Icma.az
close
up
RU
Aşıq Ələsgər fenomeninə günümüzün poetik baxışı

Aşıq Ələsgər fenomeninə günümüzün poetik baxışı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Aşıq Ələsgər poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi gözəlliklə, hikmətlə nəfəs alan   sirli-sehirli bir ümmandır! Buna görə də ona həsr edilən hər bir yeni əsər müəllifin qarşısında böyük məsuliyyət qoyur.

Şair Yusif Nəğməkarın yenicə işıq üzü görən epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması, ilk növbədə, onun ozan-aşıq sənətinə sevgisini, klassik aşıq poeziyasının zirvəsi sayılan Dədə Ələsgərin həyat və yaradıcılığı ilə dərindən tanış olduğunu nümayiş etdirir.

Poema məzmun və ideya baxımından Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlmişdir. Yusif Nəğməkar Dədə Ələsgərin bədii obrazını həm ənənəvi, həm də yenilikçi, novator yanaşmalarla təqdim edərək, onun möcüzəli, “batini mənalar” üzərində qurulan yaradıcılığını poetik dildə oxucuya çatdıra bilmişdir.

İlk növbədə qeyd etmək istərdim ki, “Ələsgər zirvəsi” poeması aşıq sənətinə və yaradıcılığına mənsub olan dastan xarakteri daşıyır və “Ustadnamə əvəzi” olan “Ən ön ün”lə başlayır. Əsər klassik poemalardan fərqli quruluşa, struktura malik olaraq, proloq və epiloq əvəzinə “dəyər ünü”, “ən ön ün”, “ön ün”, “ünləmə”lər, “dönərək”lər, (ricətlər) və “son ün” kimi bölmələrdən ibarətdir. Şairin istifadə etdiyi bu “ün”lər Dədə Qorquddan üzü bəri dastanlarda və klassiik ədəbiyyatda müəllifin əsərin girişi, gedişi və sonuyla bağlı Tanrıya müraciəti, səsi, duası kimi də səciyyələndirilə bilər. Şairin tətbiq etdiyi bu poetik struktur oxucunu maraqda saxlayan yeni poeziya formatı – yeni quruluş, struktur nümunəsidir.

Hələ uşaqikən ilk şeirini Aşıq Ələsgərə həsr etmiş, hələ o zamanlarda Ulu Göyçəni bucaq-bucaq gəzmiş, təbii gözəlliklərindən zövq almış Yusif Nəğməkarın Dədənin doğulduğu, bu gün düşmən tapdağı altında doğma insanlarına həsrətdən əzab çəkən, Dədənin ruhuyla bizləri qoynuna çağıran qədim, ulu Göyçəni, onun mərd  insanlarını, saz-söz xiridarlarını təsviri olduqca təsirli, həyəcanlı, duyğusaldır:

Qədim Oğuz yurdum, türk elim, 
 Göyçəm, 

Şəninə min rəngli kəlmələrim var... 

Qələm əyirəsi neçə sirr-düyçəm, 

Neçə vurulası ilmələrim var... 

Poemada gənc Ələsgərin poetik istedadına təkan vermiş nakam, həyatında dərin iz qoymuş, yaddan çıxmaz Səhnəbanı sevgisi lirik notlarla verilib. 

İlk məhəbbət tanrıdan

Qəfil hökm – əmrlik.

Ocağı səngisə də,

Közü qalır ömürlük.

Aşıq Ələsgərlə qardaşı oğlu, bənzərsiz poetik istedada malik, bədbəxt taleli, şeirlərilə qəlbləri riqqətə gətirən Növrəs İmanın söhbətinin təsviri, Dədənin onun şeirlərinə qulaq asdıqdan sonra gəldiyi qənaət də bir örnəkdir:  

…Bu kürlüklə sınıq telsən, 

Cavan ikən ağlar dilsən. 

Ərsən, ədəblisən, mərdsən, 

Dəliqanlısan, qoçaqsan. 

Özün özünü yandırıb 

Sozalası bir ocaqsan…

Bunlar duyan oxucu qəlbində heyrət və həzin duyğular yaradan səhifələrdir. Növrəs İmanın taleyi ilə bağlı Dədə Ələsgərin görücülüyünü, el-oba arasında dəfələrlə sınanmış vergili şəxsiyyət olmasını Yusif Nəğməkar poetik şəkildə qabarda bilib.

Aşıq Ələsgər ömrü boyu öz el-obasıyla, sadə, mərd, qürurlu insanlarla olmuş, onların sevincini və dərd-sərini bölüşmüş, ərənləri, xalqa xeyirxah əməlləriylə fayda verən görkəmli şəxsiyyətləri öz şeirlərində tərənnüm etmişdir. 

Göyçənin Çaxırlı kəndindən olan katta Böyükağanın məkrli məqsədlə qurduğu məclisdə, el-oba arasında, aşıqların dilində cürbəcür variantlarda məşhur olan ustad və şəyirdin – Aşıq Alı ilə Ələsgərin deyişmə səhnəsini şair Yusif Nəğməkar dramatik kulminasiyaya qaldıraraq, o ağır səhnənin sonunu belə təsvir edir:

 …Vəcdə gəlibən Ələsgər 

Sanki bir tufan eylədi. 

Üz tutub məclis əhlinə 

Görəlim, o, nə söylədi: 

– Canım sənə fəda, Qadiri-Sübhan! 

Sənin dərgahında bax damar-damar. 

Bir şəyird ki, ustadına kəm baxa, 

Onun gözlərinə ağ damar-damar...

Müəllif  hər iki ustadın, söz xiridarının mənəvi varlığını onların layiq olduğu yüksəkliyə qaldırmağa nail ola bilib.

Dədə Ələsgər yaradıcılığı onun kainatın yaradıcısına olan sonsuz məhəbbəti, təbiətin ilahi mənaları və insanın əxlaqi, mənəvi kamilliyi üzərində qurulması zəminində “Ələsgər zirvəsi” poemasında irfani düşüncə dominant olaraq, əsər boyu qırmızı xətt kimi keçir, Aşıq Ələsgərin “Ələstüdə “bəli!” deyən ruh” kimi təsvirləri poetik fəlsəfəni ön plana çıxarır. Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi poetik bir tərzdə izah edilir. 

“Vəhdəti-vücuda” ünvan alan qət, 

On-on mərtəbələr, məqamlar, əlbət

 – Şəriət, təriqət, mərfət, həqiqət, 

Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Məlumdur ki, Dədə Ələsgər yaradıcılığı köksündə din və dili, lirikanı və hikməti, tarix və fəlsəfəni, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək, yalnız özünəməxsus olan çoxşaxəli obrazlı, poetik təxəyyülüylə HƏQİQƏT adlanan varlığın sirlərini bəşər övladına açmağa, göstərməyə səy etmişdir. Yusif Nəğməkar “Ələsgər zirvəsi”ndə    Aşıq Ələsgər poeziyasının bu məna dəyərini obrazlı şəkildə ifadə etməyə nail olub:

Sözlər, səslər nizamlı,

Könül səsi – Ələsgər.

Həqiqəti mizanlı, 

Haqq pərdəsi – Ələsgər.

Bu epik-lirik-dramatik əsərdə hər bir məqam, nüans müəllif tərəfindən ölçülüb, biçilmişdir. Nümunə üçün, əsərdə müntəzəm olaraq ayrı-ayrı monoqrafiyalardan, elmi məqalələrdən gətirilmiş iqtibaslar, sitatlar müəllifin Dədə Ələsgər dühasına, fenomeninə poetik baxışını bu yaradıcılığın dərinliyini, alt qatlarını açmağa yönəlmiş elmi təhlillərlə müşayiəti Dədənin hərtərəfli real obrazını yaratmaq məqsədinə yönəlmişdir. Bu mənada, poemanı yalnız bir nəzm əsəri kimi deyil, eyni zamanda, Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş dərin tədqiqat işi kimi də qiymətləndirmək olar. 

Şair Yusif Nəğməkarın poemanın “Ən son ün”də, “Sonu sonsuz ün”ünün ifadəsində etdiyi etirafı da bu həqiqətin təsdiqi, sübutudur:

Ta Ələstdən “bəli”mizə büləndik, 

Bələnmişəm ruhsal dolu sevgiyə. 

Könül-könül, misra-misra ələndik, 

Nöqtə qoymaq olmur ulu sevgiyə...

Zəngin milli ədəbiyyatımızın bütün 
dövrlərində Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir və s. kimi uca zirvələri mövcuddur. Dağlar qoynunda həyata göz açmış, böyümüş, misilsiz poetik şedevrlər yaratmış Dədə Ələsgər dünyanın ən yüksək dağ zirvələrinə bənzər, saydığımız zirvələr içərisində öz dühasına layiq, bənzərsiz, əlçatmaz poeziya zirvəsi fəth etmişdir. 

İlhamı nur mələk, pəri... 

Qorqud, Xətai-Şəhpəri. 

Nəsimilər bərabəri, 

Füzuli təni – Ələsgər.

Məhz buna görə Yusif Nəğməkarın bu əsərini “Ələsgər zirvəsi” adlandırması diqqəti cəlb edir, təqdirəlayiqdir, önəmlidir. Şairin yazdığı kimi, bu möhtəşəm Dağ Zirvəsinin yalnız ətəyinə qalxmaq, çatmaq mümkündür:

 Ancaq yetmək çətindir, 

Bir zirvə yetəyinə. 

O, Ələsgər zirvəsi 

– Qalx görüm ətəyinə! 

Şair Yusif Nəğməkar poemasının “Son ün”ünü Aşıq Ələsgərin Bakıda ucaldılmış heykəlinə həsr edərək, onun Qərbə tərəf yönələn möhtəşəm abidəsinin bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmasını nəzərə alaraq, Dədənin ruhuyla bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır:

O, sirrimiz, ofsunumuz, 

Avazında süslər bizi. 

Saf kökümüz, ulusumuz, 

Ulu yurda səslər bizi.

Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı poetik, elmi və mənəvi baxımdan çağdaş ədəbiyyatımıza, ələsgərşünaslığa töhfə olan sanballı bir nümunədir. Şair Aşıq Ələsgər həyatını və yaradıcılığını, onun zəngin çalarını öz oxucusuna poetik dillə təqdim etməklə, onu yeni poetik baxışla oxuyub təhlil edir və müasir dövrdə bu irsin aktuallığını ön plana çəkir. 

Əminəm, Aşıq Ələsgərlə bağlı zəngin təsvirlərlə dolu olan, həm milli, həm də universal səviyyədə poeziyanın gücünü göstərən bu əsər həyatını Dədə Ələsgər yaradıcılığına həsr edən alimlərimizin, eyni zamanda, Ələsgər sevdalı geniş oxucu kütləsinin dərin marağına səbəb olacaq. 

Ələddin Allahverdiyev,  
professor 

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri