Ana dilinə sayğısız münasibət mənəvi cinayətdir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Prezident İlham Əliyev bu il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında akademiyanın keçdiyi şərəfli yoldan və Azərbaycanda elmin inkişafında oynadığı aparıcı roldan ətraflı bəhs edib. Ölkəmizdə zamanın çağırışları müstəvisində elmin vəziyyəti, intellektual potensialın güclənməsi ilə bağlı bir çox məsələlərə toxunan Prezident, eyni zamanda, ana dilimizin saflığının qorunması məsələsini də vurğulayaraq bu sahədə vəziyyətin tam qaneedici olmadığını söyləyib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU ümumi dilçilik kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Prezident İlham Əliyevin milli akademiyanın yubiley mərasimində 50 milyondan çox insan üçün ana dili olan bu mənəvi sərvətin xarici təsirlərdən qorunması zərurəti ilə bağlı qarşıya qoyduğu önəmli vəzifələr, Azərbaycan dilinin qorunmasına və zənginləşdirilməsinə göstərilən dövlət qayğısı barədə XQ-yə bildirdi:
– Dünyanın qədim və yaşarı dillərindən sayılan Azərbaycan dili ruhumuzun, mədəniyyətimizin və tariximizin daşıyıcısıdır. Ana dilimiz zaman-zaman basqılara məruz qalsa da, sınaqlara sinə gərməyi bacarıb və öz varlığını qoruyub saxlaya bilib. İlk yazılı ədəbiyyat nümunələrindən – “Kitabi-Dədə Qorqud”dan, Həsənoğlunun, Füzulinin əsərlərindən üzü bəri ana dilimiz böyük təkamül prosesi keçərək xeyli zənginləşib. Onu qorumaq həm də milli qeyrət işi sayılmalıdır.
Bildiyimiz kimi, 2001-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verdi. Bu, çox möhtəşəm bir sənəd idi. Fərmanda Azərbaycan dilinin dövlət dili olaraq o zamana qədər keçdiyi yola nəzər salınır, təhlillər aparılırdı. Dövlət dili xalqın mənəvi sərvəti kimi təqdim olunur və müasir dövrə qədər bu yöndə görülən işlərə, ədəbi dilimizin inkişaf mərhələlərinə tarixi aydınlıq gətirilirdi. Çünki bu məsələlər bizim elmimizdə də bir çox hallarda mübahisəli idi, yəni ilk Azərbaycan dili, türkmənşəli olaraq neçənci əsrlərdən mövcuddur, hansı mərhələlərdən keçib, demokratikləşmə prosesi necə gedib, bütün bunlarda böyük tarixi şəxsiyyətlərin, cəmiyyətin və dövlətçiliyin rolu nə şəkildə bir-biri ilə əlaqədar olub – bu məsələlərə izahat verilirdi.
O zaman 10 il idi ki, Azərbaycanda latın əlifbasına keçid prosesi gedirdi, amma daha çox mətbuat hələ kirildə çıxırdı. İlk dəfə həmin sənədlə qərara alındı ki, 2001-ci il avqust ayının 1-dən hər yerdə latın əlifbasına keçilsin. Bu, çox əhəmiyyətli idi, o vaxt bəzi müxalif, eləcə də xaricdən müəyyən qüvvələr belə bir şayiə yayırdılar ki, guya Heydər Əliyev latın əlifbasını istəmir, kirilə qayıtmağı təklif edir. Amma Ümummilli lider, əlbəttə, bu ictimai-siyasi prosesləri, Azərbaycanın inkişaf yollarını, beynəlxalq əlaqələrin nə dərəcədə əhəmiyyətli olduğunu hamıdan yaxşı bilirdi və buna görə də, bax, o cür iddialar meydana çıxanda çox qısa bir zamanda yeni əlifbaya keçməyin vacib olduğunu rəsmi sənədlə təsdiq etdi. Sənəddə çox ciddi, strateji münasibət ortaya qoyuldu.
Həmin il 4 iyulda Dövlət Dil Komissiyası yaradıldı. Doğrudur, bir müddət komissiyanın faydalı iş əmsalı az oldu (sonra onun tərkibinin dəyişməsi haqqında Prezident İlham Əliyevin təşəbbüsü olub). Avqustun 9-da isə Heydər Əliyev Azərbaycan Dili Gününün təsis edilməsi barədə Sərəncam verdi. O vaxtdan bəri Azərbaycan Dili və Əlifbası Gününü hər il qeyd edirik. Bu, əvvəla, dövlət dili olaraq, Azərbaycan dili haqqında təsəvvürləri genişləndirir. Ana dilimizin nə qədər möhtəşəm bir dil olması barədə tarixdən gələn düşüncələrimizi nizamlayır, sistemə salır və eyni zamanda, uzun illər Azərbaycan dili dövlət dili olmadığına görə orfoqrafiya qaydalarının da mükəmməl olmadığını yadımıza salır. Bir də ana dilimizin dövlət dili olandan sonra hansı uğurları qazanmasına aydınlıq gətirir.
Bir amil də budur ki, uzun əsrlər boyu biz ərəb əlifbasında yazmışıq, 1922-ci ildən Azərbaycan bütün Türk dünyasında ilk dəfə latın əlifbasına keçib. Gələn il 100 illiyini qeyd edəcəyimiz Birinci Türkoloji Qurultayda Azərbaycanın təcrübəsi geniş yayılıb, rəsmiləşdirilib və digər türk xalqları tədricən latın qrafikasına keçiblər. 30-cu illərin sonlarında SSRİ-də vəziyyət dəyişib, antitürk hərəkatları başlayıb, millətçilik qadağan olunub, sovet ideologiyası bunu qəbul etməyib və çox görkəmli milli ziyalılar repressiyaya məruz qalıblar. O cümlədən də Azərbaycan və digər türk respublikalarında latın əsaslı əlifbalar aradan qaldırılıb, hamısı kiril-rus əlifbasına keçirilib. Bu da uzun müddət, yəni müstəqillik bərpa olunana qədər davam edib. SSRİ dağılandan sonra latın əlifbasına keçid hərəkatı başlayıb.
Bu gün Azərbaycan postsovet məkanında latın əlifbasına keçiddə öncüllük edir. Digər türkdilli xalqların latına keçidi ilə bağlı ölkəmizdə konfranslar, görüşlər keçirilir. İndi də Türk Dövlətləri Təşkilatı bu sahədə təşəbbüslər göstərir, bir növ mənəvi və təşkilati rəhbərlik edir. Digər ümumtürk qurumlarımız – TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyədə Türk Dil Qurumu həmişə ümumtürk miqyaslı yenilənmələrə kömək edirlər.
Müsahibimiz onu da söylədi ki, Azərbaycan dilinin inkişafına dövlət qayğısı, eyni zamanda, gənc nəslə ana dilini sevdirməyə və milli mədəniyyətimizin, ədəbiyyatımızın daha geniş arealda yayılmasına xidmət göstərir:
– Xatırladım ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğət və bədii ədəbiyyat nümunələrinin çap olunması milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur. Prezidentimizin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (2013-2020) da, digər müvafiq sənədlər də ana dilimizin inkişafına mühüm töhfələr verib.
Amma yenə də müəyyən çatışmazlıqlar mövcuddur. Bu aspektdə, möhtərəm Prezidentimizin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı əlamətdar oldu. Dövlət başçısı Azərbaycan dili ilə bağlı bəzi mühüm məsələlərə toxundu. Prezident hələ 10 il bundan əvvəl – akademiyanın 70 illiyində həmin kürsüdən Azərbaycan dili haqqında danışdığını və öz narahatlığını ifadə etdiyini xatırlatdı: “Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”.
Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan dilində baş verən prosesləri daim izləyir. Ötən dövrdə müəyyən işlər görülsə də, hələ də narahatedici məsələlər qalmaqdadır. Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların dil hüquqları ilə bağlı məsələlər diqqət mərkəzində olmalıdır. Azərbaycanın hüdudlarından kənarda milyonlarla azərbaycanlı yaşayır və onların dil hüquqları lazımınca təmin olunmur. Nəticədə, Azərbaycan dili bəzi yerlərdə yalnız məişət dili səviyyəsində qalır ki, bu da yolverilməzdir. Bu, insan hüquqlarının bir hissəsi olan dil hüquqlarının pozulması deməkdir. 50 milyondan artıq Azərbaycan xalqının dilinin bu şəkildə sıxışdırılması və ya tarixi dəyərinin inkar olunması ilə barışmaq mümkün deyil. Cəmiyyət bu istiqamətdə səfərbər olmalıdır.
Ölkə rəhbərinin alınma sözlər barədə fikirləri də aktuallıq kəsb edir. Prezident bildirdi ki, dilimizə təzyiqin bir forması da alınma sözlərlə onun süni şəkildə doldurulmasıdır. Beynəlxalq terminlərin istifadəsi başadüşüləndir, lakin dilə uyğun olmayan, kontekstdənkənar istifadə edilən sözlər Azərbaycan dilinin təbiətinə zərər verir. Bu, yolverilməz haldır. Dövlət başçısı vurğuladı ki, öz dilimizdə olan sözlərin işlənmə dairəsi genişləndirilməlidir. Bunun üçün məktəblərdə ana dilinin tədrisinə ciddi yanaşmaq vacibdir. Azərbaycan dilinin tədris olunmadığı xarici ölkələrdə də bu məsələ diqqət mərkəzində saxlanılmalıdır, çünki bu, milli mənliyimiz və milli varlığımıza bir təhdiddir. Bu təhlükə aradan qaldırılmalıdır.
Əlbəttə, bu istiqamətdə yazıçıların, alimlərin, xüsusilə dilçilərin və ümumilikdə elm adamlarının üzərinə böyük məsuliyyət düşür. Ədəbi dil, ilk növbədə, ziyalıların nəzarətində olmalıdır. Onlar dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan ədəbi dilini qorumalı, onun prinsiplərinin, qaydalarının pozulmasına yol verməməlidirlər.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bir fikir artıq aforizm səviyyəsinə yüksəlib: “Öz əzəli kəlmələrimizi unudub başqa bir dildən söz almaq, o sözü işlətmək ya səhvdir, ya da təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Bu fikir yubiley tədbirində dərhal qəbul olundu və xüsusilə, ziyalılar tərəfindən yüksək qiymətləndirildi. Əgər dilimizdə hər hansı bir anlayışı ifadə edən söz mövcuddursa və bu söz tarixən işlənibsə, onun əvəzinə əcnəbi söz işlətmək ya səhvdir, ya da məqsədli addımdır. Hər iki halda, bu, yolverilməzdir. Bu fikir bizim beynimizə həkk olub əbədi qalmalıdır.
Azərbaycan dilinin saflığının qorunması naminə ciddi addımlar atılmasının zəruriliyini qeyd edən akademik dedi ki, dilimizin qorunması prosesinə orta məktəblərdən başlamalı, ana dilinin tədrisi məhz bu ilkin dövrdən təkmilləşdirilməlidir.
– Gənc nəsil Azərbaycan dilini mükəmməl bilməli və bu, sabahımızın sahiblərinin üstün ziyalılıq xüsusiyyətinə çevrilməlidir. Azərbaycan Respublikasında dilin qorunması qanunlar, qaydalar və xüsusi təlimatlarla tənzimlənir. Lakin ölkə hüdudlarından kənarda yaşayan ziyalılarımız da ədəbi dilimizə yönələn təhlükələri vaxtında müəyyən etməli, qiymətləndirməli və cəmiyyətə çatdırmalıdırlar. Əgər bu, siyasi və ya ideoloji təhdiddirsə, insan hüquqları prizmasından buna qarşı mübarizə aparılmalıdır.
Dərsliklərdə, kitab və məqalələrdə, eləcə də siyasətçilərin çıxışlarında Azərbaycan dilinin qorunması son dərəcə vacibdir, onun orijinallığı və xüsusiyyətləri birmənalı olaraq saxlanılmalıdır. İlk növbədə, dilçi alimlərimiz bu məsələyə müxtəlif yönlərdən nüfuz etməli, hər bir mövzunu dərindən təhlil etməli, araşdırmalarını yeniliklərlə zənginləşdirməlidirlər. Bu baxımdan, ana dilimizə, mədəniyyətimizə böyük qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətlərinin bu istiqaməti, müasir ədəbi proseslə bağlı problemlər, bir fəaliyyət proqramı kimi, dilçilərin, yazıçı və şairlərin yaradıcılıqlarına nüfuz etməlidir və onlar dilin saflığına abidə sayıla biləcək, nitq incəliklərimizi ehtiva edən örnək əsərlər ərsəyə gətirməlidirlər.
Dünyanın bir çox görkəmli dilçiləri, filosofları hər zaman xüsusi qeyd ediblər ki, dil istənilən xalqın varlığı üçün təməldir. Xalqı ifadə edən birinci əlamət onun dilidir. Biz bununla müəyyən edirik ki, danışan şəxs hansı xalqa mənsubdur. Doğrudur, bu, bəzən yalnış da ola bilir. Ancaq, əksər hallarda doğru olur. İnsanlar, ilk növbədə, öz dillərində danışırlar. Başqa dilləri öyrənsək də, nadir hallarda insanlar öz ana dillərini unudur və ya doğuşdan bilmirlər. Buna görə də dil xalqın təyinatıdır.
Dilin yalnız ünsiyyət vasitəsi deyil, idrak, milli mənəviyyatı ifadə edən vasitə olduğunu xatırladan akademik Nizami Cəfərov bildirdi:
– Bu barədə böyük mütəfəkkir Vilhelm fon Humboldt dəyərli əsərlər yazıb. Ondan sonra da bu məsələ daim diqqət mərkəzində olub. Bu günə qədər də dilə mənəvi vasitə, ruhi akt kimi baxmaq, dildə mistik (həmin xalqı ifadə edən) ifadələr görmək təbii səslənir. Biz çalışırıq ki, dünyanın harasında olursa-olsun hər hansı dil varsa, onu qoruyaq. Məhv olmasın. Elə 21 Fevral – Beynəlxalq Ana Dili Günü də ona görədir ki, bir zamanlar Banqladeş dili qadağan ediləndə dili qorumaq üçün əhali dinc nümayişə çıxıb. Həmin vaxt Pakistan hakimiyyəti dinc nümayişçilərə qarşı silah işlədib, insanlar həyatlarını itiriblər. Bu da göstərir ki, dil uğrunda hər bir xalq mübarizə aparır. Əgər əhəmiyyətsiz bir vasitə olsaydı, xalqlar bunun üçün mübarizə aparıb, ölməzdi.
Bir vaxtlar hərbi sistemimiz, ordumuz Azərbaycan dilində danışmırdı. Bu gün ordumuzun təmiz Azərbaycan dili var. Bunlar başqa sahələrə də aiddir. İllər öncə ümummilli lider Heydər Əliyev çox mübarizə aparsa da, ana dili müəyyən qədər şərti səciyyə daşıyırdı. Rus dilinin təsiri çox idi. Bu gün heç bir dilin qeyri-qanuni təsirindən danışmaq olmaz. Təbii ki, istənilən dilə beynəlxalq dillərin təsiri olur. Bu, olmalıdır, başqa cür mümkün deyil. Azərbaycan dilinə siyasi, inzibati mövqedən hər hansı təsirin qarşısı alınır. Hətta təbii təsirlər də nizamlanır.
Prezident İlham Əliyevin qəbul etdiyi sənədlərdə, bu barədə nitqlərində Azərbaycan dilinin xüsusiyyətlərinin qorunması və öz kökləri üzərində inkişaf etməsi ilə bağlı söylədikləri fərəhli və səfərbəredicidir. Bu baxımdan, bizim ali, yüksək orta təhsil sistemimiz, mediamız - zaman keçdikcə inkişaf edən intellektual cəmiyyətimiz ana dilinə doğma münasibəti əsas götürməli, yad təsirlərə məruz qoymamalıdırlar. Unutmamalıyıq ki, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı dil üzərində qurulur və həm də dilə təsir edir.
Müsahibimiz sonda qeyd etdi ki, AMEA-nın 80 illik yubileyində dövlət başçısının nitqində dilin saflığının qorunması ilə bağlı verdiyi tezislər hər birimizi bu yöndə səfərbər etməlidir:
– Unutmayaq ki, Azərbaycan xalqının vahid ədəbi dilinin əsası XVII-XVIII əsrlərdən etibarən qoyulub. Bugünkü dilimizin əsasında Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin, Sabirin, Mirzə Cəlilin dili dayanır. Sonrakı dövrdə Cənubi Azərbaycanda XVII-XIX əsrlər arasında yaşayıb-yaradan şairlərin, aşıqların dili də ədəbi dilimizi təşkil edir Yəni həm Şimali, həm də Cənubi Azərbaycanın imkanları hesabına Azərbaycan ədəbi dili qərarlaşıb.
Milli varlıq nişanımız olan ana dilimizi həm ümumi danışıq dili, həm də elmi, bədii, rəsmi dil səviyyəsində qorumaq, onun zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində görülən işləri yeni səviyyəyə yüksəltmək hər birimizin müqəddəs borcudur. Bu, həm də dilimizin dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi deməkdir.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















