Icma.az
close
up
RU
Avropa İttifaqı Cənubi Qafqazda nə yaratmaq istəyir?

Avropa İttifaqı Cənubi Qafqazda nə yaratmaq istəyir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ermənistan üçün avantüra vədinə sözardı

Avropa İttifaqının Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos bir neçə gün əvvəl bildirib ki, təmsil olunduğu qurum TRIPP layihəsində mümkün iştirakla bağlı ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır. “Aİ-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələrini davam etdirir. ABŞ-ın iştirakı xüsusilə önəmlidir, çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir”.

Əlbəttə, Aİ-nin TRIPP layihəsinə hansısa formada dəstək göstərmək istəməsi ümumi işə faydalıdır. Ümumi iş dedikdə isə söhbət regional kommunikasiyaların blokdan çıxarılmasından gedir. Amma fayda necə olmalıdır və ya xanım Kosun açıqlamasında belə bir niyyət varmı, başlıca sual budur.

Qeyd edək ki, istər Kosun, istərsə də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın son günlər dilə gətirdikləri fikirlərdən gəlinən qənaət Ermənistanı anti-Rusiya cəbhəsinin Cənubi Qafqaz səngərinə çevirmək niyyətinin mövcudluğundan xəbər verir. Sanki onlar İrəvanı bunun üçün şirnikləndirirlər. Şirnikləndirmədə Ermənistana maliyyə yardımının göstərilməsi motivi ön plandadır. Yəni maliyyə yardımı göstərilməlidir ki, baş nazir Nikol Paşinyan administrasiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərindən qalib ayrılsın. Axı Ermənistanda ruspərəstlərin mövqeyi güclüdür və erməni hakim komandası durumun fərqindədir. Ona nəyin bahasına olursa-olsun, iqtidar kürsüsünü qorumaq lazımdır. Aİ rəsmiləri bəyanatları ilə, faktiki olaraq, bildirir və subliminal mesaj verirlər ki, hakimiyyətdə qalmağın yolu Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulmasıdır. Təxminən belə: sizə pulu biz deyəni etməyiniz üçün veririk.

Əlbəttə, Aİ-dəkilər Ermənistanın, obrazlı desək, sancısının nədən ibarət olduğunu anlayırlar. Axı xanım Kos TRIPP-dən söz açarkən, “çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir” bəyanatını əbəs yerə vermir. Avropalılara yaxşı məlumdur ki, layihə özündə Zəngəzur dəhlizi məntiqini birləşdirir. Bu il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş nazir Nikol Paşinyanla imzaladığı Birgə Bəyannamənin 3-cü bəndində də bildirilir ki, “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Göründüyü kimi, Ermənistan üçün fayda Naxçıvana maneəsiz yoldan asılıdır. Birgə Bəyannamədəki ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət kazusuna gəlincə, bu, müəyyən mənada, İrəvan üçün mənəvi bonus və təminatdır. O anlamda ki, erməni iqtidarı 2020-ci ildən ötən müddətdə sözügedən kazusu əsas götürməklə, həmçinin, guya Ermənistanın suverenliyinə təhdidin olduğunu vurğulamaqla, Naxçıvana maneəsiz yol verməkdən boyun qaçırıb. Baxmayaraq ki, məsələ 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapmışdı. Yəni həmin sənəddə də Naxçıvana yolun maneəsizliyi üzərində dayanılmış, daha doğrusu, Paşinyan administrasiyası bununla bağlı öhdəlik götürmüşdü.

Bəs Kosun vurğuladığı və əvvəldə diqqətə çatdırdığımız dəmir yolu söhbəti nədir? Çox da düşünməyə ehtiyac yoxdur. Çünki bu söhbət Ermənistan rəhbərliyinin ortaya atdığı “Dünyanın kəsişməsi” təşəbbüsündən qaynaqlanır. Paşinyanın vaxtilə bu təşəbbüs çərçivəsində söylədiklərindən gəlinən qənaət onu deməyə əsas verirdi ki, hay iqtidarı regional kommunikasiyaların açılması dedikdə Naxçıvana yolun maneəsizliyini nəzərdə tutmur.

Yada salaq ki, Nikol Laçın-Kornidzor-Marqara avtomobil yolu marşrutunu irəli sürmüşdü. Yəni beynəlxalq daşımalar Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna daxil olmalı, oradan Türkiyə ilə sərhəddəki Marqaraya çatdırılmalıdır. Bilavasitə Naxçıvana yola gəlincə, rəsmi İrəvanın “Dünyanın kəsişməsi” təşəbbüsü bu məsələdə yalnız dəmir yolu əlaqəsini əsas götürürdü ki, onu da şərt daxilində. Şərt belə idi: Naxçıvana dəmir yolu Ermənistanın Mehrisindən ölkənin digər bölgəsi olan Yerasxa Azərbaycanın Naxçıvanından keçməklə dəmir yolu xəttinin təmin ediləcəyi təqdirdə mümkündür.

Aydındır ki, diqqətə çatdırdığımız məqamlar dolayısı ilə Naxçıvana avtomobil yolu məntiqini heçə endirir, dəmir yolu məsələsini isə şübhələndirirdi. Lakin Birgə Bəyannamə Ermənistan rəhbərliyinin avantürasını heçə endirdi. Deməli, qalır sənədə əməl etmək. Görünür, elə buna görə də Prezident İlham Əliyev bəyannamə imzalandıqdan sonra bildirmişdi: “Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək”.

Bəli, Avropa İttifaqının Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kosun yazının başlanğıcında diqqətə çatdırdığımız sitatdakı fikirləri onu deməyə əsas verir ki, Aİ, faktiki olaraq, Ermənistanı sülhə prioritet baxışdan yayındırmaq niyyəti güdür. Bəlkə qurumdakılar ölkəni əvvəlki ampluasına qaytarmaq fikrindədirlər? O ampluaya ki, orada həm Ermənistanı aktiv anti-Rusiya cəbhəsinə çevirmək məqsədi, həm də Azərbaycanla barışmazlıq xətti var idi.

Əlbəttə, Aİ-nin sırf 2026-cı il parlament seçkilərində erməni iqtidarını qalibə çevirmək niyyətinə, o cümlədən dünyada gördüyü işin müqəddəsliyinə dair təəssürat formalaşdırmasına sözümüz yoxdur. Qurumun dekabrın 2-də qəbul etdiyi ikitərəfli əməkdaşlıqla bağlı strateji gündəlikdə yer alan Ermənistanın iqtisadiyyatının gücləndirilməsi və diversifikasiyası, ölkədə qanunun aliliyinin təmin olunması, viza liberallaşdırılması və təhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirmək kimi müddəalara da etirazımız ola bilməz. Ancaq xanım M.Kosun fikrinin əksinə olaraq deyək ki, Aİ-nin regional kommunikasiyaların açılması xüsusunda öz təklifləri olmamalıdır. Nə də qurum Türkiyə və Azərbaycanla məsləhətləşmələr aparmaq barədə düşünməlidir. ABŞ-ı məsələyə qatmaq isə tam yolverilməzdir. Həm də ona görə yolverilməzdir ki, Cənubi Qafqaz platformasının regional gündəliyi artıq formalaşıb. O gündəlik ki, kompleks şəkildə sülh gündəliyi mahiyyəti daşımaqdadır və beynəlxalq birlik tərəfindən də belə qiymətləndirilir.

Sonda bildirək ki, Aİ-Ermənistan gündəliyi heç bir halda sülh gündəliyinin qarşısında dayanmağa cəhd göstərməməlidir. Onu da deyək ki, kosların, kallasların nə deməsindən asılı olmayaraq, başlıca söz Ermənistan rəhbərliyinindir. Hazırda Aİ rəsmi İrəvana, obrazlı şəkildə ifadə etsək, yeməyə balıq vəd edir. TRIPP layihəsi, o cümlədən onun tərkib hissəsi olan Zəngəzur dəhlizi ideyası isə Ermənistana özü balıq tutmağı öyrədir. Bu, elə bir düzəndir ki, orada erməni iqtidarının heç kəsə, eyni zamanda, Rusiyaya qarşı çıxmasına ehtiyac yoxdur. Paşinyan və komandası bunu əsas götürməli və onu da düşünməlidirlər ki, Aİ-nin timsalında bütövlükdə Avropanın anti-Rusiya dirənişinin Ukrayna cəbhəsi heç bir fayda vermədisə, Cənubi Qafqazda bununla bağlı hansısa avantüraya qoşulmaq tam mənasızdır. Həm də ona görə mənasızdır ki, indiki məqamda Moskvanın regiondakı reallıqlarla barışmaqdan başqa çarəsi yoxdur. Ona hansısa əsas qazandırmaq təhlükəlidir. Paşinyan iqtidarı 2026-cı il seçkilərində qalib gəlmək istəyirsə, bunu Aİ-nin qeyri-müəyyən yardımlarının hesabına reallaşdırmaq haqqında düşünməməli, tez bir zamanda TRIPP təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirib real gəlirlərə ümid bəsləməlidir. Ümid bəsləməlidir ki, erməni elektoratında onu dəstəkləmək üçün təpər olsun.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri