Vasif Adıgözəlov Narahat ruhun əbədi hüzuru Vasif Adıgözəlov 90
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bizim taleyimiz: irsi yaddaşın, ətraf mühitin və zəruri təsadüfün harmoniyasından yaranır.
Rünoske Akutaqava
90-cı mövludu tamam olan Azərbaycan respublikasının Xalq artisti, Dövlət mükafatı, "Şöhrət" və "İstiqlal" ordenləri laureatı, görkəmli bəstəkar, professor Vasif Adıgözəlovun çox şaxəli yaradıcılığı muğam, aşıq sənəti, rəqs musiqisi və folklor tərkiblərinin müasir musiqi cərəyanları ilə ortaq sintez axtarışlarından doğan, dərin fəlsəfi əqidəyə malik əsərlərdən ibarətdir. Bu baxımdan bəstəkar irsinin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi, professor İmruz xanım Əfəndiyevanın fikirləri yerinə düşər: "...Vasif Adıgözəlovun yaratdığı gözəl əsərlər nəinki Azərbaycan, həmçinin dünya və xüsusilə, türk xalqlarının tərəqqisində, milli intibahında böyük rol oynayır. Tanınmış bəstəkarın geniş yayılmış və xalq tərəfindən sevilən əsərləri dərin fəlsəfi ideyası, vətəndaşlıq qayəsi, emosionallığı, ehtiraslığı, milli ənənələrə bağlılığı, incə psixologizmi və şairanə lirizmi ilə seçilir..."

... Vahid, istərsən əgər məclisimiz xoş keçsin,
Zülfünün "Orta Segah"i, Paşanın tarı gərək.
Əliağa Vahid
Azman muğam ustası, Qarabağ kökənli Zülfü Adığözəlovun ailəsində dünyaya gəlmiş Vasif Adıgözəlovun musiqi həyatı ilə ilk təmas hələ ətraf mühitin anlamaq iqtidarında olmadığı zamanda, körpəlikdən başlamışdı. Bəstəkarın xatirələrindən: "Muğam ustalarından Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqaları əziz qonaqlarımız olub, o cümlədən maestro Niyazi atamın səsindən yazdığı "Əlimdə sazım qurbanı" xalq mahnısını sonradan "Rast" simfonik muğamının partiturasına həkk etdi. "Görkəmli musiqişünas alim, professor Ramiz Zöhrabov Zülfü Adıgözəlovun ifa üslubunu tədqiq edərək yazırdı: "...Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır..."
XX əsrin böyük qəzəlxanı, Əliağa Vahid Z.Adıgözəlov sənətinin və şəxsiyyətinin böyük pərəstişkarı idi. Başlıqda "Gərək" rədifli qəzəlindən verilən iki misrada şair dəyərli xanəndənin adını böyük sayğı ilə qeyd edir. Beytdə adı çəkilən digər sənətkar dövrünün mükəmməl tarzəni Paşa Əliyevdir. Mirzə Fərəcin tələbələrindən olan P.Əliyev Zülfü müəllimin yaxın dostu, sənət məsləkdaşı və uzun illər müşayiətçisi olmusdur.
Təhsil - xəzinə qapisıdır, zəhmət isə onun açarı.
Pyer Büast
Oğlunun sənət taleyinin həllində Zülfü müəllimin: "Milli musiqi, muğamat sənin qanındadır, amma sən fortepiano sinifinə daxil olmalısan ki, onun vasitəsi ilə qərb musiqisinə yiyələnəsən" tövsiyəsi 7 yaşlı Vasifi Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbinin fortepiano sinifinin şagirdinə çevirir.

VII sinifdə oxuyarkən V.Adıgözəlovun bəstəkarlığa meyilliyi təhsil ocağının direktoru Kövkəb xanım Səfərəliyevanın diqqətindən yayınmır. O zamanlar məktəbin nəzdində təcrübəli müəllim, bəstəkar Midhət Əhmədovun rəhbərliyi altında "uşaq yaradıcılığı" sinifi fəaliyyətə başlamışdı. Bu emalatxananın əsas vəzifəsi uşaqlar arasında bəstəkarlıq yönəmli istedadları müəyyən edərək gələcək təhsil pilləsinə hazırlanması idi. Uşaqlarla məşğələrə çox diqqətli olan Midhət müəllim, onların mövcud sənət haqqında təfəkkürlərinin formalaşmasına çox həssas yanaşırdı. Çox keçmir həmin yaradıcı ocağın üzvlərindən biri olan V.Adıgözəlovun "Yan tonqalım" nəğməsi radio müsabiqədə I mükafata layiq görülür.
Həyatımda nəyə nail olmuşamsa ancaq
Ustadıma minnətdaram!
Vasif Adıgözəlov
1952-ci ilin dekabrında sonuncu sinifdə oxuyan V.Adıgözəlovu Midhət müəllim Qara Qarayevin yanına aparır. Vasif müəllim həmin tarixi anı belə xatırlayır: "...Mən öz kiçik əsərlərimi ifa elədim, Qarayevin mənə ilk sualı bu oldu: "Bəstəkar olmaq istəyirsənmi?" Sorğu çox sadə idi, ancaq Qarayevin dilində bu üç kəlmənin zəhmi məni tutdu. Təbiidir ki, mən fikrimi bildirdim. O əlavə etdi. "Bilirsənmi, bəstəkar olmaq nə deməkdir? Bütün həyatı boyu işləmək, müasir musiqinin cürətli addımlarına çatmaq, dinclik bilməmək deməkdir". Ondan eşitdiyim bu sözlər mənim həyatımın devizinə çevrildi..."
Q.Qarayevin tədris metodikasında ən əsas cəhət ilk dərslərdən tələbəsinin fərdi bacarığını səhvsiz duyması idi. Zaman-zaman böyük müəllimin sinifində təhsil alan yetirmələri içərisində müxtəlif musiqi alətlərində peşəkar ifaçılıq vərdişlərinə malik olanlar da az deyildi. Qara müəllim tələbələrinin bu bacarıqlarından da ustalıqla qaynaqlanaraq, onların fərdi üslubunun formalaşması üçün inkişaf modellərini qururdu.

Tələbəlik illərində bəstəkarlıqla yanaşı, fortepiano şöbəsində (professor Simuzər Quliyevanın sinifində) təhsil alan gənc V.Adıgözəlov da müəllimin rəhbərliyi altında öz yaradıcı üslubunun axtarışında idi. Məhz burada Qarayevin iki tövsiyəsi bilavasitə həlledici rol oynadı. V.Adıgözəlov xatırlayır: "...Professional pianoçu olduğuma görə Qara müəllim mənə, fortepiano konserti bəstələməyi məsləhət gördü. Nəhayət, konsert sinifdə ilk dəfə səslənəndə Qarayev öz xeyir-duasını verib, onu həm musiqi dili, həm də fortepiano texnikası baxımdan yüksək qiymətləndirdi. ...Tələbəlik illərində yazdığım əsərlərdə müxtəlif təmayüllü təsirlər özünü büruzə verirdi. O zaman Qara müəllim mənə xatırlatdı: "Vasif, yaddan çıxartma ki, sən Zülfünün oğlusan". Mən həmişə Qara müəllimin tövsiyələrinə əməl edərək, onları reallaşdırmağa çalışdım".
Onun yaratdığı əsərlərdə ruh və məzmun, fikir və ideya - milli, dil və forma isə yenidir, müasirdir.
Bəxtiyar Vahabzadə
V.Adıgözəlov hər dəfə yeni yaradacağı əsərin ideyasını ona qədər heç kəsin diqqətindən keçmədiyi mənbələrədən toplayırdı. 1956-cı ildə rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Dövlət Musiqili Komediya teatrı (indiki Akademik Musiqili teatr) yenidən fəaliyyətə başlarkən müasir əsərlərin yazılması zərurəti yarandı. 1957-ci ildə M.F.Axundovun "Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara" komediyasının əsasında "Hacı Qara" musiqili komediyası ilə bu çağırışa ilk qoşulanlardan biri V.Adıgözəlov oldu. Bir neçə il sonra isə bəstəkar C.Məmmədquluzadənin "Ölülər" dramı əsasında eyni adlı operanı yaradır.

Zaman keçdikcə bəstəkarın fərdi üslubu formalaşaraq, yaradıcı kimliyi müəyyənləşirdi. Onun yaradıcı siması barədə Əməkdar incəsənət xadimi, professor Şəhla Mahmudova müfəssəl izah verir: "...V.Adəgözəlovun musiqi dilinin folklor və muğam sənətilə bağlılığın özü çox qabarıqdır, sanki "üzdədir". Peşəkar üçün də, sadəcə, Azərbaycan musiqisi ilə maraqlanan hər bir dinləyici üçün də bu dəst-xəttin sağlam, təbii milli köklərdən cücərib yetişdiyini duymaq çox asandır..." Buraya daha iki cizgini əlavə edək. Yazının əvvəlində R.Zöhrabovun Zülfü müəllimin ifa üslubunu təhlil edərkən onun orta və bəm tessiturada oxu tərzinə malik olduğunu qeyd etmişdi. Bu fərdilik Vasif müəllimin yaradıcılığına irsi keçərək onun bəstəkar dilinə çevrildi. İkincisi, sırf fortepiano üçün əsərlərindən başqa simfonik, vokal, kino musiqi janrlarında bəstələrin fakturasında mövcud alətin solo rolu diqqət çəkəndir.
Həyat - özünü özündə tapmaqda deyil, özünü yaratmaqdan ibarətdir.
Corc Bernard Şou
Vasif Adıgözəlov həmişə əsərlərinin təfsirçilərinə önəm və inam nümayiş etdirən bəstəkardır. Xalq artisti, professor, violin ifaçısı Zəhra Quliyevanın xatirəsinə varaq: "Hələ N.Rimski-Korsakov adına Sankt-Peterburq Konsevatoriyasında aspirantura illərində ustadım, professor B.L.Qutnikov nəzərlərimi violin ədəbiyyatının klassik nümunələri ilə yanaşı, XX əsr müasir müəlliflərinin yaradıcılığına yönləndirmişdi. Nəticə etibarı ilə, milli nəhəngimiz Q.Qarayevin violin konsertinin təfsirinə yanaşma, mənim üçün gələcəkdə modern bəstəkarlıq aləminə bir açar oldu. Bu sırada yüksək meyarlarla zəngin olan V.Adıgözəlovun violin konserti diqqətimi cəlb elədi. Bir ifaçı kimi deməliyəm ki, konsertin violin partiyası alətin texniki imkanlarının mükəmməl tətbiqləri ilə zəngindir. Əsərdə ilk nəzərə çarpan məqam, strukturun janrlar arası əlaqə hesabına simfonik inkişaf konsepsiyasına hesablanmasıdır. Müəllif orkestri sırf müşayiətedici element kimi deyil, dramaturji planın mütəmadi dəyişməsində aktiv iştirak edən yaradıcı birlik kimi təşkil edir. Konsertin musiqi materialında milli musiqi mədəniyyəti nümunələri sitat şəklində yox, dərin düşünülmüş, geniş təfəkkürü əhatəliyən intellektual dəyərlərlə zəngin, bitgin kompozisiya çərçivəsində təqdim olunur. Bu keyfiyyətlərə malik sənət əsərini ifa etmək, təbii hər bir çalğıçının arzusudur.

Müəlliflə ilk görüşdə Vasif müəllim məni dinləyərək: "Mən çox xoşbəxt olaram, əgər siz mənim əsərimi ifa etsəz" dedi. Bəstəkarın xeyir duasını aldıqdan sonra işə başladım. Bir müddətdən sonra mən və müəllif konserti kamil şəkildə təfsir səviyyəsinə çatdırmaq üçün məşqlərə başladıq. Yaradıcı ünsiyyət təkcə konservatoriya çərçivəsində yekunlaşmayaraq, H.Hacıyev küçəsindəki bəstəkarlar evində, Adıgözəlovlar ocağında davam edirdi. Vasif müəllimin həyat yoldaşı mərhum Xalidə xanım, övladları Toğrul və Yalçın məni sonsuz diqqət, sayğı ilə əhatələmişdilər. Təbii, belə məkanın isti nəfəsi mənim məsuliyyət hissimi artırırdı. Nəhayət əsərin fortepiano ilə məşqləri başa çatdıqdan sonra, onun simfonik orketstlə ifası və lent yazılışı baş tutmalıydı. Bu minvalla mən, həmin konserti dirijor Əli Cavanşirin idarəsi və Niyazi adına Dövlət Simfonik orkestri ilə birgə Dövlət Televiziyasının Səs yazma Evində, səs rejissoru, bəstəkar Cavanşir Quliyev tərəfindən audio yazısını həyata keçirdik.
Bir müddətdən sonra isə bizim ifaçı və kollektivlərimizin çıxışlarını qramafon valı şəklində hazırlamaq üçün Moskvadan "Melodiya" firmasının xüsusi nümayəndə heyəti gəldi. Hazırlanacaq səsyazıların siyahısında Vasif müəllimin violin konserti də yer tutmuşdu. Biz əsəri ikinci dəfə "Melodiya" şirkətinin mütəxəssisləri ilə lentə aldıq. Qısa zaman sonra Moskvada nəfis şəkildə qramafon valı ərsəyə gəldi. Artıq müstəqillik illərində mən öz kompakt disklərimi hazırlayanda həmin əsəri rəqəmsal texnikanın köməyi ilə CD-yə köçürdüm. Vasif müəllimin həm bəstəkar, həm də müstəsna insani keyfiyyətlərə məxsus bir insan kimi mənim qəlbimdə əbədi məkan tapmışdır".
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
X.Natəvan
Hər bir sənətkarın "yaradıcı ismi" hesab olunan məhşur bir əsəri vardır. V.Adıgözəlovun Xurşidbanu Natəvanın sözlərinə "Qərənfil" romansı bu qəbildəndir. Azərbaycan bəstəkarların milli poeziyanın klassik incilərinə müraciəti 60-cı illərdə tez-tez müşahidə olunan fərdiliklərdən biridir. V.Adıgözəlovun bu dalğada "Qərənfil" romansı Azərbaycan vokal musiqisində Natəvanın irsinə ilk müraciətdir. İncə lirika ilə zəngin romans qısa müddət ərzində vokal ifaçılarının repertuarında möhkəm yer tutaraq populyarlıq qazanmışdır.
Üstəlik, həmin əsərin tar aləti üçün transkripsiyası Polşa musiqi ictimaiyyətini valeh etmişdir. Həmin mədəniyyət hadisəsinin iştirakçısı Xalq artisti, professor, tarzən Möhlət Müslümovun xatirələrindən: "1976-cı ildə Ü.Hacıbəyli adına Konservatoriyanın I kursuna qəbul olan kimi, A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun direktoru Vasif Adıgözəlovun təşəbbüsü ilə işə dəvət aldım. 1978-ci ilin sonlarında Polşanın Qdansk şəhərində S.Manyuşko adına Musiqi Akademiyasının yubileyi olmalıydı. Öz kabinetinə dəvət edən Vasif müəllim məndən Polşa bəstəkarlarının hansı əsərlərini bildiyimi soruşanda F.Şopenin valsını ifa edə biləcəyəmi dedim. Bundan başqa, Vasif müəllimın "Qərənfil" romansının tar üçün işləmə variantı mövcud idi. Biz həmin romansı da məşq etdik, üstəlik, mənim təklifimlə ortaya solo muğam parçası əlavə olundu.

Çıxış edəcəyimiz konsert zalında Polşanın çox tanınmış musiqi xadimləri iştirak edirdilər. Mənim həyatımda həmin xarici səfər ilk idi. Vasif müəllim öz təbrikini çatdırdıqdan sonra apardığımız tarı da, hədiyyə elədi. Ardınca mən əvvəlcə Şopen və Motsartdan sonra "Qərənfili" ifa etdim. Sonuncu əsərin səslənməsi zamanı muğam hissəsinə keçərkən zalda bir canlanma müşahidə olundu. Alqışların ardınca bir çox musiqiçilər "Qərənfil"in klavirinə baxmaq istədilər. Bunu görən Vasif müəllim dedi ki, polşalıları muğam maraqlandırıb. Bəstəkar başa saldı ki, muğam improvizə xarakterli musiqi olduğuna görə onu nota salmırlar, ifaçı müşayiətin fonunda gəzişmələr edir.
Sonra isə Vasif müəllim milli musiqimiz və muğamlarımız haqqında polşalı həmkarlarına müfəssəl məlumat verdi. Onun çıxışı o qədər xoş təəssürat yaratdı kı, məndən məhz muğamat konserti verməyi xahiş etdilər. Hər çıxışım gurultulu alqışlarla müşayiət olundu. Vasif müəllimin gözləri dolmuşdu. Çünki muğamlarımız Avropa ölkəsi dinləyicilərini riqqətə gətirmişdi.
Bir xeyli illər keçdi. Bir gün Vasif müəllim mənə zəng edərək, tarımla onlara gəlməyi xahiş etdi. Çay süfrəsi ətrafında söhbət zamanı bəstəkar "Segah" muğam - simfoniyasını yazmaq istədiyini bildirdi, üstəlik, xahiş etdi ki, bir müddət onlara gələrək muğamın bütün variantlarını ifa edim. Muğam ifaçıları yaxşı bilirlər ki, hər bir muğamın istər instumental, istərsə də xanəndəni müşayiət versiyasının çox saylı variantları vardır. Mən iki ay bəstəkarın evinə gələrək hər dəfə yeni variantları göstərirdim. O isə mənə müxtəlif suallar verər, bu və ya digər epizodun bir neçə dəfə ifa etməyimi xahiş edirdi.
Həmin yaradıcı görüşlərin birində Vasif müəllimə bir hadisəni danışdım. 1993-cü ildə Niderlandda qastrol səfərində olarkən ermənilərin kompakt disk şəklində bizim qədim rəqs musiqimizi mənimsəyib öz adlarına çıxardıqlarının şahidi olduq. Mən və kaman ifaçısı Fəxrəddin Dadaşov bu məsələyə iradımızı bildirəndə bizə üç gün ərzində qədim xalq rəqslərinimizi lentə yazmaq təklif olundu. Öz növbəmizdə bu imkandan yararlanmağa qərara gələrək bildiyimiz bütün materialı yazdıq. Onlar içərisində "Segah"a istinad olan "Xalabacı" rəqs havası da var idi. Vasif müəllim həmin musiqini mənim ifamda eşidəndə, bildirdi ki, axtardığımı tapdım. Nəticədə həmin rəqs rəng qismində əsərin partirurasına köçürüldü".
Sənətkarın yaratdığı təkcə öz dövrünün reallıqları ilə deyil, gələcək zamanla səsləşəndə yaşayır.
Qara Qarayev
Bəşər mədəniyyəti tarixində yaranan bir çox yadda qalan sənət əsərləri ictimai həyatdakı gözlənilməz köklü dəyişikliklər, cəmiyyətdə güclü sarsıntılarla müşayiət olunan hadisələrlə bağlıdır. Bəstəkar Vasif Adıgözəlov da, 80-ci illərin sonlarından başlayaraq xalqının həyatında baş verən tale yüklü ictimai-siyasi hadisələrə öz sənətkar mövqeyini göstərdi. Bir-birinin ardınca "Odlar yurdu" (1988), "Qarabağ şikəstəsi" (1989), "Çanakkala-1915" (1997), "Qəm karvanı" (1999) oratoriyaları yarandı. Bu əsərlərin hər birində türk dünyasının əski və çağdaş tarixi boyu haqq savaşlarında vətən, torpaq sevgisi uğrunda Cavad xanın "Ya vətən, ya kəfən" çağırışı kimi sınmaz qüruru bəstəkar təfsirində müxtəlif formalarda parlaq əksini tapmışdır.
Əməkdar artist Xurşid Abdullayeva: "Vasif müəllimin ailəsi bizə çox yaxın, əziz və doğmadır. Mən musiqiçi sənəti üzrə təhsil aldıqdan, daha sonra Azərbaycan Dövlət Xor Kapellasında direktor vəzifəsində çalışmağa başlarkən Vasif müəllimlə münasibətlərim həmkar səviyyəsinə qədər yüksəldi. Onun "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanakkala-1915" oratoriyalarının musiqi mədəniyyətimizin inciləridir. Hər dəfə bu əsərlərin ifasını edərkən Vasif müəllimin bir vətəndaş bəstəkar kimi vətənpərvər keyfiyyətlərində yeni cizgizlər tapıram".
Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün.
Hüseyin Nihal Atsız
1988-ci ilin fevralından başlayaraq erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına açıq formada əsassız ərazi iddialarına etiraz etmək üçün fevralın 21-də minlərlə azərbaycanlı Ağdamın mərkəzində toplaşaraq, səhəri gün kütlə halında Əsgərana doğru hərəkət edirlər. Lakin dinc yürüşün xaincəsinə atəşə tutulması nəticəsində Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid olurlar. Ağdama, mərhumların dəfn mərasiminə Mərkəzi Komitənin göstərişi ilə bəstəkar Vasif Adıgözəlov və şair Teymur Elçin göndərilir.

Bəstəkarın oğlu, dirijor, Xalq artisti Yalçın Adıgözəlov: "Atam həmin səfərdən bərk sarsıntı keçirdərək qayıtdı. Qətlə yetirilən gənclərin dəfnində gördüklərindən dəhşətə gəlmişdi. Atam dedi ki, əgər indi sərt, qabaqlayıcı tədbirlər görülməsə, həmin gənclərin tökülən qanı daha böyük faciələrin başlanğıcına çevriləcək". Səfərdən sonra Vasif müəllim Teymur Elçinlə həmin dövrün ab-havasını əks edən "Qarabağ şikəstəsi" adlı oratoriya yaratmaq qərarına gəlirlər. Nəticədə bir tərəfdən poetik lirikalı, digər tərəfdən isə qəhrəmanı məzmunlu dramaturgiyadan ibarət əsər meydan gəlir.
"Qarabağ şikəstəsi" oratoriyasının ilk ifası 1991-ci ildə yanvar ayının 20-də, qanlı faciənin birinci ildönümündə P.İ.Çaykovaski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında baş tutur. Konsert o zamanlar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən 20 yanvar hadisəsinin ildönümü ilə bağlı matəm mitinqinin davamı kimi həyata keçirilir. Yeri gəlmişkən məhz həmin hadisədən bir il qabaq Ümummilli lider Heydər Əliyev cənabları həmin məkanda Sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliyi pisləyən bəyanatla çıxış eləmişdi.
Y.Adıgözəlov: "Qarabağ şikəstəsi" oratoriyasının premyerasının Moskvada, 20 yanvar faciəsinin ildönümünə təsadüf eləməsi ulu Tanrının xeyir duası ilə baş tutan bir möcüzə idi. SSRİ Bəstəkarlar İttifaqının növbəti, əslində sonuncu plenumu keçirilirdi. Adətən bütün plenumların bədii hissəsində Moskvanın musiqi kollektivləri iştirak edirdilər. Bu dəfə isə təklif edildi ki, konserti öz musiqi kollektivlərimiz vasitəsilə həyata keçirdək. Beləliklə, solistlər, simfonik orkesr və xor kapellasından ibarət 150 nəfərdən çox heyətlə Moskvaya yola düşdük. Oratoriyanın Moskvada ifasında Xalq artistləri tarzən Ramiz Quliyev, xanəndələr Alim Qasımov, Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov və Xalq artisti Nodar Şaşıqoğlu iştirak edirdilər. Bədii qiraətin rus dilinə şair, tərcüməçi Səyavuş Məmmmədzadə çevirmişdi.
Digər tərəfdən konsert öncəsi uzun illər akademik musiqi tədbirlərinin aparıcısı Anna Dimitriyevna Çexova ilə proqramı nəzərdən keçirdərkən əsərin adından "Qarabağ" sözünün götürülərək ancaq "Şikəstə" kəlməsinin saxlanıldığını gördüm. Səbəbini soruşduqda A.Çexova oratoriyanın adının Mərkəzi Komitənin göstərişi əsasında konsert zalının rəhbərliyinin tapşırığına uyğun məhz belə təqdim olunacağını bildirdi. Nəticədə "Qarabağ şikəstəsi"nin ilk ifası axşamı əsərin adı təhrif olunmuş vəziyyətdə elan edildi. Həmin konsert Mərkəzi Televiziya tərəfindən çəkilərək sonradan Azərbaycan Televiziyasının qızıl fonduna verildi".
"Natəvan" harayına əbədi cavab
Ulu öndər Heydər Əliyevin 1996-cı il mayın 6-da Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdəki çıxışında: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" fikri dövlətimizin heç bir zaman işğal olunan torpaqlarımızın düşmən tapdağı altında qalmağı ilə barışmayacağına bir çağırış idi.
Vasif Adıgözəlovun Qarabağ mövzulu əsərlər içərisində kulminasiya zirvəsi 2003-cü ildə ərsəyə gələn librettosu Nazim İbrahimova məxsus "Natəvan" operası oldu. Şairin 170 illiyinə həsr olunan əsər, XIX əsrdə Qarabağda baş verən hadisələrin mövcud reallığı üzərində qurulub. Opera müəllifləri xalqımıza qarşı daima mövcud erməni xəyanətinin ifşa etmək, onlara qahmar çıxan beynəlxalq aləmə mənfur qonşularımız əsl simasını nümayiş etdirmək üçün yığcam konsepsiyalı əsər yaratmağa müvəffəq olublar. Operanın ən kulminasiya səhnəsi epiloqda, Natəvanın xəyalının asta addımlarla səhnəyə daxil olaraq:
Ana yurdum Qarabağ,
Qeyrət dolu Şuşadan
nigaranam!..
Şuşanı alın geri!
Ahım odlar yeri-göyü,
Şuşanı alın geri!
Şuşanı xilas edin!
deyərək haray çəkir.
Cənab Ali Baş Komandan, İlham Əliyev cənablarının qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik rəhbərliyi və xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində qazandığı ən şanlı və şərəfli qələbəsinin əks olunduğu: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!" sözləri ilə başlayan çıxışı dünyanın bütün məkanlarında yaşayan azərbaycanlıların miqyasa sığmaz sevincinə səbəb oldu. Şuşa, Cıdır düzü, Topxana meşəsi, Qarabağın simvolu Xarıbülbül həmin xəbəri çoxdan gözləyirdi. Pənahəli xanın, Vaqifin, Üzeyirin, Natəvanın timsalında Qarabağın neçə-neçə haqq dünyasına qovuşmuş şəxsiyyətlərinin, nəhayət Vasif Adıgözəlovun ruhu sevinirdi o gün.
Dövlət başçısının sərəncamı ilə "Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə..." mədəniyyət paytaxtı elan edilməsi şəhərin mənəvi ruhunun özünə qayıtmasına həyata keçiriləcək layihələr üçün böyük təkan oldu. İşğaldan azad olunan torpaqlarda quruculuq və bərpa işlərinin başlaması ilə yanaşı, mədəni həyatın dirçəldilməsi əsas hədəflərdən birinə çevrildi.
İlk olaraq 2021-ci ilin mayında uzun sürən fasilədən sonra "Xarıbülbül" beynəlxalq musiqi festivalı yenidən keçirildi. Festival zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan "Əbədi imzalar" layihəsi təqdim olundu. Topluda Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi ilə yanaşı, Vasif Adıgözəlovun əsərlərinin notları yer aldı. Bu layihədə yaxından iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm.
Oxu, zildən Qarabağ!
Oxu, pəsdən Qarabağ!
Qoy, yayılsın aləmə
Bu şikəstə, Qarabağ!!
T.Elçin
Təntənəli tədbirin son akkordu kimi "Qarabağ şikəstəsi"nin Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifasında möhtəşəm səslənməsi anı konsertdə iştirak edən bütün dinləyicilərin gözlərini yaşartmışdı. Y.Adıgözəlov: "Həmin hissəni mən müxtəlif məkanlarda çox ifa etmişəm. Amma Şuşada, Cıdır düzündə çıxışım zamanı həyəcandan keçirdiyim hissləri izah edə bilmərəm. Təəssüf ki, nə Vasif müəllim, nə də Teymur Elçin bu günü görə bildi. Atam dünyadan köçərkən son nəfəsində Şuşa azad olunanda əsərini mütləq orada səsləndirməyi mənə vəsiyyət eləmişdi. Xoşbəxtəm ki, onun son arzusunu həyata keçirdə bildim".
Əbədiyyətdə ruhunuz daim şad olsun Vasif müəllim!


