Alma desəm, gələrsən, armud desəm, yox Nəsimi Nəbizadə ilə reabilitasiya gizlənpaçı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Samir Əli yazır...
Əməkdar jurnalist, tanınmış keçmiş diktor Nəsimi Nəbizadənin narkotik asılılığından əziyyət çəkməyini artıq az qala bütün Azərbaycan bilir. Təbii ki, bu da Bakıda qəfildən peyda olmuş "Qurtuluş" reabilitasiya mərkəzinin sayəsində oldu. Çoxlarının korifeylərlə birlikdə adını çəkdiyi Nəsimi Nəbizadəni bu mərkəz illərin narkomanı, tüfeyli həyat tərzi sürən biri kimi təqdim etməklə özünü reklam elədi. Nəsiminin narkotik aludəçiliyindən istifadə edən bu mərkəzin rəhbərliyi onu sözün əsl mənasında rüsvay edir. Artıq dörd aydır ki, həmin şəxslər hər gün Nəsiminin hərəkətlərini lentə alaraq paylaşır, izləyicilərə özlərini xeyirxah, jurnalisti isə narkoman kimi təqdim edirlər.
Təxminən bir ay əvvəl mərkəz öz sosial şəbəkə hesablarında Nəsimi Nəbizadənin "müalicədən qaçmaq" ssenarisi üzrə videoçarx hazırlayıb paylaşdı. Sonra da bu videonun zarafatyana çəkildiyini bəyan etdi. Nəsimi təkrar rüsvay oldu.
Alma desəm, gələrsən, armud desəm, yox - Nəsimi Nəbizadə ilə reabilitasiya gizlənpaçı
Təbii ki, Nəsimi Nəbizadə indiki şəraitdə özünü tam dərrakəli idarə edə bilmədiyindən bu çəkilişlərin, biabırçılığın fərqinə varmır. Narkotikin məhv etdiyi beyin onun özünü dərk etməsinə imkan vermir. Və həmin "reabilitasiya mərkəzi" də bundan əməlli istifadə edir.
Ötən gün proses daha biabırçı formada təkrarlandı. Reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov sosial şəbəkədə açıqlama yaydı. İlk sözü bu oldu: "Nəsimi Nəbizadəni itirdik".
"TikTok"da bəziləri də bu videonu paylaşaraq, Nəsimi Nəbizadənin dünyasını dəyişdiyini elan etdilər. Sonradan məlum oldu ki, yox, bu şoumen mərkəz rəhbəri Nəsimi Nəbizadəni "qaçırıb". Adam dayanmadan açıqlamalar verdi ki, guya Nəsimi qaçıb. Xəbər də gündəm oldu, bəziləri kimi, mən də bu sayaqlamaya inandım.
Gecə saatlarında həmin bu şoumen Ceyhun Salmanov bir dəstə insanı yığıb, yenidən "TikTok"da canlı açıb hayqırdı ki, bəs gedirik Nəsiminin ata evinə, onu axtarmağa. Adam canlı yayımda bütün Abşeron əhalisinə, Saray sakinlərinə çağırış etdi ki, durun, gəlin Nəsiminin evinin qarşısına. Mənim ağılda olan bəziləri də bu şouya inanıb, çağırışın təsirinə düşüb yolandılar Nəsimigilə. Nəsiminin yaşadığı küçə tarixində o qədər insan axını görməmişdi. Uşaqlı-böyüklü, qocalı-cavanlı hamı axışırdı məhəlləyə. Kənardan tanımayan adam baxsaydı, elə bilərdi ki, Donald Tramp, ya da Vladimir Putin gəlir Saraya.
Ceyhun Salmanov camaatın küçəyə axışmasından istifadə edib canlı yayımda daha da "canfəşanlıq" edir, Nəsiminin yaşadığı evin gah qapısını döyür, "Nəsimi müəllim, ay Nəsimi müəllim, qapını aç, qardaş" deyir, üzünü də toplaşanlara tutub: "Ay camaat, görürsünüz? Bir Allah şahiddir ki, biz Nəsiminin sağalmasını istəyirik, bu istəmir", - deyib, şounu davam etdirirdi. Adam arada "TikTok"dakı "fenomen"lərə də müraciət edib, səhifəsini "tıklatdırır"dı.
Ən acınacaqlı səhnə isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın oğlu, bir müddət əvvəl spirtli içki aludəçisi olmuş jurnalist Ceyhun Əsgərovun alətə çevrilməsi oldu. Məhz Salatın Əsgərovanın anım günündə "Qurtuluş" reabilitasiya mərkəzinin Ceyhun Əsgərovu Saray qəsəbəsinə gətirib camaata nümayiş etdirməsi, "Ceyhunu da sağaltmışıq" deyib, onu küçələrə salıb, "TikTok"da canlıda danışmağa məcbur etməsi daha biabırçı mənzərə idi.
Su çanağı suda sınar deyiblər. Mərkəz əməkdaşları da az keçmədi ki, özlərini ifşa etdilər.
Mərkəzin guya sağaltdığı iki nəfər həmin əraziyə gələrək, Ceyhun Əsgərovla görüşüb, söhbətə başladı, Nəsimidən gileyləndi. Həmin şəxslər Ceyhundan vəziyyətin necə olduğunu soruşanda şəhid jurnalistin oğlu bildirdi ki, hazırda "TikTok"da canlıda 27 min nəfər var. Bunu eşidən həmin şəxslərdən biri: "Ala, Nəsimiyə deyin, bir-iki saat da çıxmasın, canlı artsın", - deyəndə hiss etdim ki, mən də bu vecsizlərin şousunun qurbanına çevrilmişəm. Anladım ki, işlədikləri müəssisəni "reabilitasiya mərkəzi" adlandıran bu dəstə tək Saray camaatı ilə deyil, bütün ölkə ilə "gizlənpaç" oyunu oynayır. Nəsimi gizlənib, şoumen Ceyhun Salmanov və onun dəstəsi onu "tapırlar". Bir o qalmışdı ki, Ceyhun Nəsimiyə desin ki, alma desəm, çıxarsan, armud desəm, yox.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 09 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















