Avstraliya məşhur süni intellekt tətbiqindən istifadəni qadağan etdi
Avstraliyada Çinin "DeepSeek" şirkətinin süni intellekt tətbiqinin hökumətə məxsus cihazlarda istifadəsi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası (ABC) məlumat yayıb.
Avstraliyanın daxili işlər naziri Tony Burke süni intellektin hökumətə məxsus cihazlardan istifadəsini qadağan edən fərman imzalayıb.
Qərara əsasən, "DeepSeek"in dövlət cihazlarında istifadəsi qadağan edilib, dövlət işçiləri isə proqramdan yalnız şəxsi cihazlarında istifadə edə biləcəklər.
Hesabatda deyilir ki, hökumət bu qadağanı milli təhlükəsizlik və kəşfiyyat agentliklərinin "DeepSeek"in “Avstraliya üçün çox yüksək risk yaratdığı” məsləhəti əsasında tətbiq edib.
Xatırladaq ki, qısa zamanda bütün dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-də yerləşən "ChatGPT"ni geridə qoyaraq, tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib. ABŞ Hərbi Dəniz Qüvvələri, Texas ştatı və İtaliya "DeepSeek" ilə bağlı Avstraliyaya oxşar qərarlar verib.