Icma.az
close
up
RU
Alim ömrü Anar İsgəndərov 70

Alim ömrü Anar İsgəndərov 70

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şikar QASIMOV
Bakı Mühəndislik Unuversiteti Magistratura və Doktorantura şöbəsinin müdiri, tarix elimləri doktoru, professor

 

Əsrarəngiz təbiəti, qədim abidələri, dəyərli ziyalıları və zəhmətkeş  insanları ilə seçilən Masallı Azərbaycan elminin və mədəniyyətinin inkişafına töhfələr verən bölgə kimi tanınır. 

Respublikamızın elm və dövlət adamlarından biri, Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, həyatını Bakı Dövlət Universiteti ilə bağlayan, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor və xidmətlərinə  görə çoxsaylı  təltiflərə layiq görülən Anar Camal   oğlu İsgəndərovu Sizə təqdim etmək istəyirəm. 

Əvvəllər Anar müəllimi  tədqiqat xarakterli maraqlı tarixi yazılarına görə tanımışam. Onunla yaxından tanışlığım və tezliklə dostluğa-qardaşlığa çevrilən münasibətim iki mininci illərin əvvəlindən millət vəkili, professor Fəzail İbrahimlinin sayəsində yarandı.

Keçdiyi ömür yoluna nəzər sala bilən insan

Anar müəllimin keçdiyi həyat yoluna nəzər salmaq və onu oxuculara olduğu kimi təqdim etmək üçün  tarixçi yaddaşımdan istifadə etməli olacağam. Onun tərcümeyi-halını vərəqləyəndə Azərbaycan tarixinin yorulmaz tədqiqatçısını və qəlbi vətən sevgisi ilə dolu bir ziyalını görmək olur. Anar müəllimi tanıyan hər kəs və xüsusilə çoxsaylı tələbələri onun şəxsiyyətinə  olan rəğbəti heç vaxt gizlətmirlər. Çünki o, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə və Vətən tarixinin tarixşünaslığının  və mənbəşünaslığının  tədqiqinə həsr etmişdir.  Elə ona görə də Anar müəllim həyatının istənilən mərhələsində bir anlıq  geri boylanıb keçdiyi ömür yoluna nəzər salmaq istəsə, xoş bir mənzərənin şahidi olacaq.

Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1963-1973-cü illərdə Kolatan kənd orta məktəbində təhsil almışdır. Sonra isə 1973-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə də fəallığı ilə seçilmişdir. Qrup nümayəndəsi seçilmişdir. 1978-ci ildə Universiteti bitirdikdən sonra, təyinatla Masallı rayonuna göndərilmişdir. 1978-1981-ci illərdə əvvəl rayonun ən böyük orta məktəblərindən biri olan Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan kənd orta məktəbində tarix müəllimi işləmişdir. O, orta məktəbdə müəllim işlədiyi dövrdə fəaliyyəti ilə fərqlənmiş, şagirdlərinin sevimlisinə çevrilmiş, kollektiv arasında hörmət qazanmışdır.  Anar müəllimin bu illərlə bağlı söhbətlərini dinlədikcə və  xatirələri ilə tanış olduqca gənc yaşlarında üzləşdiyi çətinlikləri, onlara üstün gələrək həyatda özünü təsdiq etdiyinin də şahidi oluruq. O, Universiteti bitirəndən sonra bacı-qardaşlarına və evlərinə dayaq olmuşdur. Yazdığı xatirələrindən görünür ki, anasına olan məhəbbəti daha güclü imiş. Hətta anasının sağlığında arzu etdiyi kimi, kəndlərində böyük əziyyətlə, bir çox müəllimin bacara bilmədiyi işi-ata ocağında yaraşıqlı bir evin tikilməsinə nail olmuşdur. Lakin Anar müəllimin təhsilini davam etdirmək istəyi onu 25 yaşında, tikdiyi evin üstünü örtdüyü günün səhərisi- 1981-ci il dekabrın sonlarında Masallı ilə, işlədiyi Kolatan orta məktəbi ilə vidalaşıb Bakıya qayıtmağa məcbur edir. Anar müəllim o günləri belə təsvir edir: “Bakıya tək qayıdırdım, kənddə arxamca su səpib məni nə yola salan anam, nə də gözləyənim var idi. Bu kəndə necə gəlmişdimsə, üç il yarımdan sonra elə də tərk etdim. Tək-tənha, nə sevinməyim bilinirdi, nə də içimdəki kədərim. Kənddə atam, bacı-qardaşlarım və öz əlimlə tikdiyim evim qaldı. İndi də Allaha şükr edirəm ki, İlahi, mənə ata yurdunda ana vəsiyyətini yerinə yetirməyi nəsib elədin. Böyük zəhmət və çətinliklə başa gələn evi tikə bildim “.

Anar müəllim nadir tarixçilərdəndir ki, keçdiyi həyat yolunu qələmə ala bilib. Anar müəllim yazır: “1982-ci ilin fevralında Lökbatan qəsəbəsində qeydiyyata düşəndən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (AZİ-də) Fəlsəfə kafedrasında kabinet müdiri kimi işə başladım. 1982-ci ilin fevralından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Sənaye Universitetində çalışdım. Kafedraya Abbasqulu Ağa Bakıxanovun tədqiqatçısı, böyük ziyalı, təmənnasız insan, ciddi xarakter sahibi, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədov rəhbərlik edirdi. İki il onun rəhbərliyi altında fəaliyyət  göstərdim. Allaha şükür ki, Ənvər Əhmədovun məktəbini mükəmməl keçə bildim. Bu məktəbin ilk tezisi:  heç vaxt tələbənin cibinə girmə. Girmədim. İkincisi, qız uşağına qiymət yazanda xəsislik etmə, həm də bir az səbrli ol. Axı səni dünya gətirən anan da qız olub. Nə xəsislik etdim, nə də səbrsizlik. Üçüncüsü, ixtisasına mükəmməl sahib ol, amma qürrələnmə, elm sonsuzdur. Qürrələnmədim də”.

Anar müəllim indi də hər vaxt söz düşəndə deyir ki, o vaxtlar  həyatda ayaq üstə dura bildiyimə görə, göydə Allaha, yerdə valideynlərimə və orta məktəb müəllimlərimə nə qədər borcluyamsa, Ənvər Əhmədova da o qədər borcluyam. Düz iki il yanında işlədim, savadına qiptə etdim, tərbiyəsinə vuruldum. Ənvər müəllimin insanlarla münasibət qurmağı, tələbələrə qayğı göstərməyi və  kafedranı ədalətlə idarə etməyi mənim sonrakı həyatımda böyük rol oynadı. Anar müəllim qeyd edir ki, İnstitutda fəlsəfədən saathesabı dərs aparır, kabinet müdiri və azad komsomol təşkilatı katibi kimi çalışırdım. Vəzifənin hər üçündən də əmək haqqı alırdım. Amma təhsil aldığım Bakı Dövlət Universitetini unutmur, nəyin bahasına olursa-olsun orda çalışmağa can atırdım. Vaxt tapan kimi Universitetə (BDU-ya) qaçır, aspirant dostlarımla bir yerdə gün keçirirdim. Düz iki ildən sonra-1984-cü ilin fevralında Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başladım. Beş il təhsil aldığım və milli dəyərlərindən yetərincə bəhrələndiyim Bakı Dövlət Universitetinə qayıda bilməyimi sözlə ifadə etmək çox çətindir. İki il çalışdığım Neft və Kimya İnstitutunda rus-erməni-yəhudi düşüncəsi çox qabarıq hiss olunurdu. Nə yaxşı ki, hər il rayonlardan kifayət qədər gənc bu ali məktəbə qəbul olunurdu. 

Ən əsası Anar müəllimin BDU-da işə düzəlməsiylə onun bacarığı, peşəkarlığı və tədqiqatçı səriştəsi üzə çıxır. 

Vətənə, el-obaya bağlılıqla ucalığa gedən yol 

Harada çalışmasından asılı olmayaraq Anar müəllim vətənə, dövlətə və el-obasına bağlılığı ilə seçilir. Elə bu gün də belədir. Bu bağlılıqdan güc alaraq ucalığa gedən yolun yolçusu olmuşdur.

Anar müəllim bu gün də yorulmadan Azərbaycan elminin və təhsilinin inkişafı sahəsində öz fəaliyyətini davam etdirir. 1989-cu ildə respublikada ilk dəfə Tarixşünaslıq və mənbəşünaslıq ixtisası üzrə dissertasiya işini müdafiə edərək, tarix elmləri  namizədi elmi dərəcəsini və 1993-cü ildə dosent elmi adını almışdır. 1999-cu ildə isə Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri seçilmişdir. Hazırda da həmin kafedraya rəhbərlik edir. Prof. Anar İsgəndərovun rəhbərliyi altında respublikada Mənbəşünaslıq və Tarixşünaslıq problemləri üzrə elmi məktəb yaradılmışdır. Bu elmi məktəb bu gün də uğurla fəaliyyət göstərməkdədir.  

Anar İsgəndərov 2004-cü ildə “ Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə isə professor elmi adını almışdır. 

Anar müəllimin bu illər ərzində 20 monoqrafiyası, 10 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi çap olunmuş, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur. 

Anar İsgəndərov gənc alimlərin yetişdirilməsində fəal iştirak edir və bununla fəxr edir. Anar müəllimin rəhbərliyi altında 25 nəfər namizədlik, 5 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda rəhbərliyi altında 10 doktorant, 8 nəfər dissertant dissertasiya mövzuları üzərində tədqiqatlarını davam etdirirlər. Tarix elmləri doktoru proqramı üzrə isə 6 elmlər doktorunun elmi məsləhətçisidir. Bütün bunlarla yanaşı professor A. İsgəndərov mütəmadi olaraq dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq və Respublika elmi konfranslarında iştirak edir və Azərbaycan tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxışlar edir. 

Professor A.İsgəndərov 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının sədri olaraq məsuliyyətli, həm də ölkə elminə töhfə verən bir sahəyə rəhbərlik edir. Uzun illərdir Anar müəllimlə bir yerdə Ekspert Şurasının üzvü olaraq fəaliyyət göstərdiyimə görə deyə bilərəm ki, mən Anar müəllimdən obyektivlik, ciddilik, tələbkarlıq, dürüstlük, elmimiz naminə fədəkarlıq və insanlara münasibətdə xeyirxahlıq görmüşəm. Elə bu fədəkarlığın və dürüstlüyün nəticəsidir ki, o bir çox Elmi Şura və qürumların üzvüdür. Belə ki, o, BDU-nun və bu ali məktəbin Tarix fakültəsi Elmi Şuralarının, Azərbaycan-Türkiyə Araşdırmalar Fondunun Himayəçilər Şurasının, “Tarix və onun problemləri”, “Dirçəliş”, “Kəlam”, “Yaşıl çay” jurnallarının Redaksiya Şurasının üzvüdür. Eyni zamanda qeyd etdiyimiz kimi Anar müəllim imanlı və inanclı adamdır. O, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü olaraq, bu iman mərkəzinə öz töhfəsini əsirgəməmişdir. Onun 2009-cu ildə Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunan “Təzəpirin tarixi” və 2016-cı ildə nəşr olunan “Şeyxülislamlığın tarixi” əsərləri elmi ictimaiyyət və ölkə dindarları tərəfindən yüksək dəyərləndirilmişdr.

Bir neçə peşənin yükünü öz üzərinə götürə bilən ziyalı

Professor Anar İsgəndərovun çoxtərəfli fəaliyyəti və apardığı tədqiqat işləri onun ziyalı ömrünün kamilliyindən soraq verir O, bir neçə ağır peşənin yükünü öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini (bəlkədə daha çox) sığışdıra bilən ziyalılarımızdandır. O, müəllim-pedoqoq, tarixçi- alim, və yüksək çinli dövlət məmuru-VI-VII çağırış Milli Məclisin üzvü, Azərbaycan Milli Məclisində Elm və təhsil komitəsinin sədri vəzifələrini şərəflə yerinə yetirən azsaylı ziyalılarımızdandır. Anar müəllim məmurluqdan alimliyə deyil, məhz müəllimlikdən alimliyə və alimlikdən məmurluğa yüksələnlərdən olmuşdur. Bu gün Azərbaycanın elmi ictimaiyyəti onu Azərbaycanda türk-müsəlman  əhalisinə qarşı həyata keçirilən soyqırım probleminin tarixşünaslığının ilk tədqiqatçısı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı sanballı elmi araşdırmaların müəllifi və Milli Məclisin fəal üzvlərindən biri kimi  tanıyır. O, Azərbaycan tarixinin ziddiyyətli məqamlarını araşdıran, 70 illik sovet dönəmində İttifaq miqyasında Mart soyqırımı ilə bağlı yazılmış əsərləri böyük cəsarətlə və elmi əsaslarla tənqid edən ilk əsərlərin müəllifi kimi tanınır. O, uzun illərdir ki, respublikanın aparıcı mətbuat orqanlarında, radio və televiziya efirlərində Azərbaycan tarixinin aktual problemləri ilə bağlı çıxışlar edir. Yaxından tanıdığım üçün deyə bilərəm ki, Anar müəllim gördüyü işdən zövq alan və başladığı işi həvəslə başa çatdıran insanlardandır. Anar müəllim həm də həyatda necə yaşamağı, nə üçün yaşadığını, nə edəcəyini bilən, mərd, vətənsevər, sözünü deyə bilən insanları tanıyan və onlarla ünsiyyət qurmağı  bacaran insandır. Anar müəllim gözəl ailə başçısı, yaxşı ata, sevilən baba, sadə, səmimi, xeyirxah insan və dostluğa sadiqdir. Ən əsası, sədaqətli dost, yaxşı yol yoldaşı və təbiiliyi ilə seçilən bir insandır.   

Tarix elminin inkişafına töhfə verən alim

Onu da qeyd edək ki, professor Anar İsgəndərovun zəngin ictimai-siyasi, elmi fəaliyyəti və tarix elminin inkişafı sahəsindəki xidmətləri Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır. O, öz əsərləri ilə tariximizi göz önündə canlandırmağı bacaran görkəmli tədqiqatçılar-dandır.  Onun son illər Mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair elmi ictimaiyyətə təqdim etdiyi ciddi araşdırmaları Azərbaycan tarix elmində yenilikdir. Belə ki, Respublikada ilk dəfə Anar İsgəndərovun elmi redaktorluğu və müəllifliyi ilə nəşr olunmuş “Azərbaycan tarixşünaslığı”, “Azərbaycan tarixinin mənbəşünaslığı”, “Azərbaycanın tarixi coğrafiyası” adlı dərsliklər  Azərbaycanın bütün ixtisas ali məktəblərində tədris olunur. 

O, yüzdən çox tədqiqat əsərinin, monoqrafiya və kitabların elmi  məsləhətçisi, elmi redaktoru və yaxud rəyçisi olaraq öz məsləhət və tövsiyələrini vermişdir. Təkcə mənim “Xalq Qəhrəmanı Sultan bəy” , “Əsirlikdə qalan Laçın”, “Azərbaycan tarixi” (Texniki ali məktəblər üçün dərslik),   “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror”, “Qərbi Azərbaycana aparan yollar” və “Azərbaycan tarixi” (Texniki ali məktəblər üçün proqram) adlı  monoqrafiya, kitab və metodik vəsaitlərimin elmi redaktoru, elmi məsləhətçisi  olmaqla verdiyi məsləhət və tövsiyələrindən  faydalanmışam.

Bütün bunların nəticəsidir ki, Anar müəllim hazırda, Azərbaycanda və ondan kənarda XX əsr Azərbaycan tarixinin görkəmli tədqiqatçılarından biri kimi tanınır. Onun 1997-ci ildə nəşr olunan “1918-ci il Mart qırğınının tarixşünaslığı” adlı monoqrafiyası Azərbaycan tarixşünaslığının böyük uğuru kimi qəbul olunmuşdur. O, ilk dəfə 1918-ci il Mart soyqırımı ilə bağlı 90 il ərzində yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların tənqid və təhlilini vermişdir. Ancaq Anar müəllimin sovet dövründə bolşevik düşüncəsinə xidmət edən əsərləri tənqid etməsi heç də ona asan başa gəlməmişdir. Özünün təbirincə desək, həyatım mübarizədə keçdiyi kimi, yazdığım  əsərlər də sovet dönəminin tarixçiləri tərəfindən ciddi müqavimətə rast gəldi. Amma son nəticədə xeyrin şər üzərində qələbəsi kimi, mən qalib gəldim.     2003-cü ildə geniş oxucu kütləsi üçün nəzərdə tutularaq nəşr edilən, “Azərbaycan Xalq Cümhuriyyəti” adlı monoqrafiyası və “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik əsərləri də bu silsilədəndir. Anar müəlllimin 2006-cı ildə “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlı fundamental tədqiqat əsəri də təhsilin magistr pilləsi  üçün dərslik kimi nəşr olunmuşdur. Bunlarla yanaşı, Anar müəllimin “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur. Kitabça dünyanın müxtəlif ölkələrinə paylanılmış və maraqla qarşılanmışdır. 

Anar müəllimin Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunması, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, 1915-1920-ci illərdə Osmanlı və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan tədqiqat əsəri 2011-ci ildə ABŞ-da “Realites of Azerbaijan: 1917-1920” adı altında nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. Bu monoqrafiya ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəri olmuşdur. 

2019-cu ildə onun Azərbaycan, ingilis, rus dillərində “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” monoqrafiyası, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universiteti” (üç dildə) və “Bakı Dövlət Universiteti: 100 ilin elm və təhsil məbədi” kitabları işıq üzü görmüşdür.  Professor A. İsgəndərovun ən böyük xidmətlərindən biri də, Gürcüstanın dövlət arxivlərindən və Əlyazmalar İnstitutundan 1823-1918-ci illərdə Tiflisdə fəaliyyət göstərmiş Qafqaz Müsəlmanları İdarəsinin tarixinə dair 75 min, Türkiyə Cümhuriyyəti arxivlərindən isə 10 min səhifəlik sənədi Azərbaycana gətirməsi olmuşdur. 

Professor Anar İsgəndərovun fəaliyyəti bir daha göstərir ki, o respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılarımızdandır. Bu sahədə apardığı bir sıra işlər onu əsl vətənpərvər ziyalı, vətədaş- alim və millətin vəkili kimi tanıtdırmışdır. 

Anar müəllim 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2003 və 2008-ci illərdə Azərbaycan Prezidenti seçkiləri dövründə cənab İlham Əliyevin seçki kampaniyasında təbliğat və təşviqat qrupunun üzvü olmuşdur. Professor Anar İsgəndərov Ulu öndər yoluna sadiqliyini, dövlətçiliyə və Prezident İlham Əliyev siyasətinə sədaqətini əməli fəaliyyəti ilə təsdiq etmiş və bu yolda yorulmadan çalışmaqdadır. O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndi-rilməsi, ərazi bütövlüyünün bərpası istiqamətində aparılan islahatlara inamla və sədaqətlə qoşulmuşdur.  

Professor A.İsgəndərov bütün fəaliyyəti boyu Azərbaycan Prezidentinin siyasətinin əsl  təbliğatçısı missiyasını ləyaqətlə yerinə yetirənlərdən biridir. O, 2010-2018-ci illərdə “Bilik” Cəmiyyətinin xətti ilə respublikanın rayonlarında Ümummilli Lider Heydər Əliyevin müstəqillik, azərbaycançılıq məfkurəsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə həsr olunmuş mühazirələri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Yadımdadır, onun 44 günlük Vətən Müharibəsi  dövründə, mətbuatda, müxtəlif televiziya kanallarında Azərbaycanın haqq işinin dünyaya çatdırılması, torpaqlarımızın işğaldan azad olunması sevincini yaşatması və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunması istiqamətində etdiyi ardıcıl çıxışları böyük rəğbət qazanmışdı. Belə ki, Anar müəllimin yorulmaz və sədaqətli fəaliyyəti nəzərə alınaraq, 2021-ci ilin martında o, Yeni Azərbaycan Partiyasının VII qurultayında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü seçilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının  Prezidentinin Sərəncamı ilə  2020-ci ilin dekabrında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının üzvü təyin olunmuşdur. Anar müəllimin Ulu öndər Heydər Əliyevin yüz illiyi çərçivəsində 2023-cü il boyu, Azərbaycanın, Bakının rayonlarında, xarici ölkələrdə keçirilən silsilə konfrans və tədbirlərdə “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda etdiyi çıxışlar qədirbilənliyin nümunəsi olmaqla yanaşı, xüsusilə yadda qalan olmuşdur. 

Anar müəllim yerinə, yurduna bağlı insandır. Elə buna görə də   xalqına, dövlətinə bağlılığı və ona olan etimadın sayəsində VI çağırış 71 saylı Masallı kənd seçki dairəsindən, hazırda isə VII cağırış 78 saylı Lənkəran kənd seçki dairəsindən Azərbaycan Respublikasının  Milli Məclisinə deputat seçilmişdir. Ona VII çağırış Milli Məclisdə Elm və təhsil komitəsinin sədri kimi məsuliyyətli vəzifə etibar olunmuşdur. Bu illər ərzində Milli Məclisin deputatı kimi üzərinə düşən işləri uğurla yerinə yetirir. Öz seçicilərinə ləyaqətlə xidmət edir. Seçiciləri ilə mütəmadi görüşür, onların problemlərini dinləyir və mümkün qədər həllinə nail olur. Bu görüşlər zamanı şəhid ailəlırinə göstərdiyi  qayğı hamı üçün nümunədir. Bu görüşlərin bir çoxunun şahidi olaraq deyə bilərəm ki, seçicilərin böyük əksəriyyəti Anar müəllimdən çox razılıq edirlər.

Anar İsgəndərovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları  ilə “Tərəqqi” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respub-likası Prezidentinin Fəxri Diplomu, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 100 illiyi (1918-2018)” yubiley medalı, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalı, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı, Türkiyə Cümhuriyyətinin “Altun” medalı, Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Qızıl döş nişanı ilə təltif edilmişdir.  

Anar müəllim ölkəsi, xalqı, dövləti üçün yaşayan insandır. O, keçdiyi yola dönüb baxanda sevinc hissləri keçirir, çünki bu illərin hər günü ona əzizdir.

O, bu ömür yolunu təmkinlə keçmiş, bütün əxlaqi, mənəvi keyfiyyətləri ilə xalqına fayda vermis və qalib Azərbaycanın vətəndaşı olmağının qürurunu yaşayır.

Anar müəllim müqəddəs Həcc, Ümrə və Məşhəd ziyarətlərində olmuşdur. 

Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı sanballı elmi araşdırmaların müəllifi,  Mart soyqırımı ilə bağlı yazılmış əsərləri tarixşünaslıq baxımından ilk dəfə faktik mənbələr əsasında dövriyyəyə cəlb edən, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor  Anar Camal oğlu İsgəndərovun 70 yaşı tamam olur. Vətənpərvər alim, özəl bacarıqlı təşkilatçı rəhbər, gözəl ailə başçısı, yaxşı ata, sevimli baba, sadəliyi, səmimiyyəti, dürüstlüyü, dostluqda nümunə olması, xeyirxahlığı ilə seçilən əziz dostum və sədaqətli qardaşım  Anar müəllimi 70 yaşı münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, xoş ovqatla yaşanan uzun ömür və şərəfli fəaliyyətində uğurlar diləyirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri