab haqqında açıqlamasında da nəşr 2018-ci ildə qeyri-zorakı, “məxməri inqilab”ın təşkilati və tarixi dönüşlərini əks etdirən sənədli əsər kimi təqdim olunur.
Yeri gəlmişkən, nəşrin adı 2018-ci il Ermənistanının əsas siyasi şüarlarından biri olan “Addım at, Serji rədd et” ifadəsindən götürülüb. Bu şüar Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın dövlət başçısı postundan sonra baş nazir vəzifəsinə keçməsinə qarşı etirazların əsas mobilizasiya vasitələrindən idi. Ətraflı desək, 2018-ci ildə Ermənistan konstitusiya dəyişikliklərindən sonra prezident üsul-idarəsindən parlament sisteminə keçmişdi. Sarkisyan prezidentlik müddətinin başa çatmasından sonra baş nazir olmaq istəmişdi. A.Qriqoryan isə həmin dövrdə N.Paşinyanın rəhbərlik etdiyi və Serjikə qarşı yönəlmiş etiraz hərəkatının təşkilati proseslərini, yürüşləri, küçə aksiyalarını və vətəndaş itaətsizliyi taktikasını göstərib. Yəni prosesin içəridən necə təşkil edilməsindən söz açıb. Ermənistan hökumətinin təqdimatında da əsərin mühüm hissəsinin məhz təşkilati detallar və küçə mübarizəsinin taktikasına həsr olunduğu vurğulanıb.
Yalnız siyasi hadisələrin təsvirindən ibarət olmayan kitabı barədə fikir bildirən Qriqoryanın sözlərinə görə, nəşr “birgə mübarizə, keçilmiş yol və daxili düşüncələr” haqqındadır. Paşinyana gəldikdə, o, yuxarıdakı fikri ilə yanaşı, onu da bildirib ki, 2018-ci il inqilabına münasibəti zaman keçdikcə dəyişib. Yəni münasibəti dəyişdiyindən, baş nazir olduğu üçün peşmançılıq duyduğu vəziyyətlər olub (?). Görəsən, Nikol niyə peşmançılıq keçirib, suala cavab açıq olaraq qalır. Qriqoryanın kitabı isə təkcə 2018-ci ilin hadisələri haqqında memuar deyil, həm də Paşinyan hakimiyyətinin səkkizillik siyasi yoluna yenidən baxılması üçün maraqlı mənbədir. O yola ki, onun başlanğıcında sonradan dəyişəcək Qarabağ xətti var.
“Addım at, Serji rədd et” kitabının tam mətni açıq mənbələrdə əlçatan olmadığından, orada Qarabağ məsələsindən söz açılıb-açılmamasından xəbərimiz yoxdur. Ancaq müəyyən ehtimallar irəli sürmək mümkündür. Birincisi, Qriqoryan özü Azərbaycan doğumludur, yəni əslən Xocavənddəndir. İkincisi, Paşinyan 2018-ci ildə komandasında qarabağlıların olmaması ilə bağlı ona ittiham yağdıranlara TŞ katibini göstərmişdi. Daha vacib məqam isə 2018-2020-ci illərdə Qriqoryanın özünün Qarabağ məsələsində sərt mövqe nümayiş etdirənlərdən biri olmasıdır. Məsələn, o demişdi ki, erməni əsgərinin ayaq basdığı bütün ərazilər Ermənistandır. Bəli, Qriqoryanın Qarabağ mövzusunda 8 il əvvələ aid çoxsaylı sərsəm bəyanatları var. Nəzərə alaq ki, o, vəzifəyə gəldikdən qısa müddət sonra Paşinyanla birlikdə Qarabağa səfərlərdə iştirak etmiş, yaydığı məlumatda Baş nazirin işgüzar səfəri zamanı onunla birlikdə “Artsax respublikası”na getdiyini demişdi. Həmçinin Qriqoryan 2018-ci ilin iyulunda separatçı rejimin rəhbərliyi ilə təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmış, Ermənistanla Qarabağı “iki erməni dövləti” kimi təqdim edən cəfəng terminologiyaya baş vurmuşdu.
Bundan başqa, Qriqoryan həmin ilin noyabrında Qarabağa növbəti səfər reallaşdırmış, qondarma rejimin oyuncaq liderləri ilə görüşmüşdü. Görüşdə “iki erməni dövləti arasında qarşılıqlı anlaşma və dəstəyin yüksək səviyyəsinə” dair sabun köpüyü buraxılmışdı. Armenin 2019-cu ilin mayında ABŞ-a səfəri zamanı Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi Fiona Hill ilə görüşü barədə yayılmış məlumatda Qarabağ məsələsinin müzakirə olunduğu bildirilmişdi.
Ümumən, 2019-cu il görüşləri və təmasları onu söyləməyə əsas verir ki, Qriqoryan üçün Qarabağın təhlükəsizliyi ön planda dayanmışdı. 2020-ci ilin əvvəli də bu baxımdan vurğulanmalıdır. Onu da nəzərə alaq ki, Qriqoryan həmin ilin avqustunda, yəni 44 günlük müharibəyə cəmi bir neçə həftə qalmış Qarabağın gələcək statusu üçün “birləşmə” və “müstəqillik” variantlarından danışmışdı. Bütün bunlara görə onun 2025-ci ildə “2018-ci il inqilabının gündəliyi Qarabağla bağlı deyildi, tamamilə daxili siyasi gündəm idi” deməsi təzadlıdır.
Deməli, 2018-ci ildə Qarabağ məsələsinə çox sərt mövqedə olan siyasi düşərgənin nümayəndəsi sonrakı illərdə Paşinyan hakimiyyətinin Qarabağ siyasətinin formalaşmasında iştirak edib. Ona görə də Qriqoryanın kitabını Ermənistan siyasi elitasının transformasiyasının ilkin mənbələrindən biri kimi də qiymətləndirmək mümkündür. Elə kitabla bağlı erməni mediasında irəli sürülən fikirlərdə də bu məqam vurğulanır. Qriqoryanın əsəri 2018-ci il inqilabının xronikası kimi təqdim edilsə də, digər yandan, bəzi hay ekspertləri müəllifin sonrakı siyasi yolunu xatırladırlar. Onlar deyirlər ki, 2018-ci ildə “köhnə Ermənistanı” dəyişdirmək üçün başlayan proses 2020-ci il müharibəsinə və Qarabağın itirilməsinə gətirib çıxardı, bəs nəticəyə görə siyasi məsuliyyət kimin üzərindədir?
...“Addım at, Serji rədd et” kitabı haqqında tənqidi yazılardan birində Qriqoryanın siyasi yolunun “Sarkisyanı rədd etməkdən” Qarabağın itirilməsinə qədər gəldiyi iddia edilir. Əlbəttə, nəşrə bilavasitə Ermənistanın sırf 2018-2019-cu illər tarixinin təsviri baxımdan yanaşmaq, mülahizə və ittihamları kənara qoymaq da mümkündür. Amma haqqında söz açacağımızı bildirdiyimiz “əmma” var. “Əmma” isə budur ki, ölkəsinin TŞ katibi kimi vacib postu tutmuş müəllif memuar yazırsa, deməli, o, siyasi karyerasının başa çatması ilə barışır. O zaman sual olunur: Qriqoryan nə üçün karyerasının yalnız iki ilinə fokuslanır?
Məlumat üçün deyək ki, A.Qriqoryanın atası eks-prezident S.Sarkisyanın yaxın ətrafına daxil olan şəxslərdən biri olub və məhz bunun sayəsində Xocavənddə doğulan Armen xaricdə yaxşı təhsil almaq imkanı əldə edib. Lakin müəyyən mərhələdə Sarkisyanla ata Qriqoryanın yolları ayrılıb və bundan sonra bala Qriqoryan Serjikə qarşı mübarizəyə başlayıb. Bu dalğada o, N.Paşinyanın inqilabına qoşulub və baş nazirin yaxın ətrafında yer alıb. Məsələyə mövcud kontekstdən yanaşanlar “Addım at, Serji rədd et” kitabını Qriqoryanın etirafı sayırlar. Başqa sözlə desək, Armen bu nəşrlə sübut etməyə çalışır ki, məqsədi yalnız “Serji rədd etmək” olub, sonra yaşananlar onluq deyil. Görəsən, niyə məsuliyyətdən yayınır? Bəlkə vəzifədən uzaqlaşdırılması ona ağır gəlib?
Sonda onu da bildirək ki, N.Paşinyanın təqdimatda iştirakı və çıxışı, bir növ, inqilabla vidalaşma təsiri bağışlayıb. O bildirib ki, hazırda yeni inqilab haqqında düşünür və bu zaman özəl mülkiyyətə və irsi aristokratiyaya qarşı çıxan sosialistləri – Lenini və Mao Tzedunu xatırladıb. Belə bir əndrəbadi xatırlatmadan sonra Nikolun 2018-ci il hadisələrini “uğur” adlandırması əhəmiyyət daşımır. Qriqoryanın həmin inqilaba söykənib onu yüksək tonla təqdim etməsində də tutarlı heç nə yoxdur. Həm də ona görə ki, 2018-ci ildə Ermənistanda xalq inqilabı yox, hakimiyyət dəyişikliyi, faktiki olaraq, çevriliş baş vermişdi. Heç şübhəsiz, proses uğur qazanmasaydı, Qriqoryan indi həbsxana memuarı üzərində işləyirdi.
Ə.CAHANGİROĞLU
XQ
Baxış sayı:97
Bu xəbər 09 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















