AFFAnın yeni strategiyası: “Məclis sağlığı”dır, yoxsa inkişaf planı?
Azərbaycan futbolunun yeni gündəmi AFFA-nın ötən həftənin sonunda açıqladığı İnkişaf Strategiyasının layihəsidir. Sosial şəbəkələr, media, futbol mütəxəssisləri, azarkeşlər, bir sözlə hər kəsin dilində yeni strategiyadır.
70 səhifədən ibarət olan elektron layihə əslində yekun strategiya deyil. Arzu edənlər rəy və təkliflərini 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirə bilər.
Geridə qalan günlər ərzində artıq ilkin rəylərlə tanış olmuşuq. Təbii olaraq fikirlər, yanaşma müxtəlifdir. Ancaq hər kəsi maraqlandıran bir sual var – Bu strategiya həqiqətən reallaşacaqmı? Yoxsa son 30 ildəki layihələr kimi kağız üzərində qalacaq?
Elə bu məqamı nəzərə alaraq tanınmış futbol funksioneri Yaşar Sultanova müraciət etdik. Azərbaycan futbolu ilə bağlı böyük təcrübəyə malik olan Sultanov strategiyanı tənqid etdi. O, layihəni “məclis sağlığı”na bənzətdi:
“AFFA-nın təqdim etdiyim layihəni oxudum. Onlar buna layihə deyirsə, mən buna sadəcə “məclis sağlığı” deyərdim. Orada çox şey yazılıb. Bu yazılanları hamımız bilirik. Orada yeni bir şey yoxdur. Amma layihə, strategiya olaraq heç nə təqdim olunmayıb. Orada hansısa dövlət qurumunun, bələdiyyələrin, icra orqanlarının adı çəkilməyib. Kiminlə nə kimi işlərin görüləcəyi, kimin tərəfindən təqdim ediləcəyi qeyd olunmayıb. Əslində, belə layihələr Prezidentin nəzarətində və onun tapşırıqları əsasında hazırlanmalıdır. Bu işdə dövlət qurumları birgə çalışmalıdır. Ölkədə stadion demək olar yoxdur. Yeni stadionların, meydançaların tikintisi üçün torpaqlar lazımdır. Torpağı ayıran qurum bələdiyyələr və icra orqanlarıdır. Ermənistanda Nazirlər Kabineti 3 il ərzində 500 futbol meyndançasının salınacağını açıqlayıb. Onların 2-3 milyon əhalisi var. Bizdə bu rəqəm 5 dəfə çoxdur. Deməli bizdə salınacaq meydançanın sayı da 5 dəfə çox – 2500 olmalıdır. 2500 bir yana qalsın, heç 20-si salınmır.
Futbol bölgələrdə olmalıdır. Stadionlar, bazalar, akademiyalar, meydançalar rayonlarda salınmalıdır. Hər kəndin öz stadionu, meydançası yoxdursa, qonşu kəndlərin arasında rəqabətli futbol matçları olmursa, kənddəki uşaqlar bunu görmürsə, oradakı uşaqlarda futbola sevgi olmayacaq. Maşın yoxdursa, sürücü olmağı haradan öyrənə bilər? Azərbaycanın 66 rayonu var. Onlardan cəmi 10-12-də futbola yararlı stadion var. Bu, belə olmamalıdır. Nazirlər Kabineti geniş şəkildə proqram hazırlamalıdır. İşlər birbaşa Prezidentin nəzarətində olmalıdır.
Gürcüstanın 2 futbolçusu Avropanın ən yaxşıları sırasında yer almışdı. Deyirlər ki, biz “top-20” klublar arasına girməyi planlaşdırırıq. Necə? Klubların dəyərinin 2 dəfə artırılacağını deyirlər. Necə artıracaqlar? Onu başa salan yoxdur. Bunların heç birinin açıqlaması yoxdur. Yenə özümüz özümüzü aldadırıq? Son dərəcə yarımçıq proyektdir. Strategiya demək olmaz. Bayaq dediyim kimi, “məclis sağlığı”na oxşayır.
Bundan əvvəlki federasiya rəhbərliyinin dönəmində futbolun inkişafına dair 10 illik dövlət proqramı hazırlanmışdı. Proqram AFFA-nın ixtiyarına verildi. AFFA necə işlədi, nəticələr necə olduğunu hamımız bilirik. Bu, belə olmalı deyil. Birbaşa Prezidentin, idarəetmə qürumlarının iştirakı ilə dövlətin nəzarəti altında strateji plan hazırlanmalıdır. Müvafiq dövrlərdə hesabat verilməlidir. Orada açıqlanmalıdır ki, harada neçə stadion, futbol meydançası salınmalıdır. Hesabat verilməldir ki, filan vaxta qədər bunları etmişik, filan vaxta qədər də qalanların edəcəyik. Siz jurnalistlər də gedib onları işıqlandırmalısınız. Nədənsə jurnalistlərdən çox qorxurlar. İcraiyyə Komitəsində belə jurnalist olmalıdır. Çünki AFFA ictimai qurumdur.
Orada yazılanlar 30 il əvvəl yazılanlarla eynidir. Yeni heç nə yazılmayıb. Ümumi fikirlər, sözlərdir. Bu vaxta kimi harada yazılmayıb ki, məşqçilər, futbolçular inkişaf etdirilməsin? Bir dənə rəqəmlər qeyd olunub. Milli 75 komandanın içərisinə düşsün, klublar da UEFA reytinqində “ilk-20”-liyə girsin. Bir də klubların dəyərinin artırılmasıdır. Məni futbol nümayəndəsi kimi maraqlandırır ki, klubların dəyəri nəyin hesabına artacaq? Belə çıxır ki, bahalı legioner gətirəcəklər. Buna ehtiyac varmı?”
“Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev isə məsələyə bir qədər fərqli yanaşır. O, layihədə mənfi məqamlarla yanaşı, müsbət tərəflərin də olduğunu bildirdi:
“Çoxdan gözlənilən strategiyanın açıqlanması yaxşı oldu. Ən azından AFFA-nın hansı istiqamətdə işlər görmək istədiyini, yəni niyyətinin, hədəfinin, məqsədinin, nədən ibarət olduğunu görə bildik. Niyyət üçün AFFA-nı alqışlamağa dəyər. Ən azından qurum bu strategiyada elan etdiyi istiqamətlərdə - kişilərdən ibarət əsas milli komandada, qadın futbolunda, çimərlik futbolunda, futzalda, uşaq futbolunda addımlar atmaq istədiyini nümayiş etdirdi. Eyni zamanda Azərbaycan futbolundakı əsas problemlərdən olan infrastruktur problemini ilk növbədə həll etmək istədikləruni göstərdilər. Bundan başqa, azarkeşlərlə iş, sosial layihələr və rəqəmsallaşma kimi sahələrlə bağlı planlar var.
Mənim xüsusilə bəyəndiyim, alqışladığım regionlarla iş məsələsidir. Çünki bu strategiyanın bir hissəsində regionlarda işin düzgün qurulması, eyni zamanda AFFA-nın assosiasiya olduğunun, regionlarda fəaliyyət göstərən federasiyalardan ibarət olmasının nəhayət anlaşılması və bundan doğru istifadə edilmə niyyəti göstərilir. AFFA fəaliyyətdə olduğu 30 ildə formal qurumlara çevrilmiş, konkret heç bir səlahiyyəti və imkanları olmayan federasiyalara belə səlahiyyətlərin verilməsi, şərait yaradılması regionlarda Azərbaycan futbolunun inkişafına öz dəstəyini, təkanını verəcək. Bu, müsbət tərəfləridir.
Amma mənfi tərəfləri də var. Sanki strategiya ictimai təzyiqin altından çıxmaq üçün tələsik yazılıb. Çünki bəzi bölmələrdə müfəssəllik yoxdur. Yəni AFFA-nın nə demək istədiyini başa düşürük, amma onu necə həyat keçirəcəkləri barədə konkret məlumatlar yoxdur. Bu, bir-iki yox, strategiyanın bütün hissələrində hiss olunur. Ona görə də tələskənliyi mənfi məqam kimi qeyd etməliyik. Strategiya üç gündən bir dəyişilən bir şey deyil. Bu, təməl rolunu oynayacaq bir sənəddir. Ona görə də buna diqqətlə yanaşılmalıdır. Qeyd olunan məqamlar diqqətlə analiz edilməli, təməli möhkəm qurulmalı və bu təməldən çıxışı edərək işlərin görülməsinə başlanılmalıdır.
Eyni zamanda strategiyada göstərilən hədəflərə hansı yolla gediləcəyi də başa düşülmür, müəyyən boşluqlar var. Buna görə AFFA ictimaiyyətdə deyilən qeydləri nəzərə almalı və uyğun düzəlişlər və əlavə edilməlidir.
Milli komandaların və klubların qarşısına qoyulan hədəflər elə də böyük deyil. Kişilərdən ibarət milli komandanın FİFA reytinqində 75-ci yerə yüksəlməsi strateji hədəf kimi göstərilib. Bu səhvdir. Biz həmin pilləyə strategiya olmadan da gələ bilərik. Çünki qarşıdan Millətlər Liqasının oyunları gəlir. Rəqiblər özümüzə uyğundur, onlara qalib gələ bilərik. Eyni zamanda, dünya çempionatının seçmə mərhələsində də xallar qazanaraq 80-ci pilləyə qədər gələ bilərik. Bunun üçün xüsusi strategiyaya ehtiyac yoxdur. Düşünürəm ki, qorxaq, çəkingən hədəflərdən daha yuxarı baxmaq lazımdır. Milli komandanın qarşısına 50-60-cı yerlər kimi hədəf qoyulmalıdır. Eyni zamanda FİFA reytinqi yox, böyük turnirlərdə iştirak ön plana çıxarılmalıdır. Avropa və dünya çempionatlarının final mərhələsində iştirak etmirsənsə, reytinqdə yüksək pillələrdə olmağın mənası yoxdur. Eyni sözlər klubların reytinqi ilə bağlıdır. Klub səviyyəsində Azərbaycan reytinqinin 20-ci yerə yüksəldilməsi hədəf olaraq açıqlanıb. Bu da doğru deyil. Biz bir neçə il əvvəl sadəcə “Qarabağ”ın hesabına 23-cü pilləyə qədər irəliləmişik. Yəni bizim bir neçə ildən sonra “ilk 20”-liyə gəlməyimiz çətin deyil. “Qarabağ”ın qazandığı uğurların yarısına başqa bir klubumuz imza atsa, bu yerə rahatlıqla gələcəyik. Ona görə də qarşıya ən azı 15-ci pillədə olmaq hədəfi qoyulmalıdır. Çünki minimum 15-ci yerdə olan ölkənin avrokuboklardakı iştirakçı sayı 5-dir. Bunlardan ikisi UEFA Çempionla Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Hədəf bu olmalıdır. 4-6 ildən sonra olmaya bilər, amma 6-8 ildən sonra bu hədəfə doğru addımlaya, ona nail ola bilərik”.
Göründüyü kimi fikirlər müxtəlifdir. Futbol ictimaiyyətində müzakirələrin davam etdiyini nəzərə alsaq, müxtəlif fikirlər və yanaşmalarla tanış olacağımızı gözləmək olar. Elə ona görə də Azərbaycan futbolunda müzakirə edilən bu və digər mövzuları diqqətdə saxlayacağıq.
Heybət Məmmədov