Aşkara çıxan gizlinlər Vaqif Abbasov yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Vaqif ABBASOV
Akademik
Xalq yazıçısı, akademik Kamal Abdullanın "Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında" monoqrafiyası haqqında qeydlər
Xalq yazıçısı, akademik Kamal Abdulla zəngin elmi araşdırmalarında olduğu kimi, dərin qatlara malik bədii yaradıcılığında da heç vaxt səthiliyi sevməyib, bədii əsərlərində bir qayda olaraq akademik təhlillərə, ciddi arqumentlərə əsaslanıb. Təsadüfi deyil ki, onun "Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında" monoqrafiyası da 35 illik akademik araşdırmaların möhtəşəm nəticəsidir. Bu monoqrafiya "Kitabi-Dədə Qorqud" fəlsəfəsinin daha əhatəli, daha düzgün dərk olunmasına bələdçilik edir, müasir cəmiyyətimizin bu fəlsəfənin dərin kökləri üzərində ucaldığını göstərir. Bu əsər bir daha təsdiq edir ki, keçmişin uğurlu yaşam fəlsəfəsinin yüksək dəyərləri mütləq nəzərə alınmalıdır. Otuz beş il bir əsər üzərində işləmək alimdən, yazıçıdan böyük səbr və iradə tələb edir. Nəticədə təqdim olunan material yüksək mahiyyət çəkisinə malik olur. Müəllifin özünün də vurğuladığı kimi "...cəmiyyətin həyatında gedən dərin inkişaf meyllərini dərk edən və bu meyllərin genişlənməsi üçün bilavasitə konkret fəaliyyət göstərən Dədə Qorqud yalnız ozan, yalnız hadisələri birləşdirib düzən şair, sənətkar deyil. Əlbəttə deyil! Mif aləmi, mif təsəvvürləri ilə yeni yaranmaqda olan Yazı mədəniyyəti arasındakı oxşar və fərqli cəhətləri görən və qaibdən dürlü xəbərlər söyləyən Oğuz peyğəmbərinin bir çox Dastançı hərəkətləri onun uzaqgörənliyini, müdrikliyini bir daha, bu dəfə yeni "faktlar" əsasında təsdiq və tədbiri caizsə "ifşa" edir".
O, haqlı olaraq gizli və sirr içində olan Dədə Qorqud dünyasının bu gün də bizləri heyran etməkdən yorulmadığını vurğulayır: "O bizə bu gün də özümüzü daha yaxından tanımağımız üçün yeni-yeni açarlar verir. Sadəcə, bu açarları uyğun kilidlərə salmaq lazımdır. Bir də o lazımdır ki, bu kilidlər açılarkən, o bağlı qapıların arxasında yatmış gözəl dəyərləri toplayaraq bir yerə yığıb əsrlərin yuxusundan oyadaq, onları bugünkü qürurumuza və təvazökarlığımıza, bugünkü arzumuza və reallığımıza, iddiamıza və imkanlarımıza düzgün surətdə və düzgün tənasübdə əlavə edə bilək".
Əslində bu fikirlərlə müəllif oxucunu xalqın uzaq keçmişinin zəngin adət və ənənələrindən bəhrələnməyə dəvət edir.
"Söz mifoloji dünyada, konkret desək, "Dədə Qorqud" məkanında adi dəyər deyil, Söz Mifin real təzahürüdür" deyən müəllifin qənaətincə, "Sözün kultu öz-özünə gətirib Mifin kultuna çıxarmalıdır. Eyni zamanda Söz bütövlükdə cəmiyyəti simvolizə edir. Cəmiyyət də Söz kimi daxili bütövlüyə və tamlığa malik olmalıdır..."

Kamal Abdulla qeyd edir ki, Mif öz yasaqları ilə Oğuz aləminin üzvlərini "nə etmək olmaz?" prinsipinə uyğun silahlandırmaq istəyir. Müəllifə görə, Mifin yasaqlarını iki böyük qrupa ayırmaq mümkündür. Bunlardan biri hüquqi yasaqlar, digəri etik yasaqlar şəklində müəyyənləşdirilə bilər. Dastanda izləri bu və ya digər şəkildə qalmış hüquqi yasaqlar təxminən belə sıralanır:
- Qan qohumluğunun qarşısını alan yasaqlar;
- Mifə, başqa sözlə, mövcud ənənəvi qanun-qaydaya qarşı mübarizəyə imkan verməyən yasaqlar;
- Cəmiyyət üzvünün öldürülməsi yasağı;
- Tayfadaxili nifaq yasağı;
- Şəxsi mənafeyi cəmiyyət mənafeyindəın üstün tutmaq yasağı;
- Mərkəzi hakimiyyətə qarşı üsyan yasağı... və s.
14 əsrə yaxın keçmişdə qoyulmuş bu yasaqların bir çoxu Qərbdə 2-3 əsr əvvəl həyata keçirilməyə başlayıb. Əslində bu məhdudiyyətlər əcdadlarımızın yaratdıqları böyük mahiyyətin kiçik bir hissəsidir.
Təsadüfi deyil ki, bir müddət öncə yaxın qan qohumlarının bir-biri ilə evlənmələrini yasaq edən qanun qəbul olundu. Bu qanun xalqın sağlam nəslinin formalaşmasını nəzərdə tutur ki, bunu da əcdadlarımız "Dədə Qorqud" vasitəsi ilə bizə çatdırmışdı. Yaxud da bizim bütöv xalq, xalq-dövlət birliyimizin sayəsində 3 əsrlik ədalətsizliyə son qoyulması "tayfadaxili nifaq yasağının" məna yükünü göstərmirmi?
Müəllif "Dədə Qorqud" aysberqinin görünməyən tərəfi ilə görünən tərəfi arasında ciddi bir sədd durduğunu və Dədə Qorqudun böyük sirrinin bu səddin yaratdığı təzadın içində gizləndiyini deyir: "Nədən ibarətdir bu sirr? Bu sualın cavabı Dastanın bir-birilə əlaqəli və əlaqəsiz hissələrindən, ən dərin məzmun qatlarında Dədə Qorqudun özünün iştirak etdiyi və bəzən də iştirak etmədiyi nöqtələrdən gəlir.
Bu sirlər kələfini ehtiyatla və hətta belə deyək, ehtiramla açmaq lazımdır. Çünki Dədə Qorqud kultu yatmış pələngi xatırladır. Onun bütün mahiyyətinə işıq salıb diqqətlə öyrənmək istəyi nə qədər xeyirxah və nəcib bir istək olsa da, yuxudan ayıla biləcək pələngin instinktlərini də unutmaq lazım deyil".
Keçmişin sirlərlə zəngin xəzinəsinə akademik ehtiram yanaşması budur. Dastanın dərin qatlarına daxil ola bilən, onun fəlsəfi tamlığına zərər gətirmədən sirlərini açan, müasir sivilizasiyanın anlaya biləcəyi şəkildə şərh edən Kamal Abdullanın keçmişin dəyərli mənbəyinə verdiyi yüksək qiymət budur.
Monoqrafiyada "Dədə Qorqud" dastanında demokratiya və antidemokratiyanın mahiyyətinin məna çalarlarının məntiqə söykənən şərhi isə belə verilir: "Daha məqsədəuyğun və həqiqətə uyğun olan odur ki, biz öz qədim Dastanımızla bağlı, doğrudan da bəzən açıq-aşkar və bəzən də gizli şəkildə əksini tapan ədalət və ədalətsizlikdən danışaq. Xalq hakimiyyətinin əsas funksiyası olan ədalət prinsipi cəmiyyətin idarəolunma formasından asılı olmadan da öz mövcudluğunu hifz etmə bacarığına və ya çox zaman mövcudsuzluğu ilə də özünə qarşı diqqət və marağı çəkmək imkanına malikdir. Deməli, "demokratiya" yox - məhz ədalət, "antidemokratiya yox - məhz ədalətsizlik Oğuz cəmiyyətindəki ictimai prosesləri obyektiv şəkildə, tarixi təkamül dövrlərinə uyğun olaraq izləmək üçün əsl açar ola bilər".
Müəllifin dastandakı vədlər və əməllər şərhi də olduqca dəqiq və düşündürücüdür. Müasir dilimizdəki "kişi sözü"nün mahiyyəti bu şərhdə öz təsdiqini belə tapır: "Vəd verilmişdirsə, bu o deməkdir ki, Söz artıq deyilmişdi. Sözə xilaf çıxmaq, onunla oynamaq isə Dastanda yasaqdır. Belə hərəkət edənlər cəzasız qalmır. Cəza mətn daxilində verilir və onun böyük təsir dairəsi, başqalarına örnək olma pretenziyası var...
...Hökmən qeyd etmək lazımdır ki, vəd Oğuz içi bir adama, özü də sədaqət rəmzi kimi çıxış edən bir adama veriləndə əməl də yerinə yetirilir. Salur Qazan onunla bir yerdə düşmən üstünə gedən Qaraca Çobana vəd verir: "Allah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eliyəyin". Deyir və boyun sonunda vədinə əməl edir".
Müəllif bu təhlili ilə müasir insanları "sözünün ağası olmağa", vədə xilaf çıxmamağa çağırır: Bacarmadığın heç nəyi vəd vermə, vəd verdinsə əməl et, sözünün ağası ol. Vəd və əməl uyğunluğu şəxsiyyətin dəyər ölçüsünü müəyyənləşdirir.
Monoqrafiyada "utanc" məqamının Dastanın dərin və gizli qatlarına enmək üçün geniş imkanlar verdiyi qeyd olunur. Müəllifin qənaətincə, o dərin qatlarda verilmiş "utanc" məqamları ilə indiki "utanc" anlayışı arasında ciddi fərqlər mövcuddur. Sivilizasiyanın müasir dövründə "utanc" mahiyyətinin çoxşaxəli çalarları var və onların keçmişlə uzlaşmayan məqamlarının şərhində olduqca ehtiyatlı olmaq lazımdır: "...Mifsiz dünya nələr itirdiyini birdən-birə anlamadı. Dədə Qorqud aləminin bütövlüyü və sahmanı, ləyaqəti və gözəlliyi, saflığı və təmizliyi qədim yunan aləmində olduğu kimi birdən-birə qeybə çəkildi. Bu aləmin bütövlüyü və sahmanı qırıldı. Sonrakı insan nəsilləri beyinlərində o dünyadan çox az şey saxladılar. O qədim dünya ilə bizim dünyamız arasında semantik bir boşluq yarandı...
...Hanı Dədə Qorqud dediyi Oğuz zadəganları, bəy ərənlər, dünya mənim deyənlər?! "Gəlimli-gedimli dünya onları nə tez unutdu?!"
Və sonra Dədə Qorqud obrazının cəmiyyət üçün nə qədər dəyərli olduğuna toxunulur: "Qədim cəmiyyətlərdə insanların içindən onların işinə qiymət verib bu işi təşviq edən adamlar çıxırdı. Bu adamlar eyni zamanda gənc nəslin tərbiyəsi ilə məşğul olurdu. Onlar gənclərə həyat dərsi verirdilər. Bir növ, cəmiyyətin müəllimi kimi özlərini göstərirdilər. Məsələn, deyə bilərik ki, Dastanın Müqəddiməsi, əslində, Dədə Qorqudun oğuz cəmiyyətinə verdiyi həyat dərsləridir. Dədə Qorqud eyni zamanda oğuz cəmiyyətinin mənəvi lideri, kahini, şamanı idi. Bu isə o demək idi ki, cəmiyyətin tapındığı totemlərlə əlaqə məhz onun vasitəsilə həyata keçirilirdi. Gənclərin dünyaya baxışını o formalaşdırır, Qalın Oğuz daxilində münaqişələri o həll edirdi. Sözünün təsirli və sirli olması üçün o bu funksiyalarını çox zaman sazın müşayiəti ilə həyata keçirirdi. Saz yavaş-yavaş onun əsas hakimiyyət orqanına - sehirli vasitəyə çevrilirdi. Şaman ozana dönürdü. Ozan Dədə Qorqud artıq Dastanın yaradıcısı olmaq missiyasını da öz üzərinə götürmüş sayıla bilər. Buradan isə Şair olmaq funksiyasına artıq bir addım qaldı deyə bilərik.
Şaman-mənəvi başçı öz funksiyasını mağara içində verdiyi dərslər vasitəsilə həyata keçirir. Daha sonrakı məqam - ozan olmaq, müəllif olmaq məqamıdır. Dədə Qorqud, Dastandan görürük ki, hər üç missiyanı yerinə yetirir. O həm şamandır, adət-ənənəni qoruyan ritualları həyata keçirən mənəvi başçıdır. O həm də müəllimdir. Və oğuzlara Dastan boyu həyat dərsi verir. Dədə Qorqud həm də müəllifdir - Dastanın yaradıcısı, eyni zamanda qoruyucusudur, nəsildən nəsilə ötürəndir".
Müəllifin Dədə Qorqud şəxsiyyətinə verdiyi böyük dəyər əslində cəmiyyətə "yumşaldılmış" mesajdır. Bu mesajın mahiyyətində o durur ki, istənilən dövr üçün mənəvi liderin, həyat dərsi verə bilən müəllimin olması vacibdir. Belə olmadıqda cəmiyyət öz dəyərli keçmişindən ayrı düşür, unutqan olur, müqəddəs sayıla bilən adət-ənənələri itirir, vətənə, xalqa sevgi azalır, bəzən də tamam yox olur.
1969-cu ildən başlayan Ulu öndər liderliyi, 2003-cü ildən başlayan İlham Əliyev liderliyi ilə dövlətimizin və xalqımızın bənzərsiz uğurlara imza atması mənəvi liderin, həyat dərsi verən öndərin nə qədər önəmli olduğunu göstərir. Dövlətimizin tam suverenlik qazanması məhz ali liderlik keyfiyyətlərinə malik iki müdrik insanın uğurlu siyasətinin nəticəsidir.
Monoqrafiyada ən önəmli nüanslardan biri də odur ki. Kamal Abdulla hər zamankı kimi sadəliyində qalır, "bütün sirləri açdım" demir, gələcək tədqiqatçılara çağırış edir: "Və nəhayət! Biz öz sözümüzü dedik, bizdən əvvəl və bizdən sonra deyənlərə salam olsun!"
Bu qeydlərin sonunda isə mənim seimli Xalq yazıçımıza - xalqını və türk dünyasını ürəkdən sevən, şərəf tariximizin çoxçalarlı sirlərinin açılmasında əvəzsiz xidmətlər göstərən hörmətli akademikimizdən bir ricam var:
Çox hörmətli Kamal müəllim! Bu xalq üçün, türk dünyası üçün, bəşəriyyət üçün yazıb-yaratmaqda davam edin! Ziyalı sözünün mahiyyət təcəssümü olan müdrikliyinizlə insanlığa bundan sonra da töhfələr verin, nəsillərin yolunu nurlandırın! Allah Sizi qorusun!


