Adıgözəlov limitin ləğvini istəyir: “Belə gedişatla yüksək keyfiyyətli futbolçu yetişməyəcək”
“Sabah”ın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlovla budəfəki müsahibəm klubun Şüvəlanda rekonstruksiya olunan yeni məşq mərkəziylə tanış olmaqla başladı. Maqsud bəyin bələdçiliyilə yüksək səviyyədə təmir olunan mərkəzin bütün guşələrini görəndən sonra 300-dən çox müxtəlif dil və məzmunlu kitabın olduğu stendin yanında oturduq. Geniş söhbət başladı…
“Bu sualı bəzən özümüz özümüzə də veririk”
– Subyektiv fikrimdir, sizinlə son müsahibəmdə bildirmişdim ki, Renduliç yaxşı seçimdir, Avroliqada parlaq oyunlarla yadda qaldı. Bəs onunla yolların ayrılmasında qırılma nöqtəsi nə oldu?
– Renduliç haqda soruşmuşdunuz və demişdim ki, vaxt lazımdır. Bəli, yaxşı oyunlarımız olub. Xal gözləntisi deyilən şey var, daha çox toplamalı idik. Səhv etmirəmsə, təxminən 7 oyunda xal itirmişdik. Artıq başa düşürdük ki, komanda bu durumdan çıxmalıdır. Fikirləşirdik, məşqçi ilə də danışmışdıq və gördük ki, vəziyyət düzəlmir. Renduliç qərarı peşəkar kimi qəbul etdi. Qərarı ona deyəndə bildirdi ki, gözləniləndir və bu işimizin bir parçasıdır.
– Berezutskinin təyinatında ən çox müzakirə olunan məsələ onun baş məşqçi kimi ilk təcrübəsini “Sabah”da yaşamasıdır. Bu riski necə hesabladınız?
– Əvvəlcə Berezutski ilə bağlı özümüz araşdırma apardıq, onun çalışdığı klubların oyunlarını təhlil etdik. Bundan sonra bəzi mütəxəssislərlə məsləhətləşdik. Məsələn, Qonçarenko ilə danışmışdım. O, “Krasnodar”da Berezutski ilə birlikdə çalışıb. Həm Qonçarenko, həm də danışdığımız başqa mütəxəssislər Berezutski ilə bağlı ancaq xoş fikirlər bildirdilər. Sonra özü ilə görüşüb, danışdıq və razılığa gəldik. Uğur o zaman olur ki, biri şans verir və digəri bu şansdan istifadə edir. Təcrübəli məşqçi seçimində də müəyyən risklər olur. Ümumiyyətlə, futbolda heç bir qərar qarant deyil.
– Bu bəs etdi?
– Bilirsiz, o vaxt Murad Musayev “Krasnodar”da ilk təcrübəsini yaşamışdı, bizdə necə işlədiyi də məlumdur. Berezutskinin futbolçu karyerası zəngin olub və Rusiyada “top 10” futbolçulardan biri idi. Eyni zamanda Slutski ilə birgə işləyirdi. Onun komandalarının necə oynadığını bilirdik.
– Siyahıda yerli məşqçi də vardı?
– Bəli siyahıda yerli məşqçi də var idi.
– “Sabah” çox yaxından və maraqla izlədiyim komandadır. Sizdə sabitlik yoxdur…
– Bəli, bununla razıyam.
– “Makkabi” ilə avrokubok matçında fantastik oynadınız. Lakin sonra gah eniş, gah yüksəliş oldu. Bu, nədən qaynaqlanır?
– Dəqiq cavab vermək çətindir. Bu sualı bəzən özümüz özümüzə də veririk. Məncə, futbolçuların yanaşması məsələsi bunda müəyyən rol oynayır. Məsələn, “Qarabağ”, “Neftçi”, “Zirə” ilə oyunlara baxın, görün necə oynayırıq. “Qarabağ”la yaxşı mübarizə aparırıq, amma “Şamaxı” ilə matçda uduzuruq. Ayxan Abbasova böyük hörmətim var, yaxşı komanda yaradıb, lakin bu iki komanda arasında səviyyə fərqi barədə əlavə izaha məncə, ehtiyac yoxdur. Bu cür oyunlarda sanki futbolçularda qələbə qazanacaqları ilə bağlı rahatlıq olur. Sırf indidən danışırıqsa, problemi yanaşmada görürəm. Ümumi danışırıqsa, təcrübə lazımdır.
“Avrokuboklara vəsiqə qazanmasaq bunu bizim üçün uğursuzluq sayacağam”
– Təcrübəyə brutallıq qatmaq lazımdır? Bəlkə, idarəçilikdə qədərindən “yumşaq” davranırsınız? Yəni, bəlkə bir az sərt üsluba ehtiyac var?
– Düşünürəm ki, qaydalar çərçivəsində kifayət qədər sərtlik var. Sadəcə, çalışırıq ki, hər hansı qərar veriləndə ədalətli olaq. Bu, bizim imicimizdir. Peşəkarlığa uyğun lazımi hər şeyi edirik.
– Belə çıxır ki, əsas məsələ təcrübədir…
– Bəli, özümüzə də vaxt lazımdır. Hərdən bizim tez-tez məşqçi dəyişdiyimizlə bağlı fikirlərə rast gəlirəm. Təcrübəsiz olduğumuza görə belə etdiyimizi düşünürlər. Lakin bəzi böyük klublarda da belə halların şahidi oluruq. Bəs onlarda bu nə ilə bağlıdır?! Hər klub öz məşqçisini tapmaq istəyir. Eyni şey futbolçular üçün də keçərlidir.Bəzən oyunçular da yeni klubunda özünü dərhal sübut etmir, bunun üçün müəyyən vaxta ehtiyacı olur. Mənə elə gəlir ki, bizə də vaxt və təcrübə lazımdır.
– “Araz-Naxçıvan” və sizdən şəraiti aşağı olan “Turan Tovuz” sizdən öndədir. Avrokuboklara düşməsəniz, bunu uğursuzluq sayacaqsınız, ya klubun strategiyası başqadır?
– Avrokuboklara vəsiqə qazanmasaq, bunu bizim üçün uğursuzluq sayacağam. Çünki, Avropada oynamaq çox vacibdir. Bu mövsümdə, Konfrans Liqasında “Makkabi”ni penaltilərlə keçdik. İnanın, buna bir mövsüm öncə – “Partizan”la oyundakı təcrübə sayəsində nail olduq. Oyunçular, məşqçilər artıq “Partizan”la oyunda nələrin çatmadığını görmüşdülər. Klubun inkişafı baxımından Avropaya düşmək çox vacibdir. İnkişaf istəyiriksə, mütləq orda olmalıyıq. Turnir cədvəli… Azərbaycan çempionatında ötən il də eyni vəziyyət idi. Komandalar arasında xal fərqi böyük deyildi. Ötən il bu vaxt kubokla vidalaşmışdıq, amma indi davam edirik. Düşünürəm ki, çempionatda hazırkı mövqeyimizi yaxşılaşdırmaq mümkündür.
– 2018-ci ildə əsası qoyulan klubsunuz. Artıq klub mentaliteti yaranıbmı?
– Bu yolda irəliləyirik. Nələrəsə çatmışıq. Artıq klubun “identifikasiya kodu” var, bizi tanıyır, bilirlər, rənglərə öyrəşiblər, böyük olmasa da, fan klubumuz var, klubun mağazaları fəaliyyətdədi. 6 ilə ölkə səviyyəsində normal akademiya yaratmışıq. Öz yolumuz var və bu yolda irəliləyirik. İki il ardıcıl avrokubokda oynadıq. Artıq deyə bilərik ki, bizi Avropada və postsovet məkanı ölkələrində də müəyyən qədər tanıyırlar.
– Əsas odur, yoldasız…
– Bu yol heç vaxt bitmir, bu yolda dayanmamalıyıq. Məşq mərkəzimizi gəzəndə gördünüz, girişdə böyük hərflərlə yazılıb: “Heç kəs klubdan yüksək ola bilməz”. Mən və ya başqa kimsə burda olmasa belə, klub yaşamalı, böyüməlidir. 15-20 ildən sonra da işlər görüləcək. Veteran futbolçularımız, inşallah, böyük azarkeş qruplarımız olacaq. Bu yol davam edir və edəcək.
“Seçim edərkən pasporta yox, kriteriyalara baxırıq”
– Qarşıdan qış transfer dönəmi gəlir. Berezutskinin gəlişi Rusiya bazarına diqqəti artıracaq?
– Futbolçu seçimində ölkənin bizim üçün fərqi yoxdur.
– Həyətdə ciddi dəyişikliklər olacaq?
– Xeyr, bəzi mövqelər var, onlar güclənməlidir. Ola bilsin alınsın, ola bilsin yox. Maksimum 1-2 transfer gözlənilir. Rusiyadan uyğun legioner gətirməyimiz real görünmür.
“Rusdilli olsa, nə olar?”
– Berezutski ilə söhbətlərinizdə onun Murad Musayevlə hansı fərqini hiss edirsiniz?
– Çox oxşar insanlardır. Ən əsas, ikisi də intellektualdır, ikisi də oxumağı xoşlayır, maraqlı danışıq qabiliyyətləri var. Düzü, bu iki məşqçi arasında hər hansı müqayisə aparmaq istəməzdim.
– Kobud səslənsə də, soruşacam. Hansı məşqçini “Sabah” üçün daha faydalı etmək olardı? Yəni, hansı ideya olaraq daha zəngin idi?
– Murad Musayev “Sabah”da çalışdığı zaman kluba öz töhfəsini verdi. Komanda onun dövründə parlaq oyun sərgilədi, indiyə kimi olan ən uğurlu mövsümünü keçirdi. Vasili ilə isə hələ yola yeni çıxmışıq. İnanıram ki, onunla işbirliyimiz də uğurlu olacaq.
– Deyirlər, “Sabah” slavyan, daha dəqiq, rusdilli məşqçilər gətirir. Müzakirə olunur…
– Sadəcə təsadüfdür. Biz seçim edərkən pasporta yox, kriteriyalara baxırıq. Seçimlərimiz zamanı bir çox nüans rol oynayır. Faydalı ola biləcəyini düşündüyümüz məşqçi ilə anlaşırıq. Murad rus dilində danışır, ingiliscə də bilirdi. Vasili isə rus, ingilis dillərindən başqa ispan dilində də danışır. Məşqlərdə ən çox ingiliscədən istifadə olunur. Rusdilli olsa, nə olar?
– Akademiyada vəziyyət necədir?
– Biz yarananda 12-13 yaşında olanlar indi U-19 komandasındadır. Onların nəticələrini də görürsünüz. Fikirləşirəm ki, 2 ildən sonra həmin komandadan uşaqları əsasda görəcəyik. İndi 4 yetirməmiz əsas komanda ilə qış təlim-məşq toplanışında olacaq. Akademiyanı necə uğurlu saymaq olar?
1) Buradan futbolçunun əsas komandaya yüksəlməsi.
2) Akademiyadan çıxmış futbolçunun satışından gəlir əldə edilməsi.
Azərbaycanda futbolçu satışından gəlir əldə etmək çətindir. Qalır həmin futbolçuların əsas komandaya qalxması. Bir neçə ilə bunları görəcəyik. Müsahibələrin birinə baxırdım, orda qeyd olunmuşdu ki, akademiyalardan oyunçu çıxmır.
17 yaşından bizimlə olan Xəyal Əliyev ötən il əvəzedici komandada idi, indi isə əsasdadır, Yusif İmanov akademiyadan çıxıb, Abdulla Xaybulayev 17 yaşından bizdədir, Şakir Seyidov da həmçinin. Rauf Rüstəmli, Ceyhun Nuriyev, Veysəl Rzayev kimi futbolçular da gənc yaşlarından bizimlə olublar.
– 13 yaşa qədər olan komandaların çempionatında oyun nəticələrinin qeydə alınmaması məsələsinin ləğv olunacağı deyilir. Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz, buna münasibətiniz necədir?
– Avropada futbol fərqlidir. Hesabların olmamasının səbəbi uşaqların stressdən kənarda qalmasına hesablanıb. Ancaq düşünürəm ki, sünilik lazım deyil. Onsuz da valideynlər arasında nəticələri qeydə alanlar çoxdur, hətta turnir cədvəli tutanlar da var. Məncə, nəticələri qeydə almamaq sünidir və heç bir tərəf buna əməl etmir.
“Belə gedişatla yüksək keyfiyyətli futbolçu yetişməyəcək”
– Bəyəndiyim məsələlərdən biri komandanın 12-13 yaşlılarında uşaq sayının çox olmasıdır. Əvvəlki müsahibəmizdə demişdiniz ki, uşaqlardan imtina etmək yox, komandanı 2-3 yerə bölmək yaxşıdır, qoy hamı oynadın, öyrənsin…
– Güc nisbəti yaxın olan komandalar bir-biri ilə nə qədər çox oynasa, həmin uşaqlar daha çox inkişaf edərlər. Elə komandalar var ki, erkən yaşlarda böyük hesablarla uduzurlar. Məsələn, U-17-lərdə 17:0 hesabı olmamalıdır, bu, düzgün deyil. Liqalar zəiflər və güclülərə bölünməlidir. Düşünürəm ki, Azərbaycanda 15 yaşa qədər uşaqlar üçün də daha yuxarı yaş qruplarında olduğu şəkildə çempionat olmalıdır.
– İcraiyyə Komitəsinin son iclasından çıxan qərarlara əsasən demək olar ki, passiv keçib. Ölkə futbolunun yeni inkişaf strategiyası haqda qərar gözləsə də, nəticə yoxdur.
– Strategiya hazırdır, ən qısa müddətdə açıqlanmalıdır. Tərkiblə ümumi tanışlıq da var. Bəzi dəyişikliklər olacaq.
– Dəyişikliklər çoxdur?
– Böyük layihədir, müəyyən dəyişikliklər var.
– Legioner limiti mövzusunda da aktivsiniz. Niyə limitin ləğvində israrlısız?
– Limitin olması mənə süni gəlir. Düşünürəm ki, nəsə gözləyiriksə, burdan başlamalıyıq. Heç bir oyunçu arxayın olmamalıdır ki, limitə görə oynadılacaq. Belə gedişatla yüksək keyfiyyətli futbolçu yetişməyəcək. Biz hələ əvvəlcə aşağı yaşlardan dünyaya çıxa biləcək səviyyədə oyunçular yetişdirməliyik. 12 yaşlı uşaqlardan başlamalıyıq ki, 8-10 ildən sonra əlimizdə “material” olsun. Amma bu uşaqların bütün inkişaf mərhələləri diqqətlə izlənməlidir. Məsələn, həmin uşaqların yer alacağı U-17, U-19 komandaları artıq müəyyən nəticələr versələr, həmin nəsildən A millidə də nəticələr gözləyə bilərik.
Çempionatda olan 21 yaş limitinin ləğvi gündəmə gələndə mən bunun lehinə idim. Deyirdilər ki, bu limit ləğv olunsa, gələcəkdə milli üçün yerli oyunçu tapılmayacaq. Lakin həmin vaxtda limitə görə klubunda şans qazanan 21 yaşlı futbolçular bu qərarın ləğvindən sonra da şans qazanmağa davam etdilər. İndi baxın, demək olar, hər komandada bu yaşda uşaqlar əsas komandaya düşə bilirlər. Həmin məsələ əsas yığmaya da aiddir. Yerli oyunçuların səviyyəsinin artmasını istəyiriksə, onlar legionerlərlə rəqabət aparmalıdırlar.
– Yerli gənc oyunçu legionerlərlə necə rəqabətə girsin? Bir misal çəkim. Bakı-Quba yolu ödənişli olanda deyirdilər ki, əvvəlcə buna alternativ normal yol olmalıdır. Həmin yol təmir edildi, sonra yeni çəkilən ödənişli oldu. İndi yerli gənc oyunçuların özünü göstərməsi üçün alternativlər yoxdursa, limitsiz liqada bunu necə bacaracaqlar?
– Bunun üçün müəyyən meyarlar olmalıdır. Məsələn, limit ləğv olunsun və hamı 30 legionerlə oynasın – bunu nəzərdə tutmuram. Məncə, iştirak ərizəsində legioner sayına limit olmalıdır. Müəyyən olunmuş saydan çox legionerin hər biri üçün üçün müəyyən əlavə məbləğ təyin olunmalıdır. Fikrimcə, legioner üçün təyin edilmiş rüsum əsasında müəyyən fond yaradılmalıdır. Həmin vəsait yerli oyunçulara şans verən klublar arasında bölünməlidir. Məsələn, futbolçuların şans qazandığı dəqiqə əsasında. Legioner cəlb edən klublar isə müəyyən olunmuş saydan çox legionerin hər biri üçün müəyyən əlavə məbləğ ödəyəcəyindən, məcbur olacaq ki, daha keyfiyyətli legioneri seçib gətirsin. İştirak ərizəsinə 5-8 yerli futbolçu daxil edilsə, bu, o deməkdir ki, həmin oyunçular legionerlərlə rəqabət aparacaq.
“Sabah qərar versəydik ki, Santuş getsin, soruşulacaqdı ki, niyə vaxt vermədiniz”
– Siz dediyiniz müsbət məqamlardır. Lakin neqativ məsələlər də var: menecerlərin bazarı. Bu məsələdə mənfəətlərin güdazına getmək ehtimalı böyükdür. Bunlara qarşı nələrsə nəzərdə tutulmalıdır?
– Federasiya buna necə təsir edə bilər? Hər klubun yəqin ki, nəzarət mexanizmi var.
– 2-3 klubdan başqa demək olar, digərləri yerli oyunçu oynatmağa meyilli deyillər. Buna nə etmək olar?
– Bu hər klubun istəyinə və strategiyasına bağlı olan məsələdir. Klubları hər hansı qaydalarla zorla yerli futbolçu oynatmağa məcbur etməklə keyfiyyəti artıra bilmərik. Bu, istənilən halda müsbət effekt verməyəcək. Klubun bununla bağlı öz strategiyası, marağı olmalıdır.
– Milli komandanın baş məşqçisi ilə bağlı soruşmaq istəyirəm. Kənardan tamaşaçı mövqeyi budur ki, Santuş faydalı olmadı və perspektivi yoxdur. Lakin onunla davam ediləcək…
– Santuş yeni gəlib. Niyə göndərilməlidir? Bu, milli komandadır. Sabah qərar versəydik ki, Santuş getsin, soruşulacaqdı ki, niyə vaxt vermədiniz. Bu adam İsveçə, Slovakiyaya qarşı nə etməli idi… Santuşla bağlı bir şeyi deyə bilərəm, çox işgüzardır. İşinə, ölkəmizə böyük hörmətlə yanaşır. Sadəcə, gözləntilər böyükdür. Mən realistəm. Santuş bizə çox şey verə bilər, amma biz nə istəyirik? Avropaya çıxmaq? İndiki imkanlarla mümkün deyil, Santuş olmasın, başqası olsun. Santuş işləyir. Bəzi şeylər dəyişməlidir. Limit mövzusunda dediyim məsələlər burda da aktualdır.
– Milli əvvəlki qədər mükafat almır. Bunun təsiri var sizcə?
– Mükafatların məbləği azalıb. Fikrimcə, bunun oyuna təsiri olmamalıdır. Ümumiyyətlə, məncə, sırf nəticəyə görə bonuslar olmalıdır. Yəni, imkanlara uyğun nəticələr. Futbolçular klublarda maaş alır. Onlar yığmada bayraq, ölkə üçün oynamalıdır. Düşünməlidir ki, mən əsgərəm. Pul mükafatını düşünəndən milli üçün faydalı futbolçu olmayacağını düşünürəm. Təbii ki, bunlar mənim subyektiv fikrimdir.
– Yığma üçün döyüşmək məsələsi yaxşı mövzudur. Milli ətrafında ideoloji boşluq var. AFFA tərəfindən bu istiqamətdə işlər görülməlidir?
– İdeoloji təbliğatın necə aparılmalı olduğunu ilə bağlı hər hansı fikrim yoxdur. Mən bu işin mütəxəssisi deyiləm. Azərbaycanlıyam və milliyə çağırılıramsa, artıq əlavə motivasiyaya ehtiyacım olmamalıdır.
– Maraqlıdır. Əvvəllər AFFA İcraiyyə Komitəsinin bəzi üzvləri və sizi belə millinin səfər oyunlarında görmüşəm. İndi nəinki İK üzvləri, heç AFFA rəhbərliyi də səfər oyunlarına getmir…
– Millimizin ölkədə keçirilmiş bütün oyunlarına getmişəm. O ki qaldı səfər oyunlarına, şəxsən mənim səfərdə olmağımın milli üçün faydalı olduğunu görsəm, mütləq gedəcəm. Ancaq hazırda hər hansı xeyrimin olacağını düşünmürəm. Millinin səfər oyunlarına turist kimi getməkdə hər hansı məna görmürəm.
Elçin Cəlilov
26 Dekabr 2024, 10:15
24 Dekabr 2024, 11:25
22 Dekabr 2024, 18:25