Icma.az
close
up
RU
Avropada yenə bir kabus dolaşır

Avropada yenə bir kabus dolaşır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın Makron böhranı, yaxud lidersiz ölkənin taleyüklü sualı

Avropa siyasətinin böyük səhnəsində bəzən ən parlaq ulduzlar belə sönməyə məhkumdur. Bir zamanlar qitənin gələcəyi üçün cəsarətli vizyonlar cızan, Sorbonna Universitetinin kürsüsündən “strateji muxtariyyət” manifestini elan edərək bütün qitəni silkələyən Fransa Prezidenti Emmanuel Makron Avropa Şurası iclasına tamamilə fərqli statusda qədəm qoydu. Artıq onun çiynində “Avropanın ideya adamı” və ya “baş vizioner” mantiyası yoxdur. Diplomatik koridorlarda pıçıldaşan yeni və amansız reputasiya var. Avropa İttifaqı (Aİ) liderləri ifrat sağçı qüvvələrin qitə miqyasında yüksəlişindən tutmuş qlobal iqtisadi rəqabətdə geridə qalmaq təhlükəsinə qədər mövcud “ekzistensial böhranlar” fonunda strategiyalar müəyyənləşdirmək üçün toplaşarkən bir zamanlar bütün müzakirələrin mərkəzində olan Makronun iddialı təkliflərinə və intellektual enerjisinə arxalana bilmirlər.

Aİ-nin müxtəlif ölkələrindən olan onlarla diplomat və yüksək rütbəli rəsmilərlə aparılan və hamısının açıq danışa bilmək üçün anonimlik şərti ilə razılıq verdiyi söhbətlər kədərli mənzərəni bütün detalları ilə göstərir. Məlum olur ki, 47 yaşlı mərkəzçi liderin Fransadakı dərin siyasi çətinlikləri və ikinci müddətinin sonunda öz siyasi irsini qorumaq yönündəki həssas səyləri onu Avropa miqyasında irəliləyişin aparıcı qüvvəsindən çox tərəqqinin qarşısını alan maneəyə çevirib. Onun hər bir addımında, hər bir bəyanatında artıq “Qoca qitə”nin gələcəyinə yönəlik cəsarətli baxışlar yoxdur.

Bu yeni reallığın konkret təzahürləri göz qabağındadır. Məsələn, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin artan hibrid təhdidlərə qarşı Avropa səmasını qorumaq üçün təklif etdiyi cəsarətli “dron divarı” ideyası Makrona görə reallıqdan uzaqdır. Bəs Makronun özünün bir zamanlar şüara çevirdiyi “Planetimizi yenidən böyük edək” ideyası? Bəlkə bu, uzaq gələcəkdə mümkün olacaq. Amma indi nə Avropa şirkətlərinin qlobal təchizat zəncirlərində insan haqları və ekoloji pozuntulara nəzarət etməsini tələb edən “məsuliyyətlilik direktivi”nin, nə də 2040-cı il üçün müəyyən edilən iddialı iqlim hədəflərinin vaxtı çatıb.

Son aylar Makron Avropanın böyük strateji layihələrindən üz döndərərək daha ehtiyatlı, qapalı siyasət yürütməyə başlayıb. O, Fransada ictimai narazılıq doğura biləcək istənilən təklifə şiddətlə qarşı çıxır, özünün birbaşa rəhbərlik etmədiyi və ya təşəbbüskarı olmadığı beynəlxalq layihələrə qarşı rəqabətcil mövqe sərgiləyir. Fransa bunun əvəzində inzibati sədlərin azaldılması, bürokratiyanın yüngülləşdirilməsi kimi az mübahisəli məsələlərə diqqət yönəldib. Son həftələrdə Fransa lideri miqrasiya üzərində nəzarətin gücləndirilməsini təbliğ edir, uşaqların sosial şəbəkələrdən istifadəsinə sərt məhdudiyyətlər qoyulmasını təklif edir və Avropanın “yaşıl” siyasətinin bir hissəsi olan avtomobil istehsalçıları üçün ekoloji hədəflərlə bağlı ciddi güzəştlər qazanmağa çalışır. Bütün bunlar faydalı təşəbbüslər ola bilər, lakin heç biri bir zamanlar bütün qitə üçün “Avropa arzuları” toxuyan liderin miqyasına uyğun gəlmir. Yüksək rütbəli Aİ diplomatlarından birinin acı istehza ilə dediyi kimi: “Bu Makron daxili problemlər tərəfindən tamamilə udulub. Artıq o, əvvəlki kimi Avropanın çempionu missiyasını daşımır.”

Bu vizionerliklə daxili siyasətin hesabları arasındakı ziddiyyətin ən kəskin və Fransa üçün ən xoşagəlməz təzahürü Makronun Cənubi Qafqaz siyasətində yaşandı. Bir tərəfdən Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətini dərk edən Aİ strategiyası mövcud ikən Makron Fransadakı daxili elektoratın hesabları və regionda Rusiyanın zəifləməsindən sonra yaranan boşluğu doldurmaq kimi illüziyalara qapılaraq açıq-aşkar Ermənistana birtərəfli dəstək siyasəti yürütdü. Bu, Azərbaycanın qətiyyətini və regionda formalaşdırdığı yeni güc balansını hesaba almayan geosiyasi avantüra idi. Parisin mövqeyi təkcə Bakı ilə münasibətləri gərginləşdirmədi, həm də Aİ-nin özünün Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olan strateji hədəflərinə zidd getdi. Lakin Azərbaycan suverenliyini tam bərpa etdikdən və regionda dönməz reallıqlar yaratdıqdan sonra bu siyasətin tamamilə iflasa uğradığı aydın oldu. Məhz bundan sonra biz praqmatizmin ideologiya üzərindəki zəfərinin şahidi olduq: ASB-nin Brüsseldə keçirilən sammiti zamanı Emmanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onu tarixi qələbə münasibətilə təbrik etməsi, əslində, siyasi kapitulyasiya aktı, səhv siyasətin acı etirafı və reallıq qarşısında məcburi geri çəkilmə idi. Həmin epizod Makronun böyük ambisiyalarının daxili siyasətin kiçik hesabları və xarici siyasətdəki səhv proqnozlar nəticəsində necə əriyib getdiyinin bariz nümunəsinə çevrildi.

Lakin 2025-ci ilin oktyabrına gəldikdə aydın görünür ki, Makronun hesablamalarında amansız siyasət və şəxsi irs amili üstünlük təşkil edir. Bunun bariz və müttəfiqləri üçün anlaşılmaz nümunəsi məhz Aİ-nin genişlənmə siyasətindəki mövqeyidir. Makron uzun müddət Aİ-yə yeni üzvlərin, xüsusən də Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin qəbulunun həm iqtisadi, həm də geosiyasi baxımdan zəruri olduğunu dəstəkləyirdi. Məhz o, 2022-ci ildə Avropa Siyasi İcmasını Aİ-yə namizəd ölkələr üçün bir növ “gözləmə otağı” rolunu oynayan platformanı yaratdı. Bir il sonra isə həmin namizəd ölkələrin “mümkün qədər tez” İttifaqa qəbul ediləcəyinə təntənəli şəkildə söz verdi. Bu, qitədəki geosiyasi boşluqları doldurmağa yönəlmiş strateji addım idi.

Məhz bu səbəbdən Makronun müttəfiqləri Fransa hökumətinin indi Aİ-nin qərar qəbuletmə mexanizmini islah etmək və Viktor Orban kimi liderlərin genişlənmə prosesinə daim veto qoymasının qarşısını almaq üçün yekdillik prinsipini ləğv etmək təşəbbüsünə niyə qarşı çıxdığını anlaya bilmirlər. Bu, texniki bir məsələ sayılmaz, çünki genişlənmənin praktiki olaraq mümkün olub-olmayacağını müəyyən edən əsas sualdır. Makronun Avropa Parlamentindəki “Yenilən” qrupundan olan yüksək rütbəli deputat bu addımı “Makronun əvvəlki bütün vədləri və bəyanatları ilə tam ziddiyyət təşkil edən” qərar adlandırdı. Həmin şəxs dərin məyusluqla deyib: “Bu, xüsusi nöqsandır və bizim bütün şərqli tərəfdaşlarımıza göndərdiyimiz çox pis siqnaldır.”

Bəs bu kəskin dönüşün səbəbi nədir? Makronun yaxın müttəfiqinin etiraf etdiyi kimi, cavab olduqca sadə və bir o qədər də kədərlidir. Fransa prezidenti, sadəcə olaraq, ambisiyalarının bəzilərini, xüsusən də Fransa daxilində mübahisəli olanları həyata keçirmək üçün kifayət qədər siyasi kapitala malik deyil. Veto hüququndan imtina etmək kimi suverenliyin ötürülməsi ilə bağlı istənilən təklif Fransadakı skeptiklər, xüsusən də Marin Le Penin sağçı “Milli Birlik” partiyası üçün əvəzolunmaz siyasi silaha çevrilə bilər. Daxili siyasətdəki zəifliyi, parlamentdə mütləq çoxluğa malik olmaması və cəmiyyətdəki dərin parçalanmalar Makronu Avropa səhnəsində əli-qolu bağlı vəziyyətə salıb. O, bir zamanlar cəsarətlə formalaşdırdığı Avropa gündəminin girovuna çevrilib. Bu isə ölkə lideri üçün ən böyük faciədir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri