Azərbaycan: Əli Naxçıvaninin 1995 ci ildə doğulduğu ölkəyə səfərinin qısa tarixçəsi
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Vilayət QULİYEV
Bəhiyyə NAXÇIVANİ
(Əvvəli ötən şənbə sayımızda)
Konfrans qurtarandan sonra, Naxçıvana yola düşməzdən bir neçə saat əvvəl atam Rübabə xanımın bəzi qohumu ilə görüşməyə də macal tapdı. Bir əlin barmaqları qədər az olan bu ikinci və üçüncü nəsil bacı uşaqları, yaxud bacı nəvələri bibisinin Bakıda yaşayan ailəsinin həyatda qalan son nümayəndələri idilər. Hava limanına getməzdən əvvəl, tələsik də olsa, onlarla birlikdə son dərəcə ləziz yeməyin dadına baxdıq - bu zəfəranlı düyü və şabalıdlı qara ilə hazırlanmış plov idi. Qohumlarla bir vaxtlar atamın valideynlərinin yaşadıqları, özünün də həyatının vətəndəki bir ilini keçirdiyi evdə görüşdük. Görüşün şərəfinə bizə ailə albomunda saxlanan şəkilləri göstərdilər. Burada Əbdülbəhanın və ilk Bakı bəhai icması üzvlərinin, Mirzə Əli Əkbərin gənclik illərinin, hətta İranda qətlə yetirilmiş bir neçə bəhai şəhidinin şəkilləri vardı. Ailə albomunda atamın qardaşı ilə birlikdə çəkilmiş uşaqlıq şəklini də gördük. Bu şəkli Fatimə xanım baldızına Hayfaya qayıdandan sonra, orada çəkdirib göndərmişdi. Qohumlar QULAQ təhlükəsinə baxmayaraq, terror illərində bu şəkilləri əziz xatirə kimi qoruyub saxlamışdılar. 1937-ci ildən sonra yüzlərlə bəhai Sibirin əmək düşərgələrində izsiz-soraqsız yoxa çıxmışdı. Sağ qalanlar isə qorxu və səksəkə içində keçən həyatlarını çox dəhşətli itkilər bahasına yaşamışdılar. Hətta indi - təhlükənin sovuşduğu və şəratitin dəyişdiyi bir vaxtda da onlar vurulan yaraların ağrı-acısın yaşamaqda davam edirlər.
Qohumlarla təsirli görüş zamanı nəhayət, səfərimizin birinci günü ziyarət etdiyimiz məzarın qaranlıq tarixçəsini də aydınlaşdırmağa nail olduq. Tam təsadüf nəticəsində Mirzə Əli Əkbərin Bakıda deyil, bağ evində - Şüvəlanda öldüyünü və əvvəl elə rəhmətə getdiyi kənddə də dəfn edildiyini öyrəndik. Atam da orada dünyaya göz açmışdı. Mirzə Ələkbərin məzarı dövlət mülkiyyətinə keçən ərazidə yerləşirmiş. Neft mədənlərinin get-gedə genişlənməsi, neft sənayesinin inkişafı nəticəsində qəbiristanlığın əvvəl-axır yox olma təhlükəsi yaranmışdı. Aradan xeyli keçəndən sonra, həyatının son ilində Rübabə xanım böyük qardaşının nəşinin qalıqlarının Bakıya gətirilib buradakı ailə məzarlığında dəfn edilməsinə müvəffəq olmuşdu. Ailə əfsanəsinə görə, tabutu qəbirdən çıxarıb açanda Rübabə xanım Mirzə Əli Əkbərin sifətinin hələ də tanınan halda qaldığını görmüşdü. Lakin hava ilə təmas nəticəsində dərhal parçalanıb dağılma baş vermişdi. Sümükləri bir yerə toplayıb Bakıya gətirmiş, Rübabənin oğlu Münibin məzarında yenidən dəfn etmişdilər. Başdaşı da yenilənmişdi. Şüvəlan qəbiristanlığında üzərində ərəb əlifbası ilə yazılar olan daşda ad və soyad bu dəfə kiril əlifbası ilə həkk edilmişdi. İlk Bakı bəhailərinin adəti üzrə məzar daşlarında dünyadan köçən günahkar bəndənin Allahın mərhəmət və şəfqətinə əmanət olunduğunu bəyan edən Quran ayəsi pozulmuşdu. Nəhayət, ölüm tarixi də hicri təqvimdən miladi təqvimə dəyişdirilmişdi. Dəyişmə zamanı 1919-cu il 1920-ci illə əvəz olunmuşdu. Bu isə öz növbəsində atamı da çaşdırmışdı. Beləliklə, məlum oldu ki, ziyarət etdiyimiz məzar əslində Mirzə Əli Əkbərin ilk və həqiqi məzarı deyil. Sadəcə, 1960-cı illərin əvvəlində Şüvəlandan bura köçürülən qəbiridir.
Valideyninin hansı şəraitdə öldüyünü və qalıqlarının sonradan Şüvəlandan Bakıya gətirilib yenidən dəfn edildiyini öyrənən atam qohumlarla qısa görüş zamanı həm də onun doğum yeri haqda səhih məlumat aldı. Yalnız Naxçıvana uçan təyyarəyə minməmişdən üç saat əvvəl nəslimizin kiçik vətəni olan Ordubadın - Ermənistanla İranın sərhədində, ən cənub nöqtədə yerləşən kiçik əyalət şəhərinin adını eşitdik. Bu məlumat atama sanki dünyanı bağışladı. Çünki 1957-ci ildə, Hayfanı ziyarət zamanı Şövqü Əfəndi ilə son görüşündə Din Mühafizi böyük uzaqgörənliklə ümidvar olduğunu bildirmişdi ki, gün gələcək, Əli Naxçıvani "atasının baş qoyduğu torpağa qayıdıb" orada onun ruhuna dualar oxuyacaq. Atam qərara gəlmişdi ki, Mühafizin arzusunu yerinə yerinə yetirsin. Bunun üçün tək Azərbaycana qayıtmaq yetərli deyildi. Heç Naxçıvana səyahət də kifayət deyildi. İlk növbədə mütləq Ordubadı və Şüvəlanı - atasının doğulduğu və öldüyü yerləri ziyarət etməli idi.

Həmin bazar günü Naxçıvana hərbi təyyarədə uçduq. Çox narahat və soyuq oturacaqlarda üzbəüz əyləşmişdik. Səfərlə bağlı bizə bir neçə alternativ təklif gəlmişdi. Rahat kresloları olan "normal" təyyarə ilə də uça bilərdik. Yaxud yük təyyarəsində, qoyun-keçilərlə, iri baqaj tayları arasında uçmaq imkan da vardı. Üçüncü variant isə bu hərbi təyyarə idi. Üstünlüyü yanacaq götürmək üçün dayanmadan birbaşa Naxçıvana uçması idi. Bilirdik ki, çox da rahat olmayacaq. Amma yenə onu seçdik. Sayları təxminən iyirmi nəfərə çatan sərnişinlər əvvəl bizə bir az ehtiyatla baxırdılar. Yaşlı bir kişi qara muncuğu xatırladan gözlərini bütün yol boyu üzümüzdən çəkmirdi. Axırda görünür, özünü saxlaya bilməyib ehtiyatla bir məsləhət verdi. Xəbərdarlıq edib dedi ki, gərək Naxçıvanda fırıldaqçılardan və oğrulardan uzaq dayanmağa çalışasınız, hər adama inanmayasınız. Təbii ki, ağsaqqal bu məsləhəti əslən Naxçıvandan olan iki Naxçıvaniyə verdiyinin fərqində deyildi!
Uçuşun uca nöqtəsində pilot bizi öz kabinəsinə, Naxçıvan mənzərələrini havadan seyr etməyə çağırdı. Atam gözləri önündə açılan lövhələrdən elə həyəcanlanmışdı ki, 25 dəqiqə ərzində burada dayanıb Ağrı dağının qarlı zirvəsini və aşağıda gümüş ilmə kimi burulan Araz çayını uzun müddət seyr etdi. Aydın məsələdir ki, bir bəhai Azərbaycanın cənub sərhədi boyunca on beş dəqiqəlik məsafədə yerləşən Maku və Çiriki - Babın keçilməz dağlar arasında həbsdə saxlandığı yerləri də diqqətdən qaçıra bilməzdi. Dinin tarixi burada daha aydın nəzərə çarpırdı. Hafizin Arazın rayihə saçan sahilləri haqqındakı peyğəmbərliyini isə quraq çöllərin arasındakı uçuş-enmə zolağına yaxınlaşdıqca elə bil, burun pərlərimizlə hiss edirdik.
Otuz nəfər türk bəhaisini gətirmiş (onlardan bəziləri bizi görmək üçün 22 saat yolda olmuşdu) avtobus Naxçıvanın kiçik hava limanında dayanıb gözləyirdi. Yerli valinin (söhbət rayon icra hakimiyyətinin başçısından gedir - V.Q.) qonaq otağını iki gecəliyinə ixtiyarımııza verməsi, üstəlik, şəxsi avtomobilini istifadəmiz üçün ayırması da diqqətimizdən yayınmadı. Şahbuz rayonunun başçısı olan həmin vali özü idarə etdiyi maşınla bizi Araz çayının kənarı ilə İran sərhədi boyunca kiçik Ordubad şəhərinə aparmaq məsələsində xüsusi israr elədi. Bütün yol boyu maşını dağların ətəyi ilə sürürdü. Geniş yayılmış rəvayətə görə, Nuhun gəmisi bu dağların zirvələri ilə sürüşərək gövdəsinin ölçülərini və formasını təbiətə əks etmişdi. Valinin maşını Ağrı dağının kölgəsi ilə, Araz çayına paralel uzanan sərhəd xətti istiqamətində şütüyürdü. Yolumuz Azərbaycanla İranın qovuşduğu nöqtədə yerləşən Culfadan keçdi. Nəhayət, son dayanacağa, Qafqaz dağlarının uca zirvələri arasında görünməz olan kiçik Ordubad şəhərinə çatdıq. Burada bir zamanlar zorxana kimi fəaliyyət göstərmiş yığcam muzey binasında mən Mirzə Əli Əkbər Naxçıvaninin xatirəsini dua ilə yad etdim. Bu, atamın çox sevdiyi, xüsusilə də indi üzərində gəzdiyimiz torpağa çox uyğun gələn bir dua idi:
"Mən bilmirəm, ey Allahım, bu nə atəşdir ki, Sən Öz torpağında yandırmısan. Torpaq heç zaman bu atəşin parlaqlığına kölgə sala bilməz, su onun şöləsini söndürə bilməz. Yer üzünün heç bir xalqı onun gücü qarşısında duruş gətirməyə qadir deyil. Bu atəşə yaxınlaşmağı, onun istisini duymağı, çatıltısını eşitməyi bacaran şəxsin fəziləti nə qədər böyükdür..."
Dua bitəndə deyəsən, muzeyin əməkdaşına da ilham gəldi. İngilis dilində bir kəlmə başa düşməsə də, "Mən də sizə şeir oxuyacağam" - deyə təntənəli səslə elan etdi. Sonra isə ara vermədən həqiqətən də azı on beş dəqiqə şeir oxudu.
Ordubaddan Naxçıvana qayıdanda aramsız yağış yağırdı. Lap musson yağışlarına bənzəyirdi. Palçıqlı su sel kimi yolun kənarlarından axır, çala-çuxura dolub kiçik gölməçələr yaradırdı. İki addım qabağı görmək mümkün deyildi. Amma vali nədənsə "süpürgələri" işə salmaq istəmirdi. "Hər şey iyidir" - deyə türk dilində bizi inandırmağa çalışırdı: "Yolu çox iyi görürəm". Bəlkə də sadəcə "süpürgələri" nasaz idi. Bəlkə heyfi gəldiyindən onları işlədib köhnəltmək istəmirdi. Ya da ürəyindən sadəcə qeyri-adi sürücülük məharətinin nümayiş etdirmək keçirdi. Beləcə sürəti azaltmadan növbəti bir saat ərzində göydən sel kimi tökülən yağışın altında yoluna davam etdi. Üstəlik, maşın sürə-sürə bizə Gəlin Dağı deyilən və bəyaz rəngə çalan dağın tarixçəsini danışırdı. Əslində İncildəki Lutun arvadının əhvalatını xatırladan bir hekayə idi. Lakin burada qayınanasına hörmətsizlik edən gəlin duz sütununa deyil, daşa çevrilirdi.
Atam şəhərin mərkəzindəki kukla teatrının zəif işıqlandırılmış salonunda səhnənin ən yuxarı - üçüncü pilləsində durub Naxçıvan bəhailəri qarşısında nitq söylədi. Eyni məkanda həm səhər, həm də günorta vaxtı bəhailərlə görüşdə xeyli danışmışdı. Ona görə də bir az yorğun görünürdü. Auditoriya dediklərinə böyük maraqla qulaq asır, çoxlu suallar verilirdi. Avtobusla Türkiyədən gəlmiş qonaqların arasında bir neçə nəfər gənc, həm də son dərəcə gözəl xanım vardı. Naxçıvanlı dinləyicilər isə əsasən kişilərdən ibarət idi. Amma onların da arasında cavanlar üstünlük təşkil edirdi. Həmin axşam bu gənclər bizim üçün maraqlı işıq effektləri ilə müşayiət olunan lirik sevgi mahnılarından ibarət konsert proqramı hazırlamışdı. On dörd yaşlı bir oğlan mikrofonla populyar mahnılar oxuyurdu. Gözlənilmədən bütün işıqlar söndüyü zaman ifasında heç bir dəyişiklik yaranmadı. Səudiyyə Ərəbistanıdan olan bəhai tanışım mənə hədiyyə gətirdiyi kiçik fənəri Naxçıvana səfər zamanı özümlə götürməyimə israr eləmişdi. İndi fənərin yanımda olması lap yerinə düşmüşdü. İfaçının sifətini işıqlandırdım və beləliklə, proqram öz qaydası ilə başa çatdı. Zərb alətləri, akkordeon və kiçik fleytada çalan üç növbəti musiqiçi də zalın qaranlıq olmasına fikir vermədən ifalarını davam etdirdilər. Bu arada səhnəyə şamlar və kerosin lampası gətirildi. Təxminən yarım saat sonra işıqlar yenidən yananda gənc müğənninin bir notu belə qaçırmadan oxuduğu bəlli oldu. Konsertdə iyirmi beş yaşdan böyük yeganə ifaçı, keçi yelinindən hazırlanmış volınkaya bənzər musiqi alətində çalan balacaboy qoca idi. O, sayrışan işıq effektləri arasında ayaqlarını çəkə-çəkə səhnəyə gəldi. Dərindən nəfəs alıb keçi yelininə var gücü ilə üfürdü. Sonra da böyük təvazökarlıqla səhnəni tərk etdi.
İfrat məqamlar Naxçıvanda kəskin nəzərə çarpırdı. Növbəti axşam iştirakçısı olduğumuz proqram teatrda olduğundan tam fərqli idi və yaxınlıqdakı kiçik kənddə təşkil edilmişdi. Ev sahibləri avtobusla gələn otuz nəfər türkə də burada yer verdikləri üçün indi hamımız birlikdə idik. Bizi evində qəbul eləyən adamların mehribanlığı və qonaqpərvərliyi sərhəd tanımırdı. Sadə otaqda uzununa boyaboy müxtəlif ölçülü masalar düzülmüşdü. Üzərində isə bizim üçün bol çeşidli bayram süfrəsi açılmışdı. Buludlara qalaqlanmış ətirli plov və təzə göyərti, badımcan və pomidor, dolma və küftə, müxtəlif növ pendirlər və ev çörəyi. Mən ömrümdə heç vaxt, heç yerdə belə ləzzətli yeməklərin dadına baxmamışdım.
Atamın dediyinə görə, bu kənd evlərinin ab-havası ona gənclik illərində İranın ucqar bölgələrində yerləşən bəhai icmalarına səfərləri zaman gördüyü mənzərəni xatırladırdı. Ev dörd tərəfdən hündür daş divarla əhatə edilmiş həyətin içində idi. Həyətə isə dar xiyabana açılan darvazadan girmək olardı. İkinci mərtəbəyə qalxanda otağa keçməzdən əvvəl ayaqqabıları pilləkən meydançasının başındakı kiçik balkonda soyunduq. Çünki əllə toxunmuş xalçaları küçənin palçığı və suyu ilə çirkləndirmək istəmirdik. Xalılar döşəməyə salınmış, üstlərinə isə sıra ilə ağır qalın parçalar (müəllif çox güman kənd evlərində istifadə olunan döşəkçələri nəzərdə tutur - V.Q.) qoyulmuşdu. Adamlar bu parçaların üstündə ayaqların altlarına yığıb (yəni bardaş qurub - V.Q.) arxalarını divara söykəyərək oturmuşdular. Atama diqqətlə qulaq asırdılar.
İşıq o qədər zəif idi ki, bir-birimizin üzünü görə bilmirdik. Yalnız səsini eşidirdik. Amma mənə nədənsə Nuhun gəmisini xatırladan bu sığınacaqda hər kəsin həyatda istəyə biləcəyi hər şey: heyvanlar, bağ-bostan, ailə, hətta yaxınlığı ilə adamın əsəblərini cırmaqlayan ulduzlar da vardı. Bu ulduzlar sanki əl çatan məsafədə görünürdü. Çünki göy üzü çox açıq, hava isə tutqun idi. Heyva ağaclarının budaqları meyvənin bolluğundan aşağı əyilmişdi. Mənə elə gəlirdi ki, həmin anlarda biz sanki Allahın xeyir-duası ilə dolu bir mühitdəyik.

Atam həmin axşam qonaqlara İasın əhvalatını danışdı. Əslində bu, Əbdülbəhanın çoban oğlan haqqında hekayəsi idi. Cır-cındır içində gəzən həmin oğlan ürəyində daim yaşatdığı kralı görmək istəyi və həsrəti ilə bir gün özünü boş, vəhşi çöldən keçən kral karetasının qarşısına atmış, bu yolla da hökmdarın diqqətini cəlb edə bilmişdi. Əlahəzrətin ürəyində ona səmimi duyğular yaranmışdı. Oğlanı şəhərə gətirmiş, burada təlim-tərbiyəsi ilə özü məşğul olmuşdu. Zamanla dünənki çoban sarayda şöhrət və uğur qazana bilmişdi. Vaxt keçdikcə kralın daha çox etimadına layiq görülmüşdü. Ona böyük səlahiyyətlər verilmiş, çox mühüm vəzifələr həvalə edilmişdi. Amma bunun yanı sıra sarayda İasa qarşı paxıllıq və həsəd hissi də artmışdı. Saray adamları onu kralın gözündən salmaq üçün dünənki çobanın yalnız özünü düşünən xudbin və başı sərvət toplamağa qarışmış tamahkar adam olması haqda şayiələr uydurmağa başlamışdılar. Krala deyirdilər ki, İas var-dövlətini sarayın xüsusi bir otağında gizlədib və hər axşam qızıllarını saymaq üçün ora gedir. Bir gecə kral İasın izinə düşüb səsini çıxarmadan, özünü göstərmədən onu təqib etməyə başladı. Ardınca gedib sarayın uzaq, hicra bir qülləsinə qalxdı. Gözəgörünməz kölgə kimi İasın dalınca otağa daxil oldu. Paxıl vəzir-vəkilinin dediyi kimi, burada ölkənin hər tərəfindən talanıb gətirilmiş zəngin sərvət xəzinəsi görməyə hazırlaşdığı məqamda bomboş otaqda keçmiş çobanın cır-cındır paltarları və illərdən bəri divardakı mıxdan asılı vəziyyətdə qalmış çomağı gözünə dəydi. Kral: "İas, nə üçün hər axşam bu otağa gəlirsən?" - deyə soruşdu. "Hökmdarım, ona görə gəlirəm ki, vaxtı ilə kim olduğumu və sizin sayənizdə hansı mərtəbəyə ucaldığımı heç vaxt yaddan çıxarmayım. Ona görə hər axşam bura gəlirəm ki, hökmdarımın mərhəmətini, nəcibliyini heç zaman unutmayım. Çünki əks-təqdirdə indi də boş, vəhşi çöllərdə qoyun otaran ac-susuz çoban kimi qalardım".
Çoxsaylı diqqətəlayiq görüşlər, tanışlıqlar, qulaq asdığımız ibrətamiz həyat hekayələri və musiqi ilə bir sırada Naxçıvan səfəri atam üçün həm də buradakı müxtəlif bəhai qurumları ilə çoxsaylı məsləhətləşmə və fikir mübadiləsi imkanı idi. Beləcə, vaxt çox sürətlə keçdi və iki günlük səfərimiz hiss olunmadan başa çatdı. Ayrılıq saatı yetişdi, yola hazırlaşmağa başladıq. Bura gecə saatlarında, nisbətən təcrid olunmuş şəraitdə gəlmişdik. Ona görə də aeroportda bizi qarşılayan bəhai icması üzvlərindən başqa heç kəsi görməmişdik. Lakin indi, günün günorta saatında yola düşdüyümüz üçün kiçik hava limanında xeyli adam vardı. Onlar baqajların yanında dayanıb səbirlə gözləyirdilər. Analarının dizləri üstündə yer tutan, saçları rəngbərəng şallarının altından çıxmış kiçik qızlar bizə səssiz heyranlıq hissi ilə baxırdılar. Kiçik oğlanlar isə bağlamaların üstündə balaca şahzadələr kimi oturmurdular. VİP salonu kimi istifadə olunan yerə darısqal yerə aparılarkən gözləri ilə bizi müşayiət edirdilər. Orada hava limanının rəisinə təqdim olunduq. Möhtəşəm görünüşlü, saçları çallaşmış bu bazburutlu adamın səfər boyu daim bizimlə birlikdə olan Milli Məclis üzvlərindən Rəna xanımın ailəsinə qohumluğunun çatdığını da burada öyrəndik.
VİP salonundakı son dəqiqələr xüsusi ilə təsirli idi. Biz artıq qonaq kimi gəldiyimiz yeri tərk edirdik. Amma digər tərəfdən də nə isə çox vacib şeylər sanki indi başlanırdı. Qardaşıma hədiyyə aparmaq üçün mənə kiçik bir torba Naxçıvan duzu, bir balaca bağlama da Naxçıvan torpağı verdilər. Hamı bizim kimi onun da Vətən torpağının ətrini sinəsinə çəkmək və əcdadlarının dolaşdığı torpaqlara ayaq basmaq üçün mütləq "gələn dəfə" bura gəlməsini arzu edirdi. "Gələn dəfə" hissi çox güclü idi, lakin o, eyni zamanda "son dəfə" hissi ilə qarışmışdı. Təyyarə havaya qalxanda ürəyimizi burada qoyub getdiyimizin fərqinə vardıq.
Naxçıvandan Bakıya 90 dəqiqəlik uçuşumuz zamanı yanacaq doldurmaq üçün dayandıq (Mənim Bakı ilə Naxçıvan arasındakı məsafənin çox qısalığı səbəbindən əlavə yanacağa ehtiyac olmaması ilə bağlı qeydim müqabilində Bəhiyyə xanım bu məsələdə israr etdi. Təsvirlərindən Nasosnı hərbi aeroportunda dayandıqlarını başa düşdüm - V.Q). Balaca məntəqədəki uçuş-enmə zolağında parlaq günəş altında altı-yeddi nəfər adam atamın ətrafına toplaşdı. Əvvəlcə nə istədiklərini başa düşə bilmədim. Sonra öyrəndim ki, onu ölümdən sonrakı həyat, "siratı-müstəqim" ("düzgün yol") və "Peyğəmbərlərin sonuncusu" haqda sorğu-suala tutublarmış. Atam gözlə görünməyən havanı əlləri ilə cızaraq jestlərlə cavab verirdi: günəşin hər gün dan yerindən necə qalxdığını, il boyu səmada öz parlaq şüaları ilə hər dəfə üfüqün müxtəlif nöqtələrini necə nura boyadığını, bizim isə günəşdə heç bir fərq görmədən sadəcə həftənin günlərinə fərqli adlar verdiyimizi izah etdi. Onlara dedi ki, günümüzü mənəvi günəşi Bəhaulladır. Onun təlimi bu gün bizim üçün yolgöstərici istiqamətləri təyin edir və vahid dünyadan enerji almağımıza imkan verir. Uzun illəri əhatə edən peyğəmbər zühuru məsələsi artıq tamamlanmışdı və Məhəmməd həqiqətən də özündən əvvəl gələn hər şeyin möhürü olmuşdu. Tanımadığı adamlar Azərbaycanın bu guşəsindəki uçuş-enmə zolağında atamın ətrafında dayanmışdılar. Söylədiklərinə valeh olduqları görünürdü. Nəhayət, təyyarəyə yanacaq doldurulması başa çatanda və bizi yenidən salona dəvət edəndə bir nəfər dedi ki, dünən bütün günü niyə yağış yağdığını və uçuşunun təxirə salındığını yalnız indi başa düşdü - çünki qismətində atamla görüşmək var imiş! Uçuş-enmə zolağındakı müzakirələrin davam etdiyi bütün müddət ərzində müvəqqəti aerodromun dövrəsinə çəkilmiş tikanlı məftilin arxa tərəfindəki bağda bir dəstə gənc qız yaqut kimi qıpqırmızı narları ağacdan dərir, həm də işlərinə ara vermədən maraqla bizə tamaşa edirdilər.
Azərbaycana səfərimizin sonuncu günü Bakı ətrafındakı Balaxanı kəndinə baş çəkdik. Gəlişimiz münasibəti ilə digər yerlərdən də bəhailər bura dəvət olunmuşdu. Birlikdə köhnə bəhai məzarlarının qorunub saxlandığı əski qəbiristanlığı ziyarət etdik. Qəribə görünsə də, Azərbaycanla tanışlığımız qəbiristanlıqla başlayıb, orada da başa çatırdı. Bakıdan çıxıb əyri-üyrü yollarla, kimsənin gözə dəymədiyi boş neft mədənlərinin arasından keçib küləyin cövlan etdiyi məzarlığı alçaq təpə üzərində yerləşən bu kiçik qəsəbəyə gəlmişdik. Müxtəlif ölçülü paslanmış borular evlərin yanı ilə pəncərə karnizləri hündürlüyündə dar küçə boyu uzanıb gedirdi. Borular dəhşətli dərəcədə köhnə idi, çox təhlükəli görünürdülər. Axtardığımız yerə çatanda artıq toranlıq qovuşurdu. Qəbiristanlığın salındığı yamaca qalxarkən biri-birinə sarmaşan tikanların və qurumuş otların arasında ayağımızı hara qoyduğumuzu çətinliklə görürdük. Cırıldayan mancanaqlardan düşən işıq dilimləri altında əyilmiş məzar daşlarının kölgə kimi ətrafa yayıldığı qəbiristanlıq çox sirli, sürrealist təsir bağışlayırdı. Bakı və Naxçıvandakı kimi burada da hava mövsümə uyğun olmayan tərzdə soyuq idi. Yağış damcıları boş ərazidəki köhnə nasosların və boz rəngli məzar daşlarının üzərinə çiləyirdi. Aşağı tərəfdəki dəmir qapıdan keçib bəhai məzarlarının yan-yana düzüldüyü əraziyə girdik. Dostlar bir neçə dua oxuyub başa vurana qədər artıq daha da qatılaşmaqda olan qaranlıqda soyuqdan titrədiyimizi hiss etdik.
Zavallı atam tamam yorulub əldən düşmüşdü. Amma Balaxanının iki tanınmış bəhai ailəsi onun xatirinə yemək tədarükü görmüşdü və ikisi də xörəklərin dadına baxmağa təkid edirdilər. Onlar eyni binanın birinci və ikinci mərtəbəsində yaşayırdılar. Hər iki mərtəbədə üstü yeməklərlə dolu masalar açılmışdı. Təbii ki, bu iki yemək dəsgahına münasibətdə eyni dərəcədə ədalətli olmaq asan iş deyildi. Atam üçün isə əsl ziyafət ev sahiblərinin göstərdikləri köhnə fotolara baxmaq oldu. Bu şəkillərdən birində Susan Moodi 1909-cu ildə Bakıdan keçib İrana gedərkən ilk Azərbaycan bəhailərinin böyük bir dəstəsi ilə birlikdə təsvir olunmuşdu. Doktor Moodi amerikan bəhaisi idi. Əbdülbəha onu qadınlara tibbi xidmət göstərmək məqsədi ilə İrana getməyə təşviq etmişdi. Aradan bir neçə il keçəndən sonra xanım Moodi Tehranda bəhai qızları üçün ilk məktəb açmışdı. Bakıya, oradan da Xəzər dənizini keçib Ənzəli limanına gəlmişdi. Sonra isə Tehrana qədərki yol boyu on doqquz stansiyanın on altısında dayanmalı olmuşdu. Bizə göstərilən fotoda o Mirzə Əli Əkbərin baş mühəndisi olduğu neft milyonçusu Musa Nağıyevlə yan-yana oturmuşdu. Digər fotoda isə Azərbaycandan olan bir neçə nəfər zəvvar Əbdülbəha ilə birlikdə Bab məqbərəsinin qarşısında dayanmışdı. Atam ilk toplu şəkildə Əli Əkbər Naxçıvanini başındakı ənənəvi silindrdən tanıdı.
Ertəsi gün səhər Bakıdakı Bəhai evində mənim iyirmi nəfərdən ibarət bir qrup qadınla çox səmimi görüşüm oldu. Atam artıq əməlli-başlı soyuqladığından həmin gün heç yerə çıxmayıb yol qabağı bir az özünə gəlmək istəyirdi. Aeroporta gedəndə vəziyyəti daha da pisləşmişdi. Bizi yola salmağa xeyli adam gəlmişdi. Aralarında Orucovlar ailəsinin də iki üzvü vardı. Bəhailər bizi dövrəyə alıb xatirə əşyaları və kiçik hədiyyələr təqdim edir, son dəfə qucaqlayırdılar. Mən onlara Mirzə Əli Əkbərin həmin səhər köhnə fotodan çəkilib çap olunan silindrli şəklini bağışlayanda aralarında canlanma yarandı. "Biz sizə yazacağıq" - deyə hərəkətə gəldilər.
Nəhayət, pasportlarımızı yenidən əlimizə almaq vədəsi çatdı. Ayrılmaq çox çətin idi. Göz yaşları və sıx-sıx qucaqlaşmalar içində Azərbaycanda tapdığımız gözəl ailə və dostlarla vidalaşdıq. Bakıya ayaq basdığımız ilk gecə dəvət olunduğumuz VİP salonu indi gün işığında tamam fərqli görünürdü. Azərbaycandan gedişimiz də bura gəlməyimizlə eyni deyildi. Xoş bir təsadüf nəticəsində biletlərimiz "biznes klass"a dəyişdirilmişdi. Bu, artıq ciddi qripə yoluxmuş atam üçün göydəndüşmə fürsət oldu.
Hava limanının təhlükəsizlik bölməsindən keçərkən geri çevrilib əziz dostlara sonuncu dəfə əl eləyəndə lap arxada tökmə bədənli, möhkəm çənəli, üzünə dünəndən bəri ülgüc dəyməmiş bir nəfərin dayandığını gördüm. O, gəldiyimiz gündən bizi gəzdirən taksi sürücüsü idi. Baryerin arxasında dayanıb hamı kimi əl edir, bizimlə vidalaşırdı. Mən düşündüm: dünyanın hansı ölkəsində taksi sürücüsü təhlükəsizlik baryerinə qədər gəlib sərnişininə əl edə bilər?
Təbii ki, yalnız Azərbaycanda!
İngilis dilindən tərcümə edən
Vilayət Quliyev

