Az olsun, saz olsun”: Azərbaycan ailələrinin yeni seçimi
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanda ailələrin uşaq sayına münasibəti dəyişir. Əvvəllər çoxuşaqlı ailələrə daha çox rast gəlindiyi halda, hazırda bir və ya iki uşaqla kifayətlənən ailələrin sayı artır. Bu tendensiya ölkədə demoqrafik vəziyyət, doğum səviyyəsi və gələcək əhali artımı ilə bağlı müzakirələri də aktuallaşdırır. Ailələrin daha az uşaq sahibi olmağa üstünlük verməsinin arxasında isə bir çox obyektiv və subyektiv səbəblər dayanır. Bəs Azərbaycanda doğum səviyyəsinin azalmasına təsir edən əsas amillər hansılardır? Ailələri çoxuşaqlı olmaqdan çəkindirən səbəblər nədir və bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan sosioloq Nail Cəlil bildirib ki, ailə planlaşdırılması cəmiyyətdə gözlənilən və müsbət yanaşmalardan biridir:
"Hər kəs övladlarının sayını, tərkibini, hədəflərini və inkişafı ilə bağlı mövqeyini əvvəlcədən müəyyənləşdirirsə, bu, cəmiyyətin irəliyə doğru atdığı addım kimi qiymətləndirilə bilər. Bu baxımdan az uşaq sahibi olmaq istəyi, valideynlərin bu məsələlərə ehtiyatlı, səliqəli və nikbin yanaşması anlaşılandır. Hər bir valideyn istəyir ki, övladı sağlam və təminatlı böyüsün, cəmiyyətdə öz yerini layiqincə tapsın. Gələcəkdə həm valideynlərinin qayğısına qala bilsin, həm də cəmiyyətə layiqli töhfə versin. Maddi imkanları məhdud olan ailələrin yanaşması da bu reallığa adekvatdır. İnsanların iqtisadi imkanlarından çıxış edərək ailə hədəflərini və övlad sahibi olmaq planlarını buna uyğun tənzimləməsi obyektiv amildir. Hazırda inkişaf etmiş cəmiyyətlərdə olduğu kimi, sürətlə inkişaf edən Azərbaycanda da bir-iki uşaqlı ailə modelinə meyil güclənir. Qlobal proseslərin təsiri düşüncə tərzində, davranış və münasibətlərin tənzimlənməsində özünü göstərir və ailə modelini əhəmiyyətli dərəcədə dəyişir. Bu, müəyyən mənada təbii və qaçılmaz tendensiyadır. Əgər bu tendensiyanın istiqamətini dəyişmək, demoqrafik siyasətin axarını dərinləşdirmək və strateji dövlət hədəfləri müstəvisində sabit ailə modelini önə çəkmək istəyiriksə, buna uyğun fəaliyyət istiqamətləri planlaşdırılmalıdır. Ailə siyasəti dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Sosial rifah ailənin gələcəyini müəyyənləşdirən başlıca amillər sırasında yer alır. İqtisadi motivlər sosial-iqtisadi rifah mexanizmləri ilə tamamlandıqda əsas məsələ bu rifahın necə təmin olunacağı və müvafiq qayda-şərtlərin necə müəyyənləşdiriləcəyi ilə bağlıdır. Bununla yanaşı, ailəyə sosial təsir və maarifləndirmə mexanizmləri, o cümlədən medianın təşəbbüsləri də mühüm rol oynayır. Digər tərəfdən, sosial media və rəqəmsal texnologiyalar ailə daxilində üzvlər arasında məsafə yarada bilir. Burada fərdiləşmə və müəyyən mənada özünəqapanma meylləri də müşahidə olunur: valideynlər övladları ilə yanaşı, özlərinə də diqqət ayırmağa üstünlük verir, çox uşaq olduqda həm övladlara, həm də özlərinə yetərincə vaxt və diqqət ayıra bilməyəcəklərini düşünürlər. Bu da prosesin mühüm sosial-psixoloji səbəblərindən biridir. Eyni zamanda, valideynlər hər bir halda övladlarına münasibətdə təsir və yönləndirmə üstünlüyünü qoruyub saxlayırlar. İnsanlar mənsub olduqları sosial təbəqənin təsirlərini daha çox hiss edir və müəyyən obyektiv səbəblərdən mərhələli şəkildə ənənəvi ailə modelindən müəyyən qədər uzaqlaşa bilirlər. Yəni daxili bağlılıqlar və subyektiv hisslər qalsa da, şərtlər və qaydalar dəyişir. Müstəqil olmaq istəyən müasir gənclər, eləcə də orta və yaşlı nəslin nümayəndələri şəxsiyyət və fərd kimi müstəqilliyə, azad münasibətlərə üstünlük verirlər. Onlar azad davranış, fərdi məsuliyyət və ailə bağlarının müəyyən çərçivədə tənzimlənməsi kimi hədəfləri əsas götürürlər. Bütün bu amillər kompleks şəkildə övlad planlamasını əhəmiyyətli dərəcədə şərtləndirir".

Sosioloqun sözlərinə görə, digər obyektiv amil evlilik yaşının artmasıdır:
"Yaş artdıqca insanların övlad dünyaya gətirmək istəyi azalır, rəsmi nikahların sayı aşağı düşür və bu da təbii olaraq demoqrafik göstəricilərə təsir edir. Nəticədə insanlar "az olsun, saz olsun" prinsipini əsas tuturlar. Bu yanaşma Azərbaycan cəmiyyəti üçün də müəyyən qədər aktuallaşıb. Bəzi hallarda ailələr bir və ya iki övladla kifayətlənir, yaxud ehtiyacı olan ölkələrdən uşaq övladlığa götürməklə varislik və nəsil davamlılığını təmin etməyə çalışırlar. Bu, qlobal bir yanaşma tərzidir, lakin düşünürəm ki, ənənələrdən tam uzaqlaşmaq və imtina etmək məqsədəuyğun deyil. Çünki ailənin davamlılığı və bütövlüyü nəsil xətti, qohumluq bağları və yeni nəslin say artımı ilə tamamlanır. Demoqrafik inkişaf həm sosial-iqtisadi və siyasi sabitliyin, həm də müəyyən mənada hərbi təhlükəsizliyin etibarlı təminatıdır. Cəmiyyət öz say və tərkib keyfiyyəti ilə seçilməlidir ki, dövlət maraqlarına uyğun olaraq öz təhlükəsizliyini qoruya bilsin. Bu nöqtədə insan kapitalı konsepsiyasının milli modeli ön plana çıxır və biz strateji maraqlar baxımından demoqrafik siyasəti effektiv şəkildə həll etməliyik. Dövlətin təminat mexanizmləri mövcud olsa da, onların dövlətin strateji ehtiyaclarına, çıxarlarına və təhlükəsizlik tələblərinə tam cavab verəcək səviyyədə gücləndirilməsinə ehtiyac var. Prosesin subyektiv səbəbləri isə cəmiyyətdə müəyyən təbəqələrin imkanlarının daha geniş, digərlərinin isə qismən məhdud olması ilə bağlıdır. Ümumilikdə səbəblər çoxşaxəlidir. Buraya təbii urbanizasiya və sosial təbəqələşmə ilə yanaşı, ənənəvi ailə dəyərlərinə qarşı aparılan qlobal təbliğatlar da daxildir. Bu kontekstdə neomarksizm yanaşmaları da özünü göstərir. Müəyyən qlobal dairələr və varlı zümrələr dünya əhalisinin sayının azalmasının və fərdiyyətçiliyin güclənməsinin tərəfdarı kimi çıxış edirlər. Texnologiyanın sürətli inkişafı da zaman keçdikcə bu proseslərə təsir göstərir. Bütün bu proseslər nəticə etibarilə doğum sayının azalmasına gətirib çıxarır. Eyni zamanda, bu tendensiya statistik göstəricilərdə boşanmaların sayının artması və nikahların azalması ilə özünü büruzə verir. Göründüyü kimi, amillər kifayət qədər çoxcəhətli, bir-biri ilə əlaqəli və mürəkkəbdir. Bu amillər ümumi prosesin təxminən 90 faizini şərtləndirən əsas faktorlar sırasındadır".
Ekspert əlavə edib ki, bu problemlərin həlli istiqamətində psixososial modellərin məzmunu düzgün müəyyənləşdirilməlidir:
"Biz iqtisadi həll planını sosial dəstək modeli, qarşılıqlı sosial təsir və davranış tendensiyaları ilə əlaqələndirməyi bacarmalıyıq. İnsanlar necə düşünürlərsə, elə də yaşayırlar. Düşüncə və şüurla davranış arasında birbaşa əlaqə və asılılıq mövcuddur. Müasir texnologiyalar və rəqəmsal sistemlər insanın şəxsi ehtiyaclarını müəyyən mənada qarşıladığı üçün ailə və övlad anlayışına baxış da dəyişib. Əvvəllər övlad ailənin və cəmiyyətin davamı kimi görünürdüsə, indi valideynlər daha rasional yanaşaraq düşünürlər ki, bütün resursları və diqqəti bir övlada yönəltmək daha məqsədəuyğundur. Beləliklə, həmin övladın valideynlərə daha çox bağlı olacağını, eyni zamanda gələcəkdə onun mülkiyyətlə təminatını, evlənməsini və həyat şəraitini daha rahat qura biləcəklərini hesablayırlar. Digər tərəfdən, maddi imkanların olmasına baxmayaraq, insanların fiziki sağlamlıq göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər zəiflədiyini də nəzərə almaq lazımdır. Pandemiya, müxtəlif epidemiyalar, xəstəliklər, vaksinasiya prosesinin mümkün təsirləri və bu kimi görünən-görünməyən tibbi-bioloji problemlər də doğum sayının azalmasına birbaşa təsir göstərir. Bütün bunlar göstərir ki, faktorlar çoxsaylı və çoxşaxəlidir. Bu amillərin tənzimlənməsi həm sosial strategiyanın, həm də ictimai səhiyyə və əhalinin sağlamlığı ilə bağlı sosial siyasətin düzgün istiqamətləndirilməsindən asılıdır".
Müşviq Tofiqoğlu
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















