Icma.az
close
up
RU
Vətənə bağlı alim ömrü Nazim Müzəffərli (İmanov) 70

Vətənə bağlı alim ömrü Nazim Müzəffərli (İmanov) 70

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 11-də Azərbaycanın tanınmiş elm adamı, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin (İmanov) 70 yaşı tamam olur. Bu münasibətlə dostlarından bir qrupu yubilyarı təbrik edib, onunla bağlı ürək sözlərini bölüşüblər. "525-ci qəzet" olaraq biz də bu təbriklərə qoşulur, hörmətli professorumuza yubiley təbriklərimizi çatdırır, dost təəssüratlarını oxuculara təqdim edirik.

Ramiz HƏSƏNOĞLU

Televiziya və kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti:

- Nazim bəyi xeyli vaxt idi tanıyırdım və onun göz qabağında olan fəaliyyəti hamı kimi mənim də diqqətimi çəkməkdə idi. Bu maraq daha çox onun ictimai xadim və siyasət adamı kimi imicinə söykənirdi.

İllər keçdi və iş elə gətirdi ki, biz daha yaxından tanış olduq, tez-tez görüşərək, deyərdim ki, hətta dostlaşdıq. Və bu ünsiyyətimiz Nazim bəyi daha yaxından tanımağa imkan yaratdı. Onun xarizması, ağlının və istedadının cazibəsi, dünyaya açıq olması, istənilən sahədən məlumatlı olması, güclü yumor hissi adamı valeh edir. Onun iqtisadçı alim kimi tanınmasına, seçdiyi sahədə yüksək peşəkar olmasına baxmayaraq, düşünürəm ki, Nazim bəy istənilən sahədə böyük müvəffəqiyyət qazanmaq imkanına malik olan hərtərəfli bir şəxsiyyətdir.

Əziz dostum, hörmətli professor Nazim Müzəffərliyə həyatının bundan sonrakı mərhələlərinin parlaq hadisələr və böyük uğurlarla dolu olmasını arzulayıram!

Vladimer PAPAVA

Gürcüstan Milli Elmlər Akademiyasının akademik-katibi, professor:

- Dostum, məşhur Azərbaycan iqtisadçısı, professor Nazim Müzəffərli haqda bəzi fikirlərimi paylaşmaq istəyirəm. Biz eyni dövrdə universitet təhsili almışıq, erkən elmi fəaliyyətə başlamışıq və mən onu gənclik illərindən tanımışam. Bu gün mən əminliklə deyə bilərəm ki, professor Nazim Müzəffərli təkcə dost və alim deyil, o həm də dünyaya geniş baxışa malik, yüksək zəka sahibi olan ziyalıdır.

O, bir çox əsərlərin müəllifidir. Lakin mən onun iki kitabını xüsusi qeyd etmək istəyirəm (kitablar xarici dillərdə də nəşr olunub - redaksiya). Bunlardan biri "Azərbaycanın post-konflikt ərazilərinin bərpası. Konseptual əsaslar" kitabıdır və Qarabağ torpaqları hələ işğal altında olanda yazılmışdır. Bu kitab təkcə araşdırma deyil, həm də gələcəyi əvvəlcədən görən intellektual baxışdır. Bu gün biz kitabdakı bütün ideyaların necə həyata keçirildiyini görürük.

Professor Müzəffərlinin qeyd etmək istədiyim digər kitabı "İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" adlanır. Uzun illərdir ki, iqtisadçılar bu mübahisəli məsələni müzakirə edirlər: iqtisadiyyatın inkişafına hökumətin sosial cəhətdən hansı yöndə müdaxiləsi optimaldır? Adı çəkilən kitabda professor Müzəffərli bu suala cavab verən konkret və əsaslı metodologiya irəli sürmüşdür. Bu, iqtisadiyyatın dövlət tərəfindən uğurlu tənzimlənməsinə böyük elmi töhfədir. Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutu 2015-ci ildən etibarən, iqtisadiyyatın solluğu-sağlığı indeksindən istifadə edərək, hesabatlar dərc edir. Bu hesabatlar təkcə Azərbaycanda deyil, Çin, Polşa, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Rusiya və başqa ölkələrdə də çox populyardır. Professor Müzəffərlinin metodologiyasına əsaslanaraq bir sıra elmi əsərlər, məqalələr, monoqrafiyalar, kollektiv monoqrafiyalar və doktorluq dissertasiyaları yazılmışdır və yenə yazılmaqdadır.

Professor Nazim Müzəffərlini yubileyi münasibətilə təbrik edirəm, ona cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Fərhad TƏHMƏZLİ

İnşaatçı, Texnika üzrə fəlsəfə elmləri doktoru:

- Nazim Müzəffərli ilə tanışlığımız ötən əsrin 90-cı illərinin əvvəlinə təsadüf edir. Qəzetdə Azərbaycanın iqtisadi inkişafının istiqamətləri mövzusunda onun elmi məqaləsi dərc edilmişdi və münasibət bildirilməsi xahiş olunurdu. Mən öz fikirlərimi yazdım və göndərdim. Müzakirə üçün o məni dəvət etdi və beləcə tanış olduq.

Tanışlığımız getdikcə dərinləşib dostluğa çevrildi. İllər keçdikcə, 35 illik bu dostluq dərinləşdi və şaxələndi. Ötən illər ərzində bu dostluq sayəsində Ramiz Rövşən, Kamal Abdulla, Eldar İsmayılov, rəhmətlik Akif Musayev, Muxtar İmanov, Vaqif Gərayzadə, Yalçın Adıgözəlli, Rafiq Əliyev, Rüstəm Behrudi, Rəşad Məcid kimi əziz insanlarla da ortaq səmimi münasibətlərimiz quruldu...

Öz çox dərin və sistemli elmi araşdırmaları ilə Nazim Müzəffərlinin iqtisad elminə verdiyi töhfələr olduqca dəyərlidir. Vətən müharibəsindən hələ 10 il əvvəl onun yazdığı "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" kitabı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və inkişafının konseptual əsası kimi, bu gün olduqca əhəmiyyətlidir və praktik istifadə olunur.

Nazim Müzəffərli hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. Həm elmi, həm bədii ədəbiyyat mütaliəsi zəngindir. Poeziya və musiqi duyumu ayrıca bir söhbətin mövzusudur. Pianoda gözəl ifa edir. Klassik musiqini də, muğamlarımızı da gözəl bilir. Dünya caz ifaçılarının səsyazmalarından ibarət onun topladığı rəqəmsal arxiv, yəqin ki, nadir kolleksiyalardan biridir.

Elmi müzakirələr zamanı olduqca ciddi və prinsipial olmaqla yanaşı, onun yüksək yumor hissi var.

Nazim Müzəffərli damarlarındakı qanına, sümüklərindəki iliyinə qədər vətənpərvərdir. Azərbaycanımızın istər iqtisadi, mədəni, elmi, istərsə də hərbi uğurlarına həmişə onun necə ürəkdən sevindiyinin şahidi olmuşam. 44 günlük Vətən müharibəsinin hər gününü bir yerdə olmuşuq və cənab Prezidentin qələbə müjdələrinə də birgə sevinmişik. Nazimin şəhidlərimizə sayğısı, qazilərimizə diqqəti çox təqdirəlayiqdir.

Nazim sadiq və etibarlı dostdur, diqqətlidir, hər birimizi hamıdan çox axtarar. Onunla dostcasına birgə olmaq həmişə maraqlı, mənalı və xoşdur. O həm də çox gözəl ailə başçısıdır. Ailəni müqəddəs sayır.

70 illik yubileyi münasibəti ilə Nazim Müzəffərlini ürəkdən təbrik edirəm. Uzun, sağlam ömür arzulayıram. Bilsin ki, onun həyatı həm də ictimai mahiyyət kəsb edir və özündən muğayat olsun.

Rüstəm BEHRUDİ

Şair:

- Nazim müəllimi nə vaxt, hansı şəraitdə tanıdığımı xatırlamıram. Hərdən mənə elə gəlir ki, Nazimlə eyni yerdə doğulub, biryerdə böyümüşük.

Yapon bilginlər fərdin - tək adamın fenomen olduğunu söyləyirlər. Cəmiyyətlə təmasda olub fenomenə çevrilmək hər kişinin işi deyil! Nazim bunu bacaran fərqli bir adamdır. Nazim ən ciddi, ağır situasiyalarda ağrılı olan hər şeyə pozitiv anlam gətirən tanıdığım tək insanlardan biridir!

Nazim çoxluğun, qələbəliyin içində ola bilər, ancaq heç vaxt çoxluq və qələbəliyi onun içində görmədim! Nazim bir şəhidin başdaşını qucaqlayıb ağlaya bilən, həm də döyüşdə əlini, qolunu, gözünü itirən bir qazinin əli, qolu, gözü olmağı bacaran bir adamdır!

Yəni tam və mükəmməl bir adam!

AĞLAYAN TƏK AĞLAYAR

Əziz Nazim Müzəffərliyə

Nazim, ölmüşəm, məni

Kim mənimtək ağlayar?!

Yaslanıb başdaşına

Ağlayan tək ağlayar.

Bilmirəm kimin qarğısı

Göyərtdi sözümdə başdaşı.

Bir ana yeddi qardaşı

Oxşayıb tək-tək ağlayar.

Kim ki and pozar, qayıtmaz,

"Gələcəm" yazar, qayıtmaz.

Arıtək azar, qayıtmaz,

Boş qalan pətək ağlayar.

Mən vaxtı şərabtək içmişəm,

İçib, günahdan keçmişəm.

Mən bu gün, sabah, keçmişəm,

Yas tutub gələcək ağlayar.

Qanım sözə sıza-sıza,

Çevirdi məni yalqıza.

Yağışlar yağan payıza

Mən, bir də külək ağlayar.

Nə yaxşı hələ ümid var,

Ölməz ki qara sevdalar.

Öləndə Tanrı yas tutar,

Üstündə mələk ağlayar.

Əzizim Nazim! Səninlə uzun, acılı-şirinli bir ömür yolunu birlikdə yaşadığımdan qürur duyuram! Nə yaxşı ki varsan, nə yaxşı ki mən sənin dostunam!

Muxtar KAZIMOĞLU (İMANOV)

Akademik:

- Mənimlə eyni soyadı daşıyan Nazim Müzəffərli-İmanov görkəmli alim, tanınmış ictimai xadim və dəyanətli dostdur. Onun bir iqtisadçı alim kimi fəaliyyətində iki mühüm cəhət diqqəti xüsusi olaraq cəlb edir: 1) dünyanın çağdaş elmi səviyyə və meyarlarından çıxış etmək; 2) dünya səviyyəsindəki araşdırmaları milli mənafeyə, müstəqil dövlətçilik maraqlarına yönəltmək. Elmi fəaliyyətdə müstəqil dövlətçiliyi başlıca hədəf kimi götürməyin bariz bir göstəricisidir ki, 1980-ci illərin sonlarında Nazim Müzəffərlinin rəhbərliyi altında bazar iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə keçməyimizin konsepsiyası hazırlanıb; 2010-cu ildə (ərazi bütövlüyümüzün bərpa olunmasından 10-12 il əvvəl!) Nazim Müzəffərli həmkarı Eldar İsmayılovla birlikdə "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" adlı son dərəcə aktual bir problemə həsr olunmuş kitab çap etdirib; Nazim Müzəffərli Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş maddi ziyanın hesablanması işində bir iqtisadçı alim kimi yaxından iştirak edib.

İqtisadçı alim Azər Səfərovun fikirlərinə əsaslanıb deyə bilərəm ki, Nazim Müzəffərli "beynəlxalq müqayisələr sistemini öyrənmək və bu sahədə Azərbaycanın iqtisadi mövqeyini gücləndirmək; dövlətin iqtisadiyyatı tənzimləməsi sistemini öyrənmək, tətbiq olunan tənzimləmə sistemlərinin sağçı və solçu ideologiyalarla nə qədər əlaqəli olduğunu üzə çıxarmaq" sahəsində elmi məktəb formalaşdırıb.

İqtisadiyyat sahəsində yeni istiqamətlər müəyyənləşdirən Nazim Müzəffərli bizim hərtərəfli dünyagörüşü olan nadir ziyalılarımızdan biridir. O, adət-ənənələrimizə, şifahi və yazılı sənətimizə, musiqimizə, bütövlükdə mədəniyyətimizə dərindən bələddir. Bu sahələrin mütəxəssisləri ilə Nazim Müzəffərlinin bir xiridar kimi həmsöhbət olmasını dəfələrlə görmüşəm.

Nazim Müzəffərli daxilən sərbəst adamdır. O, ən qəliz adamlar arasında və ən mürəkkəb vəziyyətlərdə belə öz sözünü deməyi bacarır. Dediklərinə yumor, duz-məzə qatmaqla, Nazim bəy ciddi mətləbləri heç bir gərginlik yaratmadan ətrafdakılara çatdıra bilir.

70 yaşı haqlayan Nazim Müzəffərliyə - dəyərli elm adamı və əziz dostumuza möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Yalçın ADIGÖZƏLOV

Dirijor, Xalq artisti, professor:

- Nazim İmanov (Müzəffərli) kimi parlaq şəxsiyyətlə dostluqdan böyük sevinc və minnətdarlıq hissi keçirirəm. Nazim bəyi sevən hər kəs üçün bu bir xoşbəxtlikdir ki, o, bizim həyatımızdadır!

Nazim bəy hərtərəfli istedada malik insandır, böyük alim, ictimai xadim, sənət bilicisi, gözəl ailə başçısı, görkəmli natiqdir! Sadalamaqla bilməz... O, yüksək musiqi zövqlü insan kimi, Muğamın, cazın, klassik musiqinin incə bilicisi kimi mənə xüsusilə yaxındır. Onun caz musiqisindən ibarət böyük bir kolleksiyası da var və bəlkə də Azərbaycanda ikinci belə zəngin kolleksiya yoxdur.

Nazim bəy Azərbaycan ziyalısına xas olan yüksək mənəvi dəyərlərə malik əsl dostdur. Mən Azərbaycandan uzaqlarda olanda da qəlbən onunlayam. Onun ailəsini, oğlu - mənim sənət dostum Arazı da çox sevirəm. Ümid edirəm, Nazim bəy və onun ailəsi ilə bu dostluğumuz uzun illər davam edəcək, inşallah.

Daimi Başqanımıza 100 illik xoşbəxt, sağlam və musiqi ilə dolu gözəl həyat arzulayıram!

Vaqif GƏRAYZADƏ

Bəstəkar, Əməkdar incəsənət xadimi:

- Nazim M.İmanovun 70 yaşı tamam olur. Ötən illər ərzində onun əldə etdiyi nailiyyətlər Nazim müəllimi yalnız Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da tanıtmışdır. Onun geniş dünyagörüşü və elmi uğurları təkcə iqtisadiyyat sahəsində deyil, siyasət, mədəniyyət və fəlsəfə mövzularında da dəyərli həmsöhbət olmağı mümkün edir.

Nazim müəllim Azərbaycan ziyalıları arasında xüsusi yer tutur. Bir musiqiçi kimi qeyd etmək istərdim ki, o, musiqi sahəsində də dərin biliklərə malikdir. Azərbaycanda çox nadir rast gəlinən ənənəvi caz musiqisi kolleksiyasına sahibdir. Eyni zamanda, Nazim müəllim muğam sənətinə böyük maraq göstərən, onu dərindən bilən və sevə-sevə dinləyən birisidir.

Bir məqama da toxunmaq istəyirəm. Hərtərəfli inkişaf, universallıq onların ailəsinə xas olan bir dəyərdir. Məsələn, qardaşı Rasim Müzəffərli (İmanov) həm filosof, şair, naşirdir, həm də gözəl musiqiçi və bəstəkardır, bir çox populyar mahnıların müəllifidir. Nazim müəllimin oğlu Araz İmanov isə peşəkar diplomat olmaqla yanaşı, həm də istedadlı müğənnidir.

Nazim Müzəffərli diqqətli, etibarlı və sadiq bir dostdur.

70 illik yubileyi münasibətilə Nazim müəllimə möhkəm cansağlığı və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.

Eşq olsun!

Frederik STARR

Tarixçi alim, musiqiçi, Mərkəzi Asiya və Qafqaz İnstitutunun (ABŞ) qurucusu və rəhbəri:

- Yaxından tanıdığım və dostum saydığım dünyada ən yaxşı adamlardan biri olan doktor Nazim İmanov - professor Müzəffərli haqda çox təriflər yaza bilərəm. Bütün həqiqətən əlamətdar insanlar kimi, o, çoxcəhətli və bir çox dəyərlərə malik şəxsiyyətdir.

Yetkin auditoriya üçün onun qəhrəmanlıqlarını, Azərbaycan parlamentindəki xidmətlərini yada salmağıma ehtiyac yoxdur. Qarabağ böhranının ilkin mərhələsində Bakıda küçədə gəzdiyimi xatırlamaq mənim üçün kifayətdir. Müxtəlif yaşda olan, tamamilə yad adamlar ömür boyu onu tanıyırmış kimi yaxınlaşaraq ölkəsinə göstərdiyi xidmətlərə görə ona təşəkkür edirdilər. Bunlar sadə və səmimi etiraflar idi. O isə dayanırdı, onların və ailələrinin qayğıları ilə maraqlanırdı və problemlərini həll etmək üçün onlara nə kömək edə biləcəyini soruşurdu. Onlar üçün də, mənim üçün də o, qəhrəman idi, amma daha vacibi, onun həqiqətən xeyirxah bir insan olması idi.

Hamımızın bildiyi kimi, professor Nazim Müzəffərli iqtisadçıdır. Bu haqda çox şey demək olar. Amma onun yüksək zəkalı iqtisadçı kimi fəaliyyətindən başqaları da danışa bilərlər. Mənsə başqa məqamlara toxunmaq istəyirəm.

O, 1955-ci ildə anadan olub, sovet sistemində təhsil alıb. Lakin bu təlimin müsbət məzmununu mənimsəyərkən, çatışmazlıqları da görüb, sovet cəmiyyətində və xüsusən iqtisadiyyatında nələrin baş verdiyindən tam xəbərdar olub, lakin bunları etirazdan daha çox bəzən "Ezop dili" ilə, bəzənsə istehza və yumorla etiraf edib.

Belə qeyri-adi münasibət ondan irəli gəlirdi ki, Nazim öz nəslinin bir çox parlaq adamları kimi dünyaya daha geniş pəncərələr açmışdı.

Bakılı pianoçu Vaqif Mustafazadənin dövrü idi... Nazimin dünyaya açılışı həm də cazla bağlı idi. Səyahət edəndə, Qərb populyar musiqisinin, xüsusən də Amerika cazının ecazkar mühiti vasitəsilə onun dünyaya əsl açılışı baş verirdi.

Gənc Nazimin caza münasibəti get-gedə sadə bir həvəsdən daha irəli getdi, həm də dərinləşdi. O, XX əsr Amerika populyar musiqisi və cazı ilə bağlı uzun bir araşdırmaya başladı. Artıq bu gün professor Müzəffərlinin caz musiqisi səsyazmalarından ibarət unikal arxivi, kolleksiyası var. Bu mövzuda o, Avropa və Amerikada özünü ekspert elan edənlərin əksəriyyətindən daha çox biliyə malik olmaqla, əsl avtoritetdir. Bu mövzuda o, bir çox universitet professorlarını geridə qoya bilsə də, təcrübəsini təvazökarlıqla əsasən öz içində saxlayır...

Nazim Müzəffərlinin hamı üçün açıq olan dəyərləri isə onun dərin iqtisadi bilikləri, elmi nəzəriyyələri, idarəçilik təcrübəsidir.

İqtisadiyyatı hərtərəfli bilməsi və mahir idarəçilik bacarığı professor Müzəffərlini İqtisadiyyat İnstitutuna rəhbərlik etməyə layiqli namizəd etdi. Həmin iclasda iştirak etmək mənə də nəsib oldu və mən onun təyinatının həmkarları tərəfindən necə mehribanlıqla qarşılanmasının şahidi oldum.

Qarabağ böhranının qızğın vaxtında Prezident İlham Əliyevlə şam yeməyində olarkən, mən ondan Qarabağın azad olunacağı təqdirdə nələrin baş verəcəyini soruşdum. Prezident cavab verdi ki, bir çox çətinliklər yaranacaq, minlərlə qaçqın Qarabağa, öz evlərinə geri qayıdacaq, ancaq onlar mülklərini məhv olunmuş halda görəcəklər, istilik, su və adi xidmətlər olmayacaq. Biz razılaşdıq ki, bölgəni yenidən yaşayış üçün əlverişli hala gətirməkdən ötrü lazım olan əsas addımları müəyyən etmək üçün araşdırma aparılmalıdır. Bu araşdırma müasir iqtisadi nəzəriyyələrə əsaslanmalı idi, lakin nəzəriyyə praktiki həyata tətbiq edilməli, lazım olan bütün tədbirlər üçün xərclər hesablanmalı idi.

Nazim Müzəffərli bu mürəkkəb işi dostu və həmkarı Eldar İsmayılovla birlikdə öz öhdəsinə götürdü. Araşdırmanın nəticələri 2010-cu ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olundu, Bakıda, Moskvada və Vaşinqtonda çox mötəbər auditoriyalar qarşısında təqdimatlar keçirildi. Bu konseptual və fundamental kitabda inventarlaşdırılan və təsnifatlaşdırılan mürəkkəb vəzifələrin öhdəsindən gəlmək üçün, təəssüflər olsun ki, yalnız uzun illər sonra şərait yarandı. Qarabağın bərpası ilə bağlı Azərbaycan hökumətinin yeni proqramının başlanğıc nöqtəsi kimi professor Müzəffərlinin müfəssəl və praktiki təkliflərinin olması qaçılmaz idi. Qalanı tarixdir.

Sonda qeyd edim ki, hətta həyatın bütün ləzzətlərindən artıq zövq almış insanlar üçün də həyatdan daim yeni gözləntilər yaranır və sürətlə artır. Yetmiş hələ qocalıq deyil. Nazim Müzəffərlini qarşıda çoxlu məhsuldar illər gözləyir. Mən onun daim sağlam olması, həm peşəsində, həm də məşğuliyyətində fasiləsiz fəaliyyət göstərməsi şərəfinə qiyabi olaraq bir badə qaldırıram: bütün həyatımızı işıqlandıran Nazimin canlı və füsunkar ruhunun şərəfinə!

Kamal ABDULLA

Akademik, Əməkdar elm xadimi, Xalq yazıçısı:

- Nazim Müzəffərli kimi dost haqqında söz demək qürurlu və şərəflidir. Onunla ünsiyyət həmişə ürəyə bir təskinlik gətirir.

Bir-birindən uzaq insanları bir araya gətirib dosta çevirən adam Allahın sevdiyi adamdır. Bunu görüb bilən bəziləri onunla fəxr edir, bəziləri qibtə edir, bəziləri də bədxahına çevrilir. Bunların hamısı başadüşülən, anlaşılandır. Və heç nəyə fikir vermədən öz kişi yolunu getməyə davam edən Nazim yaxşı bilir ki, bunlar təfərrüatdır. Əsas olan onun Vətən, millət, elm yolunda aydın eşidilən vicdanlı ürək döyüntüləridir və əsas olan həm də budur ki, bu ürək döyüntülərini onun dostları, əqidədaşları yaxşı eşidib ona səs verirlər.

Çox yaşa, qardaşım! Səni sevənləri və sənin sevdiklərini daim sevindir. Sən bunu gözəl bacarırsan.

Ramiz RÖVŞƏN

Xalq şairi:

- Nazim Müzəffərli mənim ən yaxın, ən əziz və həm də ən çox görüşdüyüm dostlarımdan biridir.  O, dünyada tanınmış iqtisadçı alimimizdir. "İqtisadçı" deyəndə, adamın gözünün önünə ilk növbədə quru rəqəmlərlə işləyən mütəxəssis gəlir. Amma Nazim Müzəffərli sözlərlə də çox yaxşı işləməyi bacarır. Bunu mən, Kamal Abdulla, Rüstəm Behrudi və onun digər şeir yazan dostları tez-tez görürük. İstənilən sözün qafiyəsini Nazim bizdən tez tapır. Onun qafiyə tapmaq ustalığı əvəzsizdir.

İstər alim, istər ictimai xadim olsun,  mənim üçün insanlar cəmdə iki cürdür: insan var ki, cəlbedicidir, insanları bir yerə yığandır, qurucudur; insan da var ki, xaraktercə dağıdıcıdır, bu, ailə miqyasında da ola bilər, daha geniş miqyasda da. Nazim Müzəffərli xisləti etibarilə qurucudur, insanları öz ətrafına yığa bilən, dostları bir yerə toplayandır. Adamlar var ki, dostlarını gizləyir, Nazimsə həmişə arzusundadır ki, dostları da bir-birini tanısınlar, dostları da bir-biriylə dost olsunlar. Bu baxımdan da o, əvəzsiz dostlarımızdan biridir. Məsələn, Kamal Abdulla ilə, hələ Nazimdən əvvəl, neçə illərin dostuyuq, amma hətta onunla da tez-tez görüşməyimizdə Nazimin xüsusi rolu var, özümüzə qalsaydı, bəlkə, bu qədər tez-tez görüşməzdik. Bu da Nazimin hər adamda olmayan bir qabiliyyətidir.

Nazim Müzəffərli böyük iqtisadçıdır, amma həm də elmi mövzulara şairanə yanaşmağı bacaran alimdir. Təsadüfi deyil ki, onun ekoloji problemlərə həsr olunmuş ilk kitabı şiranə tərzdə "Sabah yağış nə rəngdə yağacaq?" adlanır. Sanki bir şeir kitabının adıdır. Mənim şeir kitablarımdan birinin adı "Bir yağışlı nəğmə"dir, amma mən etiraf edirəm ki, Nazimin bu iqtisadi kitabının adı mənim şeir kitabımın adından daha poetikdir. Mənə elə gəlir ki, Nazimdə reallaşmamış bir şairlik də var və bu şairlik yalnız hərdən bizim dost məclislərimizdə reallaşır.

Ümumiyyətlə, Nazim Müzəffərli bizim həyatımızı bəzəyən nadir insanlardan biridir. Mən ona möhkəm cansağlığı, bütün işlərində daha böyük uğurlar arzulayıram. Və görüşlərimiz çox olsun deyirəm, çünki onunla hər görüş xoş bir bayramdır.

Rəşad MƏCİD

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi:

- Hörmətli alimimiz, professor Nazim Müzəffərli bu günlərdə 70 illik yubileyini qeyd edəcək.

Mən Nazim müəllimi uzun illərdir tanıyıram. Onun Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri ilə çox səmimi, xoş münasibətləri var - daim ziyalılar mühitindədir. 1995-2000-ci illərdə Milli Məclisin üzvü kimi, o, əksər qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesində fəal iştirak edirdi. O dövrlərdə Nazim müəllimin parlament tribunasından səsləndirdiyi çıxışlar medianın diqqət mərkəzində olardı.

İti yumor hissinə malik olan Nazim müəllimin bəzən sarkazmla, incə ironiya ilə səsləndirdiyi fikirlər mətbuatda böyük maraq və rəğbətlə qarşılanırdı. Yadımdadır, 2012-ci ildə o, "Milli Məclisin ağlamalı gülməcələri" adlı maraqlı və yumoristik əhvalatları, siyasi lətifələri özündə cəmləyən kitabını da nəşr etdirmişdi. Həmin kitabı vərəqləyərkən Nazim müəllimin real hadisələrə fərqli baxış bucağını, axıcı, maraqlı təhkiyə tərzini, eyni zamanda prinsipial və məsuliyyətli vətəndaşlıq mövqeyini açıq-aydın hiss etmək olur. Kitabdakı bir çox fikirlər Nazim müəllimin özünə və cəmiyyətə tənqidi baxmaq bacarığını, tərəqqi və inkişaf üçün yumorun gücünə inandığını, eyni zamanda səmimiyyətini və təvazökarlığını üzə çıxarır. O, təkcə düşünən insan deyil, eyni zamanda düşündürən, dəyişməyə ruhlandıran, insanları özlərini dərk etməyə çağıran elm adamıdır. Bu yanaşma isə onun humanist və əsl ziyalı xarakterindən xəbər verir. Nazim müəllim çıxış və müsahibələrində də bir qayda olaraq cəmiyyət qarşısında daşıdığı ictimai məsuliyyət hissini ön plana çəkir.

Nazim Müzəffərlinin İqtisadiyyat İnstitutunun direktoru kimi fəaliyyəti də diqqətəlayiqdir. Bu günlərdə onun rəhbərlik etdiyi institutun Elmi Şurasındakı "Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi metodologiyası" mövzusunda hesabatı mətbuatdan oxudum. Hesabatın miqyası, dərinliyi və əhatəliliyi Nazim müəllimin bu sahədəki təqdirəlayiq xidmətlərini açıq şəkildə nümayiş etdirirdi. Sənəddə əksini tapan bir çox məlumatlar və rəqəmlər sadəcə statistika deyil, uzunmüddətli dərin araşdırmaların, gərgin və ciddi əməyin nəticəsi kimi diqqəti cəlb edirdi. Belə əhatəli və elmi əsaslara söykənən hesabatın ərsəyə gəlməsi həm milli maraqların qorunması, həm də beynəlxalq aləmdə haqlı mövqeyimizin sübutu baxımından son dərəcə mühümdür.

Nazim müəllim Vətənini sonsuz dərəcədə sevən, xalqına, millətinə bağlı alimlərimizdəndir. Əslən Füzuli rayonundandır. Onun Qarabağa olan sevgisini, əsl vətənpərvərlik hisslərini xüsusilə işğal illərində dərindən hiss etmişdik. Zəfərimizdən sonra isə Nazim müəllimin sanki yenidən doğulmuş bir insan kimi sevinc və fərəh içində qanad açdığının şəxsən  şahidi olmuşam.

Ömrün bu şərəfli və mötəbər məqamında - 70 illik yubileyi ərəfəsində hörmətli Nazim müəllimi səmimi qəlbdən təbrik edir, ömrün bundan sonrakı illərini daha çox azad Qarabağda - doğma Füzulidə keçirməsini arzulayıram.

Rasim MÜZƏFFƏRLİ

Naşir, şair, bəstəkar:

- Dostdan fərqli olaraq, qardaşı seçmək olmur. Amma mənə qardaş seçmək imkanı verilsəydi, yenə Nazimi seçərdim. Əminəm ki, belə olsaydı, onu seçməkdə mən tək olmazdım, xeyli bacı-qardaşım olardı.

Nazim məndən 3 yaş böyükdür. Uşaqlar arasında yaş fərqi çox olmayanda da, uşaqlıqda daha qabarıq hiss olunur. Kiçik qardaşların çoxu öz böyük qardaşlarına bənzəməyə çalışırlar, onları yamsılayırlar. Mən də istisna olmamışam. Yaş artdıqca bu fərq az hiss olunsa da, mən onu uşaqlıqdakı kimi böyüyüm sanıram.

Nazim həmişə mənə nümunə olub, o, evdə də, "məhlə"də də, məktəbdə də mənə nümunə göstərilib, mənə "Nazimin qardaşı" deyiblər və buna görə ətrafımdakıların müsbət münasibətini "avans olaraq" qazanmışam.

1980-ci ildə mən universitetin 5-ci kursunda diplom işi yazanda, Nazim artıq dissertasiya müdafiə edirdi, mövzusu ekoloji problemin iqtisadi məsələləri idi. Mən də ona baxıb, diplom işimin və sonra isə dissertasiya işimin mövzusu kimi ekoloji problemin sosial-siyasi məsələlərini seçmişdim. Nazimin elmi işi öz strukturu və tərtibat məntiqi etibarı ilə, mənim üçün əyani nümunə idi. Buna görə də, yazdıqlarımızı bir araya gətirmək çətin olmadı və beləcə, 1984-cü ildə "Sabah yağış nə rəngdə yağacaq?" adlı ilk və yeganə birgə kitabımız əmələ gəldi.

Mənim musiqiçi kimi formalaşmağımda da Nazimin böyük rolu olub. Evimizə ilk pianino alınanda Nazimin 8, mənim 5 yaşım vardı və mən pianinoda çalmağı Nazimin ifasına baxıb öyrənirdim. Üstündən bir neçə il keçəndən sonra rəhmətlik əmim Nazimə gitara hədiyyə etmişdi və bu, çalmağı öyrəndiyim ilk gitara idi. 1970-ci illərin əvvəllərində rok tərzində bəstələdiyim ilk mahnıları öncə Əbilov adına Mədəniyyət Mərkəzinin "Dağ çiçəyi" rok qrupu və qrupun solisti Xədicə Abbasova (o vaxtlar yuxarı sinif şagirdi idi), ardınca isə İqtisadiyyat Universitetinin o illərdə çox populyar olan "Xürrəmilər" rok qrupu ifa etməyə başladılar. Hər iki qrupda Nazimin dostları vardı və məni bu qruplara təqdim edən Nazim olmuşdu.

Sonrakı dövrlərdə də Nazim həmişə mənim bəstələrimin ilk dinləyicilərindən və ciddi tənqidçilərindən biri olub. Elə bu gün də o, bütün sahələrdə mənim məsləhətçim və yolgöstərənimdir.

Nazimə, gözəl ailəsinə sağlam, xoşbəxt, firavan və mehriban uzun ömür arzulayıram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see157

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see114

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see113

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Rusiya ərzaq böhranı ilə üzləşib..?

11 İyun 2025 00:04see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see112

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri