Azərbaycan Çin münasibətlərində yeni mərhələ Siyasi və iqtisadi gözləntilər
Icma.az bildirir, Metbuat portalına istinadən.
Prezident İlham Əliyevin Çinə rəsmi səfəri Azərbaycan–Çin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq elan olundu və müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən mühüm sənədlər imzalandı. Bu addım iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsinə zəmin yaratdı.
Maraqlıdır, Çinlə yaxınlaşmaq Azərbaycanın Qərblə münasibətlərində narahatlıq doğura bilər?
Milli Məclisin deputatı Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Çin Azərbaycanla ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı fundamental maraqların qorunmasında bir-birini qətiyyətlə dəstəkləmək, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq və əhatə dairəsini genişləndirmək niyyətindədir:
“Çin “Bir Kəmər və Yol” Təşəbbüsünün Azərbaycanın inkişaf strategiyaları ilə uzlaşdırılmasını gücləndirməyə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisini birgə təşviq etməyə, Çin və Avropa arasında transxəzər ekspress daşımaları üçün birgə təhlükəsiz və sabit birbaşa marşrut yaratmağa hazırdır. Azərbaycanın Orta Dəhlizdə əsas aktorlardan olması Qərbin bəzi dairələrini narahat etməkdədir. Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı dövlət başçısının qətiyyəti, prinsipiallığı, məsələlərə ədalətli yanaşması, başqa dövlətlərin maraqlarına da hörmət etməsi ölkəmizə olan etimadı artırır”.

Deputatın sözlərinə görə, Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə olan sektorlarda əməkdaşlığı dərinləşdirməyə, ticarətin ardıcıl optimallaşdırılmasına və inkişafına kömək etməyə və yeni qarşılıqlı faydalı imkanlar yaratmağa hazır olması Avropanın da diqqətlə izlədiyi hadisələrdir:
“Qlobal iqtisadi tənəzzül risklərini artıran birtərəflilik və proteksionizm təzahürləri getdikcə pisləşir. Çin BMT kimi çoxtərəfli mexanizmlər çərçivəsində Azərbaycanla əlaqələri və koordinasiyanı daha da gücləndirməyə, Çin tərəfinin üç qlobal təşəbbüsünü səmərəli şəkildə həyata keçirməyə, bərabər və nizamlı çoxqütblü qlobal iqtisadi və hərtərəfli qloballaşma üçün birgə müdafiə etməyə hazırdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyada bir əsrdə görünməmiş dəyişikliklərin yaşanmasına baxmayaraq, Azərbaycan ilə Çin arasında münasibətlər həmişə qarşılıqlı hörmət və qarşılıqlı etimad ilə seçilib. İkitərəfli əməkdaşlıq daim dərinləşir, ticarət-iqtisadi əlaqələr sürətlə inkişaf edir, regionlararası mübadilələr günü-gündən daha da yaxınlaşır”.
Səfər çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir. Bəs Çin şirkətlərinin Qarabağda iştirakı bölgənin beynəlxalq statusuna necə təsir edəcək?
Millət vəkili Müşfiq Cəfərov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb:
“Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Bu proses elə quruculuq işlərinin başlanmasıyla reallaşıb. Belə ki, Ağdam şəhərində Çin texnologiyalarından istifadə edilərək yaradılmış günəş elektrik stansiyası və digər infrastruktur obyektləri artıq fəaliyyətə başlayıb. Çinin Qarabağdakı quruculuq prosesinə cəlb olunub və tezliklə daha böyük lahiyələrin reallaşmasında iştirak edəcəklərini deyə bilərik”.
M.Cəfərov qeyd edib ki, Çin rəqəmsallaşma və “yaşıl tikinti” layihələrinin həyata keçirilməsində geniş təcrübəyə malikdir:
“Həmçinin Azərbaycan və Çin prezidentləri dayanıqlı və rəqəmsal inkişafın əhəmiyyəti barədə fikirləri də bir birini tamamlayır. Bu da ikitərəfli əməkdaşlıq üçün əlavə perspektivlər açır. Müharibədən sonra Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verilib, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edilib”.

Millət vəkili əlavə edib ki, Azərbaycan dövlətinin Qarabağda sənaye və emal müəsisələrinin fəaliyyəti üçün yaratdığı şərait, sənaye parkları, Azad iqtisadi rayonlarda mövcud olan infrastruktur Çin şirkətləri üçün də cəlbedicidir:
“Çin şirkətləri istər Qarabağda, istərsə də Azərbaycanın digər bölgələrində istehsal etdikləri məhsulları, böyük yol qət etmədən dünya bazarına çıxarda bilər. Nəzərə alsaq ki, Azərbaycan coğrafi baxımdan çox əlverişli bölgədə yerləşir, bu da Çin şirkətlərinin daşınma xərcini azaldacaqdır. Digər tərəfdən isə Azərbaycanda xarici investorlar üçün münbit şərait yaradılıb, müəyyən güzəştlər nəzərdə tutulub. Çin və Azərbaycan arasındakı bu münasibətlər ümumən regionumuzun faydasına olacaqdır”.
Bəs Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əlaqələri hansı səviyyədədir?
Millət vəkili Tahir Mirkişili öz açıqlamasında hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşdığını diqqətə çatdırıb:
Onun sözlərinə görə, 19 trilyon dollarlıq iqtisadi gücə malik olan bir ölkə ilə münasibətləri inkişaf etdirmək Azərbaycan üçün olduqca vacibdir:
“Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafına və Şərq-Qərb arasında nəqliyyat daşımasının vacib hissəsinə çevrilməsinə yönəlib. Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmiz tərəfdaşlarının lazımı etimadını qazanıb. Çinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşması, təşəbbüsü olduğu “Bir kəmər bir yol” layihəsində ölkəmizin iştirakına önəm verməsi və digər məqamlar maraqlarımıza cavab verir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf etməsi təkcə Çin məhsullarının ölkəmizə idxalına deyil, həmçinin Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına mühüm şərait yaratmaqdadır. Azərbaycan iqtisadiyyatına getdikcə daha çox Çin investisiyalarının yatırıldığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda Azərbaycanda sabitliyin və sağlam iqtisadi mühitin mövcudluğu ölkəmizi investorlar üçün cəlbedici edir. Rusiya ərazisində və Qırmızı dənizdə hərbi gərginliyin artması da Şərq və Qərb arasındakı Orta Dəhlizə təlabatı artırır. 10-a yaxın ölkənin ərazisindən keçən və bütün iştirakçı ölkələri bir-biri ilə əməkdaşlığa sövq edən, onları iqtisadi tərəfdaş halına gətirən bu layihə həm maraqlı bir əməkdaşlıq platformasıdır. Orta dəhlizin açar ölkəsi, heç şübhəsiz ki, Azərbaycandır. Ölkə Prezidenti cənab İlham Əliyevin Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə göstərdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib”.

T.Mirkişili qeyd edib ki, Azərbaycanın öz infrastrukturunu sürətlə inkişaf etdirməsi nəticəsində son 1 ildə bu dəhlizdən daşınan yüklərin həcmi xeyli artıb:
“Orta Dəhliz həm də mühüm bir beynəlxalq layihədir. Çin və Avropa Birliyi arasında ticarət həcmi 800 mlrd dollara yaxınlaşmaqdadır. Dünyanın gələcək iqtisadi inkişafı ölkələr arasında ticarətin həcmini artmasından asılıdır. Nəqliyyat imkanları olmadan ticarət həcminin artmasından danışmaq mümkün deyil. Bu mənada Azərbaycan-Çin münasibətlərinin inkişafı həm də qlobal iqtisadiyyata mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır”.
Deputat Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində oynadığı rolun strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilir. 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticarivə mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun olaraq davam etdirirlir. Ən əsası əlaqələrimizin genişləndirilməsi üçün hər iki dövlət başçısının siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi həm də dövlətimizin başçısına olan yüksək etimaddan xəbər verir. Ölkələrimiz arasında coğrafi məsafə uzun olsa da, sıx əlaqələrimizin və güclü əməkdaşlığımızın mövcudluğu bizi bir-birimizə daha da yaxınlaşdırır. Düşünürəm ki, dünyanın ən güclü iqtisadi imkanlarına malik ölkələrdən biri olan Çinlə əlaqələri gücləndirmək Azərbaycan dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiq edir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanmışdır.



