ATU da payızın rəngləri
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Payızın öz gözəlliyi var. Xüsusilə də ağacların bol olduğu, yaşıllıqların qorunub saxlandığı yerlərdə. Azərbaycan Texnologiya Universitetinin (ATU) həyəti də belə məkanlardandır. İlin bu vaxtında bura tamam başqa görkəm alır. Ağacların yarpaqları saralıb, bəziləri qızılı, bəziləri narıncı rəngə çalıb. Həmişəyaşıl ağaclar isə əvvəlki görkəmini saxlayır. Bütün bunlar bir-birini tamamlayaraq gözəl payız mənzərəsi yaradır.
Universitetin həyətində gəzdikcə diqqəti ilk növbədə hündür çinarlar, yaşıllıqlar arasından görünən tədris binaları, geniş və səliqəli yollar, səkilər çəkir. Ağaclardan tökülən yarpaqlar ətrafa səpələnib. Skamyaların ətrafı da xəzəllə örtülüb. Bəzi yerlərdə isə ağaclar hələ də yamyaşıldır. Elə bil payız bu həyətə birdən-birə deyil, yavaş-yavaş gəlir.
Burada diqqəti çəkən başqa bir mənzərə də var. Budaqları meyvə ilə dolu xurma ağacları… Yetişmiş xurmalar yarpaqların arasından aydın görünür. Bir tərəfdə saralmış çinarlar, digər tərəfdə meyvəli ağaclar, onların arxasında isə uca sərvlər. Doğrusu, belə mənzərəni seyr etdikcə adamın bir qədər ayaq saxlayıb ətrafa baxmağı gəlir.
Fotolarda universitetin həyətinin müxtəlif guşələri əks olunub. Birində yarpaqlarla örtülmüş yol, digərində ağacların arasındakı skamya, başqa birində isə payız rənglərinə bürünmüş yaşıllıqlar… Adi günlərdə bəlkə də fərqinə varmadığımız bu görüntülər indi daha çox diqqət çəkir.
Bu həyətin özünəməxsusluğu təkcə ağacların çoxluğunda, təbiətinin gözəlliyində deyil. Bura həm də hər gün yüzlərlə gəncin gəlib-getdiyi, təhsil aldığı, dostlaşdığı, tələbəlik illərini yaşadığı bir məkandır. Bu yollarla neçə-neçə tələbə nəsli keçib. Kimisi illər əvvəl buradan məzun olub, kimisi isə indi ilk tələbəlik günlərini yaşayır.
Payız keçəcək, ağaclar yarpaqlarını tökəcək. Sonra qış gələcək, yazda isə bu həyət yenidən yaşıllaşacaq. Hər fəslin öz gözəlliyi olsa da, payızın burada yaratdığı mənzərə bir başqadır.
Bəlkə də illər sonra bu fotolara baxan keçmiş tələbələrdən kimsə tanış bir ağacı, oturduğu skamyanı, hər gün keçdiyi yolu görüb tələbəlik illərini xatırlayacaq. Onda bu şəkillər sadəcə payız mənzərəsi deyil, həm də ötən günlərdən qalan xoş bir xatirə olacaq…
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















