Icma.az
close
up
RU
“Arsenal” “Real”ı darmadağın etdi, “Bavariya” “İnter”lə bacarmadı

“Arsenal” “Real”ı darmadağın etdi, “Bavariya” “İnter”lə bacarmadı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Aprelin 8-9-da Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, ən gözlənilməz nəticə Londonda qeydə alındı. “Arsenal” “Real”ı darmadağın etməklə işini asanlaşdırdı. Elə “Bavariya” ilə səfər oyunundan qalib ayrılan “İnter” də cavab görüşü ərəfəsində müəyyən üstünlük qazandı. Çərşənbə günü isə “Barselona”, demək olar ki, yarımfinala vəsiqənin taleyini həll etdi. “Aston Villa”nın da evdə PSJ-dən 1:3 hesablı məğlubiyyətin əvəzini çıxacağı çətin görünür.
Bu mərhələnin cavab oyunları aprelin 15-16-da keçiriləcək.
1/4 final, ilk oyunlar
Arsenal – Real 3:0 (0:0)

Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 90+1), Saliba, Kivyor, Lüis-Skelli, Parti, Rays (Tirni, 80), Edeqor, Saka (Trossar, 74), Merino, Martinelli.
Real (Madrid, İspaniya): Kurtua, Valverde, R.Asensio, Rüdiger, Alaba (F.Qarsiya, 79), Rodriqo (Dias, 85), Modriç (Vaskes, 71), Kamavinqa, Bellingem, Mbappe, Vinisius.
Qollar: Rays, 58 (1:0). Rays, 70 (2:0). Merino, 75 (3:0).
Vərəqələr: Parti, 54. Kamavinqa, 69 – sarı. Kamavinqa, 90+4 – qırmızı (ikinci sarı).
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
8 aprel. London. 60110 tamaşaçı.
Çempionlar Liqasında mübarizənin elə mərhələsidi ki, artıq zəif komanda qalmayıb. “Arsenal” – “Real” duelində, təbii ki, Madrid təmsilçisi favorit göstərilirdi. Bu turniri 15 dəfə qazanan komanda hara, tarixində bir dəfə final oynayan hara?! Bu başqa məsələ ki, “Real”ın futbolçuları indi optimal formasından çox uzaqdı. Həm ötən tur “Valensiya”dan evdə alınan məğlubiyyəti, həm də bir tur əvvəl “Leqanes” üzərində çətinliklə qazanılan qələbəni xatırlamaq olar. Zədəlilərin çoxlu Ançelottini tez-tez rotasiyaya əl atmağa məcbur edir ki, bu da heç də həmişə uğur gətirmir. Əslində “Arsenal”ın da probləmləri az deyil. Premyer-liqada gərgin mübarizə, aparıcı oyunçuların tez-tez sıradan çıxması... Arteta elə bu oyunda da zədəli Jezus, Tomiyasu, Haverts, Qabriel və Kalafyorinin, eləcə də cəzalı Sterlinqin xidmətindən məhrum idi. “Real”ın lazaretində Karvaxal, Mendi, Militao və Sebalyos var idi, Çuameni də cəza üzündən oynaya bilmirdi.
Londondakı qarşılaşma “Real”ın dərin böhran yaşadığını bir daha göstərdi. Bu oyuna qədər madridli fanatlar onunla təsəlli tapırdı ki, sevimli komandaları daha vacib turniri qazanmaq naminə La Liqada gücünə qənaət edir, ancaq “topçular” rəqibdən açıq-açkar güclü oynadı. Bəlkə də Bellingemin yarım saatın tamamında gözəl ötürmə ilə təkbətək çıxardığı Mbappe hesabı açsaydı, hər şey fərqli olacaqdı. “Arsenal” buna qədər də yaxşı təsir bağışlayırdı, sadəcə, ayrı-ayrı oyunçuların ustalıq səviyyəsi Ançelottinin komandasını xilas edə bilərdi. Ancaq fransalı ulduz Rayya ilə mübarizədən məğlub ayrıldı. “Arsenal” da hesabı açmağa yaxın oldu. İlk yarının sonunda Kurtua Rays ilə Martinelllinin zərbələrindən sonra komandasını xilas etdi.
2-ci hissədə meydanda yalnız bir komanda var idi. 58-ci dəqiqədə Rays cərimə zərbəsini ustalıqla yerinə yetirdi, topu elə fırlatdı ki, Kurtua çox çalışsa da, topa çata bilmədi. Ardından Kurtua ilə Alaba Martinell- Merino tandeminin “bombardmanının” qarşısını aldı. 70-ci dəqiqədə Rays daha əlverişli mövqedən cərimə zərbəsini yerinə yetirdi. Və 26 yaşlı yarımmüdafiəçi bu dəfə topu elə nöqtəyə göndərdi ki, bir yox, iki Kurtua da zərbəsinin qarşısını ala bilməzdi. 5 dəqiqə sonra Lüis-Skellidən ötürmə alan Merino topu saxlamadan qapıya göndərdi. Bu qol “Real” üçün “nəzarət atəşi” idi. “Ağ şimşəklər”in evdə bu darmadağının əvəzini çıxması hədsiz çətin vəzifə kimi görünür. Baxmayaraq ki, “Real” ÇL tarixində dəfələrlə möcüzə göstərməyi bacarıb. İndi isə biz hələlik “Arsenal”ın yarımfinala vəsiqə yolunda böyük addım atdığını deyə bilərik.
Bavariya – İnter 1:2 (0:1)
Bavariya (Münhen, Almaniya): Urbiq, Laymer, Dayer, Kim Min Ce (Boe, 75), Stanişiç, Kimmix, Qoretska, Olise, Gerreyro (Qnabri, 74), Sane (Müller, 74), Keyn.
İnter (Milan, İtaliya): Zommer, Darmian (Bissek, 79), Pavar, Açerbi, Bastoni, Auqusto, Çalhanoğlu, Mxitaryan (Frattezi, 74), Barella, L.Martines (Zalevski, 89), M.Türam.
Qollar: L.Martines, 38 (0:1). Müller, 85 (1:1). Frattezi, 88 (1:2).
Vərəqələr: L.Martines, 53. Mxitaryan, 71. Frattezi, 89. Zalevski, 90+4 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
8 aprel. Münhen. 75000 tamaşaçı.
Çərşənbə axşamı keçiriən digər oyunda “Bavariya” “İnter”i qəbul etdi. Münhenlilərin bundesliqadakı liderliyi şübhə doğurmur. ÇL-də qeydə alınan nəticələr isə bir qədər fərqli idi. Məsələn, “Bavariya” qrup mərhələsində 3 dəfə uduzmuş, 1/16 finalın “Seltik”lə oyunlarında çətinliklə üzləşmişdi. Yalnız “Bayer-04” ilə 1/8 final oyunlarını sözün yaxşı mənasında fərqləndirmək olar. Münhenlilərin kadr problemlərinə gəlincə, hücumların əsas qurucusu Musuala da Noyer, Upamekano, Pavloviç, Koman və Devisin yer aldığı lazaretə qoşulub.
A seriyasının turnirdə yalnız bir təmsilçisi qalıb ki, o da “İnter”di. “Neradzurra”nın əsas özəlliyi müdafiə xəttidi. Komanda çempionatda müntəzəm qollar buraxırsa, ÇL-də bu baxımdan vəziyyət fərqlidi. “İnter” qrup mərhələsi və 1/8 final çərçivəsində keçirdiyi 10 oyunun 8-də qapısını toxunulmaz saxlamışdı. Milanın zədəlilər siyahısı Zyelinski, Dyumfris, Aslani və Taremidən ibarət idi.
Artıq debütdə Bastoni ilə mübarizə aparan Olise penalti qazana bilərdi. Milanlılar buna Çalhanoğlunun güclü zərbəsi ilə cavab verdi. Ardından Zommer həm Keynin, həm də Gerreyronun zərbəsini dəf etdi. Keynin daha bir zərbəsinin qarşısını dirək aldı. İlk yarımsaatdan sonra “neradzurra” oyunu öz qapısının önündən uzaqlaşdıra bildi. 38-ci dəqiqədə Türamdan ötürmə alan Lautaro Martines hesabı açdı. O, fasilədən sonra dubl etməyə də yaxın oldu – Urbiq yaxın küncə zərbənin qarşısını çətinliklə aldı. “Bavariya”dan Stanişiç, Gerreyro və Keyn hesabı bərabərləşdirə bilərdi. Amma bunu sonradan oyuna qoşulan veteran Müller bacardı. Sadəcə, münhenlilərin qol sevinci uzun sürmədi. Cəmi 3 dəqiqə sonra baxımlı əks-hücumu dəqiq zərbə ilə bitirən Frattezi “İnter”ə qələbə qazandırdı.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Komandamın işləri bir saat ərzində qaydasında idi, iki dəfə cərimə zərbəsindən qol buraxmq yerinə düşmədi. Oyunun sonrakı bölümündə əhval-ruhiyyəmiz yerinə deyildi. Ağır məğlubiyyətdi. Xüsusən də o səbəbdən ki, 2-ci hissədə heç nə edə bilmədik. Komanda ilk iki qoldan sonra mənəvi cəhətdən çökdü. Şansımız az olsa da, cəhd etməliyik. Futbolda hər şey olur”.


Tibo Kurtua, “Real”ın qapıçısı:

“Canlı sədd”i yaxşı quruduğumu düşünürdüm. Adətən, əlavə oyunçu da qoyuram. Buna görə məsuliyyəti boynuma götürürəm, əlavə oyunçu qoya bilərdim. Ancaq Raysın topu bu dərəcədə fırladacağını gözləmirdim. İkinci qol da əla idi. Amma bunlar yersiz follar idi, qapıya təhlükə yox idi, o folları etməməliydik”.


Deklan Rays, “Arsenal”ın yarımmüdafiəçisi:

“Baş məşqçinin bizə mesajı belə idi ki, rəqibi keçə biləcəyimizə tam əmin olmalı və bu oyunda qalib gəlməlisiz. İkinci hissədə qol vurmağın zəruriliyini dərk etdik. Üç qol vurmaq isə lap əladı. Cərimə zərbəsindən ilk qol? Əvvəlcə asma variantını düşünürdüm, ancaq “canlı sədd”ə və qapıçının mövqeyinə baxandan sonra qərar verdim ki, sadəcə, zərbə vurmalıyam. İkinci? Qapıya düşə biləcəyimə inandım. Düşünürəm ki, bir neçə ildən sonra bu gün etdiklərimin necə önəmli olduğunu anlayacam”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Əsl komanda oyunu göstərdik. Madridlilərə problem yaratmaq üçün nələr etməli olduğumuzu bilirdik. Raysın ilk iki qolu bu gecənin yekunudu. Oyuna hazırlıq dövrünən təəssüratına əsasən bu gecə möhtəşəm oyun göstərə biləcəyimizə şübhə etmirdim. “Real”a çoxlu problem yaşadacağımıza əmin idim. Çoxlarına “Arsenal”la qürur duymaq üçün əsas verdik. Heç vaxt stadionda belə atmosfer görməmişdim. Belə oyunlar üçün bu vacibdi. Komanda doğru istimaqət üzrə vacib addım atdı. Bu gün bacardığımızı gələn həftə də təkrarlamalıyıq”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Sözsüz, yaxşı nəticəyə nail olduq, sevinirik. Nə qədər möhtəşəm olsaq da, “San-Siro”dakı cavab görüşündə uğurun davamını gətirməsək, bunun bir əhəmiyyəti qalmayacaq. Mən nəticədən daha çox oyunumuzu qeyd edərdim. “Bavariya” çox güclü komandadı, ancaq biz qətiyyət, cəsarət və aqressivlik baxımından rəqibə uduzmadıq. “Bavariya” bizə təzyiq göstərməyə çalışsa da, keyfiyyətli oynadıq. Təşəbbüsü əlimizdə saxlamalı olduğumuzu bilirdik. Belədə rəqibin işi daha da çətinləşəcəkdi. 88-ci dəqiqədə vurduğumuz qol öz oyunumuzu davam etdirməyi, dörd ildi söykəndiyimiz prinsipləri tətbiq etməyi nə qədər çox istədiyimizi göstərdi. Bizi son dəqiqəyə qədər qələbəyə inandığımıza görə də tərifləmək olar. Baxmayaraq ki, bundan cəmi bir neçə dəqiqə əvvəl qol buraxmışdıq”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Bu gün birdən daha çox qol vura bilərdik. İki, üç, hətta daha çox. “İnter”in səviyyəli hücum oyunçularının olduğunu bilirik. Bu təhlükədən xəbərdar olsaq da, özümüz də təhlükəli hücumlar qurur, qol vəziyyətləri yaradırdıq. Səfərdə bu komandaya qarşı oynamaq çətin olacaq. Ancaq düşünmürəm ki, meydana məğlubiyyət hissi, zədəli və sıradan çıxan oyunçuların qayğıları ilə çıxmalıyıq. Milanda da şanslarımız olacaq. Uduzsaq da, mənə elə gəlir ki, qol vurmağı bacarırıq. Lap sona qədər təhlükəli vəziyyətlər yaratdıq. Yekun nəticə heç də həmişə ədalətli olmur. İndi yalnız ilk yarı arxada qalıb. Hesab 1:2 olanda heç kim fasiləyə “bitdi, mən təslim oluram, evə dağılışaq” sözü ilə yollanmır. Milanda qələbə qazanacağımıza inanırıq”.


Faktlar
* Modriç ÇL-in 1/4 final oyununda start heyətində meydana çıxan ən yaşlı üçüncü futbolçudu. O, oyun günü 39 yaş 211 günlük idi. Bu mənada 1/4 finalın rekordçusu MY-nin sabiq xavbeki Rayan Giqqzdi. 2014-cü ildə uelsi 40 yaş 123 günlüyündə “Bavariya”ya qarşı oynamışdı. Siyahının 2-ci pilləsində “Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta qərarlaşıb. O, 2006-cı ildə 39 yaş 399 günlüyündə “Lion”a qarşı oynayıb.
* “Real” qitənin ən nüfuzlu turnirində çıxışla bağlı son 16 il üçün klub antirekordu müəyyənləşdirdi. Madridlilər 2009-cu ilin martından bəri ilk dəfə bu turnirdə ardıcıl iki oyunda qol vura bilmədi. Onda Xuande Ramosun rəhbərlik etdiyi komanda 1/8 finalın hər iki oyununda “Liverpul”a uduzmuşdu – evdə 0:1, səfərdə 0:4. Xatırladaq ki, “Real” “Arsenal”dan əvvəl 1/8 finalın cavab oyununda “Atletiko”nun da qapısına yol tapa bilməyib.
* “Arsenal” “Real”ı məğlub edəndən sonra ÇL-də ən azı 2004/05 mövsümündən bəri ən uzun qələbəsiz oyunlar seriyası müəyyənləşdirib. 7 oyundan (6 qələbə, 1 heç-heçə) ibarət bu seriya müvafiq statistikanın toplanmağa başlandığı son 20 ildə London klubu üçün ilkdi. Xatırladaq ki, “Arsenal” indiyə qədər bir dəfə də ÇL-i qazanmayıb. Bu komanda sonuncu dəfə 2006-cı ildə final çıxıb və “Barselona”ya uduzub.
* Rays “Real”ın qapısına hər iki qolu cərimə zərbəsindən vurdu. Maraqlıdı ki, yarımmüdafiəçi buna qədər keçiridiyi 238 oyunun heç birində bu yolla fərqlənməmişdi. Ümumiyyətlə, Deklana qədər ÇL-də cərimə zərbəsi ilə dubl etməyi 4 futbolçu bacarmışdı – Rivaldo, Kriştiano Ronaldo, Neymar, Hakim Ziyeş. Rays isə pley-offda cərimə zərbələrinin köməyi ilə dubl edən ilk futbolçudu.
* “Bavariya” son dörd ildə ilk dəfə evdə keçirdiyi ÇL oyununda uduzdu.
* ÇL-də 57-ci qolunu vuran Müller turnirin bombardirləri siyahısında 6-cı pilləyə yüksəldi. O, Van Nistelroyu arxada qoydu (56) və indi yalnız bu futbolçulardan geri qalır: K.Ronaldo – 140, Messi – 129, Levandovski – 103, Benzema – 90, Raul – 71.
* “İnter”in hücumçusu Lautaro Martines İtaliyanın bu komandasının heyətində ÇL-də 19-cu qolunu vurdu. Argentinalı “neradzurra”nın bu turnirdə yeni rekordçusu oldu. Ona qədər rekord (18) Adrianoya məxsus idi.
Yeri gəlmişkən...
UEFA-nın yeni qaydasına görə mövsüm ərzində ən yüksək klub reytinqinə malik iki assosiasiya Çempionlar Liqasında 5 komanda ilə çıxış etmək haqqı qazanır. Artıq həmin assosiasiyalardan birinin İngiltərə olacağı bəllidi. “Arsenal”ın “Real” üzərindəki qələbəsindən sonra İngiltərə 2024/25 mövsümünü əmsallar cədvəlində ən azı 2-ci yerdə bitirəcək. Bundan başqa, nəzəri cəhətdən İngiltərəni növbəti mövsüm ÇL-də 7 komandanın da təmsil etməsi mümkündü. “Aston Villa” bu mövsüm ÇL-i qazansa və premyer-liqada ilk yerdən birini tutmasa, eləcə də Avropa Liqasını qazana biləcək “Çelsi” və ya “Mançester Yunayted” ölkə çempionatında “top-4”ə düşməsə. Xatırladaq ki, hazırda premyer-liqanın turnir cədvəlinini ilk 5 pilləsində bu komandalar qərarlaşıb: “Liverpul”, “Arsenal”, “Nottingem Forest”, “Çelsi”, “Nyukasl”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri