ANAMA Qarabağı “mina girovluğu”ndan xilas edir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Minatəmizləyənlərimiz namərd düşmənin “ölüm tələlər”inə qalib gəlirlər
Mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb. Ona görə bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür... Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da 30 il davam edən qəsbkarlığa son qoyuldu və düşməndən geri alınan ərazilərin bərpasına və Böyük Qayıdış proqramının həyata keçirilməsinə başlandı. Belə bir prosesdə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) qarşısında yeni vəzifə və öhdəliklər yer aldı, dövlətimizin başçısı tərəfindən bu işlərin həm mümkün qədər qısa müddətdə, həm də yüksək keyfiyyət və dəqiqliklə həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyuldu.
ANAMA işğalçıdan təmizlənən ərazilərin təhlükəsizliyinin təmin olunması və istifadəyə yararlı hala gətirilməsi missiyasını həyata keçirərkən, ilk növbədə, infrastruktur obyektlərinin inşası həyata keçirilən əraziləri yoxlayaraq minalardan təmizləməyə başlayıb. Sonrakı mərhələdə isə minatəmizləmə əməliyyatlarının şəhərlərdə və kəndlərdə aparılması diqqət mərkəzində saxlanılıb. Qurumun texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirilib. Minatəmizləmə sahəsində bir sıra yeniliklərə imza atılıb.
Ümumiyyətlə, minatəmizləmə prosesi əhalinin geridönüşü, sosial infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi və regionun ümumi inkişafı üçün xüsusi önəm daşıyır. Bu baxımdan ANAMA-nın digər qurumlarla birgə həyata keçirdiyi əməliyyatlar, tətbiq etdiyi yeni texnologiyalar və koordinasiya mexanizmləri diqqət mərkəzində saxlanılır.
Bu mühüm istiqamətdə görülən işlər barədə daha ətraflı məlumat almaq üçün ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla həmsöhbət olduq.
Bu mühüm istiqamətdə görülən işlər barədə daha ətraflı məlumat almaq üçün ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla “Xalq qəzeti” redaksiyasında geniş müsahibə keçirdik.
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük hissəsi mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdədir. Belə bir şərait respublikamıza düşməndən təmizlənən torpaqlarda bərpa – quruculuq işləri aparmağa mane olur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) isə işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunması və istifadəyə yararlı hala gətirilməsi missiyasını həyata keçirir.
Minatəmizləmə prosesi əhalinin geridönüşü, sosial infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi və regionun ümumi inkişafı üçün xüsusi önəm daşıyır. Bu baxımdan ANAMA-nın digər qurumlarla birgə həyata keçirdiyi əməliyyatlar, tətbiq etdiyi yeni texnologiyalar və koordinasiya mexanizmləri diqqət mərkəzində saxlanılır.
Bu mühüm istiqamətdə görülən işlər barədə daha ətraflı məlumat almaq üçün həmsöhbətimiz ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovdur.
– Söhbətimizin əvvəlində rəhbərlik etdiyiniz qurumun yaranması və agentliyin qarşısında duran vəzifələr barədə məlumat verməyinizi istərdik.
– Mina problemi çox ağır sosial bəladır. Bu problemin aradan qaldırılması üçün güclü maddi-texniki baza, insan potensialı və maliyyə resursları tələb olunur. Minatəmizləmə əməliyyatlarının özü spesifik bir prosesdir və digər sahələrdən çox fərqlənir. Bu proseslərin hamısı beynəlxalq humanitar minatəmizləmə standartlarında və qaydalarında öz əksini tapıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də öz işini beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun qurur. Agentliyimizin bütün əməkdaşları bu işi vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər.
Məlumat üçün deyim ki, ANAMA 1998-ci il iyulun 18-də ulu öndər Heydər Əliyevin 854 saylı tarixi bir Sərəncamı əsasında yaradılmışdır. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində zamanında müəyyən edilən strateji yanaşmalar bu gün Azərbaycanın mina təhlükəsi ilə mübarizədə də öz bəhrəsini verir.
Həmçinin, fürsətdən istifadə edərək qeyd edim ki, bu gün ANAMA-nın yaradılmasından 27 il keçir. Bu münasibətlə bu cür şərəfli və çətin peşədə çalışan qəhrəman minaaxtaranlarımızı və bütün
ANAMA kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Agentliyin təsis edilməsində əsas məqsəd Birinci Qarabağ savaşı zamanı minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş sahələrin təmizlənərək həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını təmin etməkdən ibarət olub. Ötən illərdə agentlik tərəfindən böyük işlər görülüb, mühüm minatəmizləmə layihələri icra olunub, bir sıra maarifləndirmə tədbirləri, müxtəlif təlimlər həyata keçirilib. Bu işlər hazırda da davam etdirilir. Dövlət qayğısı, Vətən sevgisi, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin doğurduğu qürur hissi bizi qarşımıza qoyulan vəzifələrin layiqincə, vaxtında və keyfiyyətlə yerinə yetirməyə ruhlandırır. Yeri gəlmişkən, bizdə keyfiyyət məsələsinə xüsusi önəm verilir. Çünki keyfiyyət insan həyatı, insan sağlamlığı ilə bağlıdır. Ona görə də biz bu amilə xüsusi diqqət göstəririk ki, minatəmizləmə fəaliyyəti həyata keçirdiyimiz ərazilər tam təmiz və təhlükəsiz olsun.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq tarixi qələbə ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da 30 illik işğala son qoyuldu və düşməndən geri alınan ərazilərin bərpası və Böyük Qayıdış Proqramının həyata keçirilməsinə başlandı.
Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə start verildi. Onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin sonu, 2021-ci ilin əvvəlində ANAMA-nın istər işçi qüvvəsi, istərsə də maddi-texniki bazası yetərincə deyildi. Bu çatışmazlıqların aradan qaldırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə ANAMA yenidən quruldu və quruma Dövlət Agentliyi statusu verildi. Dövlət başçısının sərəncamı ilə qarşımıza bir sıra mühüm vəzifələr qoyuldu. Bizə göstərilən bu yüksək etimadı doğrultmaq, üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetrirmək, eləcə də qurumun fəaliyyətinin yenidən təşkili üçün bir sistem quruldu.
Cənab Prezidentin 16 sentyabr 2021-ci il tarixli 1441 saylı növbəti Fərmanı ilə ölkədə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinin təşkili, əlaqələndirilməsi, monitorinqi və sonda keyfiyyət yoxlanması məsələləri ANAMA-ya həvalə olundu. Hazırda agentlik ölkəmizdə icra olunan humanitar minatəmizləmə prosesinə məsul bir qurumdur. Eyni zamanda, bu prosesə bir neçə təşkilat cəlb olunub. Müdafiə və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti bizimlə əməkdaşlıq şəraitində çalışır, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi kimi taleyüklü məsələyə öz töhfələrini verirlər. Eyni zamanda, yerli qeyri-hökumət təşkilatları, ölkəmizdə fəaliyyət göstərən ixtisaslaşmış kommersiya təşkilatları da minatəmizləmə fəaliyyəti ilə bağlı işlərdə ANAMA-nın koordinasiyası ilə fəaliyyət göstərirlər. Bundan əlavə, ANAMA minatəmizləmə fəaliyyəti ilə bağlı maarifləndirmə işlərinə görə də məsul qurumdur. Sadaladığım bütün bu işləri biz həm öz qüvvələrimiz hesabına, həm digər dövlət qurumları ilə birgə koordinasiyalı şəkildə həyata keçiririk.
Böyük Qayıdış Proqramının reallaşdırılması üçün ilk günlərdən Agentliyin bütün qüvvələri səfərbər olundu. Bununla bağlı işin bir neçə istiqamətdə aparılması diqqətdə saxlanıldı. İlk növbədə, infrastruktur obyektlərinin inşası aparılan ərazilər yoxlanılaraq minalardan təmizlənməyə başlanıldı. Sonrakı mərhələdə isə minatəmizləmə əməliyyatlarının şəhərlərdə və kəndlərdə həyata keçirilməsi diqqət mərkəzində saxlanıldı. Qurumun texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. Minatəmizləmə sahəsində bir sıra yeniliklərə də imza atıldı.
Beləliklə, Vətən müharibəsini güclü və qalib dövlət kimi başa çatdıran Azərbaycan işğaldan azad olunan şəhər və kəndlərimizi qısa müddətdə dirçəltməyi, torpaq həsrəti ilə yaşayan soydaşlarımızı öz doğma yurd yerlərinə qaytarmağı qarşıya mühüm vəzifə kimi qoydu və minatəmizləmə əməliyyatlarına başlanıldı. Prezident İlham Əliyevin – “Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz” – sözləri də bunun bariz ifadəsi idi.
Ölkəmizdə mövcud mina problemi hər zaman ölkə rəhbərliyinin diqqətindədir. Ölkə Prezidenti cənab İlham Əliyev humanitar minatəmizləmənin xalqımız üçün əhəmiyyətini vacib hesab edərək, 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədinin təyin olunması təşəbbüsü ilə çıxış etmişdir. Bundan əlavə, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə fəaliyyətini əhatə edən 18-ci DİM-in qəbulu təşəbbüsünü irəli sürmüş və bu təşəbbüsü aktiv olaraq təşviq etməkdədir. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir.
- Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarının gedişi barədə nə deyə bilərsiniz?
– Sualınızla bağlı əvvəlcə onu qeyd edim ki, Ermənistanın yerləşdirdiyi minalar bugünədək problem olaraq ciddi narahatlıq doğurur. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1 milyondan çox mina basdırıb.
Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə geri qayıtmalarını təmin etmək məqsədilə əsasən yaşayış məntəqələrinin, nəqliyyat, enerji və digər strateji infrastrukturların yaradılması, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə 2020-ci il noyabr ayının 10-dan bu il iyulun 14-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilən 213 min 178 hektar ərazi təmizlənib, ümumilikdə, 201 min 265 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 141 min 793 ədədi PHS, 37 min 512 ədədi piyada əleyhinə mina (PƏM), 21 min 960 ədədi isə tank əleyhinə minadır (TƏM).
Məlumat üçün bildirim ki, Agentlik Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində də 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edir. Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Bu ərazilərdə minaların mina xətti kimi deyil, qrup minaları, yəni 5-6 və daha çox minadan ibarət formatda basdırılması hallarına rast gəlinir.
– Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi və etibarlılığı barədə fikirlərinizi də bilmək istərdik...
– 2021-ci il ərzində müəyyən təzyiqlərdən sonra Ermənistan tərəfi ölkəmizin işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair bəzi mina formulyarlarını Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edirdi. Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında koordinatlar, istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, təqdim edilən formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu, 25% dəqiqliyi və etibarlığı əks etdiyi müəyyən edilib.
Agentlik tərəfindən qeyri-texniki tədqiqat prosesi mütəmadi olaraq davam edir. Hər gün biz müəyyən məlumatlar əldə edirik. Burada xidmət keçən hərbçilərlə söhbət zamanı, ərazidə mina hadisəsinin baş verməsi, mal-qaranın minaya düşməsi və ya traktorun minanı partlatması və s. kimi məlumatlar alırıq. Bütün bunlar bizim üçün qeyri-texniki tədqiqatın informasiya mənbələridir.
Biz birinci təmas xətti dediyimiz ərazinin çox hissəsinində çəpərləmə prosesi icra edirik. Bu dünya praktikasında da mövcuddur və insanların mina riskindən qorunması üçün əsas vasitələrdən biridir.
Onu da deyim ki, mina sahələri fərqli olur. Bizim üçün ən ağır sahələr təmas xəttinə düşən ərazilərdir. Bu da bir neçə amillə bağlıdır. Birinci amil minaların sayının və sıxlığının çoxluğu, ikinci amil isə basdırılmış minaların ətrafında metalla çirklənmənin çox olmasıdır. Heç şübhəsiz, bizim əsas işimiz minanı tapıb zərərsizləşdirməkdən ibarətdir. Bu prosesin incəlikləri barədə bir qədər məlumat vermək istəyirəm. Minaaxtaran detektorla işləyən zaman detektorun əks etdirdiyi hər bir siqnalı tədqiq edir. Minaaxtaran humanitar minatəmizləmə standartlarına uyğun olaraq siqnal olan yerdə fəaliyyətini icra etməyə başlayır. Son dərəcə dəqiq, səliqəli şəkildə prosesi həyata keçirir. Minaaxtaran işi görüb qurtardıqdan sonra məlum olur ki, detektorun siqnalına səbəb torpaqda olan hansısa bir dəmir parçası imiş. Amma bu işə minaaxtaranın kifayət qədər vaxtı gedir. Yeri gəlmişkən deyim ki, bəzi ərazilərdə hətta daşlar da detektorun siqnal verməsinə səbəb olur.
Çünki belə daşların tərkibində hər hansı bir mineralların olması detektorun anındaca reaksiya verməsi ilə nəticələnir. Bütün bu proseslər çoxlu vaxt itkisi hesabına başa gəlsə də, burada mina təhlükəsinin olmaması dəqiqləşdirilir.
Göründüyü kimi, bu ərazilərdə minaların sayının çoxluğu, onların sıxlığı, metalla çirklənmə səviyyəsinin yuxarı olması, orada qurulmuş tələ məftilləri, səngərlər, istehkamlar və s. işi mürəkkəbləşdirir. Dağlıq ərazilərdə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsinin öz çətinlikləri var. Həmin ərazilərdə aparılan işlərin özünün spesifikası var. Çünki bu ərazilərdə maililik var.
Hazırda minalarla və partlamamış hərbi sursatlarla çirklənməsi ehtimal olunan ərazi 11 min 667 kvadratkilometr təşkil edir. Bu o demək deyil ki, həmin ərazinin hamısında mina var. Amma biz heç zaman düşmənin burada minaların basdırmamasını və ya ərazidə partlamamış hərbi sursatların olmamasını da əminliklə söyləyə bilmərik. Bu səbəbdən biz həmin sahələri “şübhəli-təhlükəli ərazi” kimi qəbul etmişik. Çünki döyüş gedən yerdə minaatanlardan, toplardan atəş açılır, aviabombalar atılır və s. Orada onların bir hissəsi qalır. Buna görə də döyüş əməliyyatları aparılan bütün ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükə ilə bağlı şübhələr tam aradan qaldırılmalıdır. Bu, bütün dünyada belədir.
Bir məqamı qeyd edim ki, partlayıcı sursatlar insan həyatı üçün olduqca təhlükəlidir. Piyada əleyhinə mina partlayışı zamanı insan ayağını itirir, sursat partlayanda insan həyatını itirir. Ermənilərin istehsal etdikləri PMN-Э minasının tərkibində 70 qrama yaxın partladıcı maddə olur. Amma sursatın içində bu, dəfələrlə çoxdur. Yaxud ermənilər müharibə zamanı kaset sursatlardan istifadə ediblər. İlk baxışdan bu, kiçik ölçülü bir sursatdır. Amma insanın əlində, hətta yanında partlaması ölümlə nəticələnir. Çünki içində çoxsaylı xırda qəlpələr var. Yəni sursat o demək deyil ki, təhlükəsizdir. Sursat da mina qədər təhlükəlidir. Buna görə də partlamamış sursatlar da mütləq zərərsizləşdirilməlidir. Sursatların təmizlənməsinin isə öz metodologiyası var. Ölümsaçan bu əşyaların ehtimal olunduğu sahələr xüsusi metodologiyaya uyğun şəkildə təmizlənir. Orada proses başqa formada gedir.
Yaxud başqa bir fakt deyim sizə. Ötən müddətdə 243 mina hadisəsi baş verib. Bundan isə 400 nəfər müxtəlif dərəcədə zərər görüb. Bəzən elə olub ki, 4-5 nəfər eyni anda minaya düşüb. Hətta eyni maşında gedən insanların hamısı avtomobilin minaya düşməsi nəticəsində həlak olub. Məlumat üçün bildirim ki, baş vermiş 243 mina hadisənin dəqiq koordinatlarını əldə edərək xəritə üzərində yerləşdirdik və gördük ki, bu hadisələr, əsasən, keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş verib. Bu bizim üçün məlumat bazası, qeyri-texniki tədqiqatın bir hissəsidir. Aparılan araşdırmalar nəticəsində qeyd edilmiş mina hadisələrinin 64%-nin keçmiş təmas xəttindən kənarda, 36%-nin isə keçmiş təmas xətti ərazilərində baş verdiyi müəyyən olunmuşdur.
Ümumiyyətlə, 1991-ci ildən bugünədək 3400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb, onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadın olub.
Onu da qeyd edim ki, sonuncu mina hadisəsi cari ilin iyul ayının 10-da Ağdərə rayonunun Həsənqaya kəndində baş verib. Həsənqaya kəndi, keçmiş təmas xəttinə yaxın yerləşən ərazilərdən biridir.
Mina hadisələrinin illər üzrə dinamikasına nəzər salındıqda bu sahədə azalmanın baş verdiyinin şahidi oluruq. Heç şübhəsiz, mina hadisələrinin azalmasında apardığımız maarifləndirmə işlərinin çox böyük rolu var. Mina təhlükəsi olan ərazilərdə yüzlərlə xəbərdaredici-məlumatlandırıcı lövhələr, təhlükə işarələri yerləşdirilib.
Bir məsələni də xatırlatmaq istərdim. Aparılan tədqiqatlar zamanı Qarabağda keçmiş təmas xəttinin və onun ətrafında yerləşən təsərrüfatların, dağıdılan yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara, eyni zamanda, kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinib. Eyni zamanda, işğaldan azad edilmiş rayonların bir sıra kənd qəbiristanlıqlarında mina hadisələri baş verib. Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub. Bütün bunlarla yanaşı, karvansaray, türbə, pir (ziyarətgah), məscid, alban kilsəsi kimi tarixi abidələrin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.
– Minatəmizləmə sahəsində mütəxəssis hazırlığı barədə fikirləriniz də maraqlıdır…
– ANAMA-da bu məsələyə xüsusi önəm verilir. Kadr potensialı mərhələli şəkildə gücləndirilir. Əməliyyat heyətinin əksər hissəsini keçmiş məcburi köçkünlər, eləcə də Vətən müharibəsi iştirakçıları təşkil edir.
Agentliyin əməliyyat heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə heyət mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilir. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumların şəxsi heyətinə agentliyin təlim heyəti tərəfindən təlim kursları keçirilir.
Humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir və ölkəmizin hərtərəfli inkişafına və rifahına ciddi təsir edir. Bu sahədə görülən işlər yalnız torpaqlarımızın təmizlənməsi ilə məhdudlaşmır, eyni zamanda, insan həyatı və təhlükəsizliyinin təmin olunmasında da böyük əhəmiyyət kəsb edir.
Bir məsələni də diqqətinizə çatdırım ki, biz minaya düşüb xəsarət alan əməkdaşları sonradan işə götürürük. Onları müxtəlif yardımçı işlərlə təmin edirik. Və sözsüz ki, bütün əməkdaşlarımız sığortalıdır. Agentliyin işçiləri icbari tibbi sığorta ilə yanaşı, beynəlxalq standartlara uyğun olaraq fərdi qəza və könüllü tibbi sığorta ilə də təmin olunublar.
Minatəmizləmə fəaliyyəti ağır və dəqiqlik tələb edən bir prosesdir. Minaaxtaranlar torpağı gizli düşməndən qarış-qarış təmizləyir. Həmçinin, onu da qeyd edim ki, Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti kimi çətin prosesi demək olar ki, öz resursları hesabına həyata keçirir.
– ANAMA-nın əsas fəaliyyət sahələrindən biri də əhalinin maarifləndirilməsindən ibarətdir. Bu sahədə görülən işlər haqqında bəhs etməyinizi də istərdik...
– Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri (PSTM) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinin mühüm komponentlərindən biridir. Bu fəaliyyətlərin əsas məqsədi əhalini mina və digər partlayıcı sursatların yaratdığı real təhlükələr barədə maarifləndirmək, riskləri azaltmaq və təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır. Agentlik tərəfindən icra edilən PSTM fəaliyyəti ümumi maarifləndirmə, təlimçilərin təlimi formatında, icma və məktəb əsaslı maarifləndirmə istiqamətində aparılır. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan, orada bərpa-quruculuq və digər fəaliyyətlərə cəlb edilən hər kəsə mütləq şəkildə Agentlik tərəfindən maarifləndirmə tədbirləri keçirilir, əsas təhlükəsizlik qaydaları haqda məlumat verilir, müvafiq məlumatlandırıcı çap materialları paylanılır.
Yeri gəlmişkən, bizim Elm və Təhsil Nazirliyi ilə birgə layihəmiz var. 44 günlük müharibə bitdikdən sonra dərsliklər yenidən işlənildi, yeni redaksiyada tədris vəsaitləri hazırlandı. Keçmiş təmas xətti, həmin ərazilər boyu yerləşən 10 rayonun məktəblərində tədris proqramına daxil edildi. Orda şagirdlərə mina təhlükəsizliyi dərsləri keçirilir. Layihənin məqsədi şagirdlərin mina təhlükəsi ilə bağlı yetərincə bilgilərə sahiblənməsidir. Sözsüz ki, son illər bəzi rayonlara köç olub, məktəblər açılıb. Məsələn, Cəbrayılda, Füzulidə, Zəngilanda və Laçında məktəblər fəaliyyətə başlayıb. Bu yaxınlarda Ağdamda da məktəb isifadəyə veriləcək.
Gələcəkdə qeyd edilmiş layihəni bütün ölkə boyu tətbiq etməyi planlaşdırırıq. Paytaxtdan, eləcə də digər rayonlardan işğaldan azad olunmuş ərazilərə səyahət edən, qonaq gedənlər də mina və hərbi sursatlar, onların fəsadları barədə məlumatlı olsunlar. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəziləri mina təhlükəsini ciddiyə almır, onlarla aparılmış izahedici, maarifləndirmə söhbətlərini, sanki, unudurlar.
– Minatəmizləmə əməliyyatları çərçivəsində vətəndaşlara ünvanlanan çağırışınız da önəmli olardı…
– Minatəmizləmə fəaliyyətində ictimaiyyətin dəstəyi böyük əhəmiyyətə malikdir. İşğaldan azad edilən ərazilərdə yaşayan və fəaliyyət göstərən, həmin bölgələrdə səfərdə olan insanların qaydaları diqqətdə saxlamaları onların minatəmizləmə işinə cəlb olunan dövlət qurumlarına göstərəcəkləri mühüm dəstəkdir. Düzgün davranış qaydalarına əməl etməklə təhlükəsizliyi təmin etmək mümkündür. Bir sözlə, vətəndaşlara çağırışımız sadə və aydındır: Təhlükəli ərazilərə getməyin, şübhəli əşyalara toxunmayın. Səbirli olmaq, qaydalara əməl etmək – həyatla ölüm arasındakı fərqdir. Əgər təhlükəli hallarla rastlaşarsınızsa, 805, 102 və ya 112 qaynar xətlərinə zəng edin.
Mina təhlükəsi yalnız bir torpaq parçasını təmizləməkdən ibarət deyil. Burada hər bir addım diqqət və doğru təhlil tələb edir. Azad edilmiş ərazilərdə minatəmizləmə işləri apararkən ən vacib məsələ insanların həyatını qorumaqdır, çünki hər bir mina partlayışı ölümlə nəticələnə bilər.
Beləliklə, yuxarıdakı fikirlərimi yekunlaşdırıb bir daha təkrar edirəm: Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışın reallaşması məqsədilə fəaliyyət göstərən ANAMA vətəndaşları məsuliyyətli və sayıq olmağa, səyləri birləşdirərək işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı və sağlam yaşayış mühiti yaratmağa çağırır.


