Revanşist “Hraparak” Akif Nağının a açıqlamasına belə reaksiya verdi? Onların oyununa getməyək?..
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“1905-1906-cı illəri, 1918-ci ili, Qərbi Azərbaycanı, Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli və s. unutmayaq, amma Samirə Əfəndi kimilərin hansısa davranışından istifadə edib ermənilərə qarşı nifrəti körükləməyək. Bizim xalq və dövlət olaraq əsas hədəfimiz...”
“Ondan sonra hakimiyyətə gələ bilməyən və arxalarında heç bir qlobal güc hiss etməyən revanşistlər də səslərini içlərinə salmağa məcbur olacaq...”
Ermənistanın Kremldən idarə olunan, Azərbaycanla sülh istəməyən, Qarabağı Azərbaycan ərazisi kimi tanımayan və elə Rusiyanın dəstəyi ilə hakimiyyətə qayıdıb onu yenidən işğal etməyə can atan revanşist qüvvələrin ruporu olduğu açıq-aydın görünən “Hraparak” nəşri Azad Vətən Partiyasının sədri və Qarabağ Azadlıq Təşkilatının keçmiş lideri Akif Nağının Azərbaycan və Ermənistan QHT nümayəndələrinin qarşılıqlı gediş-gəlişi, həmçinin Samirə Əfəndi adlı azərbaycanlı müğənninin Astanada keçirilmiş mahnı müsabiqəsində Qarabağda Azərbaycana qarşı döyüşmüş və mahnısını orada gəbərmiş silahdaşlarına həsr etdiyi deyilən bir erməni müğənnini bağrına basması barədə Moderator.az-a son açıqlamasına kəskin reaksiya verib.
Əyanilik üçün Ruzanna Harutyunyan adlı müxbirin imzası ilə verilmiş həmin materialın tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq(yazıda Akif Nağının müsahibədə dediyi bəzi fikirlər, həmçinin jurnalistin sualları təhrif olunur. Bunu müsahibənin originalıyla müqayisə etdikdə görəcəksiz(burada:):
“Azad Vətən Partiyasının sədri və Qarabağ Azadlıq Təşkilatının keçmiş lideri Akif Nağı Moderator.az-a verdiyi açıqlamada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının mümkün perspektivləri ilə bağlı bir sıra sualları cavablandırıb. Siyasətçi açıq şəkildə bildirib ki, qəti şəkildə ermənilərlə hər hansı təmaslara və ya münasibətləri normallaşdırmaq cəhdlərinə qarşıdır. Onun fikrincə, regionda sülh və təhlükəsizliyə əsas təhdidlərdən biri ermənilərin Azərbaycan ərazisinə mümkün qayıtması, eləcə də əlaqələrin bərpası və onlarla dostluq münasibətlərinin qurulmasıdır. Nağı hesab edir ki, bu, region üçün ciddi təhlükə yaradır. Jurnalist Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərlərinə toxunaraq soruşub: “Bəlkə bu gedişlər(Samirə Əfəndinin erməni müğənniyə münasibəti nəzərdə tutulur-S.L.) müəyyən qüvvələr — hər iki ölkədə fəaliyyət göstərən və onilliklər boyu Ermənistan cəmiyyətinin böyük bir hissəsini “Böyük Ermənistan”, “Qarabağ” və “Qərbi Ermənistan” ideyaları ilə yoluxduran Rusiya imperiyasının “beşinci kolonu” və agentləri tərəfindən idarə olunur? Türkiyənin Ermənistanla sərhədlərini açmağa və diplomatik münasibətləri bərpa etməyə, onu Moskvanın caynağından çıxarmağa çalışdığı bir vaxtda bu qüvvələr Azərbaycan cəmiyyətində ermənilərə qarşı nifrəti Qarabağın işğalından əvvəlki səviyyəyə çatdırmaqla nizamlama prosesini pozmağa və bununla da Rusiyanın Cənubi Qafqazdakı mövqeyini gücləndirməyə çalışırlar?
Akif Nağı cavab verib: “Hesab edirəm ki, sual bir qədər səhv qoyulub. Ermənilərin arxasında həmişə onları Azərbaycanlılara qarşı istifadə edən qüvvələrin olması iddiaları doğru deyil. Bu cür izahatlar məsuliyyəti Ermənistan tərəfindən yayındırmaq və onu "atan kazaklardır” kimi təbıiğ etmək cəhdidir. Hətta işğal illərində də biz və şəxsən mən vurğulayırdıq: bizə qarşı vuruşan ermənilər, Ermənistan dövləti və onun silahlı qüvvələridir. Onlardan kim və necə istifadə edir, bu, ikinci dərəcəli məsələdir. O vaxtlar tez-tez “Torpaqlarımızın işğalının səbəbi Rusiyadır; əslindəRusiya bizimlə vuruşur...” kimi arqumentlər eşidilirdi. Mən o vaxt da demişdim, indi də təkrarlayıram: Rusiya iştirakını inkar etsə belə, Ermənistandan bir vasitə kimi istifadə etdiyi açıq-aydın görünürdü. 44 günlük müharibə zamanı bu vasitə sıradan çıxdı və Rusiya onu bərpa edə və yenidən bizə qarşı çevirə bilmədi.”
Daha sonra Nağı 19-cu əsrin əvvəllərində ermənilərin siyasi məqsədlər üçün Azərbaycan ərazilərinə, Qarabağa və İrəvan xanlığına köçürülməsi ilə bağlı Azərbaycanda geniş yayılmış tezisi təkrarladı. Onun fikrincə, ermənilərdən, o cümlədən Osmanlı İmperiyasına qarşı "Troya atı" kimi istifadə olunurdu.
Nağının sözlərinə görə, Sovet dövründə Azərbaycandakı ermənilərə əhəmiyyətli üstünlüklər verilirdi. İddialara görə, onlara əlverişli yaşayış və karyera şəraiti verilirdi və müxtəlif dövlət qurumlarında əsas vəzifələr tuturdular. İddia olunur ki, rəhbər vəzifələri yalnız erməni millətindən olan nümayəndələrin tutduğu nazirliklər və rayonlar var idi. Müəllifin sözlərinə görə, ermənilər tibb, təhsil və digər sahələrdə əhəmiyyətli üstünlüklərə malik idilər. O, həmçinin ermənilərin Bakıda "Ermenikend" bölgəsində kompakt şəkildə məskunlaşmasından, Şaumyan bölgəsinin yaradılmasından və onun sözlərinə görə, Dağlıq Qarabağın mahiyyət etibarilə Azərbaycanın real nəzarətindən kənarda olmasından və guya yerli qanunların orada tətbiq edilməməsindən bəhs edir. "Nəticə nə oldu? Biz onlara belə şərait yaratdıq, yüksək imtiyazlar verdik, amma sonda onlar yenə də bizə xəyanət etdilər. Bu o deməkdir ki, onların siyasəti ərazimiz daxilində bizə qarşı bir dayaq yaratmağa yönəlib. Buna görə də, bu "Troya atları" Azərbaycandan mümkün qədər uzaqlaşdırılmalı və bütün əlaqələr dayandırılmalıdır. Onların bir daha vətənimizə qayıtmalarına icazə verməməliyik..."(təhrif olunub-S.L.) deyə Nağı bildirir.
Siyasətçi iddia edir ki, erməni əhalisinin Qarabağdan könüllü şəkildə çıxması gözlənilməz olub, lakin indi geri qayıtmaq cəhdləri müşahidə olunur. O soruşur: niyə ermənilər yenidən Qarabağda və ya Bakıda məskunlaşıb təhlükəsizlik üçün təhdid yaratmalıdırlar? "Niyə qayıtmalıdırlar? Niyə burada yuva qurmalıdırlar? Niyə yenidən bizə qarşı casus şəbəkələri, təxribatlar və terrorçu qruplar yaratmalıdırlar? Niyə buna ehtiyacımız var? Hazırkı qarşılıqlı səfərlərin mahiyyəti məhz budur. Onlar bizim dostumuz olmağa gəlmirlər. Bəs onda niyə ermənilərlə dostluğa ehtiyacımız var? Biz onlardan asılı deyilik. Azərbaycanın ermənilərə ehtiyacı yoxdur."
Zəngəzur dəhlizi ilə bağlı Nağı bildirib ki, dəhliz Azərbaycanın nəzarəti altında açılmalıdır və onun fikrincə, beynəlxalq hüquq bu məsələdə Bakının tərəfindədir. "Mənim mövqeyim belədir: Zəngəzur dəhlizi Azərbaycan ordusu tərəfindən azad edilməlidir, Zəngəzurun qərb hissəsi azad edilməlidir və bizim buna tam haqqımız var və beynəlxalq hüquq bizim tərəfimizdədir. Bundan sonra bizim ermənilərə ehtiyacımız olmayacaq. Üstəlik, bu gün Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, həm də bir sıra dünya güclərinin maraqlarına cavab verir. Onların iştirakı ilə dəhliz fəaliyyət göstərəcək və bunun üçün"Bunun üçün ermənilərlə xüsusi münasibətlər qurmağa ehtiyac yoxdur. Onlara rəğbət bəsləməyə, onları qucaqlamağa ehtiyac yoxdur..."
Daha sonra erməni müxbir belə yazır:
"Şübhəsiz ki, Azərbaycan cəmiyyətinin əhəmiyyətli bir hissəsi oxşar inanclara malikdir. Məntiqi bir sual yaranır: Bakı və İrəvan "sülh və mehriban qonşuluq münasibətlərinin qurulması" adlı bu şounu kim üçün və hansı məqsədlə təqdim edirlər? Havasına ermənilərə nifrət hopduğu bir cəmiyyətlə sülhə nail olmaq mümkün deyil. Bakı hakimiyyəti nifrət bəsləməyə davam edəcək, əmindir ki, məhz bu güclü hiss onları qələbəyə aparıb, hələ də istifadə edilə bilən potensial olub. Əliyevin ermənilərlə sülhə ehtiyacı yoxdur. Əksinə, o, hələlik ermənilərə düşmən kimi ehtiyac duyur..." (açıqlama Azərbaycan dilindən tərcümə olunub)”.
P.S. Ermənistandakı revanşistlərin Azərbaycandakı belə hadisə və açıqlamalara məhz bu cür reaksiya verəcəyini öncədən proqnozlaşdırmışdıq və hörmətli Akif Nağı ilə söhbətimizdə də bunu diqqətə çatdırırdıq. Sözsüz ki, Akif bəyin Qarabağda, Bakıda, Gəncədə və s. yaşamış ermənilərin bütövlükdə bir toplum kimi Azərbaycana qarşı nankorluq etdikləri barədə dedikləri gerçəklikdir. Ancaq burada iki toplum arasında münaqişədən öz məqsədləri üçün yararlanmağa çalışan keçmiş SSRİ və Rusiya xüsusi xidmət orqanlarının, eləcə də erməni kilsəsinin və xaricdəki erməni diasporunun böyük rolunu da qeyd etmək vacibdir. Bunu hələ 90-cı illərdə də yazmışıq; bəlkə də ermənilər öz ağıllarıyla hərəkət etsəydilər, Azərbaycandakı rahat həyatlarını müharibə ilə əvəzləməzdilər?..
Bütün hallarda bu sətirlərin müəllifi özü də Ermənistanla və Qarabağdakı separatçı-terrorçularla 30 illik münaqişənin acılarını yaşamış məcburi köçkün vətəndaş kimi o mövqedə(bax: burada: və burada: )qalır ki, şəhid və qazilərimizin qanı hesabına torpaqlarımızın azad edilməsi sayəsində başlada bildiyimiz sülh prosesinə, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına var gücləri ilə mane olmağa çalışan Kremlin və İrəvandakı irqçi revanşistlərin əlinə o sülhü pozmaq və yeni bir müharibə başlatmaq üçün “kozır” verməyək... Yəni 1905-1906-cı illəri, 1918-ci ili, Qərbi Azərbaycanı, Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli və s. unutmayaq, amma Samirə Əfəndi kimilərin hansısa davranışından istifadə edib ermənilərə qarşı nifrəti körükləməyək. Bizim xalq və dövlət olaraq əsas hədəfimiz indiki Paşinyan hakimiyyəti ilə şimal qonşumuzla bağlı siyasətimizi maksimum uyğunlaşdırıb Rusiyanın caynağını hər iki ölkənin(elə Gürcüstanın da) yaxasından birdəfəlik çəkməyinə, iki ölkə arasında sülh sazişininn imzalanmasına, həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və diplomatik əlaqələrin bərpasına nail olmaqdır. Ondan sonra hakimiyyətə gələ bilməyən və arxalarında heç bir qlobal güc hiss etməyən revanşistlər də səslərini içlərinə salmağa məcbur olacaq. Gələcəkdə hətta Fransa və ya ABŞ öz maraqları üçün istəsə belə, o məsafədən, həm də qardaş Türkiyə maneəsini keçərək bir daha erməni kartından yararlana bilməyəcək... Və bütövlükdə ermənilər necə ki, bu gün Türkiyə ərazisində dinməz-söyləməz yaşayır, bizimlə qonşuluqda da dinc yaşamağa(hətta Bakıya gedib-gəlsələr belə) davam edəcəklər...
Akif Nağının açıqlaması və revanşistlərin ona reaksiyası Azərbaycan üçün bir növ eksperiment oldu... Gəlin bundan nəticə çıxarıb onların və Moskvanın oyunlarına getməyək ki, indiki mürəkkəb geo-siyasi durumda regionumuzda sülhə nail olaq...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















