Afrikalılar 1400 il əvvəl azyaşlı uşaqlarına tatuaj ediblər: Bunun səbəbi nə idi?
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sudanda mumiyalanmış cəsədləri tədqiq edən arxeoloqlar Nil vadisi bölgəsində 1400 il əvvəl 18 aylıqdan başlayan azyaşlı uşaqların üzlərinə tatuaj vurulduğunu müəyyən ediblər. Üstəlik, bu praktikanın Nubiya kimi tanınan bölgədə xristianlığın yayılması dövrünə təsadüf etdiyi məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” nəşri yazır.
Tədqiqatın aparıcı müəllifi, Missuri Universitetinin Sent-Luis şəhərindən olan arxeoloq Enn Ostinin sözlərinə görə, əgər tatuajlar sahibinin xristian inancını simvolizə edirdisə, valideynlər üçün uşaqlarını xristian kimi daimi şəkildə işarələmək mühüm ola bilərdi.
Enn Ostin və həmkarları müasir Sudan ərazisində yerləşən üç arxeoloji abidədən əldə edilən 1048 mumiyalanmış insan qalıqlarını araşdırıblar və müxtəlif yaş və cinslərə aid 27 nəfərdə tatuaj izlərini sənədləşdiriblər. Araşdırmanın nəticələri "PNAS” jurnalında dərc olunub.
Qeyd edilir ki, uşaqlarda tatuajlara böyüklərlə müqayisədə daha nadir hallarda rast gəlinir. Alimlər tədqiqat çərçivəsində Sudanın şimalında yerləşən və xristian dövrünə aid olan Kulubnarti arxeoloji ərazisində çoxsaylı tatuaj nümunələri aşkar ediblər. Bu ərazidəki iki qəbiristanlıq eramızın 650–1000-ci illəri arasında istifadə olunub. Dəridən keçə bilən və adi gözlə çətin görünən tatuajları aşkar etməyə imkan verən infraqırmızı işıqlandırmalı mikroskopiya üsulu ilə 17 nəfərdə aydın, 6 nəfərdə isə ehtimal edilən solmuş tatuajlar müəyyən edilib.
Maraqlıdır ki, Kulubnartidə dəfn olunmuş insanların bədənlərində tatuajların yerləşmə yerləri qeyri-adi qanunauyğunluq göstərib. İki nəfərdə tatuajlar kürəkdə, digərlərində isə alın, gicgah, yanaq və ya qaş nahiyəsində olub. Üz nahiyəsində tatuajlar arxeoloji tapıntılarda ümumilikdə nadir hesab edilsə də, tədqiqatçılar daha da qeyri-adi bir praktikaya – azyaşlı uşaqlara tatuaj vurulmasına rast gəliblər.
Tədqiqatçıların yazdığına görə, Kulubnartidə tatuajı olan şəxslərin əksəriyyəti 11 yaşdan kiçik uşaqlar olub. Aydın görünən tatuajlara malik ən kiçik uşaq cəmi 18 aylıq olub. 3 yaşlı bir qızda isə bir tatuajın birbaşa digərinin üzərində yerləşməsi müəyyən edilib ki, bu da azyaşlı uşaqlara dəfələrlə tatuaj vurulduğunu göstərir.
Enn Ostinin sözlərinə görə, tatuajlar əsasən nöqtə və qısa xətlərin birləşməsindən ibarət olub. Ən geniş yayılmış motiv alın nahiyəsində romb formasında yerləşdirilmiş dörd nöqtə olub. Ostin hesab edir ki, bu təsvir xristian xaçını simvolizə etmiş ola bilər.
O bildirib ki, əgər Kulubnartidə tatuajlar xristianlığın nişanəsi kimi istifadə olunurdusa, bu, çox güman ki, vəftiz mərasiminin bir hissəsi olub.
Tədqiqatçılar uşaqlarda tatuajların geniş yayılmasını izah edən başqa bir ehtimalı da nəzərdən keçirirlər. Enn Ostin izah edib ki, əgər valideynlər tatuajları uşaqlarını qorumaq və ya tibbi məqsədlərlə etdirirdilərsə, kiçik yaşlı uşaqlarda tatuajların çoxluğu bölgədə sağlamlıq problemlərinin geniş yayıldığını göstərə bilər.
Alimlərin fikrincə, alın nahiyəsindəki tatuajlar valideynlərin uşaqlarını Nil vadisində uzun tarixə malik olan malyariya xəstəliyi zamanı tez-tez müşahidə edilən baş ağrısı və yüksək hərarətdən qorumaq cəhdləri ola bilər.
Araşdırma qrupu həmçinin tatuaj izlərinin formasına əsaslanaraq nubiyalıların tatuaj vurmaq üçün iynələrdən deyil, bıçaqlardan istifadə etdiyini ehtimal edir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















