Icma.az
close
up
RU
Azərbaycan COP təsnifatında əsas oyunçuya çevrilir

Azərbaycan COP təsnifatında əsas oyunçuya çevrilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin AZƏRTAC-a eksklüziv müsahibəsində COP29 və COP30 konfransları arasında hansı oxşar və fərqli cəhətlərin olduğu, COP29-un qərarlarının COP30-un gündəliyinə və prioritetlərinə necə təsir göstərdiyi, COP30 çərçivəsində Azərbaycana hansı mühüm missiyaların həvalə edildiyi və onların əhəmiyyəti, COP29 və COP30 nəticələrinin Azərbaycanın iqlim siyasəti və Yaşıl İnkişaf Strategiyası üçün hansı imkanları yaratdığı, COP31-in Türkiyədə keçirilməsinin Azərbaycan üçün hansı üstünlüklər vəd etdiyi, Azərbaycan-Türkiyə əməkdaşlığından hansı konkret nəticələrin gözlənildiyi, COP29 və COP30-un əsas nəticələrinin nələr olduğu, eləcə də COP29-da qəbul edilmiş maliyyə qərarlarının praktiki nəticələrinin nədən ibarət olduğu barədə suallar cavablandırılıb.

Müsahibəni təqdim edirik:

- COP29 və COP30 konfransları arasında oxşar və fərqli cəhətlər nələrdən ibarətdir?

- Ümumiyyətlə, bütün COP-lar bir-birini ardıcıl şəkildə izləyən və zəncirvari formada əlaqələnən prosesin tərkib hissələridir. Başqa sözlə, hər bir COP özündən əvvəlki COP-u tamamlayıcı xarakter daşıyır. Məsələn, məlum olduğu kimi, COP29 iqlim maliyyəsi məsələsinə həsr olunmuşdu, COP30 isə daha çox uyğunlaşma və azaltma məsələlərinə diqqət yönəltmişdi. Əslində, COP29-un nəticələri COP30 üçün müəyyən mənada mandat formalaşdırıb. COP29-da qəbul edilmiş iqlim maliyyəsinə dair Bakı qərarı, yəni, Bakı Maliyyə Hədəfi əsasında Azərbaycan və Braziliyaya müvafiq olaraq COP29 və COP30-un sədrləri qismində xüsusi mandat verilmişdi. Bu mandat çərçivəsində Bakıdan Belemə 1,3 trilyon ABŞ dollarına dair yol xəritəsinin hazırlanması nəzərdə tutulurdu. Mandata uyğun olaraq, Azərbaycan və Braziliya həmin yol xəritəsini birgə hazırlayaraq COP30-a təqdim etdilər.

Bundan əlavə, COP30-da qəbul olunan digər qərarlar da mövcud idi. Məsələn, Bakı Adaptasiya Dialoqunun təşkili ilə bağlı tədbir COP30 çərçivəsində həyata keçirildi.

COP30-un özü də COP29-un sədri qismində çıxış edən Azərbaycan üçün Braziliya və növbəti ev sahibi olan ölkə Türkiyə ilə birgə əlavə mandatlar müəyyən etdi. Bu mandatlar yol xəritəsinin icra mexanizmlərinə dair planların təqdim olunmasını nəzərdə tutur. Nəticə etibarilə, COP-lar arasında davamlılıq əlaqəsi mövcuddur və COP29 ilə COP30 arasındakı bağlılıq da məhz bu prinsipdən irəli gəlir.

- COP29-un qərarları COP30 üçün gündəlik və prioritetlərin formalaşmasına necə təsir göstərdi?

- COP29 çərçivəsində bir sıra istiqamətlər üzrə qərarlar qəbul edilib. Lakin burada ən vacib məqam yalnız iqlim maliyyəsi ilə bağlı qərarlar deyil, həm də COP29-un tərəf dövlətlərə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) təqdim edilməsini nəzərdə tutan çağırışlardır. Bu çağırış qərarlarla birlikdə COP30-un nəticələrinin bir hissəsinə çevrildi və prosesin uğuruna töhfə verdi. Məlum olduğu kimi, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP troykasında təmsil olunurdu. Troykanın əsas məqsədlərindən biri dövlətləri yeni NDC-lər hazırlamağa təşviq etmək idi. COP30-a qədər bu çağırışa qoşularaq sənədlərini təqdim edən ölkələrin sayı az idi. Lakin Azərbaycan, BƏƏ və Braziliyanın birgə səyləri, eləcə də il ərzində təşkil edilmiş müxtəlif çoxtərəfli tədbirlər nəticəsində dövlətlərin bu prosesə qoşulmasına mühüm təkan verilib.

- COP30 çərçivəsində Azərbaycana hansı mühüm missiyalar həvalə edilmişdi və bunun ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- COP30-da rəsmi sədrliyi Braziliya həyata keçirsə də, Azərbaycanın COP ictimaiyyəti daxilində illər ərzində qazandığı etibar, dövlətlərin ölkəmizə göstərdiyi güvən və Şimal ilə Cənub arasında körpü rolundakı müsbət təcrübəsi Braziliya tərəfinə müəyyən mühüm missiyaları Azərbaycana həvalə etməyə imkan verdi. Bu missiyalardan biri COP31-in ev sahibinin müəyyən edilməsi ilə bağlı idi. Namizədlər Avstraliya və Türkiyə idi və onların arasından seçim edilməsi olduqca həssas məsələ hesab olunurdu.

Digər mühüm məsələ Dubayda COP28-də qəbul edilmiş Qlobal İcmal Sənədi (Global Stocktake – GST) ilə bağlı idi. Onun icrası çərçivəsində keçiriləcək dialoq tədbirlərinin hazırlanması missiyası Azərbaycan və Norveçə həvalə edilmişdi. GST-nin üç əsas bəndi ilə bağlı vacib sənədin hazırlanması da bu prosesin tərkib hissəsi olub.

Nəticədə hər iki istiqamət üzrə uğur əldə edildi: COP31-in ev sahibi qismində Türkiyə seçildi və bununla yanaşı, sözügedən tədbirə sədrlik də Türkiyə tərəfindən həyata keçiriləcək, Avstraliya isə danışıqlar prosesində Türkiyə ilə məsləhətləşmələr aparacaq. Eyni zamanda, GST ilə bağlı sənədin qəbul olunması da Azərbaycan və Norveçin səyləri nəticəsində mümkün olub.

- COP29 və COP30 nəticələri Azərbaycanın iqlim siyasəti və Yaşıl İnkişaf Strategiyası üçün hansı yeni imkanları yaradıb?

- Məlum olduğu kimi, Azərbaycan artıq milli səviyyədə müəyyən edilmiş töhfələrini növbəti illər üçün təqdim edib. Bu sənəddə ölkəmizin iqlim ambisiyaları əhəmiyyətli dərəcədə artırılıb. Xüsusilə 2050-ci il üçün nəzərdə tutulmuş hədəflər 15 il irəli çəkilərək 2035-ci il üçün müəyyən edilib. Yeni plan 40 faiz həcmində emissiya azaldılmasını və iqtisadiyyatın bütün sektorlarında, o cümlədən bütün emissiya yaradan qaz kateqoriyaları üzrə geniş tədbirləri əhatə edir. Bu plan yalnız beynəlxalq öhdəlik deyil, həm də milli siyasətə inteqrasiya olunmuş real fəaliyyət proqramıdır. Növbəti illər ərzində enerji sektoruna qoyulan investisiyalar, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində həyata keçiriləcək uyğunlaşma tədbirləri bu planın icrasını təmin edəcək. Belə ki, xüsusilə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi əsas prioritet olacaq və yaxın perspektivdə ənənəvi enerji mənbələrindən tam imtina etmək mümkün olmasa da, külək və Günəş enerjisinə qoyulan investisiyalar sürətlə artacaq. Bu, həm təmiz enerji keçidi, həm də iqtisadiyyatın transformasiyası üçün mühüm addımdır.

- COP31-in Türkiyədə keçirilməsi Azərbaycan üçün hansı üstünlükləri vəd edir?

- COP31-in qardaş Türkiyədə təşkili, ilk növbədə, ölkəmiz üçün qürurverici hadisədir və bu, regionun iqlim problemlərini Azərbaycanın ardınca yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı yaradır. Bundan əlavə, Türkiyənin iqlim sahəsində bir sıra qlobal təşəbbüsləri mövcuddur. Xüsusilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsü beynəlxalq səviyyədə müsbət qarşılanır və onun COP31-də daha geniş təbliği həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın iqlim diplomatiyasında daha fəal iştirak etməsi baxımından COP31 mühüm mərhələ olacaq və Türkiyə ilə birgə gündəliyin uyğunlaşdırılması istiqamətində müzakirələr aparılacaq.

- Azərbaycan-Türkiyə əməkdaşlığından konkret olaraq hansı nəticələrin əldə edilməsi gözlənilir?

- Azərbaycan COP29-dan əhəmiyyətli təcrübə əldə edib. Türkiyənin ilk dəfə COP-a ev sahibliyi edəcəyini nəzərə alaraq, Azərbaycan öz müsbət təcrübəsini qardaş ölkə ilə bölüşməyə tam hazırdır və bunu həm nazirlər, həm də komanda səviyyəsində artıq ifadə edib. Yaxın vaxtlarda COP təcrübəsini bölüşmək məqsədilə Türkiyənin Azərbaycan nümayəndə heyətini rəsmi şəkildə dəvət etməsi gözlənilir. Bu səfərdən sonra birgə əməkdaşlıq istiqamətləri daha dəqiq müəyyən olunacaq.

- COP29 və COP30-un əsas nəticələri nələrdir?

- COP29-un nəticələri artıq tam müəyyən edilib. COP30-da isə Braziliyanın təqdim etdiyi paket qərarlar qəbul olunub. Onların arasında ən vacibləri Qlobal Adaptasiya Hədəfi barədə qərar və Mitiqasiya İş Proqramıdır. Bunlar paketin yalnız iki əsas sənədidir, lakin digər sənədlər də mövcuddur. Bundan əlavə, Azərbaycan, Braziliya və Türkiyəyə həvalə olunmuş yeni troyka mexanizmi də mühüm nəticələrdən hesab olunur.

- COP29-da qəbul edilmiş maliyyə qərarlarının praktiki nəticələri nələrdir?

- COP29-da əsas qərar 300 milyard ABŞ dolları hədəfi ilə bağlı qəbul edilib. Qərarın icrasının praktiki nəticələri yaxın gələcəkdə özünü göstərəcək, çünki qərarın qəbulundan sonra geosiyasi mühitdə müəyyən dəyişikliklər baş verib. Bəzi ölkələr iqlimlə bağlı xərclərini müdafiə və təhlükəsizlik sahəsinə yönəldiblər. Bu baxımdan müəyyən risklər hələ də mövcuddur. Bundan əlavə, maliyyə hədəfinə töhfə verməsi gözlənilən çoxtərəfli inkişaf bankları ilə bağlı müəyyən risklər də mövcuddur. Həmin bankların hədəfə nə qədər töhfə verəcəyi barədə hələlik aydın təsəvvür yoxdur.

Fəaliyyətin, ayrılan vəsaitin və göstərilən töhfələrin hesabını aparan qurumlar mövcuddur. Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə ayırdığı iqlim maliyyəsini illik əsasda qeydiyyata alır. Hazırda biz onların növbəti hesabatını gözləyirik. Bu hesabatda illik əsasda nə qədər vəsait toplandığı əks olunacaq. Düzdür, hesabatlar müəyyən gecikmə ilə təqdim olunur, lakin bu məlumatlar bizə dinamikanı izləməyə imkan verəcək. Sonuncu dəfə 2022-ci il üzrə təxminən 118 milyard ABŞ dollarına yaxın vəsait qeydə alınıb. Yeni hesabat sayəsində həmin dövrdən bəri artımın səviyyəsini müşahidə etmək mümkün olacaq. Bu dinamika əsasında 2035-ci il Bakı Maliyyə Hədəfinə nə qədər yaxın və ya uzaq olduğumuzu müəyyən etmək mümkün olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri