Ağrılı tale, yurd həsrəti, qayıdış eşqi Gürcüstandakı qərbi azərbaycanlıların izi ilə... MÜSAHİBƏ
Report.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir Ağrılı tale, yurd həsrəti, qayıdış eşqi Gürcüstandakı qərbi azərbaycanlıların izi ilə... MÜSAHİBƏ.
Gürcüstandakı Qərbi Azərbaycan izləri bizi bu ölkənin Marneuli rayonuna gətirdi. Azərbaycanlıların kompakt yaşadığı bu rayonda vaxtilə Qərbi Azərbaycanda yaşamış, lakin ermənilərin təzyiqləri səbəbindən Gürcüstana üz tutmuş ailələr var.
"Report"un Gürcüstan bürosu olaraq həmin ailələrin bir neçəsi ilə həmsöhbət olduq.
Doğulduğu torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyənlərdən biri də 90 yaşlı Xıdır Qəhrəmanovdur. O, Qərbi Azərbaycanın Amasiya rayonunun Güllücə kəndində dünyaya göz açıb. 1980-ci illərin sonlarında Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində doğma yurdundan ayrılmaq məcburiyyətində qalıb. Hazırda Marneulinin Şulaver kəndində yaşayır.
– Xıdır kişi, doğulduğunuz torpaqlar haqqında nə deyə bilərsiniz?
– Mən uzun illər Amasiya rayonunun Güllücə kəndində yaşamışam, orada işləmişəm. O torpaqlar bizim ata-baba yurdumuz idi. Hər kəs mal-heyvan saxlayır, halal zəhməti ilə yaşayırdı. Ermənilərlə də mehriban yaşayırdıq. Ta ki, onlar bizi deportasiya etməyə başlayana qədər...
Xıdır Qəhrəmanov
– Ermənilər sizə nə vaxt və necə çətinliklər yaratdılar?
– 1980-ci illərdən etibarən ermənilər bizə təzyiqlər etməyə başladılar. Onlar bizim xalqı çarəsiz vəziyyətə saldılar. Halbuki biz oradan çıxmaq istəmirdik. Çox gözəl yaşayırdıq, amma bizi məcbur çıxardılar.
– Gəlib Gürcüstanda məskunlaşdınız, sizdən sonra da buraya köç edənlər oldu. Həmin soydaşlarımızı necə qarşılayırdınız?
– Gürcüstana gələn hər bir azərbaycanlını hörmətlə qarşılayırdıq. Kim olur-olsun, oradan gələn hər bir ailəyə, hər bir müsəlmana kömək edirdik. Maşınlarını təmir edərək yola salırdıq, bəzən də evimizə gətirib qonaq edirdik. Gürcüstan hökuməti də bizə dəstək olurdu, Azərbaycana köçmək istəyənlərə maşın verirdi.
– Hazırda ata yurdunuza qayıtmaq ümidi varmı?
– Hər zaman televizora baxırıq, Prezident İlham Əliyevin çıxışlarını izləyirik, ona dualar edirik. Ümid edirik ki, o, yol açacaq və biz yenə də öz bulağımızın suyunu içəcəyik. Orada dəfn edilən əzizlərimiz var, anamın məzarını ziyarət etməyə gedəcəyəm. Biz öz torpağımızda olmaq istəyirik. Erməniləri öldürməyəcəyik ki! Onlarla işimiz yoxdur. Sadəcə öz yurdumuzda yaşamaq istəyirik.
Qəzənfər Məmmədov
– Hazırda buradakı ailə tərkibiniz necədir?
– Beş oğlum, iki qızım, 17 nəvəm, 27 nəticəm, iki kötücəm var. 90 yaşımı haqlamışam, amma gözüm yurd yolundadır…
Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndi də Gürcüstanda qərbi azərbaycanlıların taleyinə şahidlik edir. Bu gün Sadaxlıda yaşayanlar arasında öz həyat tarixçələrində keçmişin ağrılı xatirələri və gələcəyə ümidləri daşıyan insanlardan biri də Qəzənfər Məmmədovdur.
– Qəzənfər müəllim, harada doğulmusunuz, əslən haralısınız?
– Əslən Qərbi Azərbaycanın Amasiya rayonundanam. Ailəm 1937-ci ildə keçmiş SSRİ-nin Stalin dövründə Mikoyanın rəhbərliyi ilə kulak elan edilərək Qazaxıstana sürgün olunub.
– Ailəniz Qazaxıstanda nə qədər yaşadı?
– Atam danışırdı ki, onlar Qazaxıstanda, "Komsomolski" kolxozunda bir müddət işləyiblər. Lakin oranın isti havasına dözə bilməyiblər. Təxminən bir ildən sonra geri - Ermənistana qayıdıblar.
– Ermənistana qayıtdıqdan sonra ailəniz hansı çətinliklərlə üzləşib?
– O vaxt NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı - red.) atamın izinə düşmüşdü. Atam rus dilini bildiyi üçün Bağdanovka rayonunda yaşayan bir rus çəkməçi ilə dostluq edirmiş. Həmin rus ona xəbərdarlıq edib ki, “Bayram kişi, NKVD səni axtarır. Tezliklə səni aparacaqlar, buradan qaç”. Beləliklə, atam 1938-ci ildə Ermənistandan Gürcüstana qaçıb.
– Gürcüstanda haraya yerləşib?
– Sadaxlı kəndi Ermənistanla sərhəddə yerləşir. Atam elə bu kənddə özünə sığınacaq tapıb. O dövrün insanları bir-birinə çox bağlı idilər. Hətta Sadaxlıda bizim dədə-babalarımızla kirvəlik əlaqələri olan insanlar da yaşayırdılar.
– Siz özünüz harada böyüdünüz, harada təhsil aldınız, 1988-ci ildə Ermənistandakı hadisələr sizi necə əhatə etdi?
– Mən 1957-ci ildə Sadaxlıda anadan olmuşam. Orta məktəbi Ermənistanda, Noyemberyan (Barana) rayonunun Ləmbəli (Loru) kəndində oxumuşam. Sonradan bu kəndin adını Bakratışen qoydular. Həmin kənddə orta məktəb fəaliyyət göstərirdi.
1988-ci ildə erməni millətçilərinin hücumları nəticəsində iki gün ərzində Ləmbəlini tamamilə boşaltdılar. Bütün sakinlər kəndi tərk etməyə məcbur oldu. Biz də Sadaxlıdakı evlərimizdə təxminən 7-8 ailəni yerləşdirdik. Onlar bizim evdə bir il qaldılar.
– Həmin ailələr sonra hara köçdülər?
– Bir ildən sonra artıq Azərbaycanla evlərin dəyişdirilməsi prosesi başladı. O zaman həmin ailələr Azərbaycana köçdü və orada yerləşdilər. Gürcüstanda təzyiqlərlə üzləşən digər ailələr də məcburən Azərbaycana getdilər.
– Bəs Gürcüstanda məskunlaşan qərbi azərbaycanlılardan nə qədər insan qaldı?
– Əksəriyyəti Azərbaycana köçdü. Çox az insan qaldı, təxminən 5%-i. Kimin imkanı var idi, burada qalıb ev aldı, yerini tutdu. Lakin çoxu çıxıb getdi.
– Marneulidə yaşayan qərbi azərbaycanlılar çoxdurmu?
– Əlbəttə, əvvəllər burada çox idilər. Bütün Marneuli kəndlərində, hətta rayonun özündə bir-birimizlə görüşəndə “əmioğlu” deyirik. Çünki hamımız Ağbabalıyıq, soy kökümüz birdir. Bu səbəbdən heç kim bir-birinə yad insan kimi baxmır.
– Qayıdışla bağlı düşüncələriniz nədir?
– Necə ki, Qarabağ camaatı geri qayıtdı, arzu edirəm ki, bizim Qərbi Azərbaycan əhalisi də bir gün doğma yurduna dönsün. İnanıram ki, bu, mütləq baş verəcək. Biz də o günü gözləyirik.
– Gürcüstanda yaşayan azərbaycanlıların sosial durumu necədir?
- Gürcüstandakı azərbaycanlıların sayı yarım milyondur. Biz Azərbaycanın dəstəyini daim hiss edirik. Azərbaycan dövləti Gürcüstandakı azərbaycanlıların arxasında dayanır. Bu dəstək təkcə siyasi və mənəvi deyil, həm də sosial və iqtisadi sahələrdə özünü göstərir. Məsələn, SOCAR Gürcüstanda geniş fəaliyyət göstərir və kəndlərə qaz və su çəkilişində böyük rol oynayıb.
Sovet dövründə Gürcüstandakı erməni kəndlərinə qaz xətti çəkilmişdi, azərbaycanlılar yaşayan kəndlərdə isə bu imkan yaradılmamışdı. Lakin Azərbaycanın dəstəyi ilə bu məsələ həll olundu və indi bütün kəndlərdə təbii qaz var.
Beləliklə, Gürcüstanda yaşayan qərbi azərbaycanlıların taleyi tarixi kökləri və mədəni irsləri ilə sıx bağlıdır. Bu icmanın yaşadığı çətinliklər onların kimliklərini qorumaq və mədəniyyətlərini yaşatmaq üçün verdikləri mübarizəni daha da ön plana çıxarır. Onlar öz mədəniyyətlərini, dilini və adət-ənənələrini yaşatmaqla yanaşı, yaşadıqları cəmiyyətin bir hissəsi olaraq inteqrasiya etməyə çalışırlar.
Ağrılı talelər yalnız şəxsi hekayələr deyil, eyni zamanda, bir xalqın tarixi və mədəniyyətinin davamlılığını təmin etmək üçün mübarizənin simvoludur.
Qərbi azərbaycanlıların da keçdikləri çətin yol onların vətənlərinə geri qayıtmaq arzularını hər gün daha da gücləndirir. Bu icma öz tarixi torpaqlarına dönmək və orada öz mədəniyyətlərini yenidən canlandırmaq üçün mübarizə aparır, çünki vətənə qayıtmaq, yalnız fiziki bir dönüş deyil, eyni zamanda, kimliklərini və köklərini bərpa etmək deməkdir...

