AKİnin 2024cü il hesabatı
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ictimai təşkilat olaraq görülən işlərin hesabatını geniş oxucu auditoriyasının diqqətinə çatdırır.
Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində kino nəşrlərini dəstəkləmiş, kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında əsas rol oynamış, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməmiş, kino tənqidinin inkişafı üçün əməli addımlar atmışdır.
AKİ-nin İdarə Heyəti bu il görülmüş işlərin hesabatını təqdim edərək bildirir ki, 2025-cü il fəaliyyət planında, milli kinonun təbliği, kino təhsili, kino nəşrlərinə dəstək, festival hərəkatında iştirak, kino tənqidinin inkişafı başlıca məsələlərindən biri olacaq.
2024-cü ildə görülən işlərin hesabat xarakterli siyahısını təqdim edirik:
YANVAR
10 yanvar – Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino-xəbər saytı – kinoinfo.az fəaliyyətə başladı. Kino peşəkarlarına ünvanlanmış saytın əsas hədəflərindən biri, iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılır. Sayt Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyilə fəaliyyət göstərir. Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilati dəstək göstərib. Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.
17 Yanvar – AKİ-nin təşkilatçılığı ilə Azərbaycan kinosunun gənc rejissor, prodüser və ssenaristləri – Emil Nəcəf, Türkan Hüseyn, Nəzrin Ağamalıyeva, Nurlan Həsənlinin iştirakilə “Birgə istehsalat” mövzusunda müzakirə təşkil edilib. Müzakirədə Azərbaycan kinosunda müştərək istehsalatın vacibliyi, birgə istehsal edilən filmlərin olduğunu, lakin bu prosesin fərdi qaydada aparıldığını bildirilib.
24 yanvar – İtaliyanın Trieste şəhərində təşkil olunan 14-cü “Şərq Qərblə görüşəndə” birgə istehsalat forumu başa çatıb. Forum 21-24 yanvar tarixlərində Trieste Film Festivalının tərkibində təşkil olunmuşdur. 486 müraciətdən seçilmiş 9 tammetrajlı bədii, 9 tammetrajlı sənədli və 3 qısa animasiya layihələri içində 2 azərbaycanlı rejissorun da layihəsi var idi. Rejissor Nurlan Həsənlinin layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı səfər xərclərinin müəyyən hissəsini qarşılamaqla dəstək olmuşdur.
30 yanvar – CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı “CineDOC-məktəbdə nümayiş” proqramını həyata keçirdi. Bu ildən proqrama Azərbaycan Kinematoqrafçılar İttifaqı da qoşulub. Birgə əməkdaşlıq çərçivəsində ilk film nümayişi yanvarın 25-də 2 saylı internat məktəbində I-IX siniflər üçün həyata keçirilib. Şagirdlərə rejissor Vaqif Behbudovun, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Başlanğıc” animasiya filmi təqdim olunub.
31 yanvar – Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsini elan etdi.
– Azərbaycan Kinematoqrafçılar İttifaqında “Kino və ideologiya” mövzusunda müzakirə keçirildi. Müzakirə ssenarist, pedaqoq, AKİ-nin İdarə Heyətinin üzvü Nadir Bədəlov, sənətşünas Aliyə Dadaşova, kinorejissor, AKİ-nin İdarə Heyətinin üzvü Tahir Tahiroviç, “Yeni NƏSİL” Azərbaycan Jurnalistlər İttifaqının sədri, jurnalist Arif Əliyev, kinoşünas Aygün Aslanlının iştirakilə baş tutub.
FEVRAL
5 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxdı. AKİ-nin 2023-cü ildə icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlər də yer alıb.
Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.
6 fevral – “Azerbaycan” CinemaPlus kinoteatrında “Anama” tammetrajlı sənədli filminin təqdimatı keçirildi. Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin işğaldan azad olunmuş ərazilərində işləyən əməkdaşlarının təhlükəli işindən bəhs edən filmin müəllifi və rejissoru olan Murad İbrahimbəyov minaaxtaranların işini təfərrüatları ilə göstərərək, filmi “olum və ölüm”, “sülh və müharibə” haqqında fəlsəfi mükaliməyə yönləndirib.
13 fevral – AKİ 2024-cü il üçün film nümayişlərinə start verdi. “Azərbaycan” CinemaPlus-da “Azərbaycan milli kinosuna baxış” layihəsi çərçivəsində rejissor Şahmar Ələkbərovun “Sahilsiz gecə” bədii filminin nümayişi baş tutub.
16 fevral – AKİ və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyilə həyata keçirilən 2-ci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”na təşkilati dəstək göstərib və bununla bağlı münsiflər heyətinin iclası keçirilib.
20 fevral – AKİ“Dünya kinosu şedevrləri Azərbaycan dilində” layihəsi çərçivəsində rejissor Tengiz Abuladzenin “Tövbə” filminin nümayişini təşkil etdi.
27 fevral – AKİ-nin təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da rejissor Qulu Əsgərovun “Mən burdayam, İlahi!” bədii filminin nümayişi baş tutdu.
29 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə İttifaqın üzvlüyünə namizədlərin müraciətlərinə baxılmış və səsvermə yolu ilə yeni üzvlər: Pərviz Həsənov (kinorejissor), İlkin Yusif (kinorejissor), Nurlan Həsənli (ssenarist), Pərvanə Həsənova (quruluşçu operator), Ruslan Mollayev (rejissor), Pərviz Məmmədov (ssenarist, ssenari üzrə mentor), Cavid Zaidov (kinorejissor, ssenari üzrə mentor), Azad Axundov (prodüser) – qəbul olunmuşdur.
MART
5 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı bu ittifaqların üzvlərinin iştirakı ilə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə konfrans keçirilib. Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxil edilib. Həmin məsələlər səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Nəticə olaraq, Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Sonra sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim olunub və təsdiq edilib. Beləliklə, Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Daha sonra, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti üzvlərinin siyahısı təsdiq edilib.
15 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı ilə əməkdaşlığı çərçivəsində “CineDOC növbəti nümayiş Azərbaycan Britaniya Kollecində baş tutub.
29 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqı 3 gənc kinematoqrafçının – Leylaxanım Qənbərlinin, Türkan Hüseynin və İmaməddin Həsənovun xarici festivala səfər xərclərini qarşılayıb.
APREL
16 aprel – “Azərbaycan” CinemaPlus-da rejissor Elvin Mirzəyevin “Qul” bədii nümayiş olundu.
18 aprel – AKİ-nin və Litva Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyilə aprelin 18-də “Landmark” biznes mərkəzində rejissor Qiedre Jitskitenin “Sıçrayış” sənədli filminin nümayişi keçirilib.
23 aprel – “Azərbaycan” CinemaPlus-da rejissor İlqar Safatın “İçəri şəhər” bədii filminin nümayişi təşkil olundu.
30 aprel – “Azərbaycan” CinemaPlus-da milli kinomuzun klassik filmlərindən biri, rejissor Rasim Ocaqovun “Tütək səsi” bədii filminin nümayişi oldu.
MAY
14 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı ilə “CineDOC – məktəbdə nümayiş” proqramı çərçivəsində ilk film nümayişi baş tutub. Füzuli rayonu 4 saylı orta məktəbdə ibtidai siniflər və VIII siniflər üçün nümayiş baş tutub. Mayın 16-da isə 2 saylı internat məktəbində I-VIII siniflər üçün iki nümayiş həyata keçirilib.
– “Azərbaycan” CinemaPlus-da rejissor Elcan Məmmədovun “Nurlan” sənədli filminin premyerası keçirilib.
20 may – AKİ rejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli film layihəsinə maliyyə dəstəyi ayırıb.
21 may – AKİ Hacı Səfərovun “Tərsinə kölgələr” adlı bədii filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb.
27 may – AKİ gənc kinematoqrafçı, AKİ-nin Kino Məktəbinin məzunu Elnur Paşanın “İp üstündəki qız” sənədli film layihəsi CEDOC Market (Central European Documentary Co-Production Market)
festivalında iştirakı üçün xərcləri qarşılayıb.
29 may – Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan Prodüser Gildiyasının iclası keçirilib.
İclasda iştirakçılar AR Kino Agentliyinin fəaliyyəti, kinomuzun hazırkı durumu, mövcud problemlər və çıxış yolları mövzusunda fikir mübadiləsi aparıblar. Tədbirdə Gildiyanın sədri Fikrin Bektaşi, AKİ katibi, rejissor Əli İsa Cabbarov, prodüserlər Pərviz Məmmədov, Əli-Səttar Quliyev, Əli Əbilov, Emin Quliyev, Zaur Mirzəzadə, Amiran Babayev, Fehruz Şamıyev, Kamran Qasımov və b. iştirak ediblər.
İYUN
11 iyun – Kinotənqidçi Aygün Aslanlı Azərbaycan Kinematoqrafçılar İttifaqını Bişkek Beynəlxalq Film Festivalında təmsil edib. A.Aslanlının festivalda iştirak xərcləri AKİ tərəfindən qarşılanıb.
12 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və Azərbaycan Dövlət Film Fondunun dəstəyilə “Azərbaycan” CinemaPlus-da rejissor Aleksey Germanın “Müharibəsiz 20 gün” bədii filminin nümayişi keçirilib.
19 iyun – “Azərbaycan” CinemaPlus-da rejissor Namiq Ağayevin “Ol” bədii filminin növbəti nümayişi keçirilib.
24 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirir. Əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsinin açılışı oldu. İyulun ilk yarısında baş tutmuş nümayişlərdə İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş edildi. Nümayişlər Şirvanda, Neftçalada, Salyanda, Hacıqabulda və Biləsuvarda baş tutdu.
25 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Tahir Tahiroviçin çəkdiyi “O, Xarqo idi” adlı sənədli filmi Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
– Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski Rusiya dövlət atom gəmiqayırma mərkəzinin baş direktoru və prezidenti, “Sevmaş” maşınqayırma zavodunun direktoru, Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı Davud Paşayevə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə start verdi.
26 iyun – “Azərbaycan” CinemaPlus-da Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyevin “Cansıxıcı əhvalat” filmi ilk dəfə Azərbaycan dilində nümayiş olundu. Film Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişilə, peşəkar aktyorlar Elşən Rüstəmov və Nəcibə Hüseynovanın iştirakilə Azərbaycan dilinə dublyaj edilib.
İYUL
3 iyul – AKİ-nin “Şirvanda kino günləri” layihəsinin açılışı Biləsuvar rayonunda baş tutub.
5 iyul – “Azərbaycan” CinemaPlus-da Ayşə Mirzəzadənin “Yelləncək” və Elmar Bayramovun “Nəfəs” qısametrajlı bədii filmləri nümayiş olundu.
11 iyul – “Azərbaycan” CinemaPlus-da AKİ katibi, rejissor Oleq Səfərəliyevin “Əlvida, Cənub şəhəri” bədii filmi nümayiş olundu.
16 iyul – AKİ-nin “Şirvanda kino günləri” layihəsi yekunlaşdı. Layihə çərçivəsində Şirvan, Neftçala, Salyan, Hacıqabul və Biləsuvarda yeni Azərbaycan filmləri nümayiş olundu.
18 iyul – AKİ-nin maliyyə dəstəyilə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda WARM festivalı çərçivəsində təşkil edilən WARM Akademiyasına, Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Afaq Yusifli və AKİ-nin “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbinin iştirakçısı Pərvanə Quliyeva qatılıblar.
29 iyul – AKİ-nin “Rakurs” rüblük bülleteninin cari ilin ilk iki rübünü təqdim edən sayı çapdan çıxıb.
AVQUST
1 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il yanvarın 31-də elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin qalibləri müəyyən olunub. Münsiflər heyətinin qərarı ilə “Qısa paslar, uzun peşmanlıqlar” – Hacı Səfərov, “Əsgər çəkmələri” – Leyla Nəsibli, “Köhnə soba” – Asif Qəhrəmanov, “Tarla qızları” – Elxan Xanəlizadə müsabiqənin qalibi seçiliblər. Qalib ssenarilərin hər biri 1000 AZN məbləğində mükafatlandırılıblar.
– Azərbaycan Kinematoqrafçılar İttifaqı 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.AKİ katibliyinin qərarına əsasən, 2024-ci il üçün İttifaqın ənənəvi mükafatına, Əli-Səttar Quliyev (rejissor, prodüser) – Son illərdə uğurlu prodüser fəaliyyətinə görə; Rasim Cəfər (aktyor) – “Mən burdayam, ilahi!” bədii filmində “Teymur” rolunun uğurlu ifasına görə; Emil Nəcəfov (prodüser) – Müəllif kinosunun inkişafına töhfələrinə görə;
Orxan Mərdan (prodüser) – “Səma ilə görüş” bədii filminin uğurlu prodüser işinə görə, layiq görülüblər:
8 avqust – “Azərbaycan” CinemaPlus-da gənc rejissorlar – Atanur Nəbiyevanın “Evsiz qalmış ay” və Leylaxanım Qənbərlinin “Babamın evi” qısametrajlı sənədli filmləri təqdim olundu. Nümayişdən sonra ənənəvi olaraq müəlliflərin iştirakı ilə filmlərin müzakirəsi baş tutdu.
SENTYABR
6 sentyabr – AR Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.
– Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas, pedaqoq Nadir Bədəlov beynəlxalq festivalda AKİ-ni təmsil edib.
10 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycanın Vyetnamdakı səfirliyi və Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyəti Vyetnam Sosialist Respublikasının Na-Çanq şəhərində 9-14 sentyabr tarixlərində rəsmi səfərdə olub. Azərbaycan Kinematoqrafçılar İttifaqını Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev təmsil ediblər. Kino heyətinin Vyetnama səfəri Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində təşkil olunub.
16 sentyabr – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer alıb.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
26 sentyabr – AKİ-nin təşkil etdiyi “Kino istehsalı A-dan Z-yə” intensiv rejissorluq kursunun nəticəsi olaraq istehsal edilmiş “Qəfəs” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Film festivalının “Tələbə filmi” kateqoriyasında yarışa seçildi.
– Azərbaycan Kinematoqrafçılar İttifaqı VII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı maliyyə dəstəyi göstərib.
– Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin, iki kinoittifaqın birləşməsindən sonra ilk iclası keçirildi. AKİ, birləşmə prosesinin durumu və görülmüş işlər haqda məlumat, kinomuzun mövcud vəziyyəti ilə bağlı çıxışlar və təkliflər, AKİ-nin 2024-2025-ci illər üçün fəaliyyət planı haqda məlumat, AKİ-nin İdarə Heyətinin bəyanatının qəbul edilməsi və cari məsələlər müzakirə edilib.
İclasa Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev sədrlik edib.
27 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirildi. İclasda milli kinomuzun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib. İclasda AKİ-yə yeni üzvlər də qəbul olunub.Bununla yanaşı, AKİ sədri Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib.
29 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalına hər il olduğu kimi, bu il də maliyyə və informasiya dəstəyi göstərdi.
OKTYABR
3 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı Alpavirama Beynəlxalq Gənclər Film Festivalı ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində bu il ilk dəfə olaraq Hindistanın Əhmədabad şəhərində “Xüsusi filmlər bölməsində” dörd gənc rejissorun ərsəyə gətirdiyi qısametrajlı filmlər Hindistan tamaşaçısına təqdim olundu.
11 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının layihələrindən biri olan “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları layihəsinin yekun işi olaraq ərsəyə gəlmiş “Qəfəs” bədii fimi Bakı Beynəlxalq Film Festivalında, “Nizami” Kino Mərkəzində tamaşaçılara təqdim olunub və “Münsiflərin xüsusi mükafatı”na layiq görülüb.
14 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Cinema Klubu”nun və AKİ-nin təşkilatçılığı ilə “Tənha narın nağılı” bədii filmi nümayiş etdirilib.
17 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ənənəyə sadiq qalaraq görkəmli kinorejissor Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti qalibini təsdiq edib.
2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub.
18 oktyabr – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer almışdı. Sənədli film Türk Dövlət Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma gecəsində filmin rejissoru Mübariz Nağıyevə xüsusi mükafat təqdim olunub.
19 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş İkinci Qarabağ müharibəsində həlak olmuş Ordubad şəhidlərinə həsr olunan “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Emin İbrahimov, prodüseri Vidadi Rüstəmovdur.
24 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində gənc Azərbaycan rejissorlarının filmlərinin premyerası keçirilib. Novruz Hikmətin “Burada sakitlikdir”, Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Teymur Qəmbərovun “İki gün” və Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filmləri nümayiş olunub.
– “Kür” sənədli film layihəsi (rejissor Murad Allahverdi, prodüser Afaq Yusifli) CHANGE (Dəyişiklik) proqramı, müstəqil və innovativ film istehsalına dəstək verən dünyanın aparıcı sənədli film festivalına seçilib.
27 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı Hindistanın Əhmədabad şəhərində keçirilən VII Alpavirama Beynəlxalq Gənc Film Festivalının “Xüsusi nümayiş proqramı”nda AKİ-nin dəstəyilə çəkilmiş ikisi sənədli, ikisi bədii olmaqla dörd filmlə iştirak edib.
NOYABR
5 noyabr – “Azərbaycan” CinemaPlus-da Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” bədii sənədli filminin premyerası baş tutdu.
– Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Kinomexanikin qayıdışı” filminin prodüserləri Lino Karl Lui Rettingerin (Almaniya) və Jül Qranjenin (Fransa) iştirakilə ustad dərsi baş tutdu.
27 noyabr – “Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə yerli klassik animasiya filmləri nümayiş olundu. Nümayişdən sonra “Seans” animasiya filminin müəllifi Firəngiz Qurbanova, “Güzgü” filminin rejissoru Elçin Hami Axundov və “Sükutun pozulması” ekran işinin rejissoru Məsud Pənahi tamaşaçıların suallarını cavablandırıblar.
28 noyabr – Sloveniyanın Nova-Qoritsa şəhərində “Uzaq sahillərdə” bədii filminin ilk dəfə sloven dilində nümayişi baş tutub. “Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) vəfatının 80 illiyinə həsr olunmuş nümayiş Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Filmi AKİ-nin katibi Tahir Tahiroviç tamaşaçılara təqdim edib
– Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Böyüklər üçün animasiya” nümayiş
proqramında Firəngiz Qurbanovanın “Seans”, Elçin Hami Axundovun “Güzgü”, Arif Məhərrəmovun “Qaravəlli”, Vahid Talıbovun “Lağım” və Arzular… Arzular”…, Şamil Nəcəfzadənin “İthaf” və Məsud Pənahinin “Sükutun Pozulması” filmləri təqdim olundu.
DEKABR
3 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şimalda Kino Günləri” layihəsinin birinci mərhələsi Balakən, Zaqatala və Qax şəhərlərindən başladı. Balakəndə Mədəniyyət mərkəzində, Qax və Zaqatalada Heydər Əliyev Mərkəzindəki film nümayişlərində yerli tamaşaçılara Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı, Şirin Əhmədovun “Qütb ulduzu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri təqdim olundu.
– Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə növbəti kitabı işıq üzü görüb. Amerikalı yazıçı, ssenarist, iki mindən çox ssenarinin məsləhətçisi olmuş, bir çox ölkələrdə seminarlar keçirmiş Linda Segerin “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” (“How to make a good script great”) kitabını Azərbaycan dilinə yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli tərcümə edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilən kitab “Zərdabi” nəşriyyatında çap olunub. Kitab ADMİU tələbələrinə və kinematoqrafiya sahəsində təhsil alan və çalışan gənclərə paylanacaq. Kitabın nəşrə məsulu AKİ-nin İcraçı katibi, rejissor Əli İsa Cabbarovdur.
Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Afaq Yusifli müstəqil sənədli film rejissoru qismində Mərakeşdə keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında Azərbaycanı təmsil edib.
4 dekabr – “Azərbaycan” CinemaPlus-da “Dörd qəhrəman Cənnət sorağında” adlı tədbir keçirildi.
Oleq Səfərəliyevin “Murad-Sad”, Davud İmanovun “Afroditanın qolları”, Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu”, Rauf Nağıyevin “Foto”Fantaziya” filmləri nümayiş edildi.
– Azərbaycan Kinematoqrafçılar İttifaqı “OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına vəsait ayırıb.
7 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.
9 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şimalda Kino Günləri” layihəsinin ikinci mərhələsi də uğurla başa çatdı. 5-7 dekabr tarixlərində baş tutan bu mərhələ Qəbələ, Şəki şəhərlərini, Oğuz rayonunu, o cümlədən, Oğuzun Musax kəndini əhatə edirdi.
14 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan etdi.
SON SÖZ ƏVƏZİ:
Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbu orqanı olan Aki.az saytının yaranmasının beş ili tamam oldu. Saytımız milli kinomuzun təbliğilə yanaşı, eyni zamanda, kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daim işıqlandırmağa çalışıb. Önəmli məqamlardan biri də odur ki, hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarlar arasında populyarlıq da qazandırdı, artıq xəbər saytları Aki.az-a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının feysbuk, instaqram səhifələri ilə dəstəklənir. Sayt əsasən, Azərbaycan dilində yayımlansa da, rus və ingilis dillərində də olan xidmətini daim yeniləyir.
Son olaraq qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü ildə gördüyü işlərin, həyata keçirdiyi layihələrin sadəcə ən önəmlilərini oxucularımızın diqqətinə çatdırdıq.
AKİ-nin üzvlərinin sayı getdikcə artır, üzv olmaq istəyənlər çoxluq təşkil etməyə başlayır. Görüləcək işlər, gələcək planlar çoxdur və 2025-ci ildə Azərbaycan kinosu üçün ən önəmli layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.
Aki.az
“Aktyorluğu öyrən” layihəsi davam edir Aleyna sürücü elanı verdi İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə