Avtomobili harada və necə saxlayaq?
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Görülən işlər “əlçatanlıq” tələbini də cavablandırmalıdır
Azərbaycanın böyük şəhərlərində, ilk növbədə, Bakı, Sumqayıt və Gəncə kimi urbanizasiya səviyyəsi yüksək olan mərkəzlərdə artan avtomobil sayı parklanma infrastrukturunun modernləşdirilməsi zərurətini daha da aktual edib. Son illər dövlətin nəqliyyatın idarə olunması, dayanacaq yerlərinin rəqəmsallaşdırılması və nəqliyyat axınının optimallaşdırılması istiqamətində atdığı addımlar problemin həllində mühüm rol oynayır. Bu baxımdan “Az- Parking” idarəetmə panelinin yaradılması parklanma prosesini daha rahat, səmərəli və şəffaf şəkildə təşkil etmək üçün nəzərdə tutulmuş müasir rəqəmsal həll kimi diqqət çəkir.
Xatırladaq ki, “AzParking”in əsas məqsədi şəhər daxilində parklanma idarəçiliyini mərkəzləşdirmək, sürücülərə real vaxtda boş yerlər barədə məlumat vermək və dayanma prosesini mümkün qədər sadələşdirməkdir. Sistem vasitəsilə sürücü mövcud parklanma yerlərini, onların tutumunu, qiymətlərini və doluluq səviyyəsini görə bilir. Bu, həm vaxt itkisinin, həm də küçələrdə boş yer axtarışının yaratdığı tıxac təzyiqinin azalmasını şərtləndir. Eyni zamanda, parklanma ödənişləri nağdsız, tam elektron qaydada həyata keçirilir. Bununla da şəffaflığın təmin edilməsi, insan amilindən irəli gələn sui-istifadə hallarının qarşısının alınması və hesablamaların avtomatlaşdırılması reallaşır.
Onu da deyək ki, adıçəkilən idarəetmə paneli fəaliyyət göstərənədək cərimə və xəbərdarlıq sisteminin inteqrasiyası sahəsində müəyyən problemlər yaşanırdı. Hazırda isə sürücü parketmə qaydalarını pozduqda bununla bağlı bildiriş alır, cərimələri elektron şəkildə ödəyir və prosesin hüquqi tərəfi tam rəqəmsal idarə olunur. İdarəetmə paneli vasitəsilə monitorinq də uğurla həyata keçirilir. Yəni “AzParking”in idarəetmə paneli operatorlara real vaxtda bütün dayanacaqların vəziyyətini izləməyə, texniki nasazlıqları aşkarlamağa, doluluq səviyyəsini monitorinq etməyə və məlumatlara əsaslanan qərarlar verməyə imkan yaradır.
Bununla belə, istifadəçi rəyləri, ictimai müzakirələr və ekspert yanaşmaları göstərir ki, parklanma sisteminin tətbiqi hələ də bir sıra çətinliklərlə müşayiət olunur. Məsələn, parklanma yerlərinin çatışmazlığı əsas narazılıqlardan biridir. Belə ki, tətbiq nə qədər mükəmməl olsa belə, şəhərdaxili parklanma yerlərinin real sayı sürətlə artan avtomobil parkına uyğun gəlmir. Başqa sözlə, bir sıra küçələrdə parklanma yerləri azdır və tətbiq, sadəcə, mövcud xaosu rəqəmsallaşdırır. Ödəniş sisteminə etimad məsələləri də narazılıq yaradır. Bəzən sürücülərdən ödənişlərin düzgün hesablanmaması, parkomatların bəzən işləməməsi və tətbiqlə sinxronlaşdırma problemləri barədə şikayətlər eşidilir.
Səhv qeydə alınan dayanma hallarına görə cərimələr edilməsi də narahatlıq yaradan hallardan biridir. Belə ki, bir sıra vətəndaşlar tərəfindən qeyd olunur ki, kameralar bəzən sürücünün, əslində, park etmədiyi halları “dayanma” kimi qeydə alır və bu, elektron sistemdə avtomatik cəriməyə gətib çıxarır. Belə şərait isə mübahisələrin və şikayətlərin artmasına yol açır. Bundan başqa, parklanma prosesində yaranan narazılığın bir qismi də məlumatlandırma çatışmazlığı ilə bağlıdır. Belə şəraiti yeni qaydaların tətbiqi, ödəniş metodları və parklanma zonalarının xəritəsi barədə əhalinin məlumatlılıq səviyyəsinin hələ də yetərli olmaması şərtləndirir. Bu isə mübahisəli situasiyalara və yanlış başa düşülmələrə səbəb olur.
Yuxarıda sadalananlarla bərabər, bu gün parklanma mədəniyyətinin güclənməsinə və nəzarət mexanizmlərinin qurulmasına zəruri ehtiyac duyulur. Çünki bir çox hallarda parklanma qaydalarının pozulması, məsələn, səkilərin zəbt edilməsi, ikinci cərgədə dayanma, avtobus zolaqlarına giriş hələ də mövcuddur. Texniki vasitələr və rəqəmsal sistemlər nə qədər müasirləşsə də, davranış modelləri dəyişmədikcə, nəticə tam səmərəli olmur.
Ekspertlərin fikrincə, bütün bu halların aradan qaldırılması üçün, ilk növbədə, “AzParking”in təkmilləşdirilməsi diqqətdə saxlanılmalıdır. Bu məqsədlə şəhər daxilində yeni parklanma məkanları yaradılmalı, yerüstü və yeraltı parklanmaların genişləndirilməsi, çoxmərtəbəli dayanacaq binalarının tikilməsi bu sahədə əsas prioritet olmalıdır. Eyni zamanda, səhv cərimə qeydlərinin qarşısının alınması üçün bir sıra üsullar, məsələn, süni intellekt (SI) əsaslı görüntü analizi tətbiq olunmalıdır. Çünki belə bir sistem real parketmə prosesini daha dəqiq müəyyənləşdirə bilir.
Parklanma sisteminin inkişafında dinamik qiymətləndirmə modelinin tətbiqinə də zəruri ehtiyac duyulur. Ekspertlərin bildirdiyinə görə, belə bir məsələ həllini tapdığı təqdirdə, bir sıra xarici ölkə şəhərlərində, o cümlədən Nyu-York, London və Sinqapurda olduğu kimi, yüksək yüklənmə saatlarında tariflər artsa da, boş vaxtlarda ancaq minimum ödənişin tətbiqi tıxacları azaldar.
Ekspert Qabil Həsənovun sözlərinə görə, Bakının parklanma prosesinin inkişafına dünya təcrübəsində özünü doğruldan “Park & Ride” sisteminin tətbiqi də müsbət təsir göstərə bilər. Belə ki, şəhərə girişdə iri dayanacaqlar yaradılaraq insanların metro və avtobus vasitələrinə keçidini gerçəkləşdirməklə mərkəzə avtomobil axını ciddi şəkildə azalar. Bundan savayı, tam avtomatlaşdırılmış sistemlə yanaşı, mobil nəzarət qruplarının fəaliyyəti insanların saxtakarlıq cəhdlərinin və qayda pozuntularının qarşısını almaqda daha səmərəli olar.
“AzParking” idarəetmə paneli respublikamızın nəqliyyat idarəçiliyində rəqəmsal transformasiyanın mühüm mərhələsidir. Bununla belə, sistemin real uğuru həm infrastrukturun genişləndirilməsindən, həm də parklanma mədəniyyətinin təkmilləşdirilməsindən asılıdır. Əhalinin məlumatlandırılması, texniki problemlərin aradan qaldırılması və dünya təcrübəsinin tətbiqi sayəsində bu sistem öz potensialını tam reallaşdıra, şəhər həyatını daha nizamlı və komfortlu edə bilər.
Beləliklə, şəhərin ən böyük problemlərindən biri olan nəqliyyat sıxlığını və parklanma çətinliklərini aradan qaldırmaq məqsədilə yaradılan “AzParking” ən son texnologiyalardan yararlanaraq, parklanma sahələrinin daha səmərəli istifadəsini gerçəkləşdirir. Bu panel sayəsində sürücü parklanma yerlərini asanlıqla tapır, vaxt itirmədən giriş-çıxış sistemindən istifadə edir və ödənişi mobil tətbiq üzərindən həyata keçirir. Parklanma sahibi isə veb-panel vasitəsilə obyektlərini tam nəzarətdə saxlaya, gəlir və xərclərini təhlil edə və müştəri məmnuniyyətini artırmaq üçün “ağıllı” həllərdən yararlana bilir.
Amma “AzParking” tərəfindən parklanmadan əldə edilən vəsaitlərin aylıq məbləği və xərclənməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Bununla da idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl edilmir. Sadəcə, toplanan vəsaitin parklanma yerlərində kommunal, mühafizə, təsərrüfat və rabitə xərclərinə, parklanma ilə əlaqədar yol infrastrukturunun qurulmasına, tətbiqlərin yaradılması və onların saxlanılmasına və s. yönəldildiyi bildirilir.
Ekspertlərin sözlərinə görə, “AzParking”in idarəetmə fəaliyyətində şəffaflıq prinsipinə əməl etməməsi ilə bağlı iddia səsləndirilməsi, əslində, əldə olunan vəsaitin görülən işlərin miqyasına uyğun gəlməməsi ehtimalından irəli gəlir. Bu baxımdan sürücülərin adı çəkilən platformadan hesabatlılıq istəyi də aydın başa düşülür. Çünki paytaxtın ““AzParking”in mərkəzi zonalarında parklanmaya görə sürücülərdən 1 saat üçün 1 manat, kənar ərazilərdə isə 0,70 və 0,30 manat alınır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində isə (Hökumət evi, Qış parkı və Mərkəzi Parkda) 1 saata qədər 1 manat, 1-3 saat üçün 2, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 5 manat, 12-24 saat üçün 10 manat ödəniş tələb olunur.
Ekspertlərin fikrincə, əksər ölkələrdə avtodayanacaqlardan gələn vəsait bələdiyyələrin hesabına daxil olur. Bu isə ərazinin inkişafı, abadlaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə istifadə edilir.
Ərşad HÜSEYNOV,
nəqliyyat eksperti
Prezident İlham Əliyev 2014-cü ildə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat sektorundakı problemlərdən danışarkən, Bakının gözəl, müasir, inkişafda olan şəhər kimi diqqət çəkdiyini deyib: “Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parklanma olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra, əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.
Həmin vaxtdan etibarən bu sahənin inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilib. Nəqliyyatın idarə olunması, dayanacaq yerlərinin rəqəmsallaşdırılması və nəqliyyat axınının optimallaşdırılması istiqamətində önəmli addımlar atılıb. Parklanma infrastrukturu modernləşdirilib, mövcud istiqamətdə prosesin daha rahat, səmərəli və şəffaf şəkildə təşkili reallaşdırılıb.
Onu da qeyd edim ki, “AzParkinq” yaradılana qədər şəhərdə xaotik parklanma sistemi var idi. Sürücülərdən toplanan pulların hamısı ayrı-ayrı şəxslərin cibinə gedirdi. Nəticədə külli miqdarda vəsait dövlətdən gizlədilirdi. “AzParkinq” istifadəyə veriləndən sonra isə bu sahədə müəyyən qədər nizam yaradıldı. Ödənişlərin ünvanı bilindi. Lakin yeni parklama siyasəti isə vəsaitlərin aqibətini, başqa sözlə, toplanan ödənişlərin ümumi məbləği haqqında məlumatın açıqlanma vəziyyətini, onların hansı məqsədlə istifadə edildiyini sual altında qoydu.
Xatırladım ki, müxtəlif ölkələrdə özəl parklanma yerlərindən əldə olunan gəlirlər yalnız həmin parklanma xidmətlərinin təminatı ilə məhdudlaşmır. Toplanan vəsaitlər çox vaxt şəhər və ya bölgənin ictimai nəqliyyat sisteminin inkişafına yönəldilir. Bu, həm ictimai nəqliyyatın keyfiyyətini artırır, həm də şəhərdə nəqliyyat sıxlığının azalmasına, hava çirkliliyinin minimuma endirilməsinə xidmət edir.
Eyni zamanda, bu gəlirlər yol-nəqliyyat infrastrukturunun saxlanılması və təkmilləşdirilməsi üçün də istifadə olunur. Məsələn, yolların asfalt örtüyünün yenilənməsi, zədələnmiş hissələrin təmiri, yol nişanlarının quraşdırılması və texniki baxım işləri kimi xərclər bu vəsaitlər hesabına qarşılanır. Beləliklə, parklanma gəlirləri həm ictimai nəqliyyatın səmərəliliyini artırmağa, həm də yol infrastrukturunun davamlılığını gerçəkləşdirməyə xidmət edir. Bundan əlavə, bu yanaşma şəhər büdcəsinin yükünü yüngülləşdirir və vəsaitlərin şəffaf idarə olunmasına şərait yaradır. Vətəndaşlar da daha yaxşı nəqliyyat və təhlükəsiz yol şəraiti ilə təmin olunur, bu da ümumi həyat keyfiyyətini yüksəldir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















