Icma.az
close
up
RU
Atlantik alver: ABŞ la Aİ arasında yeni ticarət sazişi nəyi və necə dəyişəcək?

Atlantik alver: ABŞ la Aİ arasında yeni ticarət sazişi nəyi və necə dəyişəcək?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qolf klubu... Şotlandiyanın sakit və təmtəraqsız guşəsində, rəsmi danışıqlar zalından uzaqda baş verən bir hadisə, Atlantik okeanının iki tərəfində yerləşən iqtisadi məkan üçün oyunun qaydalarını dəyişə bilər. ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ ilə Avropa İttifaqı arasında tarif siyasəti, enerji əməkdaşlığı və müdafiə satınalmaları sahələrində prinsipial razılığa gəldiklərini elan etdilər. İlk baxışdan diplomatik uğur təsiri bağışlasa da, əslində, bu, bərabərhüquqlu tərəfdaşlıq adı altında sərt iqtisadi diktatın paketə bükülmüş formasıdır.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Sazişin mərkəzində - ABŞ-ın Avropa İttifaqından olan bütün idxala 15 faiz gömrük rüsumu tətbiq etmək qərarı dayanır. Bu isə, açıq-aşkar diskriminasiya aktıdır, sadəcə "strateji yaxınlaşma" etiketiylə təqdim olunur. Aqressiv proteksionist siyasəti ilə tanınan Tramp, Avropaya o şərtləri sırıya bildi ki, Brüssel bu barədə danışığa belə getməməyə çalışırdı. Trampın mesajı isə birmənalı idi: ya 15 faiz, ya da 30. Avropalılar "az ziyanlısını" seçdi.

Bu addım, Almaniyanın sənaye ürəyində - avtomobil və maşınqayırma sektorunda - əsl həyəcan siqnalı kimi qarşılandı. Onsuz da Trampın qərarı ilə alüminium və polada qarşı tətbiq olunan 50 faizlik rüsumdan əziyyət çəkən Almaniya, indi də bütün məhsullar üzrə tarif dalğasına tuş gəlmək üzrədir.

Donald Tramp, Aİ ölkələrinin qarşıdakı dörd il ərzində ABŞ-dan enerji resursları və hərbi texnika üzrə 750 milyard dollar dəyərində məhsul alacağını bəyan etdi. Rəqəmlər gurultulu səslənsə də, suallardan daha çox sual doğurur.

Birincisi, enerji resurslarının alınması Avropa Komissiyasının yox, milli hökumətlərin və özəl şirkətlərin səlahiyyətindədir. ABŞ-dan maye təbii qazın alınması isə yalnız bazarda rəqabətə davamlı olduğu halda mümkündür. Hazırda Yaxın Şərq və Norveç qazı həm daha ucuz, həm də logistika baxımından əlverişlidir.

İkincisi, silah məsələsi. Avropa İttifaqı ortaq mərkəzləşdirilmiş hərbi alış proseduruna malik deyil. Silah alqı-satqısı ayrı-ayrı dövlətlərlə, məsələn, Airbus, Rheinmetall, Thales kimi şirkətlər arasında baş tutur. Məsələn, Polşa ABŞ-dan Patriot raket sistemləri və ya F-35 təyyarələri alsa belə, bu, ümumavropa mövqeyi anlamına gəlmir.

Nəhayət, 600 milyard dollarlıq sərmayə məsələsi. Nə müddəti məlumdur, nə konkret layihələri, nə də hansı mənbədən gələcəyi. Bu, daha çox informasiya təzyiqinin bir elementini xatırladır, nəinki real maliyyə planını.

Ən ciddi güzəşt isə Avropa İttifaqının qeyri-tarif baryerlərinin bir hissəsini aradan qaldırmaq vədidir. Söhbət amerikalı avtomobil istehsalçılarının texniki standartlarına yaşıl işıq yandırmaqdan və kənd təsərrüfatı sahəsində məhdudiyyətlərin yumşaldılmasından gedir. Bu, əslində, iqtisadi kapitulyasiyadır: məhz bu baryerlər Avropa istehsalçılarını və fermerlərini Amerika bazarının nəzarətsiz ekspansiyasından qoruyurdu.

Amerika texniki standartlarının tanınması, dünyanın ən sərt və istehlakçı yönümlü sistemlərindən biri olan Avropa sertifikasiya mexanizmini zəiflətmək anlamına gəlir. Sabah digər ticarət tərəfdaşları da eyni güzəştləri tələb etməyə başlasa, Avropa buna necə "yox" deyəcək?

Kənd təsərrüfatı sahəsi də istisna deyil: ABŞ-dan idxal edilən GMO məhsullarına qadağanın ləğvi, pestisid istifadəsi ilə bağlı normaların dəyişdirilməsi və ərzaq təhlükəsizliyi standartlarının aşağı salınması - bunlar elə presedentlərdir ki, vaxtilə Avropa İttifaqı daxilində ekologiya fəalları və fermer birlikləri tərəfindən kəskin etirazla qarşılanmışdı.

Ursula fon der Lyayen bu sazişi "çətinliklə qazanılmış, amma qarşılıqlı faydalı" adlandırdı. Amma sual doğurur: bu saziş əslində kimə faydalıdır?

Rəqəmlərə baxaq: 2024-cü ildə ABŞ, Aİ-dən 606 milyard dollarlıq mal idxal edib, lakin Avropaya cəmi 370 milyard dollarlıq məhsul ixrac edib. Yəni ABŞ onsuz da daha çox qazanır. İndi isə bu balans daha da onların xeyrinə dəyişir. Avropa isə, faktiki olaraq, mövcud vəziyyəti qoruyub saxlamaq üçün güzəştə gedir - bu artıq diplomatiya yox, iflasdan can qurtarma cəhdidir.

Bu "yeni ticarət sazişi", Şotlandiyanın qolf klubunda, pərdəarxası atmosferdə Donald Tramp və Ursula fon der Lyayen arasında razılaşdırılsa da, təkcə təntənəli bəyannamələrlə yox, eyni zamanda, Berlinin iqtisadi dairələrində yayılan ciddi narahatlıqla qarşılandı. "Qətiyyətli liderlik", "qeyri-müəyyən dövrdə sabitlik" - bütün bu siyasi şüarlar arxasında reallıq çox sərtdir: bu razılaşma, əslində, gücün və təzyiqin diktəsi altında əldə olunmuş ağrılı kompromisdir.

Almaniya Sənaye Federasiyası (BDI) açıq şəkildə bəyan etdi: Avropa ixracına 15 faizlik tariflərin tətbiqi nəzərdə tutulan yeni model, yalnız Aİ iqtisadiyyatına deyil, ABŞ iqtisadiyyatına da ciddi zərbə vuracaq. Burada söhbət "qarşılıqlı fayda"dan yox, Trampın açıq şəkildə təhdid etdiyi 30 faizlik tarif qarşısında edilən məcburi güzəştlərdən gedir.

Almaniya Kimya Sənayesi Assosiasiyası (VCI) vəziyyəti metaforik bir ifadə ilə dəyərləndirib: "Qasırğa gözləyirdik, fırtına ilə canımız qurtardı. Eskalasiyanın qarşısı alındı, amma bunun üçün ödənilən qiymət - çox yüksək oldu." Hətta həmişə diplomatik tonu ilə seçilən Berlinin özündə də narazılıq açıq səslənir - xüsusilə də yüksək texnologiyalı və ixracyönümlü sektorları təmsil edən assosiasiyaların dilindən.

Almaniyanın Xarici Ticarət və Xidmətlər Federasiyası isə daha da irəli gedərək xəbərdarlıq edib: əldə olunmuş bu "kompromis", xüsusilə kiçik və orta müəssisələr üçün varlıq-yoxluq məsələsinə çevrilə bilər. Bu, təkcə iqtisadi siqnal deyil - siyasi siqnaldır: Berlin uzun müddətdən sonra ilk dəfə açıq şəkildə etiraf edir ki, ABŞ-ın ticarət siyasəti artıq sadəcə çətinlik deyil, real ekzitensial təhdiddir.

Münhendə yerləşən nüfuzlu IFO institutunun rəhbəri, iqtisadçı Klemens Fuest bu sazişi "Avropa İttifaqı üçün alçaldıcı" adlandıraraq, danışıqlar prosesindəki balanssızlığa diqqət çəkib. "Əgər bir tərəf diktə edir, digər tərəf isə razılaşırsa, bu artıq saziş yox, kapitulyasiyadır," - deyə o qeyd edib.

Bununla belə, rəsmi Berlin ritorikasında sərtlikdən qaçıb. Almaniya kansleri Fridrix Mers, bu razılaşmanı "lazımsız gərginlikdən yayınma vasitəsi" kimi təqdim edərək, onu "Avropa İttifaqının fundamental maraqlarını qoruyan addım" kimi qiymətləndirib. O, etiraf edib ki, daha geniş ticarət liberallaşması gözləyirdi, amma nəticə gözləntilərin çox gerisində qaldı.

Maliyyə naziri Lars Klinqbayl da bu tonu saxlayaraq, razılaşmanı "ilk addım" kimi xarakterizə etdi və onun Almaniya iqtisadiyyatına və məşğulluğa təsirini izləyəcəklərini bildirdi. Beləliklə, Almaniya hökuməti daxilində artan tənqidi yumşaltmaq və Vaşinqtonla açıq qarşıdurmadan yayınmaq strategiyasına üstünlük verilir.

Sazişin elanından bir gün sonra Ursula fon der Lyayen ayrıca bəyanatla çıxış edərək diqqəti sazişin enerji komponentinə yönəltdi. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya enerji daşıyıcılarını ABŞ məhsulları ilə əvəz etməyi planlaşdırır: söhbət maye təbii qazdan, neftdən və hətta nüvə yanacağından gedir.

Bu bəyanat xüsusilə geosiyasi mənzərə baxımından əhəmiyyətlidir. ABŞ-la imzalanmış saziş, faktiki olaraq, Avropanın enerji sahəsində ABŞ-dan asılılığını rəsmiləşdirir. Bu isə, Rusiyanın Avropa enerji bazarından sıxışdırılıb çıxarılması prosesinə ciddi təkan verəcək. Amma bu əvəzlənmə struktur baxımından nə qədər sabit olacaq? ABŞ satmağa hazırdır, amma Avropa siyasi loyalıq naminə yüksək qiymətlərlə almağa nə qədər hazırdır?

Rəqəmlərə baxsaq, tərəflər ümumilikdə 600 milyard dollarlıq investisiya və 750 milyard dollarlıq ABŞ məhsulunun alınması barədə razılığa gəldiklərini bəyan ediblər. Amma bu rəqəmlərin detallarına gəldikdə - ortada nə konkret müddətlər, nə sahələr, nə də mexanizmlər var. Bu, sənədləşdirilmiş strateji proqramdan daha çox, Donald Trampın media uğuru təsiri bağışlayır.

Amma ABŞ xəzinəsinə daxil olacaq gömrük rüsumları - artıq tamamilə realdır. 2024-cü ildə Aİ-dən ABŞ-a idxal olunmuş malların ümumi həcmini nəzərə alsaq, bu yeni tariflər nəticəsində Amerika büdcəsinə təqribən 90 milyard dollar vəsait daxil olacaq. Bu pullar isə, Trampın proteksionist strategiyasını reallaşdırmağa və daxili istehsalı, xüsusilə də seçkilər ərəfəsində, dəstəkləməyə yönəldiləcək.

Bütün bu fonun qarşısında ən mühüm və prinsipial suallardan biri ortaya çıxır: ümumiyyətlə, Avropa İttifaqı adından bu cür razılaşmaları bağlamağa kim səlahiyyətlidir? Ticarət və investisiya sahəsində Brüssel üzv dövlətlərin adından danışa bilir, amma enerji və xüsusilə müdafiə sahəsində vəziyyət daha mürəkkəbdir. Razılaşmanın heç bir bəndi nə Avropa Parlamentində müzakirə olunub, nə də Fridrix Mersdən başqa hansısa milli lider tərəfindən şərh edilib.

Nəticə nədir? Trampla əldə olunmuş bu razılaşma - bu gün geoiqtisadi məcburiyyətin rəsmi şəkildə sənədləşdirilməsi və Brüsselin səlahiyyətlərinin arxa otaqlarda əldən çıxarılmasıdır. Bu, Avropa İttifaqının özünün qəbul etdiyi prosedurlardan yan keçərək, Vaşinqtonun iradəsinə uyğun formalaşdırılmış bir "sazişdir". Və məhz burada əsas təhlükə yatır: "sabitlik" vəd edən pafoslu çıxışların arxasında, Avropanın iqtisadi suverenliyinin demontajı gedir.

ABŞ-la Avropa İttifaqı arasında bağlanmış bu razılaşma - yaxınlaşma deyil, sistemli asimmetriyanın göstəricisidir. Burada ABŞ qaydaları diktə edir, Avropa isə, "daha pis ssenaridən yayınmaq" ritorikasına sığınaraq, həmin qaydaları qəbul etməyə məcbur qalır. Bu, Berlin üçün açıq mesajdır: tərəfdaşlıq dövrü başa çatdı, indi sərt geoiqtisadi reallıqlar dövrü başlayır - və bu reallıqlarda, Aİ-nin ən güclü iqtisadiyyatı belə şərtləri diktə edə bilmir.

Qələbə ritorikası bu mənzərədə yalnız Atlantikanın bir tərəfində uyğun gəlir. Digər tərəfdə isə - bu, Avropanın iqtisadi subyektivliyinin bir hissəsini itirdiyi gündür. Və bunu Avropa özü-öz maraqlarına zidd olan şərtlərlə razılaşaraq etmiş oldu.

Tramp və fon der Lyayenin razılaşması - tərəfdaşlığın nümunəsi deyil, geoiqtisadi təzyiqin dərsidir. ABŞ, tarif şantajından istifadə edərək, Avropa İttifaqına elə bir şərtlər paketini sırıya bildi ki, nəticədə Avropa bərabər tərəfdaşdan asılı müştəriyə çevrildi. Bu, Vaşinqtonun daha geniş strategiyasının tərkib hissəsidir - məqsəd: Avropanın iqtisadi müstəqilliyini sarsıtmaq və Brüsseli idarəolunan inteqrasiya rejiminə keçirməkdir.

Və bu fon qarşısında əsas sual hələ də açıq qalır: ittifaqla tabeçilik arasında sərhəd harada keçir? Və daha neçə belə "kompromis addımı" lazımdır ki, iqtisadi "partnyorluq" anlayışı siyasi vassallıqla tam sinonimə çevrilsin?

Bu razılaşma, əslində, bir qırılma nöqtəsidir. Avropa bir tərəfdən enerji və təhlükəsizlik böhranları ilə, digər tərəfdən isə ABŞ-ın getdikcə sərtləşən iqtisadi təzyiqləri ilə üz-üzədir. Məhz bu məqamda, Avropa öz geoiqtisadi azadlığını qorumaq və ya onu mərhələli şəkildə itirmək seçimi qarşısındadır. Hazırda seçilən yol isə, təəssüf ki, ikinci variantı xatırladır.

Bəli, Brüssel bu razılaşmanı "sabitlik", "praqmatizm" və "reallıq hissi" ilə izah etməyə çalışır. Amma tarix belə razılaşmaları başqa cür xatırlayır - əzələ göstərənlə boyun əyənin tarix kimi. Və bu tarixdə, əslində, kim qalib, kim isə uduzan tərəfdir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see693

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see165

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see132

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see116

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see115

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri