Icma.az
close
up
RU
Avropa üçün nümunəvi tərəfdaşlıq modeli

Avropa üçün nümunəvi tərəfdaşlıq modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Geosiyasətin sürətlə dəyişən qlobal lövhəsində Azərbaycan–İtaliya münasibətləri Avrasiyanın enerji xəritəsinə çəkilmiş qalın cizgidir. XXI əsrin siyasi sözlüyündə “enerji təhlükəsizliyi” anlayışı dövlətlərin müstəqilliyini qoruyan strateji sipər kimi qəbul olunur. Avropa İttifaqı Rusiyanın enerji monopoliyasından qurtulmağa çalışdığı halda, Azərbaycan öz resurslarını və coğrafi üstünlüyünü qlobal siyasətdə təsir vasitəsinə çevirməyi bacarıb. Bu mənzərədə Roma ilə Bakı arasında qurulan strateji tərəfdaşlıq Avropanın enerji damarlarını Qafqazdan keçən arteriyaya bağlayır. İtaliya Azərbaycanın Avropadakı ən güclü müttəfiqlərindən biri kimi çıxış etməklə “Qoca qitə”də də öz siyasi çəkisini artırır.

Məhz bu siyasi kontekstdə sentyabrın 30- da ölkəmizə rəsmi səfər edən İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatları region üçün ciddi mesaj daşıyan hadisəyə çevrildi. Bu görüş Avropanın enerji xəritəsinin və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının necə formalaşacağına dair siyasi ipucları idi. Prezident İlham Əliyev öz nitqində iki ölkə arasında siyasi əlaqələrin pik həddə olduğunu bildirdi: “Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük”.

Prezident İlham Əliyevin sözləri Azərbaycan diplomatiyasının çoxşaxəli siyasətinin Avropada etibarlı dayaqlar tapdığının birmənalı təsdiqi idi. İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya ikinci dəfə səfər etməsi İtaliyanın bu tərəfdaşlığı təsadüfi deyil, uzunmüddətli və strateji seçim kimi qəbul etdiyini göstərirdi. 2015-ci ildə ilk strateji tərəfdaşlıq sənədi və 2020-ci ildə dövlətimizin başçısının İtaliyaya səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan–İtaliya siyasi əlaqələrinin institusional çərçivəsini müəyyənləşdirdi. Bu sənədlər bu gün praktiki əməkdaşlıqda özünü tam doğruldub. Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi bunun ən bariz nümunəsidir. Məhz Prezident Sercio Mattarellanın şəxsi müdaxiləsi layihənin uğurla icra olunmasına imkan yaratdı. Bu bir daha göstərdi ki, siyasi iradə iqtisadi layihələrin taleyində həlledici rol oynayır. 2020-ci ildən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya ixrac olunmağa başladı və bu gün Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə enerji resursları çatdırılır.

İki ölkə arasında münasibətlər nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Bu əməkdaşlıq təkcə ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal miqyasda örnəkdir. Bir-birindən uzaqda yerləşən dövlətlər arasında əməkdaşlığın qurulması Azərbaycanın timsalında Avropaya bir nümunə kimi təqdim edilə bilər. İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə verdiyi dəstək bu münasibətlərin strateji əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin sentyabrın 30-da birgə mətbuat konfransında dediyi kimi, Azərbaycanın nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb. Bu isə onu deməyə əsas verir ki, Roma–Bakı əlaqələri çox uğurla inkişaf edir və iki ölkə əsl tərəfdaşlardır.

* * *

Xarici siyasət konfiqurasiyasına diqqət yetirsək, İtaliya Avropa İttifaqının üzvü və Avropanın geosiyasi mərkəzində dayanan ölkə kimi Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biri statusunu qazanıb. Roma–Bakı xəttinin mahiyyəti, sadəcə, neft və qaz kəmərləri üzərindən ölçülmür. Bu münasibətlər Azərbaycanın beynəlxalq tribunalarda etibarlılıq indeksini artırır və Bakını Avropanın “enerji donoru”ndan strateji aktora çevirir.

İkitərəfli münasibətlərdə diqqətçəkən məqam odur ki, Parisin illərdir qurduğu anti-Azərbaycan koalisiyalarına İtaliya heç vaxt qoşulmayıb. Fransanın ermənipərəst lobbi oyunları və “Cənubi Qafqaz siyasətində imperiya kompleksi” fonunda Roma daha praqmatik və konstruktiv davranaraq Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşıb, hətta bəzi məqamlarda bədxahlarımıza öz etirazını bildirib. Məsələn, ötən ilin aprelində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejornenin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vəziyyətin yumşaldılmasına töhfə verməyən bəyanatlarını tənqid edib. Qarabağ məsələsində İtaliyanın prinsipial mövqeyi Azərbaycanın xeyrinə işləyən mühüm diplomatik kapitaldır. Bu, Romaya “Avropada balanslaşdırıcı güc” imicini qazandırıb. İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya səfəri əslində geosiyasi bəyanatdır. Avropanın əsas oyunçularından biri rəsmi şəkildə nümayiş etdirir ki, Azərbaycan regionda etibarlı tərəfdaş, Avropa üçün isə enerji təhlükəsizliyinin açar oyunçusudur. Əgər Fransa Makronun şəxsi ambisiyalarını Cənubi Qafqazın üstünə yükləyirsə, İtaliya isə əksinə, reallığı qəbul edir və Avropanın enerji xəritəsini Bakı ilə birgə yenidən cızır. Azərbaycan tərəfi də bu münasibətləri sırf ikitərəfli əməkdaşlıq kimi görmür. Bakı üçün Roma həm Avropa İttifaqının daxilində, həm də Aralıq dənizi hövzəsində “strateji dayaq nöqtəsi”dir. Bu səbəbdən Azərbaycan İtaliya ilə əlaqələrin davamlı inkişafı üçün ardıcıl təşəbbüslər ortaya qoyur. Nəticədə bugünkü reallıq aydındır: Avropa İttifaqında Azərbaycanın ən etibarlı müttəfiqlərindən biri məhz İtaliyadır. Roma ilə Bakı arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın yeni mərhələsi başlanır. Bu münasibətlər fonunda Fransa kimi dövlətlərin Azərbaycanın mövqeyini zəiflətmək cəhdləri absurd görünür. Çünki Avropa artıq Azərbaycanın enerji təhlükəsizliyi missiyasını İtaliya vasitəsilə qəbul və təsdiq edir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Avropa İttifaqı məkanında iqtisadi çəkisi və həcminə görə Azərbaycanın ən böyük ticarət tərəfdaşı məhz İtaliyadır. Bu, sadəcə, Azərbaycanın neft və qaz ixracından ibarət deyil. İtaliya həm də əks-istiqamətdə – sənaye məhsulları, texnologiyalar, turizm və təhsil sahəsində əməkdaşlıqla Azərbaycanla dinamik ticarət dövriyyəsi formalaşdırır. Bu əlaqələr sənaye, nəqliyyat və hətta aviasiya sahələrinə qədər uzanır; təlim təyyarələrinin alınması məsələsi də gündəmdədir.

Aralıq dənizi regionunda maraqların toqquşması fonunda İtaliya çox zaman Fransa kimi iddialı dövlətlərlə uzlaşmır, əksinə, Türkiyə ilə yaxın mövqe sərgiləyir. Türkiyə isə Azərbaycanın strateji müttəfiqi və qardaş dövlət olduğundan, Roma ilə Ankaranın yaxınlaşması Bakı üçün də əlverişli siyasi konfiqurasiya yaradır.

Bu gün Avropa İttifaqında Azərbaycanın ən etibarlı tərəfdaşlarının İtaliya və Macarıstan olduğu danılmaz faktdır. Üstəlik, Avropa ailəsindən kənarda Böyük Britaniya da bu kontekstdə mühüm rol oynayır. Prezident Mattarellanın Azərbaycana səfəri Roma–Bakı münasibətlərinin strateji çəkisini nümayiş etdirən mesajdır.

Əlbəttə, Azərbaycanla İtaliya əməkdaşlığını pozmaq istəyən dairələr də var. Bu qüvvələrin önündə Fransa dayanır. Ancaq İtaliyanın siyasi elitası, xüsusilə də baş nazirləri çox vaxt Emmanuel Makronun əsassız iddialarını balanslaşdırmağı bacarır. Bu kontekstdə İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya səfəri həm də rəsmi Romadan siyasi jest kimi qiymətləndirilə bilər. Bu jest göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur və qarşıdakı illərdə daha da dərinləşəcək.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri