Icma.az
close
up
RU
Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Teatr sənəti milli-mənəvi qaynaqları və səhnə ənənələrini qorumaqla yanaşı, zamanın dəyişən estetik tələblərinə də uyğunlaşmalıdır. Müasir teatrda yeni ifadə vasitələrinin meydana çıxması, səhnə ilə tamaşaçı arasındakı münasibətlərin dəyişməsi ənənə və yenilik arasında tarazlığın qorunmasını daha da aktuallaşdırır.

Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, yazıçı və teatr tənqidçisi Aydın Talıbzadə AZƏRTAC-a müsahibəsində teatrda ənənə və yeniliyin vəhdətindən, milli səhnə irsinin qorunmasından, müasir estetik axtarışlardan və dünya teatrında baş verən dəyişikliklərdən danışıb.

- Sizcə, teatrın inkişafı üçün ənənə ilə yenilik arasında hansı münasibət qurulmalıdır?

- Mədəniyyətin özül müstəvisi, bünövrəsi ənənədir. Mədəniyyət ənənə ilə özünü tanıyır. Milli mentalitetin formalaşmasında ənənə həlledici rol oynayır. Ənənə nəsildən-nəslə ötürülən mənəviyyat kapsuludur. Bu kapsul xalqın davranış kodekslərini, düşüncə prinsiplərini, adətlərini, etik normalarını özündə ehtiva edir. Ənənə icmanı, toplumu müəyyən dəyərlər ətrafında birləşdirən faktordur. Hər hansı bir dinə güc qazandıran onun təlqin etdiyi adət-ənənələrdir. Hətta mən belə deyərdim ki, adət-ənənə dinin lokomotividir.

Sənət dünyasında da ənənənin yeri müstəsnadır. Azərbaycan musiqisinin, təsviri sənətinin dünya çapında tanınmasının əsas səbəbi budur ki, birincinin muğam, aşıq musiqisi kimi, ikincinin xalçaçılıq, miniatür sənəti kimi son dərəcə zəngin, monumental ənənəsi var. Ənənə cövhərdir, mahiyyətdir və həm də yeninin təkan müstəvisidir. Azərbaycan teatr sənətinin ənənəsi dedikdə təsəvvürdə hər şeydən öncə nağılçılar, aşıqlar, təziyələr, şəbih tamaşaları, el-oba oyunları, qaravəllilər, xalq rəqsləri canlanır. Onu da unutmaq lazım deyil ki, klassik Azərbaycan poeziyası da, miniatür sənəti də son dərəcə teatraldır. Amma heç şübhəsiz ki, milli teatr ənənəsi daha çox eposa meyllidir.

Hərçənd teatr poetikasının özəl xüsusiyyətlərindən biri budur ki, bu poetika hər 5-10 ildən bir mütləq dəyişməlidir. Çünki zaman dəyişir, nəsillər dəyişir, qavrayış parametrləri dəyişir. Bax, bu dəyişmələr ardıcıllığında ənənə ilə yeninin balansı tapılmalıdır və mənim bu dediklərim yalnız və yalnız Avropa tipli teatra aiddir. Digər tərəfdən, Şərqin ənənəvi teatr formaları bu prinsipdən kənardır. Hindistanın Kathakali teatrında, çinlilərin Pekin operasında, Yaponiyanın Noh, Kabuki və Bunraku teatrlarında əsrlərdən bəri demək olar ki, heç nə dəyişmir və dəyişikliklərə icazə də verilmir. Burada sənətkarlıq ənənəni düzgün, heç bir pozuntuya yol vermədən təkrarlamaqdır. Lakin məlumdur ki, Noh və Kabuki teatrlarında çox nadir hallarda Şekspirin bəzi faciələri bu teatrların poetikasına və ənənəsinə uyğunlaşdırılaraq səhnələşdirilib.

Beləliklə, biz görürük ki, teatrda ənənə və yeniliyin münasibətlərinin qurulması üçün heç bir konkret resept, müəyyən bir doqma yoxdur.

- Azərbaycan teatrında milli səhnə ənənələrinin qorunması və yeni estetik axtarışların aparılması baxımından hansı istiqamətlərə ehtiyac var?

- Ən birinci şərt zamanın axarında diri qalmaq və müasirlərinə maraqlı olmaq, insanın – dahi Azərbaycan rejissoru və aktyoru Mehdi Məmmədovun təbirincə desək – dəruni fikirlərinə, ekzistensial yaşantılarına toxunmaq, problemlərini, qorxularını, həyəcanlarını dövrün estetik meyarlarına uyğun formalarda göstərməkdir. Ənənə heç də bağlı qapı deyil, o, hər cür yeniliyə, innovasiyalara və hətta modifikasiyalara açıqdır. Lakin burada bir çətinlik var: gərək ənənənin cövhəri, mahiyyəti zədələnməsin, onun gözəlliyinə xələl gəlməsin.

Ənənəni qorumaq adı ilə yeni estetik axtarışlardan imtina da mənasız bir addımdır. Müasir sənət dünyasında teatrın klassik modeli artıq köhnəlmiş hesab edilir. İzahat verirəm: klassik model dedikdə “səhnə-qutu və qaranlıqda əyləşmiş seyrçi” nəzərdə tutulur. Bugün teatr sənətinin hədəfində daha çox seyrçi aktivliyidir, onun həmmüəllifə çevrilməsidir. Yəni seyrçi birbaşa tamaşanın gedişatına həm mental, həm fiziki baxımdan təsir edir. Müasir tendensiyaların biri də budur ki, ekranların rəqəmsal qüsursuzluğu kontekstində səhnə ilə seyrçi arasında məsafə minimallaşdırılır, kamera formatları aktuallaşıb gündəmə gəlir, ətraf mühit teatrına diqqət yetirilir, sədalar dramı trendə çevrilir və s. Bütün yeni estetik axtarışları xülasə etsəm, Sizin müsahibə mənim geniş bir məqaləmə dönər. Hərçənd bunların hamısı nisbidir. Kim hansı estetikada özünü daha dolğun ifadə edə bilirsə, öz niyyətinə görə hansı teatr poetikasını üstün sayırsa, o da seyrçinin diqqətini daha çox cəlb edə bilir.

Müəllif - Lalə Minasazova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri