Azərbaycan: Əli Naxçıvaninin 1995 ci ildə doğulduğu ölkəyə səfərinin qısa tarixçəsi
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vilayət QULİYEV
Naxçıvandan dünyaya... Və əks-səda
Təvazökarlıqdan bir qədər uzaq olsa da, deməliyəm ki, populyar "525-ci qəzet"in 2, 9, 16, 23, 28 dekabr 2024-cü il və 13 yanvar 2025-ci il tarixli saylarında dərc olunan "Naxçıvandan dünyaya" adlı silsilə yazılarım həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda maraqla qarşılandı. Araşdırma xarakterli bu məqalələrdə Cəlil Məmmədquluzadə ilə birlikdə Qoridə, Zaqafqaziya müəllimlər seminariyasında təhsil almış Mirzə Əli Əkbər Məmmədxanov-Naxçıvani (1865-1919), onun oğlu - dünya bəhai hərəkatının tanınmış nümayəndəsi, 40 ildən çox Hayfadakı bəhai mərkəzinin - Ümumdünya Ədalət Evinin 9 üzvü sırasında layiqli yer tutmuş Əli Naxçıvani (1920-2019) və sonuncunun qızı, müasir ingilisdilli ədəbiyyatın orijinal simalarından biri, professor, yazıçı-pedaqoq Bəhiyyə Naxçıvaninin (1947) geniş miqyaslı fəaliyyətlərindən, kökləri ilə qədim Azərbaycan torpağına bağlı olan maraqlı ömür tarixçələrindən bəhs olunurdu.
İşin maraqlı tərəfi isə hazırda Fransada, Strasburq şəhərində yaşayan Bəhiyyə xanımın bu yazılarla operativ tanışlığı sayıla bilər. Təbii ki, internet və süni intellekt əsrində burada qeyri-adi heç nə yoxdur. Lakin məsələnin mənəvi tərəfi çox önəmlidir. Bəzi iddialı ədəbiyyat və sənət metrlərindən fərqli olaraq Bəhiyyə xanım babası, atası və özü, eləcə də tarixi vətənlə bağlılıqları haqda yazılanları böyük şükranlıq hissi ilə qəbul etdi. Eyni zamanda nəsil şəcərəsində tutduğu yer və ədəbi xidmətləri ilə bağlı bəzi epitet və müqayisələrlə razılaşmaqda çətinlik çəkdiyini dedi. Fikrimcə, bu, ilk növbədə yazıçı xanımın alicənablığından, yüksək mədəniyyəti və təvazökarlığından irəli gəlir.
İş elə gətirdi ki, Naxçıvanilər ailəsi haqdakı silsilə yazıları diqqətlə oxuyan, hər dəfə də fikir və mülahizələrini bölüşən görkəmli tarixçi alimimiz, professor Solmaz Rüstəmova-Tohidi bu ilin mart ayında Strasburqda olarkən Bəhiyyə xanımla şəxsən görüşmüşdü. Yazıçını öz evində ziyarət etmişdi. Elə oradan da mənə telefon açmışdı. Yalnız əsərlərindən və barəsində İnternet məkanındakı çoxsaylı rəylərdən tanıdığım Bəhiyyə Naxçıvani ilə ilk dəfə canlı ünsiyyət qurmuşduq. Qəzetdəki yazılar əsasında kitab üzərində işlədiyimi eşidəndə xeyli sevinmişdi. Bakıda birinci və sonuncu dəfə 1995-ci ildə atası ilə birlikdə olduğunu, əgər kitab çap edilərsə, mütləq onun təqdimat mərasiminə gələcəyini bildirmişdi. Səsindəki sevinc çalarlarından bir Azərbaycan sevdalısı olduğunu hiss etmişdim.
Feysbuk hesabında görüşlə bağlı geniş "hesabat" paylaşan Solmaz xanımın yazdıqları da müşahidəmin həqiqətə uyğunluğunu göstərirdi: "Bəhiyyə xanıma bir sual vermək üçün üzr istəyirəm. Heyrətlənir. Çünki bayaqdan çox sərbəst söhbət edirik. Maraqla "Buyurun" - deyir. Onun özünü hansı kimlikdə hiss etdiyini soruşuram. "Oh, nə gözəl sual!" - deyə bir daha emosional cavab verir. Sonra birdən ciddiləşir və fikrə gedir. Araya bir sükut çökür. Artıq dostumla mən də tam diqqət kəsilmişik. Söhbətimizin əvvəlində İrandan, xaricdəki iranlılardan və s. xeyli danışmışdıq. Əgər indi "iranlı" desə, heç təəccüb etmərik. Amma nə eşidirik? Bir qədər tərəddüdlə: "Yəqin ki, Azəri..." - deyir... "Mən doğulduğum İrandan 3 yaşında çıxmışam. Ailə münasibətlərindən irəli gələrək fars dilini saxlasam da, bu ölkə ilə heç bir bağlılıq hiss etmirəm. Bəlkə də müxtəlif ölkələrdə yaşadığım, işlədiyim üçün, eləcə də ardıcılı olduğum dinin məziyyətlərinə görə özümü dünya vətəndaşı saya bilərdim. Amma yox... Mən axı bilirəm ailəmin kökləri hansı torpağa bağlıdır. Atam da məni o torpağa, Azərbaycana, Naxçıvana, Ordubada aparıb axı... Mən bu bağları hiss edirəm axı..."
Bu, Bəhiyyə xanımın öz etirafıdır. Tehranda doğulan, uşaqlıq illəri Şərqi Afrikada - Uqandada keçən, kollec təhsilini İngiltərədə, universitet təhsilini ABŞ-da alan, hazırda Fransada yaşayan, əsərlərini ingilis və fransız dillərində yazan bu qeyri-adi qadın gözəgörünməz tellərlə Azərbaycana - əcdadlarının vətəninə bağlı olduğunu heç zaman unutmayıb. Məsafənin uzaqlığı, aradan keçən illər, şəxsi kontaktların azlığı da həmin hissləri korşalda bilməyib.
Mayın əvvəllərində "Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin tarixçəsi" kitabının ilkin variantını bitirib süni intellektin çevirdiyi ingilis tərcüməsini Strasburqa, Bəhiyyə xanıma, orijinalını isə Brüsselə, qardaşı oğlu Əmir Şam Naxçıvaniyə göndərdim. Bir neçə il Bakıda yaşamış Əmir bəy Azərbaycan dilini həm yazı, həm də şifahi nitq səviyyəsində mükəmməl bilir. Üstəlik də, həqiqi bir Azərbaycan vətənpərvəridir. Onlar hər ikisi əlyazması ilə tanış olub diqqətimi bir sıra həssas məqamların dəqiq inikasının vacibliyinə cəlb etdilər.
Bəhiyyə xanım indiyə qədər heç yerdə çap olunmamış "Azərbaycan. Əli Naxçıvaninin 1995-ci ildə doğulduğu ölkəyə səfərinin qısa tarixçəsi" adlı yol qeydlərini mənə göndərdi. Dediyinə görə, bu qeydləri çap üçün deyil, o zamana qədər hələ əcdadlarının vətənində -Azərbaycanda olmamış qardaşı Mehran bəyin xahişi ilə qələmə almışdı. Başqa sözlə desək, xatirələr müəyyən dərəcədə şəxsi-ailəvi xarakter daşıyırdı. Yalnız bir neçə nəfərin tanış olması üçün yazılmışdı. Amma buna baxmayaraq, Bəhiyyə xanım müəyyən tərəddüdlərdən sonra otuz il əvvəl qələmə alınan yol qeydlərinin Azərbaycan dilinə tərcüməsinə və çapına razılıq verdi.
Maraqlıdır ki, tarixi vətənini körpə yaşda tərk etmək məcburiyyətində qalan Əli Naxçıvani hər iki övladı qarşısında mühüm saydığı bir borcu yerinə yetirmişdi - qızı Bəhiyyənin ardınca oğlu Mehranı da Azərbaycana gətirmiş (2006-cı il), eyni ardıcıllıqla Bakı, Naxçıvan və Ordubadla tanış etmişdi.
Bəhiyyə xanımın icazəsi ilə Naxçıvanilərin ailə saqasının bəzi epizodlarını ingilis dilindən tərcümədə "525-ci qəzet"in oxucularına təqdim edirəm.
Vilayət QULİYEV
22 may 2025-ci il, Sarayevo

Bəhiyyə NAXÇIVANİ
Körpə yaşda bu torpağı tərk edəndən demək olar ki, yetmiş beş il sonra, 1995-ci il sentyabrın 20-də atam Azərbaycan Hava Yollarının Təl-Əvivdən Bakıya uçan təyyarəsinin sərnişinləri arasında idi. Yanacaq doldurmaq üçün Larnaka (Kipr) hava limanında dayandıq. Atam artıq onu Bakıya - birbaşa tarixi səfərə aparan təyyarədə təkrar yerini tutanda mənə dedi ki, mənzil başına çatanda diz çöküb Azərbaycan torpağını öpmək istəyir.
Bizi qarşılamaq üçün gecə yarısı saat 1-də Bakı aeroportuna toplaşan bəhailər artıq neçə saatdan bəri idi ki, küləyin və yağışın döyəclədiyi uçuş-enmə zolağında dayanıb yolumuzu gözləyirdilər. Aralarında bir neçə bəhai qurumunun - Azərbaycan Bəhailərinin Milli Ruhani Məclisinin təmsilçiləri, Avropa və Asiya üzrə məsləhətçilər, Köməkçi İdarə Heyətinin üzvləri vardı. Onlar bizi xoş təbəssümlə salamladılar. Heç nə demədən qollarını açıb hər birimizi ayrı-ayrılıqda sinələrinə sıxdılar. Qucaq dolusu qızıl güllər təqdim edib VİP zalına apardılar. Burada pasportlarımızı dönüşümüzə bir saat qalanda geri almaq şərti ilə təhvil verdik. Səfərimiz düz bir həftə çəkdi.
Biz otelə çatanda artıq səhərə yaxın saat 3 idi. Gəldiyimiz yer şəhərdə yenicə fəaliyyətə başlayan "Hyatt Regency" oteli deyildi. Amma ölçülərinin böyüklüyündən və köhnələn təmtərağından bir vaxtlar Sovet Bakısının turizm cazibəsinin göstərgəsi olduğu açıq-aşkar sezilirdi. Hündür tavanda gizlədilmiş 15 vatlıq lampaların solğun işığında oturub masa arxasındakı yuxulu gənc qadının kim olduğumuzu dəqiqləşdirməsini, bizi əvvəldən ayrılsa da, artıq başqaları tərəfindən tutulmuş otaqlarda necə yerbəyer etməyə çalışdığını gözlədik. Həqiqətən, münasib başlanğıc idi...
Ertəsi gün səhər yeməyi üçün fərqli seçimlər təklif olundu: qəhvəaltını ya yuxarıda, 16-cı mərtəbədə, ya da aşağıda, 2-ci mərtəbədə edə bilərdik. Təqvimdə 1995-ci il olsa da, köhnə sovet sistemi hələ necə deyərlər, əllinin əlliyə prinsipi ilə davam etməkdə idi. Ona görə otellərdə səhər yeməklərinin təşkili də fərdi təşəbbüskarlıq nümayişi üçün bir fürsətə çevrilmişdi. 16-cı mərtəbəni seçəndən və şahzadələrə layiq süfrəyə dəvət ediləndən sonra bunun nə demək olduğunu əyani şəkildə başa düşdük. Bir neçə masa üzərinə düzülmüş müxtəlif yemək çeşidləri ilə onlarla adamı doyurmaq mümkün idi: masalarda üç növ pendir, müxtəlif xama və yoğurtlar; azı iki növ təzə çörək, hətta kiçik bir hissəsi də insanı ani xolesterol riski ilə üzləşdirə biləcək cemlər, ballar, şərbətlər vardı. Üstəlik, yumurta da təklif olunurdu, amma bundan imtina etdik. Atam Bakıda qarşımızda açılan ilk süfrədən böyük zövq aldı. Amma gətirilən hesab ilk səhər yeməyinin həm də sonuncu olması ilə bağlı qərar verməyimizə zəmin yaratdı. Ertəsi gündən gedənə qədər biz 2-ci mərtəbədə daha sadə səhər yeməyi - çörək və pendir təklif edən mütəvazi menyu ilə kifayətlənməli olduq.
Bakıdakı ilk günümüz mərhumların xatirəsinin anılmasından başlandı. Əli Əkbər Naxçıvaninin ikinci oğlu olan atam öz atasının ölümündən sonra doğulmuşdu. Uzun illər boyu onun məzarını ziyarət edib qarşısında övladlıq borcunu yerinə yetirmək arzusu ilə yaşamışdı. Bolşevik inqilabından sonra dul anası iki kiçik yaşlı oğlu ilə ölkəni tərk edib Fələstinə, ailəsinin yanına qayıtmışdı. Atamla böyük qardaşı Cəlal uşaqlıq və yeniyetməlik illərini Hayfada keçirmişdilər. Bəhai Dininin Mühafizi Şövqi Əfəndi dəfələrlə onlara öyüd-nəsihət verərək demişdi ki, valideynlərinin şərəfli adını uca tutsunlar, yolunu davam etdirsinlər, ona layiq övlad olmağa çalışsınlar. Əli Əkbər Naxçıvani Əbdülbəhanın böyük sevgi və etibarını qazanmışdı. Amerikaya, Avropaya səfərlərində onu müşayiət etmişdi. Bir sıra bəhai mətnlərini rus dilinə çevirmiş, qraf Tolstoyla məktublaşmışdı. Bakı bəhai icmasının sütunlarından biri sayılırdı. Beləcə, atam Bakıya ayaq basdığı ilk gün həm öz adından, həm də on üç il əvvəl dünyadan köçən böyük qardaşının adından atalarının son mənzilini ziyarət etməyə yollandı.
Əli Əkbər Naxçıvaninin məzarı olan qəbiristanlıq Bakının yuxarı hissəsindəki yamacda yerləşirdi. Daraq dişləri kimi sıra ilə, həm də yəqin, məşhurluq dərəcələrinə görə düzülmüş boz məzar daşlarının arasında qıvrılan yaş cığır bizi qəbir olan yerə gətirdi. Dövrə vurub məzarın ətrafında dayananda artıq bura təzə çiçək dəstələrinin qoyulduğunu gördük. Atam da qucağındakı gülləri həmin çiçək dəstələrinə əlavə elədi. Üstəlik, özü ilə Hayfadan, Bəhaullanın məqbərəsinin həyətindən gətirdiyi qızılgül ləçəklərini də onların arasına səpdi. Sonra Əli Əkbər Naxçıvaninin vəfatı münasibəti ilə Əbdülbəhanın göndərdiyi lövhü ərəb dilində oxudu. Məndən isə eyni mətnin ingilis dilində tərcüməsini səsləndirməyi xahiş elədi.
Külək getdikcə şiddətlənirdi. Atam əzizləyərək gətirdiyi qiymətli qızılgül ləçəklərini gül dəstələrinin altına düzdü ki, külək uçurub aparmasın. Amma onları küləyin şiddətindən qorumaq mümkün deyildi və belə olması bəlkə də daha çox yerinə düşürdü. Çünki bu qızılgül ləçəklərinin rayihəsi boz, çılpaq daşların üzərindən bütün Azərbaycana yayılmalı idi. Əli Əkbərin adı məzar daşında kiril əlifbası ilə həkk olunmuşdu. Bu, atamı təəccübləndirdi. Ölüm tarixi də səhv göstərilmişdi. Çünki Fatimə xanım ona atasının ölümündən sonra doğulduğunu demişdi. Yəni Əli Əkbər Naxçıvaninin 1920 deyil, 1919-cu ildə dünyasını dəyişdiyini söyləmişdi. Amma bu yanlışlıqlar atamı qollarını açaraq məzar daşının üstünə sərilməkdən saxlamadı. Qəbri qucaqlayıb küləyin vıyıltısı altında gözəl səsi ilə Əbdülbəhanın Mirzə Əli Əkbərə müraciətlə yazdığı ehtiram dolu sözləri ucadan oxudu.

Qəbiristanlıq ziyarətindən sonra Bakı bəhai icmasının ən yaşlı üzvü, zamanında Azərbaycan Milli Ruhani Məclisinin üzvü olmuş Səlahəddinin oğlu Ağa İzzətəddinlə görüşdük. Xəstəxanadan yenicə çıxmış mötəbər qoca hələ çox zəif idi. O, görüşdüyü hər kəsə, eləcə də Azərbaycan Milli Ruhani Məclisinə keçirilən ilk seçkilərində iştirak etmək üçün Ruhiyyə xanımla birlikdə Bakıya gələn anama (Şövqü Əfəndinin dul xanımı Amatül-Bəha Ruhiyyə xanım müəllifin anası Violette Naxçıvani ilə birlikdə 1992-ci ildə Bakıda olmuşdu. Bu, 70 illik ayrılıqdan sonra Naxçıvani ailəsinin tarixi vətənlə ilk təması idi - V.Q.) da yalnız Əli Naxçıvanini görmək ümidi ilə yaşadığını demişdi. İndi də eyni sözləri gözündən yaş axa-axa deyirdi. Atamın ailəsi ilə bağlı xatirələri bir qədər dumanlı olsa da, çox qiymətli idi. Üzləşdiyi çətinliklərə baxmayaraq, imanı olduqca güclü idi. Əli Əkbər Naxçıvaninin bəzi şəxsi kağızlarını, qeyd dəftərlərini, məktublarını inanılmaz bir məsuliyyət və gələcəyə inam hissi ilə bolşeviklərdən gizlədərək qoruyub saxlaya bilmişdi. Fatimə xanım ölkəni tərk edərkən ərinin yalnız ən mühüm kağızlarını özü ilə aparmışdı. Tolstoyun məktublarını, eləcə də Əbdülbəha ilə tarixi səfər zamanı yazdığı qeydlərin ikinci dəftərini Bakıda qoyub getməyə məcbur olmuşdu. Stalin terrorunun dəhşətli çağlarında qorxu hissini üstələyə bilməyən İzzətəddin onların hamısını yandırmalı olmuşdu. İndi axıtdığı göz yaşı seylabı ilə sanki o alovu həmişəlik söndürməyə çalışırdı.
Bakıda keçirdiyimiz ilk iki gün bu tipli şəxsi ziyarətlərə həsr olundu. Bakının illərlə təzyiqlərə məruz qalmış köhnə bəhai ailələrinin yaşlı üzvlərinə baş çəkib hörmət və ehtiramımızı bildirdik. Fürsətdən istifadə edib keçmiş haqda çoxlu suallar verdik. Babın ilk məqbərəsinin tikintisindəki fədakar zəhmətlərinə görə adları binanın iki qapısına verilmiş iki qardaşdan biri olan Ağa Əşrəfin həyatdakı yaşlı qohumlarını da ziyarət etdik. Naxçıvan səfərinə yola düşməzdən əvvəl valideyninin doğulduğu yeri dəqiq öyrənmək üçün atamın ailə üzvlərini tapmağa çalışdıq. İcma üzvləri ilə bir araya gəlmək həftə sonuna, ümumi konfrans zamanına planlaşdırılmışdı. Lakin konfransdan və Naxçıvana uçuşdan əvvəl bəzi təxirəsalınmaz praktiki işləri görmək tələb edilirdi: biletlər sifariş verilməli və alınmalı idi, viza (çox güman söhbət həmin dövrdə əcnəbilərin Naxçıvana səfərləri üçün tələb olunan xüsusi icazədən gedir - V.Q.) əldə olunmalı idi. Bu vizalardan ötrü fotoşəkil çəkdirmək üçün ilk gün şəhər ətrafında maşınla çox gəzib-dolaşmalı olduq.
Şəhər ətrafında dolaşarkən atama valideynlərinin vaxtı ilə yaşadıqları köhnə ev göstərildi. Ev karvansaranın qarşısında yerləşirdi. Müqəddəs Torpağa ziyarətə yollanan bəhai zəvvarları çox vaxt həmin karvansarada qalırdılar. Atam vaxt tapıb valideynlərinin istifadə etdiyi el hamamına, anasının tez-tez getdiyi opera teatrının binasına da baxdı. Əli Əkbər Naxçıvani geniş imkanlara və mədəni əlaqələrə malik insan olmuşdu. Moskvada təhsil almışdı, gözəl incəsənət duyumu vardı.
Dostlarla birlikdə cümə günü getdiyimiz teatr tamaşası, eləcə də ertəsi günü iştirakçısı olduğumuz konsert həqiqətən də mədəniyyət və incəsənətin bu ölkənin milli irsinin ayrılmaz bir hissəsi olduğunu göstərirdi. Maraqlıdır ki, hər iki təsadüfdə doqquz gənc aktyordan ibarət truppa və onların rəhbəri, eləcə də kamera orkestrinin doqquz üzvü və dirijor - hamısı bəhai idi. Konfransa gəldikdə isə Bakıdakı Ədəbiyyat Muzeyində keçirildi. Doğrudan da, şəhər ətrafında gəzdiyimiz yarım gün ərzində ölkənin incəsənət üzərində dərindən kökləndiyinə şahid olduq. Generalların, siyasi liderlərin qranitdə əks olunmuş sərt simalarını görəcəyimizi güman elədiyimiz park və meydanlarda şairlərin, yazıçıların abidələri ucalırdı. Söhbət etdiyimiz bir nəfər milli mədəniyyətlə bağlı fikirlərini qısaca olaraq belə yekunlaşdırdı: "Mən musiqini sevməyən Allaha inana bilmərəm!"
Şəhərin geniş meydanlarından birindən maşınla keçəndə bizə İran Milli Bankı yerləşən binanın qarşısında, hündür postament üzərində ucalan abidəni göstərdilər. Bu, çarşabını çıxarıb atan qadının heykəli idi. Öyrəndik ki, heç kəs prototipin kim olduğunu bilmir, heykəl sadəcə Azərbaycanın milli rəmzlərindən bir sayılır. O zaman hələ atamın bibisi qızı, yəni Rübabə bibinin böyük qızı İzzətin (tanınmış kimyaçı alim, akademik İzzət Orucova (1909-1983) nəzərdə tutulur - V.Q.) Azərbaycanın ilk səssiz filminin əsas qəhrəmanını kinoda canlandırmasından xəbərim yox idi. Film çadrasını atmaqla mövcud ənənələrə qarşı üsyan qaldıran Sevil adlı gənc qadının həyat hekayəsi haqqında idi. 1920-ci illərin sonlarında çəkilən film Azərbaycanda qadın azadlığı uğrunda mübarizəni əks etdirirdi. Heykəldə isə həmin hadisə daşa köçürülərək əbədiləşdirmişdi. Lakin gördüyüm abidə mənim nəzərimdə həm də babi qəhrəmanı Tahirə Qürrətüleynin simvolu idi. O, 1848-ci ildə, Qərbdə universal seçki hüququnun təsbiti üçün çağırılan ilk toplantıdan iki həftə əvvəl çarşabını çıxarıb atmışdı.
Bakıda keçirdiyimiz ikinci səhər Tahirə haqda əsər yazmış Əzizə Cəfərzadə adlı xanımla görüşümüzlə yadda qaldı. Təxminən 70 yaşlarında, ağarmış gur saçları və parlaq, işıqlı gözləri olan bu yaraşıqlı yaşlı qadın Azərbaycanda böyük ədəbi nüfuza malik romançıdır. Əzizə xanım tanınmış yazıçı və universitetdə doğma ədəbiyyatı tədris edən alim kimi müxtəlif sahələrdə ciddi uğurlar qazanmışdı. O, həm də sərbəst düşüncə sahibi idi. Sovetlərin təzyiqinə müqavimət göstərib soyadını ruslaşdırmaqdan imtina etmişdi. Özünü sünni, yaxud şiə deyil, sadəcə müsəlman sayırdı. Atam Bakıda bu xanımla görüşməyi çox arzulayırdı. Çünki səfərə yollanmamışdan az əvvəl ona Amerikada yaşayan bir iranlı jurnalistin məqaləsini göstərmişdilər. Məqalədə Əzizə xanımın Tahirənin həyatından, insani keyfiyyətlərindən bəhs edən sonuncu romanı təhlil olunmuşdu. "Zərrin Tac" adlı əsər qəhrəman qadının qorxubilməz xarakterini tərənnüm edən bir himn idi. Əsərdə Qürrətüleynin türk dilində qələmə aldığı şeirlərə də istinad edilirdi. Atam Tahirənin türkcə şeirlərinin olduğunu ilk dəfə eşidirdi. Odur ki, yazıçı xanıma ehtiramını bildirmək, həm də onu Hayfadakı bəhai kitabxanalarında Tahirə haqqındakı digər qaynaqları araşdırmağa dəvət etmək istəyirdi. Eyni zamanda ümidvar idi ki, Əzizə xanım özünün Bakı və Moskva kitabxanalarında aşkara çıxardığı, amma bəhai alimləri üçün indiyədək əlçatmaz olan sənəd və materialları da həmkarları ilə bölüşməkdən boyun qaçırmayacaq.
Əzizə xanım bizə öz bəhai kitablarını, türk dilində olan duaları, rəflərdən birində saxladığı "Gizli Kəlamlar"ı (Əbdülbəhanın əsəri nəzərdə tutulur - V.Q.) göstərdi. Atam ona Tahirə haqqındakı araşdırmaları ilə bəhai icmasına misilsiz xidmət göstərdiyini dedi. Vidalaşanda dəvətini bir də təkrar etdi və aristokratlara xas nəzakətlə əlini öpüb təşəkkürünü bildirdi. Bu dərin səmimiyyət və həqiqi heyranlıq qarşısında duruş gətirə bilməyən Əzizə xanım Hayfaya gəlmək dəvətini minnətdarlıqla qəbul etdi.
Bakıda keçirilən iki günlük konfrans zamanı atam Azərbaycanda bəhai dininin tarixi haqda danışdı. Yerli bəhailərə məxsus qeyri-adi irsdən bəhs edib bildirdi ki, dünyada yalnız bir neçə icma belə şərəfli irsə sahib olmaq səadətinə malikdir. Çünki Bakı icmasında Bəhaullanın özü tərəfindən yazılmış lövhlər saxlanır. Doğrudur, bu lövhlər ümumi şəkildə "qafqazlılara" ünvanlanmışdı. Qafqaz həmin dövrdə indiki Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi böyük bir ərazini əhatə edirdi. Lövhlər isə "Qafqazlılara" adlansa da, əslində bölgənin ilk və ən güclü icması olan Bakı bəhailərinə xitab idi. Atam Bakıdakı ayrı-ayrı şəxslərə lövhlər göndərən Bəhaullanın ümumən bu ölkəyə, onun bəhai icmasına davamlı xeyir-dualarından, şəfqətli münasibətindən danışdı. İki Bakı sakininin adının göstərdikləri təmənnasız xidmət müqabilində Bab məqbərəsinin iki qapısına verilməsini böyük şərəf kimi vurğuladı. Söhbət zamanı Bakı bəhailərinin necə nadir keyfiyyətlərə malik olduğuna diqqət çəkərək maraqlı bir tarixçə paylaşdı. Danışdı ki, 1963-cü ildə Ümumdünya Ədalət Evinin birinci tərkibi seçildiyi zaman dünya bəhailəri arasında ilk töhfə nə qədər təəccüblü görünsə də, məhz Bakıdan gəlmişdi. Bu, sadə bir qızıl üzük idi. Onu hansı yollarlasa Hayfadakı Bəhai Mərkəzinə göndərmişdilər ki, satışa çıxarılsın və əldə edilən vəsait Bəhai Fonduna köçürülsün. Lakin Ümumdünya Ədalət Evi qərara gəldi ki, bu kiçik hədiyyə əslində çox böyük tarixi əhəmiyyətə malikdir. Ümumi iş naminə gücü çatanı qurban vermənin dəyərli bir rəmzidir. Ona görə də heç vaxt satıla bilməz və Bakı bəhailərinin ruhani irsinin dəyərli nümunəsi kimi gələcək nəsillərə örnək olmaq üçün həmişəlik qorunub saxlanmalıdır.
Bakı bəhailərinin soruşduqları sualları üç kateqoriyaya bölmək mümkün idi: qismən tarixi adlandırıla biləcək suallar, bəhai İdarəçilik Qaydasının fəaliyyət prinsipi ilə bağlı suallar, nəhayət, daha çox mənəvi, yaxud şəxsi səciyyə daşıyan ümumi suallar. Atamın cavabları həmişə Bəhai Yazılarına əsaslanırdı. Bu yazılar isə auditoriyanıın bəxtindən Azərbaycan dilinə tərcümə olunurdu. Müşahidə edirdim ki, türk və fars dillərinə müəyyən yaxınlığı səbəbindən atam Azərbaycan dilini get-gedə daha asanlıqla anlamağa başlayırdı. Həftənin sonuna doğru demək olar ki, tərcüməçinin xidmətinə ehtiyacı qalmamışdı. Buraxdığı səhvləri yadında saxlayır və dərhal islah edirdi. Elə təəssürat yaranırdı ki, dilin musiqisi uzun illər boyu onun beynində, yaxud ürəyində mühafizə olunub.
Ədəbiyyat Muzeyinin iclas salonunun üçdə ikisi dolmuşdu. Konfransımıza ərəb ölkələrindən və Hindistandan gəlmiş qonaqlar qatılsa da, əksəriyyət Bakı bəhailərindən ibarət idi. Səliqə ilə geyinmiş, yaxşı baxımlı bir neçə nəfər ahıl xanım özlərini "bəhaizadə" adlandırmaqdan qürur duyurdu. Salonda bir neçə ağsaqqal da gözə dəyirdi. Onların burada olması məndə elə təəssürat yaradırdı ki, sanki sadəcə deyilənlərə qulaq asmıram, həm də canlı tarixin özünü yaşayıram.
(Ardı gələn şənbə sayımızda)


