Icma.az
close
up
RU
Azərbaycan aşiqi sevgili Nasirimiz!

Azərbaycan aşiqi sevgili Nasirimiz!

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Kimlər gəldi, kimlər getdi...

“Azərbaycan Kültür Ocağı İdarə Heyətinin dəyərli üzvü, Almaniyada Azərbaycanın Musiqi sənətinə böyük töhfələr vermiş tanınmış musiqiçi və sənət fədaisi Nasir Təfazzoli 25 may 2025-ci il tarixində, Berlində 68 yaşında vəfat etmişdir.

Nasir Təfazzoli Təbrizdə musiqisevər bir ailədə dünyaya göz açmış, erkən yaşlarından musiqiyə olan həvəsi və istedadı ilə seçilmişdir. Gənc yaşlarında Almaniyaya köçmüş, burada milli musiqimizin qorunması, inkişafı və təbliği uğrunda yorulmadan çalışmışdır. Onun musiqi fəaliyyəti həm Almaniyada, həm də Avropanın bir neçə ölkəsində böyük hörmət və sevgi ilə qarşılanmış, dəfələrlə Azərbaycan musiqisi konsertlərində çıxış edərək, xalqımızın zəngin musiqi irsini geniş auditoriyalara çatdırmışdır.

ci ildə Berlində Azərbaycan Kültür Ocağının qurucularından biri olaraq, ocağın fəaliyyətində fəal iştirak etmiş, diasporada milli-mənəvi dəyərlərin yaşadılması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Nasir Təfazzoli həmçinin öz təşəbbüsü ilə yaratdığı musiqi qrupu ilə Azərbaycan muğamını, xalq və klassik musiqmizi Almaniyada və digər ölkələrdə böyük sevgi və ustalıqla təmsil etmişdir. Xanəndə kimi səsi ilə insanlara toxunan, dinləyicilərin qəlbinə yol tapan mərhum, milli mədəniyyətimizin əvəzsiz daşıyıcısı olmuşdur. N.Təfazzoli həm də diasporanın nümunəvi nümayəndəsi kimi, Azərbaycan tərəfdən rəsmi şəkildə Bakıya dəvət olunmuş, orada mədəniyyətimizi və musiqimizi təbliğ etməkdə önəmli rol oynamışdır.

Onun musiqi irsi və mədəniyyətimizin təbliğində gördüyü fədakar işlər Azərbaycanın diaspor fəalları və musiqi ictimaiyyəti tərəfindən daim böyük ehtiramla xatırlanacaqdır.

Onun qəfil itkisi həm doğma Vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan musiqisini sevənlər arasında dərin kədər yaratmışdır. Biz bu ağır itki qarşısında mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.

Mərhumun xatirəsi Azərbaycan musiqi tarixində və milli mədəniyyətimizin qorunmasında əbədi yaşayacaq, onun sənətinə və insanlığına olan böyük hörmət və minnətdarlığımız daim ürəklərdə yaşanacaqdır.

Azərbaycan Kültür Ocağı.

- Berlin

26.05.2025”

... May ayının 5-də Rəşid Behbudov adına Mahnı Teatrındakı o kövrək, təlatümlü ifasını xatırlayıram. Ondan əvvəl evimizdə Almaniyadan gəlmiş şair-ozan dostlarımız Şahturna xanım-Ozan Şiar cütlüyü ilə birlikdə qonaq olduğu anları da gözlərim önünə təkrar-təkrar gətirir, fələyin bu üzüdönüklüyünə daxilimdən gələn etiraz səsimi səssiz hıçqırıqlarımla bildirməkdən başqa çarə tapmıram.

“Günəş” Dostluq Ansamblı ABŞ-da yaradılıb. Bununla belə, yaradıldığı gündən bütün dünyaya səpələnən istedadlı insanların bir qismini öz ətrafında toplaya bilib. Demək olar əksəri Təbriz əsilli, Güney doğumlu istedadlı soydaşlarımızın doğma, isti ocağına çevrilib bu ansambl. Adları bəlli olduğu kimi, ünvanları da “bəllidir” bu könül sahiblərinin. Günəşin məskəni ellər-oymaqlar, dərələr-dağlar, okeanlar-dənizlər, insanların nəğməkar könülləri olduğu kimi, bizim bu “Günəş”in də ünvanı səyyaridir: “Vətən” deyəndə Azərbaycan, “Azərbaycan” deyəndə Vətən adlı bir qibləgaha üz tutub, o işığa doğru uçar, uçarlar. Odur ki, faktiki ünvanları olmasa da, mənəvi və ruhani ünvanları könüllər evidir bizim “Günəş”çilərin.

Hər bazar günü “Günəş” ansamblı üzvlərinin Zoom proqramı ilə üç saatlıq musiqili-elmi-ədəbi toplantıları baş tutur. Hərə bir diyardan olduğu üçün bizdə, Bakıda axşam vaxtına - saat 20-yə düşür görüş vaxtı. Təbrizdə saat 19:30-a, Torontoda (Kanada) gündüz saat 12-yə, San-Fransiskoda (ABŞ) səhər saat 9-a, Hyustonda (ABŞ) saat 11-ə, İstanbulda (Türkiyə) axşam saat 19-a, Berlində (Almaniya) saat 17-yə və s. düşür. Hamı təyin olunan vaxtda ekran başında olur.

Bu dəfə də belə olmalıydı təbii ki... Lakin gözlənildiyinin əksinə olaraq, may ayının 25-i axşam görüşümüzə elə də çox iştirakçı qoşula bilməmişdi. Səbəbi də məlum idi; mərhum sənətkarımız, istedadlı qarmon ifaçımız, “Günəş” ansamblının yaradıcılarından və ən istəkli üzvlərindən olan mərhum Əli bəy Haqşünasın Bakıda keçirilən anım gecəsinə ansamblın demək olar bütün üzvləri gəlmiş, lakin geri qayıdarkən yollarını doğma Təbrizdən salanlar hələ yaşadıqları ölkələrə gedib çata bilməmişdilər.

O gecəki Zoom proqramı zamanı dostlarla onların Bakı-Azərbaycan səfərindən, H.Əliyev Sarayında Aşıq Çingiz Mehdipurun rəhbəri olduğu “Dalğa” qrupunun konsertindən, Əli Haqşünasın xatirəsinə Rəşid Behbudov Sarayında düzənlənən anım mərasimindən danışdıq, digər gəzintilər barədə təəssüratlar dilə gəldi. Bir xeyli söhbət etdik, gah kövrəldik, gah şuxluq elədik, gah nəğməli könüllər, gah da sehrli barmaqların dilləndirdiyi alətlər dilə gəldi. Şeirdən, sözdən də ərməğanımız olmamış deyildi, əlbəttə. Sonunda hər birimizə sağlıq-salamatlıq diləyib, gələn bazar gününə qədər xudahafizləşdik.

Sən demə, bizim Zoom proqramımızın baş tutduğu saatlarda qrupumuzun ən sevimli, ən mötəbər üzvlərindən biri, istedadlı ifaçı, klassik musiqi və xalq mahnılarımızın, muğamlarımızın mahir ifaçısı Nasir bəy Təvəzoli (Nasir Səhənd) haqq dünyasına uçmaqdaymış.

Bu xəbər biz dostlar üçün o qədər gözlənilməz, o qədər ağrılı, o dərəcədə sarsıdıcı oldu ki, heç bilmədik bir-birimizə necə təsəlli verək, necə ovunduraq. Bəd xəbər tez yayılır, deyirlər. Həqiqətən də, az müddət içində Kanadadan, ABŞ-dan, Təbrizdən, Türkiyədən, Almaniyadan tutmuş, neçə-neçə qürbət diyarlardan zəng açıb, başsağlığı verməkdədir dostlarımız. Axı biz çox yaxın, çox istəkliydik Nasir bəylə. Onun “Qaragilə”si, “Qaçaq Nəbi”si, “Kimlər gəldi, kimlər getdi”si, “Mən olmuşam”ı, “Ürək deyir yaşa hələ”si, “Azərbaycan maralı”, “Qarabağ”ı, “Sənə qurban”ı... hər birimizin dilində əzbərə çevrilmişdi. Hələ istəkli dostu Əli Haqşünasın xatirə gecəsində məclisin sonunda tamaşaçıların xahişiylə mərhumun ən çox sevdiyi “Sevgilim, tut əlimdən, gedək üzü küləyə” bəstəsini necə ürəklə, necə kövrək, həzin duyğularla ifa etdi?!...

Bu gün o - dostlarının dili ilə desək, “bizim sevgili Nasirimiz” aramızda yoxdur. Berlinə yola düşərkən, zəng edib mənə dediyi sözlər hələ də qulağımda səslənir: “Qiymət xanım, üzrlü sayın ki, mən gedərkən sizlərə baş çəkə bilmədim. Gülməmməd müəllimə, Vüqara, o biri balalara salam deyin. Gedirəm, amma tezliklə qayıdacağam. Özü də qızımla bərabər!”

Elə qəhərli, elə titrək səslə deyirdi bu kəlmələri ki... Onsuz da Əli Haqşünasın vəfatından sonra göz yaşları eləcə ovcundaydı. Bir himə bənddi ki, gözündən leysan töksün. Getdi. Nə yazıq ki, bir daha dönməyəcəyi bir dünyaya üz tutdu Nasirimiz.

Səni bir daha görə bilməyəcəyimizə, o sevimli nəğmələrini ecazkar səsində bir daha eşitməyəcəyimizə, o nurlu, mehriban, səmimi simana baxıb işıqlı günlərin hələ öndə olduğuna inanmayacağımıza inanmağımız gəlmir, əziz, istəkli Nasirimiz.

Ruhun şad, Məkanın cənnət olsun, Azərbaycan aşiqi sevgili Nasirimiz!

İSTƏKLİ NASİRİMİZƏ VİDA

Əlimdə olsa, ağrı, acılardan yazmaram,

Qubarlı qardaşlardan, bacılardan yazmaram.

Bülbüllər kimi ötən dillərdən yazmalıykən,

Şaqraq şəlalələrdən, sellərdən yazmalıykən,

Necə yazım ki, bülbül qəfəsində boğuldu,

Bu gedişdən dünyaya sonsuz kədər doğuldu.

Qəlblərdəki ümidi didim-didim diddi o,

Yerlərdən asimana yol çəkən qasiddi o.

Şəfəqlər yayılardı baxışından hər yana,

Gülüşünün bir ayrı şövqü düşərdi cana.

“Sevgili canan”ıydı yerin, ərşin, gürşün o,

Sanki qəm uyudurdu içində gülüşün o.

Həyat dolu bir aləm yaradırdı “Sənsiz”i,

Əridib itirirdi nəfəsiylə çən-sisi.

“Ayrılığ”ın nəfəsi kəsilirdi səsində,

“Mehriban olaq” deyə ötürdü bəstəsində.

“Qaragilə”dən ötrü “Qurban adına” dedi,

Hardan hara gəlmişik, “Bir sal yadına” dedi.

Həsrətiydi haçandan Təbrizin havasına,

El gölündən sonalar qoşulub nəvasına,

Gələn günümü “Qurban verərdim” ötənlərə,

Deyib, “Gedək üzü küləyə”, qoşuldu gedənlərə.

Əli aşiqiydi o, Əli yolunu seçdi,

Bir də baxdıq ki, yoxdu, bir də gördük ki, gecdi...

Qiymət Məhərrəmli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Günəş” Dostluq Ansamblının üzvü.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see269

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri