Icma.az
close
up
RU
Avronestdə etimad böhranı: Bakı və Tbilisi eyni mövqedə

Avronestdə etimad böhranı: Bakı və Tbilisi eyni mövqedə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Hər iki ölkə Avropa Parlamentinin ədalətsiz mövqeyinə etiraz edir

Dünən Ermənistan parlamentində Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest PA) növbəti – 12-ci plenar sessiyası öz işinə başlayıb. Oktyabın 30-dək davam edəcək sessiya Siyasi məsələlər, insan hüquqları və demokratiya Komitəsinin, həmçinin, İqtisadi inteqrasiya, hüquqi normaların yaxınlaşdırılması və Avropa İttifaqı siyasəti ilə konvergensiya Komitəsinin iclasları ilə start götürüb.

Günün ikinci yarısında Enerji təhlükəsizliyi komitəsinin, habelə Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin toplantıları baş tutub. Axşama yaxın Belarus üzrə işçi qrupunda və Avropa İttifaqına üzvlük üçün namizəd ölkələr üzrə xüsusi işçi qrupunda müzakirələr aparılıb.

Bu gün səhər Avronest PA Bürosunun iclası baş tutacaq. Sessiyanın açılış mərasimi isə günorta saatlarına planlaşdırılıb. Açılış mərasimində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan çıxış edəcək. Avropa Parlamentinin vitse-prezidenti Yunus Omarjenin (Avropa Parlamentinin prezidenti Roberta Metsolanın adından), Avronest PA-nın həmsədrlərinin, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Audron Perkauskienenin (Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndə/Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın adından) və Avropa Komissiyasının Şərqi Avropa və Avropa İttifaqı məsələləri direktorluğunun direktoru Adrienn Kiralının (Genişlənmə üzrə Avropa Komissarı xanım Marta Kosun adından) çıxışı nəzərdə tutulub.

* * *

ARAYIŞ: Avronest Parlament Assambleyası 2011-ci ilin mayında Belçikanın paytaxtı Brüsseldə yaradılıb. Bu qurum Avropa İttifaqı (Aİ) ilə “Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkə – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna arasında parlamentlərarası əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Avronest PA Avropa Parlamentindən 60 deputat və tərəfdaş ölkələrin parlamentlərindən seçilən 60 nümayəndədən ibarətdir.

Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Respublikası Avronestlə əməkdaşlığa da xüsusi önəm verir. Ölkəmiz qurumun yaranmasından etibarən Avronest PA-nın tamhüquqlu üzvüdür. Milli Məclisin nümayəndə heyəti qurumun plenar iclaslarında, komitə toplantılarında və işçi qruplarında aktiv iştirak edib. Heyətə müxtəlif illərdə millət vəkilləri rəhbərlik ediblər. Hazırda bu funksiyanı Milli Məclisin deputatı Tahir Mirkişili yerinə yetirir.

Avronest PA-nın əsas məqsədləri enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi inteqrasiya, insan hüquqları və demokratik institutların inkişafı kimi mövzularda əməkdaşlığı dərinləşdirməkdir. 2020-ci ildə Azərbaycan torpaqlarını azad etdikdən sonra Avropa Parlamentində qəbul olunan bəzi bəyanatlar açıq-aşkar birtərəfli, qərəzli və provokativ xarakter daşıyıb. Bununla əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti 2022 və 2024-cü illərdə bir sıra Avronest tədbirlərində iştirak etməyib və bu etirazın səbəblərini təşkilat rəhbərliyinə rəsmi şəkildə çatdırıb. Buna baxmayaraq, Azərbaycan Avronest çərçivəsində əməkdaşlığı tam dayandırmayıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Aİ ilə dialoq münasibətləri yalnız qarşılıqlı hörmət, ədalət və bərabər tərəfdaşlıq prinsipləri əsasında davam etdirilə bilər. Avronest PA-nın sonuncu plenar sessiyalarında gündəliyə daxil edilən bəzi sənədlər Azərbaycanın bu təşkilatdakı iştirakının faydalılığını sual altına qoyub. Nəticə etibarilə Azərbaycan – Avronest əlaqələri hazırda formal səviyyədə mövcud olsa da, praktiki əməkdaşlıq dərinləşməyib. 

* * *

Hazırda İrəvanda keçirilən plenar sessiyada Azərbaycan nümayəndə heyəti iştirak etmir. Bu qərar da etimadsızlıq mühitinin davamı kimi qiymətləndirilir. Qurumdakı nümayəndə heyətimizin rəhbəri Tahir Mirkişili bildirib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik”.

T.Mirkişili onu da qeyd edib ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil: “Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.

Bəli, İrəvanda keçirilən bu tədbir Cənubi Qafqazda dəyişən siyasi reallıqlar fonunda baş tutsa da, diqqətçəkən əsas məqam Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirak etməməsidir. Bu qərar isə təsadüfi deyil. İllərdir qurum daxilində yığılıb qalan etimadsızlığın və qeyri-bərabər münasibətin məntiqi nəticəsidir. Azərbaycanın Avronestdə iştirakı Avropa İttifaqı ilə siyasi dialoqun vacib hissəsi kimi nəzərdə tutulsa da, son illərdə bu platforma real əməkdaşlıq müstəvisindən uzaqlaşıb. Avropa Parlamentinin qəbul etdiyi bir sıra sənədlər Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqla təsbit edilmiş sərhədlərinə hörmətsizlik kimi qiymətləndirilib. Bu, təkcə siyasi münasibətlərin deyil, həm də etimad mühitinin ciddi zədələnməsinə gətirib çıxarıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Avronestdə qəbul olunan bəyanat və qətnamələr regionda sülh və sabitlik ideyasına deyil, qarşıdurmanın davam etməsinə xidmət edir. Xüsusilə, Vaşinqtonda keçirilən sülh görüşündən sonra Avropa Parlamentinin sərgilədiyi mövqe konstruktiv diplomatiya ruhuna zidd addım kimi dəyərləndirilib. Bu, həm Azərbaycanın, həm də regionun gələcəyinə dair ədalətli baxışın formalaşmadığını göstərir.

Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri T.Mirkişilinin qeyd etdiyi kimi, bu qərarın tədbirin Ermənistanda keçirilməsi ilə əlaqəsi yoxdur. Əksinə, Bakı sülh sazişinin reallaşması, regionda kommunikasiya və etimad mühitinin bərqərar olması istiqamətində əməli addımlar atır. Lakin Avronest kimi platformalarda Azərbaycanın bu səylərinə adekvat yanaşma müşahidə edilmir. Bu səbəbdən rəsmi Bakının sessiyada iştirakdan imtinası siyasi təcrid deyil, prinsipial mövqedir. Açıq şəkildə bildirilir ki, qarşılıqlı hörmət və balanslı münasibət prinsipləri bərpa edilmədən Avronest kimi strukturlar regionda sülhə töhfə verə bilməz. İrəvanda keçirilən sessiyada Azərbaycanın yoxluğu məhz bu mesajın ən aydın ifadəsi kimi yadda qalacaq.

* * *

Onu da bildirək ki, dost və qonşu Gürcüstan da İrəvandakı toplantıya qatılmayıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bu barədə bildirib: “Avronest Avropa Parlamenti və “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq və dialoq platformasıdır. Avronest PA-nın Cənubi Qafqaz bölgəsində keçirilən sessiyasında Azərbaycan və Gürcüstanın iştirak etməməsi faktı Avropa Parlamentinin davranışlarının yanlış olduğunu təsdiqləyir”. O qeyd edib ki, Avronest özünü “Şərq Tərəfdaşlığı”ndan təcrid edir və regional siyasətinin özünün siyasi zövqlərinə əsaslanmasını istəyir.

Papuaşvili Avronest PA-nın toplantısına Gürcüstanın müxalif partiya təmsilçilərinin dəvət olunmasını rüsvayçılıq adlandırıb. “Bu məzhəkədə iştirak etmək fikrində deyilik. Biz bəzi avropalı parlamentarilərin Gürcüstan hökumətinə qarşı düşmənçilik ritorikasını legitimləşdirə bilmərik”, – parlament sədri əlavə edib.

Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri, ölkənin nümayəndə heyətinin rəhbəri Levan Maxaşvili Avronest PA-ya göndərdiyi məktubda bildirib ki, qurumun son hərəkətləri Assambleyanın təsis aktının əsas prinsiplər və məqsədləri, eləcə də Praqa Şərq Tərəfdaşlığı Zirvəsinin birgə bəyannaməsi ilə uyğunsuzluq səbəbindən ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, əvvəllər Assambleya iştirakçıları arasında geniş dəstək qazanan çoxtərəfli dialoq, təəssüf ki, keçmişdə qalıb.

Gürcüstanın da Avronest PA-nın sessiyasında iştirakdan imtina etməsi bu quruma olan regional etimadsızlığın təkcə Azərbaycanın mövqeyi ilə məhdudlaşmadığını göstərir. Tbilisinin qərarı Avropa Parlamentinin birtərəfli davranışlarına və region ölkələrinin maraqlarına qarşı nümayiş etdirdiyi siyasi yanaşmaya açıq etirazdır. Gürcüstan parlament rəhbərliyinin kəskin bəyanatları göstərir ki, Avronest artıq “Şərq Tərəfdaşlığı” platformasının məqsədlərindən uzaqlaşıb. Bu qurum region ölkələri ilə dialoq yaratmaq əvəzinə, daxili siyasi proseslərə müdaxilə edən alətə çevrilməkdədir. Azərbaycan və Gürcüstanın eyni vaxtda kənarda qalması Avropa strukturlarının Cənubi Qafqaz siyasətinin balanssız və qeyri-real olduğunu üzə çıxarır. Nəticə etibarilə, Avronest PA-nın legitimlik və obyektivlik prinsiplərinə qayıtması indi həm onun nüfuzu, həm də regiondakı varlığı üçün həyati əhəmiyyət daşıyır.

Səxavət HƏMİD
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri