“Azər” və “Azəri” adlarının istifadəsində də səhv yoxdur ALİM İZAH VERDİ
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu terminlər tarixi köklərimizlə bağlıdır və milli kimliyimizə hörmət çərçivəsində istifadə edilə bilər”
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün Azərbaycanla bağlı olmadığını iddia edərək, dövlət qurumlarında bu terminlərin istifadəsinə etirazını bildirib. Deputat çıxışında vurğulayıb ki, “Azərxalça”, “Azərsu”, “Azərışıq” kimi qurum adları məqbul olsa da, “Azəriqaz” adı yanlışdır və tarixi, dil və həyat paradoksları yaradır.
O, digər türk dövlətlərinin Azərbaycan üçün “azəri kardeşlerimiz” ifadəsini istifadə etməsini də tənqid edib və “Azəriqaz”ın qanuni adının dəyişdirilməli olduğunu qeyd edib.
Deputat Hikmət Babaoğlu isə həmkarının mövqeyinə qarşı çıxaraq bildirib ki, "Azər", ya da "Azəri" sözündən imtina etməklə özümüzdən, dövlətimizdən imtina etmiş oluruq. Onun fikrincə, “Az-ər” birləşməsi tarixi etnik kökümüzün ifadəsidir və Azərbaycana aid ən qədim adlardan biridir. H. Babaoğlu vurğulayıb ki, bu ad Orxan abidələrində, Tonyukuk daşında və 12-ci əsr şairlərinin yazılarında da mövcuddur və “Azəri”nin İranla bağlı olduğu iddiaları tarixi faktlarla əsaslandırılmır. Babaoğlu etnik kimliyimiz və milli tariximiz baxımından “Azəri” və “Az” köklərinin dövlət qurumlarında istifadəsinin legitim olduğunu qeyd edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq- alim Faiq Ələkbərli isə “Sherg.az”a açıqlamasında deyib ki, “Azəri” termini tarixi və milli köklərimizə əsaslanaraq istifadəsi düzgündür, lakin dövlət və vətəndaş kimliyi olaraq “azərbaycanlı”, milli-mədəni kimlik isə “türk” kimi qəbul edilməlidir:
“Tarixi dövlətlərimizin adlarına nəzər saldıqda görürük ki, Bayandurlar, Baharlılar, Səlcuqlar, Azərbaycan Atabəyləri, Xəzərlər, Əfşarlar, Qacarlar və s. dövlətlərdə türk kimliyi həmişə ön planda olub. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətində də milli və sosial-mədəni kimliyimiz türk kimliyi üzərində qurulmuşdu. Sadəcə olaraq, digər türk dövlətlərindən fərqlənmək məqsədilə dövlətin qısaltması kimi “Azəri” terminindən istifadə edilmiş ola bilər. Qeyd edim ki, AXC qurucusu Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdiyi dərgilərdən biri də “Azəri-türk” adlanırdı. Lakin sdövründə bu termin yanlış təqdim edilib və sonradan “Azəri” adının yalnız İranla bağlı olduğu iddiaları geniş yayılıb. Pəhləvi rejiminin tərəfdarı olan azərbaycanlı alim Seyid Əhməd Kəsrəvi və başqaları “Azərilər” dedikdə yalnız İrandakı xalqı nəzərdə tutduqlarını iddia edib. Bizdə də bu fikri müdafiə edənlər var, digər tərəf isə “Azəri” adının türklüyü inkar etmədiyini vurğulayır. Mənim də fikrimcə, azəri kimliyinin bir türk kimliyinin ekvivalenti kimi eyniləşdirilməsi düzgün deyil. Yenidən “azər” və ya “azəri” adlandırılmağımız çətin məsələdir. Ən məqsədəuyğun yanaşma odur ki, dövlət və vətəndaş kimliyi olaraq “azərbaycanlı”, milli və sosial-mədəni kimlik isə “türk” kimi qəbul edilsin. Çünki “Azəri” kimliyi istər-istəməz İran tərəfinə yönəldilir”.
F. Ələkbərli qeyd edib ki, “Azər” və “Azəri” adlarının istifadəsində də səhv yoxdur: “ “Azər” sözü əslində Xəzər sözünün bir eyniləşdirilməsidir. Xəzər də türk tayfalarından biri olub. Azərbaycan sözü də türk mənşəlidir və “Oğuz ərlərinin yurdu” mənasını daşıyır. Ancaq əksəriyyət bu ifadəni “odlar yurdu” kimi şərh edir və “Azər” sözünün farsca “od” mənası daşıdığı və ya İran dillərindəki xalqlardan birinə aid olduğu qəbul edilir. Zənnimcə, dövlətimizin adı Azərbaycan olduğu üçün, dövlət qurumlarının “Azər” və “Azəri” qısaltmaları ilə ifadə olunmasında heç bir yanlışlıq yoxdur. Bu terminlər tarixi köklərimizlə bağlıdır və milli kimliyimizə hörmət çərçivəsində istifadə edilə bilər”.
Baxış sayı:90
Bu xəbər 23 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















