Icma.az
close
up
RU
Alman əsirliyindəki rəssam Həsən Haqverdiyevin məşəqqətli günləri

Alman əsirliyindəki rəssam Həsən Haqverdiyevin məşəqqətli günləri

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci Dünya müharibəsinə göndərilən 600 min azərbaycanlı arasında sadə insanlarla yanaşı ali təhsil almış, müxtəlif sahələrdə sözünü demiş sənətkarlar da vardı. Tarixçilərdən rəssamlara, həkimlərdən müəllimlərə qədər müxtəlif ixtisasların, peşələrin sahibi olan bu insanların hər birinin fərqli taleyi olub. Onlardan biri də ömrünə əsirlik və sürgün yazılan rəssam Həsən Haqverdiyevdir.

Bu yaxınlarda Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mərhum diplomatımız Ramiz Abutalıbovun arxivində çalışarkən müharibədə əsir düşmüş görkəmli rəssamımızın həyat hekayəsi ilə bağlı maraqlı məlumatlara rast gəldim. Qədərdaşı Məcid Musazadənin qələmə aldığı xatirə ilə oğlunun yazdığı məktub onun həyatının bilinməyən məqamlarına aydınlıq gətirir.

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə doğulub. 1930-1935-ci illərdə Əzim Əzimzadədən dərs alıb, 1940-cı ildə onun portretini yaradıb. Almaniyanın SSRİ-yə hücumundan sonra cəbhəyə göndərilib, döyüşlərdə əsir düşüb. Onun haqqında yazılan kitab və məqalələrdə Almaniyadakı həyatı və orada çəkdiyi əsərlər barədə məlumat, demək olar ki, yoxdur.

“Həsən Haqverdiyev ilə ilk dəfə 1943-cü ildə Berlində üzləşdik”

H. Haqverdiyev kimi cəbhəyə göndərilən tarixçi Məcid Musazadə 7 noyabr 1989-cu ildə Münxendə qələmə aldığı bir yazısında Həsən Haqverdiyev ilə tanışlığından və onun Berlindəki yaradıcılığından bəhs edib:

“... Göndərdiyim bu fotosurətin əsli yağlıboya idi. Əsəri Azərbaycanın ozamankı gənc, müqtədir və bacarıqlı rəssamlarından rəhmətlik Həsən Haqverdiyev, səhv etmirəmsə, 1943-cü ildə Berlində yaratmışdı. Müharibədən təxminən bir il əvvəl, hələ tələbə ikən, böyük, mütəfəkkir şairimiz Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə hazırlıq dövründə kiçik elmi işçi sifəti ilə qurulmaqda olan Nizami muzeyində çalışırdım. Tarix fakültəsində təhsil aldığımız nəzərdə tutularaq, bir neçə tələbəyə belə bir fürsət verdiyindən, özümüzü xoşbəxt sanmışdıq. Nə yazıq ki, bu səadət uzun sürmədi... Muzeyin müdiri vəzifəsinə görkəmli ədəbiyyatşünas, xüsusən füzulişünas alim, rəhmətlik Həmid Araslı təyin olunmuşdu. Muzeyin sənət cəhətdən idarə edilməsi işi görkəmli incəsənət xadimlərimizdən mərhum rəssam İsmayıl Axundova həvalə olunmuşdu... Azərbaycanın ozamankı görkəmli ədəbiyyatçıları, şair və yazıçıları, eləcə də incəsənət xadimləri-heykəltəraş Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, rəssamlardan İsmayıl Axundov, Qəzənfər Xalıqov, Nəcəfqulu Nəcəfov, Maral və Güllü xanımlarla və digərləri ilə həmin münasibətlə üzdən tanış olmuşdum. Nizami muzeyinin qurulmasında biz tələbələr də onlarla bərabər az toz udmamış, rəhmətlik Həsən Haqverdiyevin adını da orada söhbətlər zamanı eşitmiş, fəqət üzünü görməmişdim. Həsən Haqverdiyev ilə ilk dəfə 1943-cü ildə Berlində üzləşdik və bu andan etibarən möhkəm, sədaqətli dosta çevrildik. Rəhmətlik çox zarafatcıl, xoşsifət, hər zaman gülümsəyən yaraşıqlı bir gənc idi. Tale onu da on minlərlə gənc və qoca azərbaycanlılar kimi qərib, himayəsiz ağır şəraitin, ələlxüsus təyyarələrin bombardımanından göz açmaq mümkün olmayan bir şəraitin qucağına atmışdı. Əsir düşərgələrindəki vəziyyət daha çətin, daha qorxunc və daha dözülməz olduğundan, bomba yağmuru altındakı Berlində yaşamaq böyük xoşbəxtlik sayılırdı”.

“Berlin tutulduqdan sonra o da ələ keçmişdi”

M. Musazadə yazısında Stalin rejiminin hərbi əsirlərə qarşı olan qeyri-insani münasibətindən bəhs etdikdən sonra Həsən Haqverdiyevin Almaniyadakı son günlərindən bu şəkildə bəhs edib:

“Rəhmətlik Həsəni sonuncu dəfə 1945-ci ilin fevralında və ya martında görmüşdüm. Sonra tale bizə xudahafizləşmək səadəti belə vermədi. O, Nizami mövzusunda yaratdığı sözükeçən yağlı boyanı müharibə illərində Berlində nəşr olunan həftəlik “Azərbaycan” qəzetinə hədiyyə etmişdi. Zəmanənin, hadisələrin üzü qara olsun. Həsənin bu dəyərli əsərini də xilas etmək mümkün olmadı. Səhv etmirəmsə, bu əsər də 1945-ci ilin əvvəlində Berlindəki alman mətbəəsi ilə birlikdə məhv oldu. Sovet ordu hissələri Berlini işğal edərkən Həsən onu tərk etməmiş və ya edə bilməmişdir. Sonradan duyduğuma görə, Berlin tutulduqdan sonra bir neçə azərbaycanlı ilə birlikdə o da ələ keçmiş və Sovet İttifaqına aparılmışdır. Bu rəvayəti sonralar Azərbaycan mətbuatında zühur edən məlumatlar da təsdiq edir. Həmin yazılardan aydın olur ki, 1945-ci ildə Həsən də "məşhur" İlya Ehrenburqun hədələrinə uyğun olaraq, "tapılmış" və Sibirə sürgün edilmişdir. Xruşşovun Stalin cinayətlərini ifşa etməsindən sonra (1956-cı ildə) bir çox "vətən xainləri" kimi Həsən Haqverdiyev təbir caizsə əfv edilmişdir. Fəqət görünür, icazə verilmədiyi üçün sevimli ana vətəni və ailəsinə qovuşa bilməmişdir. Çəkdiyi ağır əzab, əziyyət, məhrumiyyət və qəribliyin acı ucbatı üzündən bir neçə ildən sonra gözləri əbədi olaraq yumulmuşdur. Hər halda vətənimizdə onun bu “Nizami” əsəri xaric, həyatı və yaradıcılığı haqqında daha çox məlumat vardır. Bunu da qeyd etmək gərəkdir ki, Həsən Haqverdiyev təkcə istedadlı rəssam kimi deyil, eyni zamanda görkəmli və mahir bir karikaturist kimi də tanınmışdır. Onun məşhur “yoldaşlıq şarj”larına Azərbaycan mətbuatında vaxtdan vaxta rast gəlmək olurdu. Onun özünəməxsus yaradıcılıq stili var idi. Həsən Haqverdiyev hələ 30-cu illərdə Azərbaycan yaradıcı ziyalıları cərgəsində özünəlayiq bir mövqe qazanmışdı”.

Qeyd edək ki, bu xatirələrin müəllifi olan Məcid Musazadə də II Dünya müharibəsində almanlara əsir düşüb, Azərbaycan legionunun həftəlik qəzeti olan “Azərbaycan”ın məsul müdiri olub, “Qarsalani” soyadını alıb. “Azadlıq radiosu”nun Azərbaycan şöbəsində çalışıb, bir müddət Nyu-Yorkda yaşayıb, 1990-cı ildə Münxendə vəfat edib. Qəzetin məsul müdiri olduğu üçün Həsən Haqverdiyev çəkdiyi əsərləri hər halda birbaşa ona təqdim edib. Qəzetin əlimizdə olan saylarına nəzər yetirdiyimizdə orada “rəssam Həsən” imzası ilə dərc olunan üç əsərə rast gəldik: “Xaqani Şirvani” (19 fevral 1944), “Yeddi gözəl” (1 may 1944) və “Leyli və Məcnun” (15 may 1944). Təəssüf ki, bu əsərlər günümüzə çatmasa da, qəzetdəki təsvirdən müəyyən təsəvvür əldə etmək mümkündür.

Məcid Musazadənin məktubu 1990-cı ildə “Gənclik” jurnalında da çap olunub.

Sənətşünas Ziyadxan Əliyev Həsən Haqverdiyevin əsirlik həyatı ilə bağlı bunları yazıb: “Müharibədə ağır yaralanandan sonra alman “əsir düşərgəsi”nin dəhşətli əzablarını dadmış gənc rəssam, yarımçıq qalmış yaradıcılıq arzularını qələbədən sonra gerçəkləşdirmək niyyəti ilə yaşadığı bir vaxtda “etibarsız adam” və “xalq düşməni” damğaları ilə uzaq Kominin həbs düşərgələrində yaşamağa məcbur edildi. Gözlənilməz ailə dramını yaşamağa məcbur olan rəssam, Stalinin vəfatından sonra bəraət alıb vətənə dönsə də, müharibə “ləkə”si onu izləməkdə davam edir və o, cəmiyyət üçün “etibarsız” sayıldığından o dövrün məntiqsiz tələblərinə əsasən paytaxtda yox, əyalətdə - Ucarda yaşamalı olur. Yalnız əllinci illərin sonlarından başlayaraq sərgilərdə iştirakı ilə yaşayıb-yaratmaq eşqini ruhuna qaytaran Həsən Haqverdiyev tarixi mövzuda çəkdiyi tabloları ilə zorən yaşadığı “fasilə”nin onun istedadına bir o qədər də təsir göstərmədiyini sərgilədi”.

Həsən Haqverdiyevin “Şəki Xan sarayında cəza” (1937), “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “N.Nərimanov fəhlələr arasında” (1955), “İlk kəndli qurultayı” (1955), “Füzuli oğlu Fəzlinin şeirini dinləyir” (1958), “Ölməzlər” (1961), “M.P.Vaqif mədrəsədə” (1968), “Oyanma” (1970) və s. süjetli tabloları mütəxəssislər tərəfindən təqdirəlayiq hesab edilməkdədir.

O, bu illərdə “Kirpi” satirik jurnalı üçün də bir-birindən maraqlı karikaturalar çəkib.

Əli Haqverdiyevin məktubu

Həsən Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının əməkdar artisti, rəssam, aktyor, müğənni Əli Haqverdiyev 23 may 1990-cı ildə Məcid Musazadəyə göndərdiyi məktubunda atası barədə geniş məlumat verib:

“Hörmətli Məcid əfəndi. Böyük maraq və həyəcanla sizin məktubunuzu oxudum... Anam Güllü xanım məktubunuzla tanış olandan sonra təsəvvür edə bilərsiniz, nə cür həyəcana gəlmişdi. Müharibə zamanı və müharibədən sonrakı illərdə “vətən düşməni”nin həyat yoldaşı rəyi ağırlığı altında yaşamaq, uşaqları boya-başa çatdırmaq çox çətindi. Anamın işlədiyi əsərləri almırdılar ki, “vətən düşməni”nin yoldaşıdır. 1942-ci ildə atam Bakıya gəlmişdi. Sevastopol cəbhəsində olarkən atamı gizli tapşırıqla Tiflisə göndərirlər. Bu ezamiyyətdə olarkən atam Bakıya da baş çəkmiş ki, bizi görsün. Atam Sevastopola qayıdır və az müddətdən sonra Sevastopol alınır. Bütün ordu ilə bərabər atam da əsir düşür. 1942-ci ildə atam ilə çəkildiyimiz fotoşəkil var... 1942-ci ildən sonra atamdan heç bir məlumatımız olmadı. Müharibə bitəndən sonra xeyli vaxt keçir və nəhayət, atam haqqında xəbər alırıq. Nənəmin gözləri yollarda qalmışdı. Atamın qayıtmasına altı ay qalmış nənəm vəfat edir. 1947-ci ildə anam atamın yanına şimala gedir. Atam ilə orada görüşürlər”.

Bu görüşdə Həsən Haqverdiyev həyat yoldaşına Stalinin sağ olduğunu, həyatın ona nə gətirəcəyini bilmədiyi üçün ondan ayrılmasının daha düzgün olacağını bildirib. Bu addımı atmaqda onun məqsədi ailə üzvlərini qorumaq olub. Nəticədə həyat yoldaşı başqa bir rəssam həmkarı ilə ailə qurub.

Əli Haqverdiyevin yazdığına görə, atası sürgündən 1953-cü ildə qayıdıb. Təyinatla Ucar rayonuna göndərilib. O və anası Həsən bəylə 25 avqust 1953-cü ildə Xaçmaz qatar vağzalında görüşüblər. Sürgündən qayıtdıqdan sonra Həsən bəy Vera İvanovna adlı rus bir qadınla evlənib, dörd övladı olub. Həmin övladlardan Hüseyn və Ucal Haqverdiyevlər də atalarının yolunu davam etdiriblər.

Həsən Haqverdiyev 19 avqust 1978-ci ildə vəfat edib.

Əli Haqverdiyev 1939-cu ildə Həsən Haqverdiyev ilə Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1958-ci ildə Bakı orta ixtisas musiqi məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Bakı Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub, Şövkət Məmmədovadan dərs alıb. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. 1992-ci ilin sentyabr ayının 14-ü dənizə doğru addımlayarkən yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub...

Beləliklə, Məcid Musazadənin xatirəsi və Əli Haqverdiyevin atası haqqında yazdığı məktubu rəssam Həsən Haqverdiyevin əsirlikdəki və sürgündəki həyatı haqqında müəyyən təsəvvürün yaranmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:451
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri