Ayaz Salayev bağışlasın, amma... Toylarda niyə himn oxuyuruq?
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Nihat Pirin "Toylarda niyə himn oxuyuruq?" adlı yeni yazısını təqdim edir.
O gün toyun bir qəfil ortasındaca dedilər ki, qalxın ayağa. Belə bir qəfil ona görə deyirəm ki, doğrudan da, bu proses qəfil oldu. Adam toyda, məsələn, plovun gəlməsinə bir qəfil deməz. Ya bəy və gəlinin zala daxil olması, bəyin dostlarının "bəytərifi" üçün çağrılması və sair. Çoxdur belə siyahı, mənə imkan versən, uzatdıqca uzadaram. Bizim toylarda adətdən çox adət, dəbdən çox dəb var. Sözün açığı, əksəriyyəti də məzmundan və mənadan uzaq və çox uzaq.
Xülasə, bir qəfil dedilər ki, qalxın ayağa. Tamada dedi bunu. Özü də toyun ortasında. Düşünürəm ki, sən mənə bir az mübaliğə üçün imkan verərsən, yəqin. Ona görə bu “ortasındaca” sözünü belə qabardıram. Olmasın toyun ortası, olsun lap belə əvvəli. Lap belə lülə çıxan zaman. Amma bu şey olub, olub ki, bu yazı var. Oxucuya məsləhətim çox da belə şeylərə baş qoşmasın.
Gözucu tezbazar tamadaya nəzər saldım. Yaxşı geyinmişdi, türklər belə məqamda “şık” sözünü işlədər, amma mən işlətmirəm, yazımı Ayaz Salayev də oxuya bilər. İlin-günün bu vaxtı bir də Salayev müəllimlə üz-göz olmayaq. “Ehtiyat igidin yaraşığıdır” məsəli həyat devizimə çevrilib, deyim biləsən. Həmişə.
Bir topa kişiydik həmin gün, həmin gecə. Sağlıq sağlığı əvəz edər, tərif tərifi, içki içkini. Hərçənd bir yazıda içkidən, sağlıqdan danışmaqdan çox da yana deyiləm, amma bu elədir ki, deyilməlidir. Mən toydayam, yaxşı əhvaldayam, əhvalımı bir az da qaldırmaq məramı ilə dostlarla sağlığı sağlığa qoşuram. Lap belə əcəb edirəm. Di gəl dedim axı, bir qəfil tamada qayıtdı ki, qalxın ayağa.
Biz tərəflərin kənd toylarında toybəyi deyilən anlayış vardı. Ona görə “anlayış vardı” deyirəm ki, axırıncı dəfə nə vaxt kənd toyunda olduğumu heç cür xatirimə gətirə bilmədim. Gətirsəm, deyərdim ki, filan vaxt filan toyda idim, həmin toybəyi də orada. Amma gətirə bilmədim, ona görə də elə “toybəyi anlayışı vardı” ilə kifayətlənsin istəkli oxucum. Həmin toybəyi nə desə, o idi həmin zamanlar. Mənim xatirimədədir, bir dəfə toybəyi kiməsə dedi ki, get, yıxıl öl. O adam da hamı ilə bircə-bircə sağollaşdı, sonra da gedib yıxılıb öldü. Çadırdan bir xeyli uzaqlaşdığı da xatirimdədir. Yəqin, şadyanalığa qanqaraçılıq qatmamaq üçün idi bu.
O gün qərar tutduğumuz toyda, eləcə də bütün şəhər toylarında həmin toybəyini bir az tamada əvəz edir desəm, inanmıram ki, kimsə etiraz edə. Edən varsa, yazsın özümə, hər halda, birtəhər qaydasına qoyarıq. Amma yenə də inanmıram ki, buna etiraz etsin kimsə. Ağlının ucundan belə bir şey keçirsə, bir də düşün, məndən dost məsləhəti.
Onu deyirdim axı, tamada bir qəfil qayıtdı ki, qalxın ayağa. Mən sənə deyim, dörd yüz-beş yüz adamın ayağa qalxması, olsun ki, üç saniyə çəkdi. Bu üç saniyə ərzində boyumun və ərkimin çatdığı qədər həm öz masamıza, həm də qonşu masalara göz gəzdirdim. Biri toyuğun budunu atdı boşqabına, biri sağlığını yarımçıq kəsdi. Biri yan masadakı dostu ilə qol-boyun olduğu vaxt qanıqara qayıtdı masaya... Biri su süzən məqamda elə suyu süzülə-süzülə də qalxdı ayağa...
Beləcə, bir anda hamının əmrə tabe olması ilə əhvalın da bir az o yan-bu yan olması müzakirə mövzusuna döndü. Sənə deyim, ahların-ofların ərşə qalxması da mübaliğə üçün yaxşı fürsətdir. Məsələn, elə bu məqamda götürüb yazardım ki, həmin zaman şadlıq evinin tavanı ərşə qalxan əzablarla dolu idi. Bu vaxt həm ustad Salam Sarvana salam vermiş olardım, həm də yazıya bir rəng də buradan qatardım. Amma eləmədim, niyəsi özümə qalsın, bayaq dedim sənə, oxucu çalışsın ki, çox da belə şeylərlə özünü yormasın.
Həmin o “şık” geyimli-keçimli tamada dostumuz qayıtdı ki, himnimizi oxuyaq, a dostlar. And ola həmin məclisin dost müqəddəsliyinə ki, “ay dostlar” demədi həmin “şık” geyimli-keçimli tamada. Eləcə “a dostlar” çıxdı dodaqlarının arasından.
Elə bu “a dostlar” xitabının uğursuz təntənəsi ilə o möhtərəm, o mötəbər dövlət himnimiz səsləndi. Biz də çar-naçar oxuduq, biz də çar-naçar əmrə tabe olduq. Dedim axı, o vaxt kənd toylarının birində toybəyi bir qəfil kiməsə dedi ki, get, yıxıl öl. O adam da gedib yıxılıb öldü. Onu da dedim axı, şəhər toylarında tamada toybəyini əvəz edər həm də.
İndi mən yaşımın otuz çağında özümü bir qədər dünyagörmüş adam kimi qələmə verməkdən çəkinmirəm. Sənə desəm ki, dünyanı qarış-qarış gəzmişəm, yalançı olaram. Desəm, bir xeyli ölkədə olmuşam, bir xeyli mədəniyyət görmüşəm, yenə də yalan söhbətdir. Mən cəmi dörd ölkədə olmuşam, vəssalam. Bu dörd ölkənin də heç biri belə uzaq, fərqli mədəniyyət deyil ki, özümü deşim-doğrayam ki, ay aman, ay dad və sair və ilaxır. Sadəcə, arada adam pasporta baxanda oradakı möhürləri görüb şaqraq duyğular içində bihuş olur. Niyəsi barədə danışmayaq, uzun söhbətdir.
Yazının bu yerində kürəyimi söykəyirəm həmin o möhürlü dünyagörüşümə və bəyan edirəm: toyda himn oxumazlar. Bunun heç bir məntiqi və əsaslı izaha ehtiyacı yoxdur. Toyda himn oxumazlar, vəssalam. Qorxmadan, çəkinmədən hər yerdə deyə bilərsən, dost və qardaş məsləhəti. Kim qayıtsa ki, niyə, nə üçün? İzahını verə bilərsənmi? Sən ona heç bir əsaslı və tutarlı arqument gətirməyə çalışma. Məntiq axtarma. Qanun-qayda dalınca qaçma. Vəhydən mədət umma həmin məqamda. Sadəcə, yenə təkrar elə: toyda himn oxumazlar. Gördün qane deyil, yenə: toyda himn oxumazlar. Get-gəl, otur-dur, ancaq təkrarla bunu: toyda himn oxumazlar.
Bunu yolda da təkrarlaya bilərsən. Həm diqqət çəkərsən, həm də faydalılıq əmsalını artırmış olarsan. Məsələn, dayan metronun qarşısında, gələnə-gedənə de bunu. De ki, toyda himn oxumazlar.
Avtobusda getdiyin yerdə bir qəfil qayıt ki, toyda himn oxumazlar. Girdin mağazaya, bir az alış-veriş, kassa növbəsində uca səslə: toyda himn oxumazlar.
Himnin himn yeri var – bu da sənə ikinci deviz. Olsun ki qarşındakı adam “toyda himn oxumazlar”dan bezsin, səni lağa qoymağa çalışsın. Yaxud bir topa adam metrodan çıxıb səni dövrəyə alar. Təkləyərlər səni. Kassir aldıqlarını aparata vurmaz, dirəşər səninlə. Avtobus sürücüsü saxlayar o dördtəkər şeytan arabasını, deyər, ya izah elə, ya da sürmürəm.
Bax, o məqamda işlət bu cümləni. Sonra izah elə, sonra başa salmağa çalış. De ki, himn dövlət tədbirlərində, yerli və beynəlxalq idman yarışlarında, dövlət əhəmiyyətli kütləvi mərasimlərdə və bu kimi məqamlarda oxunmaq üçündür. Başa düşməsə yenə izah elə. De ki, himn bir dövlətin müstəqilliyinin, azadlığının ən ali təntənəsidir. Ona görə onu dəb xətrinə, – Ayaz Salayev bağışlasın, amma burada “kullanmak” deməsəm, ölərəm, – “kullanmak” yanlışdır. Onu adiləşdirmək yanlışdır. Onu adətləşdirmək yanlışdır.
Toyda adət olar bəyin dostlarının bir yerdə rəqs eləməsi, toyda adət olar həmin bəyi qaçırmaq, toyda adət olar gəlin maşınının qarşısını kəsib pul almaq. Amma toyda himn oxumaq adət ola bilməz – eləcə də alət. Olmamalıdır. Toyda himn oxumaq dəb ola bilməz. Olmamalıdır. Toyda himn oxumazlar – bu ifadəni gətirsən həndəsə elminə, oradan bığıburma bir alim tezbazar pencəyinin ilk düyməsini bağlaya-bağlaya qalxar ayağa və qışqırar: aksiomdur!
Toy nədir? Sevinc məclisi. Sevgi məclisi. Əhval məclisi. Toyda sevinərsən, toyda qol qaldırıb oynayarsan, sağlıq deyərsən, sağlıq ünvanı olarsan...
Bəs himn nədir? Himn dövləti dövlət edən atributdur. Bayraqdır, gerbdir, himndir. Bu üç anlayışı götür, gəz Aranı, gəz Turanı. Kimsə sənə deməz ki, "van minut". Deməz, and ola.
Mən himnimizi eşidəndə bədənim titrəyir, belə qəribə təntənədə hiss edirəm özümü. Tez özümü yığışdırıram. Özümə düzən verirəm, köynəyimin yaxa düyməsini bağlayıram. Pencəyimi əynimə daha yaxşı otuzdururam. İki dəfə yüngülvari boğazımı arıtlayıram, saçıma-başıma tumar çəkirəm. Vaxt olsa, qaçıb ayaqqabılarımı da təmizləyərəm, and ola. Himn budur yəni. Himn belə bir ali anlayışdır. Onu gətirib tərxun suyunun, doğranmış xiyar-pomidorun qarşısında oxutdurmazlar.
Bu mövzu barədə sözüm elə bu qədər. Çoxdandır, yığılıb qalmışdı ürəyimdə. Çabalayırdım, az qala. İndi rahatam. Belə istəsəm, uzadaram, təkrar-təkrar misallar gətirərəm. Nəsə düzüb-qoşaram, amma istəmirəm. Bu qədər bəsdir.
Sonda o iki müqəddəs cümləni təkrar-təkrar oxumağın üçün yazıram və vaxtımı dondururam.
Toyda himn oxumazlar. Himnin himn yeri var.
Toyda himn oxumazlar. Himnin himn yeri var.
Toyda himn oxumazlar. Himnin himn yeri var.
Toyda himn oxumazlar. Himnin himn yeri var.
Toyda himn oxumazlar. Himnin himn yeri var.


