Icma.az
close
up
RU
Azərbaycan müxalifətinin ən böyük problemi elə özüdür MÜSAHİBƏ

Azərbaycan müxalifətinin ən böyük problemi elə özüdür MÜSAHİBƏ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Köhnə kitablardan oxuduğumuz nəzəriyyələr dağılıb"

"Niyə uşaq yeməyinə, dərmana 15 faiz rüsum qoyulmalıdır?"

"Erkin Qədirli Azər Qasımlının ailəsi ilə maraqlanır"

"Sevinc Osmanqızı 2 il əvvəlki müsahibəmi kəsib paylaşıb, insan bu qədər alçaq olmaz"

"Erkin Qədirli mediadan inciyib"

REAL Partiyasının sədri Natiq Cəfərli Modern.az redaksiyasının qonağı olub. Partiya sədri ilə dünyada gedən proseslər, eləcə də daxili siyasi məsələlər ətrafında geniş söhbət apardıq.

- Natiq bəy, xoş gəlmisiniz. Gündəmlə başlayaq. Prezident İlham Əliyev bu yaxınlarda Çinə səfər edib. Bu, il ərzində həmin ölkəyə ikinci rəsmi səfərdir. Görünür, Azərbaycanın Çindən gözləntiləri böyükdür. Bakının Pekindən əsas gözləntiləri nədir?

- Çin dünya iqtisadiyyatında bu gün çox önəmli yer tutur. Hətta bəzi hesablamalara əsasən Ümumi Daxili Məhsulun həcminə görə Çin ABŞ-ni də keçib. Bəzi hesablamalar ona görə deyirəm ki, Çində statistik məlumatların tamamını almaq mümkün deyil. Ölkə biraz qapalıdır. Həm də regionlarda baş verən iqtisadi aktivliyin heç də hamısı rəsmi olmur. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Çin iqtisadiyyatının üçdə biri kölgə iqtisadiyyatıdır. Kölgə iqtisadiyyatını da nəzərə alsaq, Çin ABŞ-ni ÜDM-nin həcminə görə keçib. Ona görə də Çin vacib ölkədir. 

Azərbaycanın Çindən iki böyük gözləntisi var. Birinci gözlənti investisiyalarla bağlıdır. Çinin Cənubi Qafqaza əhəmiyyət verdiyini görürük. Yaxın 10 ildə Gürcüstanla 8 milyard dollarlıq investisiya layihələrinin həyata keçirilməsi gözlənilir. Hətta elektriklə işləyən avtomobil zavodunun tikilməsi də nəzərdən keçirilir. Gürcüstanda Çin böyük bir liman qurur. Bütün bunlar Çinin potensialının artdığını göstərir. Asiyada, Afrikada böyük investisiya layihələri həyata keçirilir. Azərbaycan da istəyir ki, Çin investisiyaları ölkəmizə axsın. Azərbaycan bazarının və iqtisadiyyatının vəziyyətini nəzərə alsaq, təqribən 10 milyard dollarlıq investisiya cəlb edilə bilər və bu çox böyük irəliləyiş olacaq. Həm də bu minlərlə iş yeri deməkdir. Şərqi Zəngəzur və Qarabağda investisiyalara ehtiyac var. 

İkinci gözlənti və fəaliyyət istiqaməti logistika, yəni yeni marşrutların işlənilməsidir. Çinin çox böyük əhəmiyyət verdiyi layihələrdən biri “Bir kəmər bir yol”dur. Bu layihə ilə Orta Dəhliz kəsişir. Azərbaycan da bu kəsişmədən istifadə etməyə çalışır. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Çinlə Avropa Birliyi arasında böyük bir bağ qurmağa çalışır. Avropa Birliyi və ona daxil olmayan Avropa ölkələrinin Çinlə ticarət dövriyyəsi 1 trilyondan çoxdur. 1 trilyon dollarlıq böyük bir yük dövriyyəsindən Azərbaycan pay almağa çalışır. Azərbaycan üzərindən keçəcək dəmiryolu və avtomobil yolları vasitəsilə yük daşımaları daha sərfəlidir. Çin üçün də bu sərfəlidir. Çünki onun Avropaya yeganə çıxışı Rusiya üzərindən idi. İndi orada problemlər var. Çünki Rusiya sanksiya altındadır. Yumşaq desək, xarici şirkətlər sığorta olmadan yük daşımır. Rusiyadan keçən yüklərin sığortalanması da sanksiyalara görə problemə çevrilir. Çünki beynəlxalq sığorta şirkətlərinin mərkəzi Londondur. London da həmin yükləri sığortalamır. Ona görə də yeni marşrutlara ehtiyac var. Çinin də marağındadır ki, bu 1 trilyonluq ticarət dövriyyəsinin bir hissəsini  Azərbaycan üzərindən Orta Dəhliz vasitəsilə Avropaya çatdırsın. Zaman olaraq da bu Rusiya yolundan daha qısa müddətə başa gəlir. Rusiya üzərindən yüklər Avropaya 26 gündə çatır. Azərbaycan  üzərindən isə 14-16 günə çatır. Yəni bu təqribən 10 gün vaxta qənaət deməkdir. İqtisadiyyat, ticarət dövriyyəsi üçün bu müddət çox önəmlidir. Zaman və təhlükəsizlik baxımından Azərbaycan yolu daha sərfəlidir. Bu illər ərzində yeganə tariflərlə bağlı problemlər vardı. İndi mən bildiyim qədərilə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə vahid tariflə bağlı ümumi razılığa gəliblər. Vahid tarif siyasəti o deməkdir ki, Çindən konteyneri yola salan iş adamı bir dəfə ödəniş edəcək. Ayrı-ayrı ölkələrlə danışmayacaq. İnvestisiya və logistika baxımından Azərbaycan-Çin münasibətləri çox böyük perspektivlərə malikdir.

- Bəziləri düşünür ki, müharibə bitdikdən sonra Çin yenidən Rusiya vasitəsilə Avropaya gedəcək və Orta Dəhliz layihəsi ikinci plana keçəcək. Bu iddialar sizcə nə qədər doğrudur?

- Mənə görə Ukrayna-Rusiya müharibəsi bitsə də, Rusiya-Qərb münasibətlərinin düzəlməsi mümkün olmayacaq.

- 2014-cü ildə də belə deyirdilər...

- Onda vəziyyət fərqli idi. 2014-cü ildə müharibə yox idi, sadəcə ruslar dünyanın gözü qabağında sakitcə, bir güllə atmadan Krımı ələ keçirdi. Orada biraz Krım tatarları müqavimət göstərdi, başqa elə bir dirəniş olmadı. İndi isə hər iki tərəfi götürsək, 2 milyona yaxın insan ölüb və yaralanıb. Yəni bu müharibənin nəticələri uzun müddət çəkəcək. Hətta atəşkəs elan olunsa belə, Rusiya üzərindən bütün sanksiyaların götürüləcəyi, aktivlərinin geri qaytarılması - bunlar uzun çəkəcək. Hətta mən düşünürəm ki, bu, post-Putin dönəmində mümkün ola biləcək. Lap tutaq ki, yenidən Rusiya ilə yol açıldı. Axı Azərbaycan üzərindən yol daha qısa və effektivdir. Yəni 26 gün hara, 14 gün hara? Ona görə Azərbaycan üzərindən keçən yol daha çox tələb görə bilər. 

- Amerika ilə iqtisadi sazişlər də imzalanıb. Bakının iki böyük güc arasında seçim etməsi mümkündürmü? Yoxsa hər iki qütblə də işləyəcəyik?

- Dünyada da, bizdə də belə bir mif var ki, sən ABŞ-lə ticarət edirsənsə Çinlə, Çinlə ticarət edirsənsə ABŞ-lə ticarət edə bilmərsən. ABŞ və Çin özləri ən böyük ticarət tərəfdaşlarıdır. Ötən il 683 milyard dollar ticarət dövriyyəsi olub. Yəni ABŞ Çində, Çin də ABŞ-də ən böyük investordur. Çinin ABŞ-də 3 trilyon dollar investisiyası var. Ona görə də bu bir mifdir ki, kiçik ölkələr seçim etməlidir. Belə bir şey yoxdur. Azərbaycan həm Çin, həm də ABŞ ilə işləyə bilər. Burada heç bir problem yoxdur. Çünki Çinə qarşı sanksiyalar da yoxdur ki, ABŞ onlara rəğmən Çinlə işlədiyimizə görə qıcıqlansın. Ona görə də burada Azərbaycan qızıl ortanı tapmağa çalışır. Mənə elə gəlir ki, bu mümkündür. Çinin ən böyük ticarət tərəfdaşları var ki, ABŞ-nin bir nömrəli siyasi və iqtisadi tərəfdaşlarıdır. Elə bir vəziyyətə gəlib çatmışıq ki, köhnə kitablardan oxuduğumuz, beynimizdə qurduğumuz nəzəriyyələr dağılıb. Artıq yeni konsepsiyalar meydana gəlir. Burada da mənə elə gəlir ki, ağ-qara yanaşmalar,  doqmalar ikinci plana keçəcək. Bunu da yavaş-yavaş görürük. Ümumiyyətlə, dünya yeni oyun qaydalarına hamilədir. BMT, iqtisadiyyat qanunları artıq işləmir. Məsələn Ümumdünya Ticarət Təşkilatı. Onun yaradılmasının səbəbi ticarət qarşısında yaradılan bütün süni manelərin aradan qaldırılmasıydı. İndi hamı bir-birinə sanksiya tətbiq edir. Yavaş-yavaş yeni qaydalar yaranır. Bu proses 3-5 il çəkər. Yeni qaydalar təsis olunandan sonra qızıl ortanı tapa bilən, yəni hamı ilə normal münasibətləri qurmağı bacaran ölkələr yeni konfiqurasiyada daha öndə olacaq.

- Çinlə iqtisadi sazişlər imzalananda bəzi iqtisadçılar, dəmir yollarına, süni intellekt sahəsinə investisiyaların qoyulacağını demişdi. İndi də ABŞ ilə iqtisadi saziş imzalandığı üçün belə iddialar gündəmə gəlir. Ancaq bəzi ekspertlər iddia edir ki, xarici ölkələr Azərbaycana investisiya yatırmaqda maraqlı deyil. Bunun səbəbi kimi siz də həmişə investisiya mühitinin olmamasının göstərirsiniz. Necə düşünürsünüz, Azərbaycan xarici ölkələrin investisiyası üçün əlverişli ölkədirmi...

- Maraqlı bir hekayə var. II Əbdülhəmid silahlanmada uduzduğunu görür, paşaları çağırıb Böyük Britaniya və başqa ölkələrdən silah almağı əmr edir. Paşalar deyirlər ki, padşah sağ olsun, biz rəqibik onlar bizə silah satmır. Bu zaman deyir, gedin, zavod tikin özümüz istehsal edək, deyirlər mühəndis yoxdur. Almaniyadan, Fransadan yüksək məbləğlər verərək mühəndislər gətirirlər. Bir müddət keçəndən sonra deyirlər ki, mühəndislər gedir. Padşah səbəbini soruşur, deyir pulları azdır? Cavab verirlər ki, pulları var, amma həkim yoxdur. Hökmdar bu dəfə deyir xəstəxana tikin, onda paşalar deyir ki, həkim yoxdur, xaricdən tapıb gətirirlər. İki aydan sonra da gəlirlər ki, həkimlər, mühəndislər gedir. Bunun səbəbi kimi də deyirlər ki, tədris, məktəb yoxdur. Uşaqlarını məktəbə qoymaq istəyirlər. Bu zaman Fransız liseyi açılır. Söhbət ondan gedir ki, bir silah istəyirdi, hansı addımları atmağa məcbur oldu. Axırda Nişantaşında restoranların açılmasına da icazə verilir. Bizdə də budur. Hökumətin investisiyanı istədiyinə əminəm. Kim istəməz?! Amma bunun üçün 10 addım atmalısan.

Azərbaycan kiçik ölkədir. İnvestor üçün bizdən asılı olmayan, obyektiv səbəblər də var. 10 milyonluq bazara investisiya qoymaqdan çəkinirlər. Ona görə biz regional bazarın bir parçası olmalıyıq. Cənubi Qafqaz, Orta Şərq bazarının bir hissəsi, Rusiyaya, İrana çıxış üçün qapı olmalıyıq ki, investor üçün maraq yaransın. 10 milyonluq bazar üçün mən niyə gəlib telefon zavodu açım? Bu, obyektiv səbəbdir.

Subyektiv səbəb isə qanunvericiliklə bağlıdır. Azərbaycanda aşırı tənzimləmə qanunları var ki, biabırçı vəziyyətdədir. Avropa Birliyinin biabırçı qanunlarını Azərbaycan götürüb tətbiq etdi. Hər şeyi tənzimləməyə çalışırlar. Avropanın bugünkü iqtisadi tənəzzülünün, çöküşünün səbəbi aşırı tənzimləmə, sovetləşmədir. Sovet zamanında nə qədər requlyativ qaydalar tətbiq edilirdisə, indi Avropada da elədir. Azərbaycanda da vergi, gömrük qanunlarının bir çoxu Avropa Birliyindən götürülüb. Azərbaycanın özünün yolu olmalıdır. Niyə Avropa gömrük rüsumları ilə Azərbaycandakı rüsumlar eyni olmalıdır? Niyə uşaq yeməyinə, dərmana 15 faiz rüsum qoyulmalıdır? Biz bunları istehsal edirik? Bizdə texnika istehsalı yoxdur, sən iki telefonu ölkəyə gətirə bilmirsən. Bax, bütün bunlar ölkədə investisiya mühitinin zəif olduğunu göstərən, investorları geri itələyən faktorlardır.

Bunun səbəblərindən biri də məhkəmə hakimiyyətidir. Məhkəmə hakimiyyəti çox cəld və çevik işləməlidir. Bu boyda ölkədə 512 hakim var. İqtisad məhkəməsinə müraciət edirsən, bir ildən çox çəkir. Mən pul itirirəm axı. Qazaxıstan Nursultan Nazarbayevin vaxtında iqtisad məhkəmələrini ayırdı və ora İngiltərədən hakimlər dəvət etdi. İnvestorlara ingilis dilində tələb etməyə icazə verdi. Məhkəmə hakimiyyəti ingilis dilində olsun desən, bizdə millətçilər deyəcək, sən vətəni sevmirsən, vətən xainisən. Niyə? Qoy, bir məhkəmə də ingilis dilində olsun. Söhbət ondan gedir ki, beynəlxalq investorlar “ürkək ceyrandılar”, harada problem görürlər, qaçırlar. Onlar üçün o qədər şərait yaradıb, başlarını sığallamalısan ki, səni seçsinlər.

Biz elə bilirik ki, investor gəlib bizə yalvarmalıdır ki, burada pul qoymağa icazə verin. Elə deyil. Dünyada elə investor yoxdur. Bu gün Özbəkistanda olan avtomobil şirkətləri birinci Azərbaycana gəlmişdi. Gəldilər, 6 aydan sonra Özbəkistana qaçdılar. Onların da üstünlüyü onda idi ki, 30 milyon idilər, indi 40 milyona çatıblar. İnvestor nəvaziş tələb edir. Rayonlara investisiya qoysan, icra başçısı qapıya təpik vurur ki, mən də şərikəm. İctimai siyasi bir səbəb də var. İnvestor həmişə yeni oyun qaydaları istəyir. Məsələn Azərbaycanda 90-cı illərdə birdən-birə “Pub” mədəniyyəti yarandı. Həmin “Pub”lar İngiltərə və Şotlandiyadan 4000 işçinin gəlməsi ilə əlaqədar açılmışdı. Ağılımıza da gəlməzdi ki, “BP” burada neft çıxaracaq, “Pub” yaranacaq. İnvestorların böyük həcmdə gəlməsi başqa oyun qaydaları tələb edir. İndiki sistem, məncə buna hazır deyil. Dubayda birdən-birə vəziyyət dəyişdi. Çünki anladılar ki, investor cəlb etmək istəyirlərsə, bu, yalnız vergiləri aşağı salmaqla deyil. Onların həyat tərzinə uyğunlaşma ilə mümkündür. Formal olaraq, Dubayda alkoqollu içki satışı yoxdur, amma hər yerdə var.

- Vəfa Quluzadə həmişə deyirdi ki, Rusiya dağılacaq. Siz də tez-tez yazırsız ki, Avropa dağılacaq. Avropada nə baş verir, bəziləri deyir ki, Avropadakı böhranın səbəbi lider çatışmazlığıdır.

- İlk simptomlar SSRİ dağılandan sonra başladı. İdmanda da belə bir şey var "sparrinq yoldaşı"n güclü olmasa, sən formadan düşürsən. Avropanın "sparrinq yoldaşı" SSRİ idi, qorxurdular, çəkinirdilər, özlərinə çəki-düzən verirdilər. Obrazlı desək, məşq edirdilər. Sonra məşq qurtardı, qarın buraxdılar. SSRİ dağıldı, rəqib görmədilər. Dedilər ki, sivilizasiyanın sonudur. Ən böyük səhvləri ondaydı. İnandılar ki, Rusiya bu gün-sabah dağılacaq, bununla da hər şey bitəcək. Yəni bunlar tarixdən gələn dərsləri doğru qavraya bilmirdilər. Son illər daha çox Avropa Birliyini ona görə tənqid edirəm ki, 2008-2009-cu illərdən, əsasən də Gürcüstan hadisələrindən sonra 30 dəfə Avropada müxtəlif konfranslarda bu haqda biz danışırdıq. Bu fikirləri onda marjinal sayırdılar, deyirdilər, boş şeydir, bunlar nə danışırlar? Biz bilmirik neynəyirik, siz bizdən ağıllısınız? Gürcüstan hadisələri olanda Rusiyaya qarşı heç nə etmədilər.

2007-ci ildə Vladimir Putinin Münhen çıxışı var. Adam açıq deyir ki, gəlirəm, maraqlarımızı müdafiə etmək üçün hərbi gücdən istifadə edəcəyik. Bunu saymadılar. 2000-ci illərin əvvəllərində Rusiyanı qucaqlayıb boğmaq üçün şərait yaranmışdı, NATO-ya, Avropa Birliyinə üzvlük istəyirdilər. Onlar olsaydı, indi bütün bu hadisələr yaşanmazdı. 1997-ci ildə Yeltsin belə təkliflə çıxış edəndə qoymadılar ki, siz zəifsiniz. 2001-2002-ci illərdə Putin istədi, dedilər, siz kimsiniz Avropa sivilizasiyasının üzvü olasınız. Qova-qova Rusiyanı "monstr"a çevirdilər. 2014-cü ildə Krım işğal olunanda heç nə etmədilər. Donbassda hadisələr olanda da heç nə etmədilər. Ukraynada indi davam edən müharibə başlayanda 2022-ci ildən sonra bir neçə böyük tədbirlərdə onları başa salmağa çalışırdım. Aralarında Prezidentlər, Baş nazirlər olan konfranslar olurdu. Onlar deyirdilər ki, Rusiyada insan itkiləri böyük etirazlara səbəb olacaq. Yəni 30-40 min rus olanda əhali Kremlin qarşısına toplaşacaq və ya “Müharibəni dayandır", ya da “Putin istefa” deyəcəklər. Məni gülmək tuturdu, bunlara deyirdim ki, siz deyəsən Rusiya tarixini bilmirsiniz. Sovetşünaslıq güclü idi, çünki qorxurdular. Amma Rusiyaşünaslıq yox idi. Deyirdim ki, I Pyotr Peterburq şəhərini tikəndə 100 min kəndli ölmüşdü. Ona deyirdilər ki, imperator sağ olsun, ölürlər. Deyirdi ki, bunlar ölmək üçündür. Tarixin arxivlərində bunlar var. Şəhər tikəndə 100 min adam öldürdülər, müharibədə 500 min də, 1 milyon da öldürəcəklər, veclərinə də deyil.

Sanksiyalarla bağlı milyon dəfə başa saldıq ki, dünyada pulun və ideologiyanın qabağını kəsmək mümkün deyil. Pul və ideya özünə yol tapır. Sovetlərin ən kəskin dönəmində belə müxalif qüvvələr vardı, qəzetlər, jurnallar buraxırdılar. Ən kəskin dönəmdə fəaliyyət göstərirdilər, çünki ideyadı, bunun qarşısını necə alacaqsan, hamını öldürməyəcəksən ki? Digər yandan pul. Pul varsa, hər şeyin yolu tapılacaq. Rusiya deyir ki, mənim pulum var, gəlin, mənə mikrosxem lazımdır. O bir yolla, lap Ermənistandan gələcək. Bunları anlamaq istəmədilər.

"İki ildən sonra Avropada kifayət qədər "Tramp" yaranacaq"

Avropalıların fundamental səhvləri haqda ən yaxşı Henri Kissencer deyib. Avropa Birliyi təsis olunanda ona CNN-in jurnalisti zəng vurur və deyir ki, Avropa Birliyi təsis olundu, bunlara ürək sözləriniz nədir. Dedi, onların telefonu varmı, zəng edim ürək sözlərimi deyim. Bu nə deməkdir? Avropa Birliyinin telefonu kimdədir? Sonrakı çıxışlarında da Kissencer deyirdi, bunlar Avropa Birləşmiş Ştatları olmalıdır, yəni mərkəzləşdirilmiş hökumət olmalıdır. Bu da mümkün deyil. Ona görə ki, Avropa xalqlarının tarixi inkişafı, indiki inkişaf səviyyəsi tamam fərqlidir. Cənubla Şimal çox fərqlidir. Hətta liqaların bölünməsi ideyası vardı. Sən Almaniya ilə Yunanıstanı, Belçika ilə Bolqarıstanı birləşdirə bilməzsən, mümkün deyil. İki liqaya ayırsaydılar, bu başqa məsələdir. Ümumi idarəetmə və fəlsəfənin olmaması da öz təsirini göstərdi. Bir də ən vacib məsələrdən biri indi üzə çıxdı. Məsələ Fitso, Orban kimi liderlər var.

Bunu da proqnozlaşdırmaq mümkündür ki, iki ildən sonra Avropada kifayət qədər "Tramp" yaranacaq. Onlar da öz maraqlarını istəyirlər. Avropa dağılmasa da, mərkəzi gücünün zəifləməsi prosesi baş verəcək, yəni milli dövlətlərin güclənməsi baş verəcək. Biznes deyir ki, mənim milli qanunvericilikləri Avropada onsuz da canımı boğaza yığmışdı, divara mismar vurmaq olmur. Milli qanunvericilik çox sərtdir. Bunun üzərinə də “over regulation” gəldi, Avropa Birliyinin tənzimləmə mexanizmləri. Xeyir ola, mən burada ölürəm. Məsələn Praqada bir restoran açmaq istəyən adam 2 ildən çox vaxtı gedir. Sən sənədləri qaydaya salmalı, icazə almalısan. Hə, bizimlə fərqləri ondadır ki, rüşvət yoxdur. Mənim italyan dostum vardı, deyirdi ki, rüşvətdən niyə belə pis danışırsan, pulunu verib, işini həll edə bilirsənsə, yaxşı şeydir (gülür...).

Orada rüşvət yoxdur, amma süründürməçilik var. Adi interneti çəkə bilmirsən. 1-2 ay çəkir. Mənim oğlum tələbə olanda Fransada evinə 2 ay internet çəkə bilmədi. Bu aşırı tənzimləmələr Avropanı çətin vəziyyətə qoydu. İndi də sənayeləşmənin tamamilə çökdüyünü görürük. Biraz dərinə gedib, məsələlərə üstdən baxsaq, bu müharibənin bir səbəbi də o idi ki, ABŞ Rusiya ilə Avropanın enerji bağlarının qopmasını istəyirdi. Bu da baş verdi. ABŞ 20 milyard kub metr qaz verirdi, indi bu 80 milyard kubmetrə yüksəlib. Rusiyadan 230 dollara alırdılar, ABŞ satır 50 dollara. Məsələ budur. Sənin ucuz enerji daşıyıcıların olmasa, sənayeləşmədə uduzacaqsan. Bir də komfort zonadan çıxmağı AB hələ bacarmır, təsəvvür də etmir.

Trampa nə qədər dəli desələr də, bir çox şeyi düz deyir. 80 ildir ki, Avropa ölkələri öz müdafilərini ABŞ-yə həvalə etmişdilər. Hərbiyə xərcləmədikləri pulu sosial həyata yönəltdilər, sosialistləşdilər. Burada SSRİ-nin də rolu vardı, çünki onun hekayəsi böyüyürdü. İtaliyada, Yunanıstanda kommunistlər udurdular. Müharibədən sonra Avropaya yayıldı ki, SSRİ-də pulsuz ev verirlər. İnsan övladı pulsuz şeydən ötrü ölür. Pulsuz ev, səhiyyə, təhsil, bu hekayə Avropada o qədər böyümüşdü ki, Avropa hökumətləri bolşevizm, kommunizm qorxusundan sosial haqlar paylamağa başladılar. 80-ci illər də bir də ayıldılar ki, ABŞ-nin orta statistik vətəndaşı Avropadan pis yaşayır. Belçika vətəndaşı ABŞ vətəndaşından yaxşı yaşayır. Bunu ilk dəfə ABŞ Prezidenti Ronald Reyqan dilə gətirdi və dedi ki, xeyir ola, təhlükəsizliyinizə trilyonlarla pul xərcləyirik, siz də miqrantlara, öz əhalinizə xərcləyib bizdən yaxşı yaşayırsınız?

Ondan sonra demokratlar hakimiyyətə gəldi, dünyada liberal demokratlar qalib gəldi. Onlar məsələlərə tamam başqa cür yanaşırdılar. Avropa hələ də ayılmayıb. Turizmə qarşıdır, deyir, gəlməsin. Pul qazanırsan da. İqlim dəyişikliyi, gender məslələri kimi gic-gic məsələləri gündəmlərindən düşürmürlər. Gündəliyiniz bu olsa, burada da ilişib qalacaqsınız. Bu gün Çin deyir, Ayda koloniya qururam, İlon Mask da Marsda koloniya qurulmasından bəhs edir. Sən də deyirsən ki, qadınsan, yoxsa kişisən? Sənin gündəmin turizm, istehsal sahəsi olmalıdır. Avropa Birliyi ölkələrində xidmət həmişə daha güclüydü. Sən xidmətdə də, istehsalda da uduzursan, axırı nə olacaq?

Mənə elə gəlir ki, orada bu dəqiqə deinteqrasiya gedir. Avropa Birliyi ideyası pis deyil, sadəcə altını doldurmaq üçün yetərincə iş görülmədi və fərqli iqtisadi durumda olan ölkələri eyni birliyə salmaq olmaz. Adını qoyardın Avropa Birliyinin partnyor ölkələri, hamımızı da ora qatardın. Avropada bazar qiymətləri xeyli fərqlənir. Niyə? Polşada yeyib-içirsən 20 avro verirsən. Eyni yeməyi Belçikada ye, 150 avro verəcəksən. Eyni birlik, iqtisadi məkanda bu qədər disbalans yarana bilməz.  Polşa və Çexiya avroya keçmir. Əslində hamı sevinməliydi, bəs niyə belə oldu? Çünki öz valyutan olanda daxili dalğalanmaları tənzimləmək mümkün olur. Gah inflyasiyaya gedir qiymətləri düşürürsən, qaldırırsan. Mərkəzi banklar işləyə bilir. Burada işləyə bilmir axı. Brüsseldə, yaxud Berlində Mərkəzi Bank qərar verir, sən də yerinə yetirməlisən. Ona görə mən deinteqrasiya addımlarının ciddi davam edəcəyini düşünürəm. Yaxın 2-3 ildə Avropa Birliyinə həddindən artıq Skeptik yanaşan siyasi qüvvələr hakimiyyətə gələ bilər.

"Rusiya ilə Azərbaycan arasında gərginlik dekabr ayına qədər xeyli azalacaq"

- Rusiya-Azərbaycan münasibətlərində gərginliyi necə həll edə bilərik? Rusiya hansısa real təhdidlər edə bilərmi?

- Birincisi gərginliyi yaradan Rusiyadır. Ona görə də Rusiya özü gərginliyi aradan qaldırmalıdır. Görünən odur ki,  buna cəhdlər edir. Ritorikanı bir kənara qoyun. Solovyev və başqaları nə danışdı, bunlar önəmli deyil. Əməllərə baxmaq lazımdır. Şahin Musafayevlə Aleksey Overçuk görüşdü, Rusiya senatının rəhbəri Azərbaycana səfər etdi. Mənə elə gəlir ki, dekabr ayına qədər gərginlik xeyli dərəcədə azalacaq. Əvvəla ona görə ki, Rusiya formal olaraq, istintaq prosesinin dekabrda yekunlaşdığını və bundan sonra fikirlərini deyəcəyini bildirir.  İstintaq bitəndə deyəcəklər, biz nə deyirdik, gözləyirdik, proses tam yekunlaşsın. Üzr istəyib, kompensasiya verəcəklər. Cinayətkarların cəzalandırılması baş tutmaya bilər. Çünki Putin hərbçiləri cəzalandırmır. 

Diasporla bağlı fərqli düşünürəm. Bu Azərbaycanla bağlı məsələ deyil. Rusiyada institusional güc olaraq bir diaspor qalıb. Bu gücü ələ keçirmək üçün mübarizə gedir. Məsələn Yekaterinburqda FSB öz yaxın adamını təyin etdi. Onlar başa düşürlər ki, bir zəng və ya vatsap mesajı ilə 1000, 10000 adam bir yerə yığıla bilirsə, bu təhlükədir. Bu da sırf Azərbaycanla bağlı məsələ deyil, özbəklərlə, taciklərlə, ermənilərlə də, hamıyla belə davranırlar. Çünki diasporal güc çəkindiricidir. Ramazan bayramında yarım milyon insan çıxıb Moskvada namaz qıldı. Bunlar dəli olmuşdular. Solovyev deyir, onlar namaza yox, mitinqə gəlsə, nə olacaq. Ona görə Rusiyada baş verənlərin miqrant ayağı biraz fərqlidir. Miqrant məsələsi sırf azərbaycanlıdır deyə mən ona hücum edim o mənada deyil.

Miqrantları təsiri altına salmaq və ya  parçalamaq istəyirlər. Məsələn Azərbaycanın 1 yox, 15, özbəklərin 15 yox, 20 diasporu olacaq. "Parçala, hökm sür" vəssalam. Rusiyanın təzyiq edəcəyi iki məsələ var: bazar və miqrantlar. Başqa heç nə. Münasibətlər düzələcək. Bu da yaxşı haldır. Azərbaycan müharibələrdən, gərginlikdən yorulub. Artıq sülh quruculuğu, Cənubi Qafqazda rifah quruculuğu prosesinə keçmək lazımdır. Onu da bilmək lazımdır ki, şimalda ayı yaşıyır. Onunla normal münasibətlər saxlayırsan ki, toyuq cücəni yeməsin. Azərbaycan bununla bağlı çox iş görür. Gürcüstan və Ermənistan bizdən pis vəziyyətdədir. Azərbaycanın heç olmasa Şuşa Bəyannaməsi, Pakistanla müqaviləsi və İsraillə əlaqələri var.

- İranda azərbaycana qarşı ikili vəziyyət yaranıb. Sizcə bu necə sonlanacaq? Bu təkcə xarici siyasətlə də əlaqəli deyil, daxili mövzularda da ikili fikir var.

- Azərbaycan İrandan da yol çəkir. Dəmiryolu olmayacaq. Bunun səbəbi dəmiryolunun eni ilə bağlı fərqliliklərdir. Orada Avropa standartlarıdır, biz Rusiya imperiyasının standartları ilə getdik.  Bu problemin həlli də var. İrandan avtomobil yol keçir. Azərbaycan jest etdi. Zəngəzur yolu mənə elə gəlir ki, sərhədin sıfır nöqtəsindən keçməyəcək. Buna ehtiyac da yoxdur. 1-2 kilometr aralı keçəndə İranın, Rusiyanın bütün sualları bağlanır. Çünki Rusiya sərhəddə olduğunu deyir, ol da yoldakı deyilsən. İranla Azərbaycan arasında konservativ qanadı kənara qoysaq, heç bir problem olmamalıdır. Azərbaycanla İran arasında ortaq maraqlar olduqca çoxdur. Şovinizmi bir qırağa qoysalar, pul qazana bilərlər.

-İrandan söz düşmüşkən son günlər belə şərhlər verilir ki, dekabra qədər İsraillə yeni müharibə olacaq və daha qanlı olacaq. Bu dəfəki müharibənin Azərbaycana da təsiri ola bilərmi?

- İranla İsrail arasında hansısa müharibə olsa da, bu klassik müharibə deyil. Quru qoşunları arasında döyüş getmir. Hava hücumları olur. Bununla da bir ölkəyə qalib gəlmək olmaz, uzaqbaşı infrastrukturu dağıtmaq olar. İsraili vursan, o da səni vuracaq. Siyasi məsələlər daha da önə çıxır. İndiki İsrail hökuməti müharibəsiz hakimiyyətdə qala bilməyəcək. Haradasa mütləq gərginlik olmalıdır ki, hakimiyyət uzansın. Ona görə də noyabrda, dekabrda gərginlik ola bilər. Bu hansısa məsələnin həllinə gətirib çıxarmayacaq. Amerikanlar da, İsrail də məncə çox böyük səhv etdilər. Düşünürdülər ki, rejimə qarşı üsyan qalxacaq. Onlar Şərqi və Rusiyanı tanımır. Şərq toplumunda əksinə dövlətinə hücum olubsa, onu daha möhkəm qorumağa çalışırsan. Sən ondan nifrət də edə bilərsən, amma sən dövlətini qorumalısan.

- Gürcüstana tez-tez gedib-gəlirsiz. Orada da vəziyyət yenidən qarışacağı gözlənilir. Saakaşviliyə qarşı yeni cinayət işi açılıb. Ümumiyyətlə Gürcüstanı nə gözləyir?

-Avropanın Gürcüstanla münasibətlərinin gərginləşməsində səhv siyasət yürütdüyünü düşünürəm. Günah Gürcüstanın deyil.  Onların tələbləri Gürcüstanın müstəqil dövlət olmasına qarşıdır. Müstəqil dövlətdən belə şeylər tələb etməyin mümkün deyil. Bu problemin də institusional  və şəxsi səbəbləri var. Problemlər nə vaxt başladı? İvanaşvilinin İsveçrə banklarındakı 2 milyard avrosunu dondurdular. Dedilər ki, bunu sən Rusiyadan qazanmısan. Nə olsun, bu günə qədər kim Rusiyada qazanmayıb? Özü də İvanaşvili 2004-cü ildən Rusiyadan çıxıb, aktivlərini çıxarıb. Şəxsi problemlər başlandı. Münasibətlərin kəskinləşməsində şəxsi münasibətlər həmişə rol oynayıb. Tarix də bunu yazıb. Hətta şəxsi məsələlər görə müharibələr başlayıb. İnstitusional problem onda yarandı ki, Avropa Birliyi ölkələri Gürcüstana çox belə məntiqsiz tələblər irəli sürməyə başladı.  Məsələn “Xarici agent haqqında” Qanun Gürcüstan Parlamenti qəbul etdi. Bu, ABŞ-nin 1937-ci ildə qəbul etdiyi qanunun tərcüməsidir. Adını rus qanunu qoydular. O qanunun da məğzi ondan ibarətdir ki, 25 faiz xaricdən maliyyələşən media və QHT bunu dövlətə bildirməlidir. Burada nə var ki?! Ümumiyyətlə, QHT niyə şəffaf olmaqda maraqlı olmamalıdır. Sən QHT-sən, şəffaflıq uğrunda mübarizə aparırsan. Görünən odur ki, bu camaatı küçəyə tökmək üçün bəhanə oldu. İkinci qanun da cinsi azlıqlarla bağlıydı. Gürcüstan həddindən artıq dindar ölkədir. Onlar müsəlman olsaydılar, bütün terror təşkilatları ordaydı. Kilsə onların həyatında ciddi rol oynayır. Qocaları başa düşürsən, amma gənclər belə kilsənin yanından keçəndə mütləq xaç çevirməlidir. Dindar ölkəyə gəlib, LGBT haqda qanun qəbul et deyirsən.  Axı, bu axmaqlıqdır. Bunu Brüsseldə də, Praqdakı görüşlərdə də demişəm ki, siz axmaqlıq edirsiniz. Sən get Gürcüstandan məhkəmə hakimiyyətinin, polisin daha yaxşı işləməsini, biznesşəraiti ilə bağlı tələblər irəli sür. Bu məqamda açığı söz tapa bilmirlər.

Biznes şəraiti superdir. Hakimiyyətə 1% vergi var, bundan gözəl nə ola bilər? Məhkəmə normaldır. Siyasi işləri demirəm, özünüz bilərsiniz. İqtisadi işlərdə nazirliyi uda bilərsiniz. Belə tanıdıqlarım var. Vergi Xidmətini udanlar var.  Vergi Xidməti üzr istəyib, pulu geri qaytarıb, hətta kompensasiya verib. Polis 1 manat rüşvət almır. Bunlara söz tapa bilməyəndə gedib başqa məsələlərə ilişdilər.

Avropa Birliyi ilə Gürcüstan arasında ən böyük problem odur ki, Aİ Gürcüstandan istəklərinin əvəzində verə biləcəkləri bir şey yoxdur. Rusiya ilə niyə ticarət edirsən deyirlər. Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi təqribən 1,2 milyard dollara yaxındı. Bunun da böyük əksəriyyəti spirtli, spirtsiz içkilərdir. Avropa Birliyi Gürcüstan çaxırını alacaq? Almır axı. İspanlar, fransızlar, italyanlar əllərində qılınc dayanıblar ki, nə danışırsan, bura mənim bazarımdır. Gürcüstan çaxırı da ucuz deyil. Avropada 1 avroya çaxır var. Bu da sata bilməyəcək, neyləsin Rusiyaya satır. Eyni şey mineral sular üçün də keçərlidir. Avropa “Borjomi”ni qəbul etmək üçün 3 il vaxt istədi ki, incələyəcək. 3 ildən sonra xoşları gəlsə, alacaqlar. Ruslar dedi ki, vaqonla ver alıram. Onsuz da səhər "paxmel"də ən yaxşı içki "Borjomi"dir (gülür...). Məsələ budur.  Belə şeyləri başa düşmürlər. Yaxşı mən Avropa birliyinə girmək istəyirəm, malımı alacaqsan, yox. Mənə təhlükəsizlik çətiri də vermirsən. Ruslar Tbilisinin 26 kilometrinə qədər gəldilər. Neynədilər? Ona görə də mən “Gürcü arzusunun” atdığı addımları məntiqli və ardıcıl sayıram, başqa yolu yoxdur. Olsaydı, mən də tənqid edərdim. Ermənilər də görür ki, belə alınmır. Ona görə Avrasiya İttifaqının üzvüdürlər, Şanxay Əməkdaşlıq Təşkilatına da üzv olmaq istəyirlər. Həm də deyirlər ki, Avropa Birliyinə də qoşulacaqlar. Onu da hərdən yardımlar almaq üçün deyirlər. Gürcülərə investisiya da vermirlər. Məsələnin kökündə məsələ Çinin Qara dənizdəki limanıdır. Sabah Gürcüstan  hökuməti o müqaviləni ləğv eləsin, Avropa Birliyinin dostu olacaq. Bunu Avropa Birliyinin axmaqlığı hesab edirəm, rəqabət elə, Çindən niyə qorxursan. Çindən daha yaxşı şeylər təklif et. Oktyabrda bələdiyyə seçkiləridir, yenə “Gürcü Arzusu” udacaq. Belə olan halda nə deyəcəksən? Gürcüstanda son  vaxtlar layihələrin çox ləğv olundu. Buna səbəb də USİAD-ın bağlanması, Soros Fondu və başqaları bağlandı və ya məbləği azaltdı. Peşəkar QHT nümayəndələri işsiz qaldı. İndi çıxsınlar da küçəyə, görürsünüz etirazçıların sayı nə qədər azaldı. 26 min irili-xırdalı QHT fəaliyyət göstərir və 50 min adam bu sahədə çalışırdı. Bunlar da peşəkar QHT işçiləriydi. İnstitusional QHT-lərin sayı 5000 idi. 50 min işçisi vardı, sabah fit çalan kimi küçəyə axışırdılar. Yəni ideya üçün vuruşan adamlar deyildilər. Mən istənilən ideyaya, hətta soldan zəhləm getsə də sol ideyaya da hörmətlə yanaşıram. Bunu sən pula görə etməməlisən də. İnandığın üçün etməlisən.

- REAL Partiyası sülh sazişini necə görür? Ara-sıra keçmiş sədr İlqar Məmmədov sazişlə bağlı tənqidlər səsləndirir, siz necə yanaşırsız?

- Azərbaycan-Ermənistan münaqişəsinin xəyal edə bilməyəcəyimiz bir nəticəsi oldu. Bizim Ermənistan ictimaiyyətinin nümayəndələri ilə dəfələrlə Strasburqda, Avropa İttifaqında görüşümüz olub.  Ən yaxşı senari Azərbaycanın yurisdiksiyasını Ermənistan qəbul edir, Azərbaycan bayrağı orada asılır, onlar özləri-özlərini idarə edir. Ən optimist insanlar, Eldar Namazovun belə indiki nəticə barədə düşüncəsi yox idi. Aland adalarına getmişdik. Oranı nümunə kimi götürmək istəyirdilər, amma belə olanda biz Xankəndiyə girə bilməyəcəkdik.  Bu anlamda Azərbaycanın əldə etdiyi nəticə fantastik uğurdur. 17 bənddən ibarət olan sülh sazişini partiya olaraq da, sədr kimi mən də razıyıq. İlqar Məmmədovun etirazı odur ki, orada səbəb yazılmalıydı, Ermənistanın separatçılıq etdikləri, işğalçı olduqları qeyd edilməli idi, bu gün də israr edir.

Mənim şəxsim fikrimə qalsa, başqa sənədlərdə bunun qeyd olunması var və bunu daha da dərinləşdirmək olar. Sülh müqaviləsində bu barədə bənd olsa yaxşı olardı, yoxdusa, mən bunu faciə saymıram. Başqa sənədlərdə bu onsuz da bilinir. 

Zəngəzur dəhlizi ilə bağlı isə gözlənti bu idi ki, Azərbaycan bu gün-sabah Zəngəzura girəcək. Çexiyanın Prezidenti konfrans zamanı birbaşa bizə sual verdi ki, nə vaxt götürəcəksiniz? Bu nöqteyi-nəzərdən Zəngəzur dəhlizi tələyə düşə bilərdi. Biz tələyə düşmədik. Bunun da iki yolu vardı: nəzarət ya ruslarda, ya da ABŞ-də olmalıydı. Biri pisdir, digəri daha pis. Çox pis ruslar, pis isə amerikanlardır. Olsun da nə problemi var. İlqar Məmmədov hələ 15 il bundan qabaq beynəlxalq konfransda deyirdi ki, Azərbaycanın ən böyük uğuru o olardı ki, Bakıdan çıxan avtomobil heç bir ölkənin ərazisindən keçmədən birbaşa Ankaraya çatsın. Diplomatik dillə bunu demişdi. Amma reallıq var, biz işğalçı deyilik, haqlı olduğumuz yerdə haqsız ola bilmərik. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı ən optimal yol nə idisə, o tapıldı. Mənə elə gəlir ki, amerikanların orada olması işə yarayacaq. Sabah ən azı Rusiyadan və İrandan gələn təhdidləri amortizasiya etmək üçün ABŞ hansısa addım ata bilər.

Müxalifətin ən böyük səhvi...

- 1 ilə yaxındır Real Partiyasının sədrisiz, bu müddət ərzində partiya nə qədər məsafə qət edib? Hansı yeniliklər var?

- Bizim Siyasi Komitə qərar vermə mexanizminin üst nöqtəsidir. Sədr bunun moderatorudur. Siyasi Komitəni toplayır, müzakirələr təşkil edir və qərar seçki yolu ilə verilir. Yəni Siyasi Komitənin sədri "qatıq qaradır" deyirsə, hamı qara deməyə məcbur deyil. İlqarın sədrliyi dövründə onlarla dəfə verdiyi təkliflər səsvermədən keçməyib. Zarafata salırdıq ki, həmişə təklifin səsvermədən keçmədi. Bizim idarəetmə fəlsəfəsi fərqlidir. Siyasi Komitə güc mərkəzidir. Sədr bir səviyyə yuxarıdır, üzvləri yığır, müzakirələr təşkil edir, texniki məsələləri həll edir. “Siyasi partiyalar haqqında” qanunda dəyişiklikdən sonra texniki məslələrin  həlli partiya işinin yükünü artırıb. İldə bir dəfə siyahılar yenilənməlidir. Təzə qurtarmışdı, yenə hazırlaşırıq. Texniki iş adamı yorur.

Partiyanın əsas funksiya ideoloji təhqiqlərin aparılması, qanunvericilik təşəbbüsləridir. Qanunvericilik sərtdir.  Onun tələblərini pozmamaq üçün suyu da üfürə-üfürə içirsən. Sədr olaraq bu işlərlə məşğul olmaq məcburiyyətində qalırsan.  Bu yaxınlarda FHN-lə ofis arasında müqavilə bağlanmalıdır, 3 gün o müqavilə üzərində işlədik. Texniki işlər siyasi işləri ikinci plana atır. Bu pisdir. Əslində biz siyasət istehsal etməliyik. Hər gün təkliflər olmalıdır. Regionlarda görüşlərin artması pozitiv tərəfdir. Sumqayıtda görüş olacaq. Şəkiyə Qəbələyə, cənub rayonlarına səfərlər gözlənilir. Qarabağda təşkilatın bir şöbəsini yaratmaq niyyətimiz var. Görək, harada imkan olacaq. Biz seçki partiyasıyıq. Seçkidə effektivlik odur ki, şəhərlərdə qələbə çalaq. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki bunlara  önəm veririk. Çünki seçicilərin 80 faizi orada yaşayır.  Fokusu ora qoysan seçkilərdə irəli olacaqsan. Ona görə də yanvara qədər  olan planlar içərisində bu şəhərlərdə təşkilatların böyüdülməsi var. 2026-cı ildən proqram sənədləri yenilənməlidir. Burada konstitusiya, qanunvericilik dəyişiklikləri ilə bağlı məsələlər yenilənməlidir. Bizim köhnə proqram sənədində Qarabağın işğaldan azd edilməsi məsələsi varıydı. Allaha şükür ona ehtiyac yoxdur. Proqram sənədləri yazılanda xalqdan gələn tələblər də nəzərə alınır.

- REAL Partiyasının əvvəlki dövrü – yəni hərəkat dövrü ilə müqayisədə daha da gücləndiyini düşünürsünüzmü?

-Gözlənti anlayışı dəyişib. REAL hərəkat olanda biraz da fərqliydi. Çətir hərəkat idi-sağçı, solçu, liberal, hətta "liboş" da vardı. Ölkədəki ictimai-siyasi vəziyyətdə fərqli idi. Müzakirə üçün daha geniş imkan vardı. Müzakirə mövzuları fərqliydi. İndi siyasi partiyanın çəkisi və ağırılığı da fərqlidir. Parlament partiyası olmağın da məsuliyyəti var. Bizi tənqid etmək olar. Mən istərdim ki, sosial şəbəkələrdə, mediada arqumentli tənqidlər olsun. Amma müqayisəli olsun, digərlərinə soruşsunlar ki, ildə neçə qanun layihəsi irəli sürmüsünüz? Məsələn bu il 4 qanun layihəsi hazırlayırıq. Parlament partiyasıyıq, qanunvericilk təşəbbüsü ilə çıxış etməliyik.  Qəbul edilib-edilməməsi başqa məsələdir. Amma bu tarixdə qalır. Siyasi mühəndisliklə məşğuluq. Ümumi ab-hava çox dəyişib. Orada qələbənin də, başqa məsələlərin də payı var. Sosial-iqtisadi məsələlər gündəmin əsas məsələsi olacaq. Yavaş-yavaş bunu hiss edirik. 2027-28-ci illər parlament seçkiləri sosial-iqtisadi məsələlərin ağırlığı ilə keçəcək. Niyə bizdə ÜDM Ermənistandan və Gürcüstandan aşağı olmalıdır? Niyə artım cəmi 0,9 faiz olub?  Cavab vermək üçün də diskurs lazımdır. Əvvəl  biz tənqid edəndə erməni dəyirmanına su tökürlər deyirdilər. İndi şükür Allaha erməni dəyirmanı da öz dəyirmanımızdır. Bu məsələdə də hökumət rahat davranmalıdır. Biz bütün şeyləri doğru bilirik demirik. Biz deyənlə siz deyəni gəlin müqayisə edək.

- Keçmiş məşhur üzvlərinizlə əlaqələriniz varmı?

- Bəziləri ilə münasibətlərimiz çox yaxşıdır. Ad çəkmək istəmirəm, ola bilər ki mediada adlarının çəkilməsini istəmzələr. Bəziləri ilə görüşürük, danışırıq, hətta bəzi məsələlərdə məsləhətləşirik.  Bəziləri ilə də bəli, münasibətlər gərgindir. Amma bu gərginliyin səbəbkarı biz deyilik. Biz tərəfdən onlara heç vaxt tənqid olmayıb. Onlar tərəfdən  böhtan və şərlərə cavab olub. Biz buna normal baxmışıq.  İdarə Heyətində olduğu təqdirdə REAL-dan gedənlər olub. Onun bu yaxınlarda toyuna getmişik. Amma 3-4 ildir, REAL-da yoxdur. Keçmiş müxalifətin bir yanaşması vardı, kimsə getdisə, satqındı.  Bizdə elə bir şey yoxdur. Böyük əksəriyyəti gözəl insanlardır. Bəziləri ona görə getdi ki, nəticə olmayaq, prosesə inanmadı.  Hansısa dəyişiklik olmayacaq.

-Keçmiş REAL-çılardan Azər Qasımlı hazırda həbsdədir. Onunla maraqlanırsınızmı?

-Əlbəttə. Allah onun qapısını açsın. REAL haqda dediklərinə onsuz da azadlıqda olanda cavab vermişəm.  İndi də buna cavab vermək ehtiyacı duymuram. Amma Sevinc Osmanqızı kimi adamlar var. 2 il bundan öncə, Azər azadlıqda olanda verdiyim müsahibəni kəsib yenidən yaymışdı. İnsan bu qədər alçaq, axmaq ola bilməz.  Azərin ailəsinə Erkin Qədirli deputat kimi tez-tez zəng edir. Yoldaşı Samirə xanımla tədbirlərdə dəfələrələ görüşmüşük. Problemi olub-olmadığını həmişə soruşmuşuq. Erkin ümumiyyətlə, həm deputat, həm dost, həm də keçmiş REAL-çı kimi Azər Qasımlının ailəsinə zəng edib, nə köməklik edə biləcəyini soruşub. Bununla bağlı problem yoxdur. Belə də olmalıdır.

- Azərbaycanda real müxalifəti kimdir, sizə qarşı müxalifət deyil deyənlərə münasibətiniz necədir?

- Müxalifət siz nəyə deyirsiniz? Müxalifətə institusional qurum kimi, yoxsa fenomen kimi, cəmiyyətin etirazı kimi baxırsınızsa,potensialı həddindən artıq çoxdur. Əsasən də sosial iqtisadi məsələlərlə bağlı narazı elektorat çoxdur. Sadəcə hazırda müxalifətin ən böyük problemi elə müxalifətin özüdür.  Müxalifətin birincisi olmağa çalışdılar. Hakimiyyət üçün çalışmadılar. Biz yeni yaranmışıq, qeydiyyatdan keçməyimizin 5 ili tamam olacaq. Amma bu illər ərzində AXCP, Müsavat və başqa böyük partiyalar birinci olmaq uğrunda mübarizə apardılar, bir-birilərinə demədikləri qalmadı, müxalifəti gözdən saldılar. Sonrakı proseslərdə də ana müxalifət anlayışının medal və prezident fərmanı kimi verilməsini istədilər. İqtidara gəlmək istəmədilər. Çünki seçkilərə getmədilər. Onların gündəmdə qalmasında bizim hörmətli hökumətimizin marağı var. Onları istənilən halda gündəmə gətirdilər. Xaricdən də baxırlar, deyirlər, hökumət bunu tənqid edirsə deməli, bunlar əsas müxalifətdir. Bu hökumətin ciddi yanlışıdır.

Biz müxalifətə dövlət institutu kimi baxanda bu sahənin inkişafı mümkün olacaq və bu dövlətin özü üçün də  yaxşı olacaq. Məsələn Türkiyədə Cümhuriyyət Xalq Partiyası dövlət protokolunda üç və ya dördüncü yerdədir. Belə baxmaq lazımdır. Müxalifətə düşmən kimi baxdılar, bir-birlərinə qırdırdılar. Dövlətimizin gələcəyini düşünürksə, müxalifətçilik anlayışının tərcüməçilərə ehtiyacı var. Tərçüməçiləri olmasa, xaosa çevrilə bilər. Onların tərcüməçisi də siyasi partiyalardır. Cəmiyyətin dərinliyindən gələn etirazları tərcümə edib, müzakirə etmək, vəssalam. Siyasi partiyaların hakimiyyətə gəlməklə yanaşı, digər ən böyük funksiyası bu olmalıdır.

Mənim düşüncəm həm də ondan ibarətdir ki, müxalifət partiyalarının birlik modellərini hökumət yaxşı işlədi, yoxsa özlərinin axmaqlığıdır, bilmirəm, fetişə çevirdilər. Müxalifət birləşir. 11 birlik modeli, 6 hərəkat olub. Bunlar yanlışdı. Müxalifət niyə bir olmalıdır. Müxalifət ideoloji və hədəf birliyi qurmalıdır. Bizim müxalifətin ən böyük səhvlərindən biri o olub ki, həmişə anti-model qurublar. Anti birliklər işləmir, pro, nəyinsə naminə olmalısan. İdeoloji birliklər yoxdur. 10 illərdir, müxalifət lideri çıxıb deyir, hamıya "uşaq pulu" verilməlidir. Deyirsən yaxşı, sağ ol, sən solsan. Sabah çıxıb deyir vergiləri aşağı salmalısan. Ay zalım oğlu, vergiləri aşağı salanda "uşaq pulu" verə bilmirsən. "Uşaq pulu" verirsənsə, vergiləri artırmalısan. Bunun başqa yolu yoxdur. Belə populizm, düşük siyasi ritorika camaatı siyasətdən iyrəndirdi. Mənə elə gəlir ki, cəmiyyətin, insanların daxilində olan müxaliflik hissinin yeni translatyorlarına ehtiyac yaranacaq. REAL da buna iddialıdır.

- Sizi parlamentdə təmsil edən Erkin Qədirli çox az görünür, azsaylı kanallara çıxır, sosial media işlətmir. Ümumiyyətlə nə iş görür.

-Bunun səbəbini özü daha yaxşı izah edər. Amma mən bildiyim qədərilə mediadan inciklikləri  və küskünlükləri var.  Erkin filosofdur. Hüquqşünaslıq bunun peşəsidir. Bəlkə də, doğuşdan filosofdur. Deyir ki, mən sənə 1 ton ağıllı söz danışmışam, sən məsələn yazırsan Erkin Qədirli danışan zaman öskürdü. Onunla bağlı populyar xəbərlərdən bir oydu ki, Erkin Qədirlinin maşınını apardılar. Şəkilini qoymuşdular.  Bu nə xəbərdir?! Maşın xarab olub evakuatora qoyub aparıblar. Kimsə tanıyır, çəkib bütün ölkəyə də yayılıb. Erkinlə 24 ildir dostuq. Mən onunla danışanda deyirəm ki, incimək olmaz, media həmişə haqlıdır. Onları hərdən danlayıram. Deyirəm siz daha çox çıxsanız mən biraz dincələrəm, mən sizin də yerinizə danışmağa məcbur qalıram.

- Erkin Qədirli parlament fəaliyyətini sizinlə razılaşdırırmı?

-99 faiz fikirlərimiz eyni olar. Bəzi fundamental məsələlərdə - hökumət və büdcə hesabatları kimi fundamental məsələlərdə  müzakirə olunur. Amma tam rahat, azaddır. Və onun verdiyi səslərin 99 faizi ürəyimizcədir.

Rus dilini öyrənməliyik...

- Övladlarınız dövlət yoxsa özəl məktəblərdə təhsil alır?

- 3 övladım var. Böyük artıq universiteti bitirib. Fransada iki Monpelye və Qrinobel universitetlərini bitirib. İndi Polşa universitetlərinin birində magistr oxuyur, ancaq Fransada işləyir, orada yaşayır. Kiçik övladlarımdan biri 11-ci sinifə gedir. Hər ikisi dövlət məktəbində oxuyurlar. Ortancıl Azərbaycan  bölməsində, kiçik isə rus bölməsində oxuyur.

- Övladınız rus bölməsində təhsil alır. Son olaraq, Azərbaycanda rus bölməsinin də bağlanması barədə təkliflər var..

-Mənim 3 övladımdan yalnız sonuncu rus bölməsində oxuyur. Mənim yanaşmam budur ki, təhlükənin dilini bilməlisən. Almanca, yaponca, ingiliscə, hansı dildə istəyirsən oxu, amma bu ödənişli olmalıdır. Rus sektoru da dövlət təhsil siyasətinin tərkibi hissəsi kimi ola bilər.  İndiki rus sektorlarının birdən-birə bağlanmasının əleyhinəyəm. Çünki 3,4 və 5-ci sinifdə oxuyanlar var. Necə ola bilər?  Günün birində elə bir nöqtəyə çatmalısan ki, yaxın illərdə 1-ci sinifə qəbulu dayandırmalısan, ondan sonra 2-dən 11-ə qədər olanlar bitir. Bundan sonra dövlət müəssisələrində rus bölməsi olmur. Rus dilinə münasibətin həddindən artıq aqressiv olmasını anlaya bilmirəm. Türk Dövləti Təşkilatının tədbirlərində rus dilində necə danışıldığını görürüsünüz. Mən Qazaxıstanda da, Özbəkistanda  da olanda onlara deyirdim ki, yadınızda saxlayın ən böyük türk dillərindən biri rus dilidir. Bunu biz niyə təvil verək ki?! Öyrənək. Coğrafiya taleyimizdi, hara qaçacağıq? Birinci Qarabağ Müharibəsindən sonra biz erməni dilini öyrənmirdik. İndi-indi erməni dilini öyrənənlər, mütəxəssislər yaranıb. Qonşularımız öyrənməliyik. Dünyanı öyrənməliyik. Rus dili olmadan bu necə olacaq? Məsələn Qazaxıstanda rus dili dövlət dilidir və uzun illər elə qalacaq. Olmasa, Ukraynanın başına gələnlər Qazaxıstanın başına gələ bilər. Rus dilinə münasibəti dəyişib, öyrənməliyik, amma büdcə hesabına olmamalıdır. Dövlət müəssisələrində təhsil ancaq Azərbaycan türkçəsində olmalıdır. Özəl məktəblər hansı dildə istəyir olsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see113

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri